75 yaşın mübarək, nur
şəhərim !
Hacı
NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin
sədri, tarix üzrə fəlsəfə
doktoru
Mingəçevirin adı gələndə gözümüz, könlümüz
işıqlanır, ruhumuz
sevinir. Bu şəhərin işığından
hər evə, hər kəsə pay düşür. Mingəçeviri bütün
Azərbaycan tikib, 70 il əvvəl ölkəmizin hər yerindən gənclər komsomol çağırışı
ilə nur şəhərinin tikintisinə
axışırdılar. Onların
çoxu elə bu şəhərdə ailə qurub ev-eşik sahibi oldular, respublikamızın
tərəqqisinə töhfə
verdilər, bu cavan şəhəri Azərbaycanın dördüncü
sənaye-istehsal mərkəzinə
çevirdilər.
1990-cı illərə qədər Mingəçevirdəki
nadir zavodların çoxuna birbaşa dəmiryol xətti çəkilmişdi və
buradan SSRİ-nin hər yerinə hazır məhsullar göndərilir, yaxud xammal gətirilirdi. Bu şəhərin və elektrik stansiyalarının inşasında
SSRİ-nin bütün
respublikalarından, ən
çox da Rusiyadan 100 min nəfər çalışıb.
Buraya 20 min dustaq, 20 min alman əsiri də daxildir və indi Bozdağın
ətəyində 911 almanın,
Almaniya tərəfindən
savaşa qatılmış
digər millətlərin
əsgər və zabitinin məzarı var. Almanların tikdiyi binalar, körpülər, yaşadıqları
evlər indiyədək
sağ-salamat qalıb.
Mingəçevirdə 15 millətin
nümayəndəsi yaşayır.
Bu şəhər Qarabağ müharibəsində
400-dək şəhid verib,
200-dək mingəçevirli əlil olub. Burada 20 mindən çox məcburi köçkün məskunlaşıb.
Qədim Mingəçevir.
Birinci minillikdən əvvəl yaşamış
tarixçi, coğrafiyaşünaslar
Plutarx, Strabon, Ptolomey öz qeyd və xəritələrində
Kürün sağ və sol sahilində
hazırkı Mingəçevirin
yerləşdiyi ərazidə
geniş sahədə
zəngin yaşayış
məskəninin mövcudluğundan
bəhs edib. Şəhərə bitişik
Mingəçevir və
Hürüuşağı kəndlərində indiyədək
xeyli qədim qəbir yerləri qalıb. Övliya Çələbi (1611-1682) "Səyahətnamə"sində Mingəçevir haqqında
məlumat verib, Kür çayının
sağ sahilində Bozdağın ətəyində
yerləşən böyük
yaşayış məntəqəsi
kimi adını çəkib və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq
məhəllələri, mədrəsə
və məscidlərin
olduğunu yazıb.
1871-ci ildə Peterburqda II Rusiya arxeoloji qurultayında Qafqaz arxeoloji komitəsinin sədri A.R.Berje məruzəsində
diqqəti Mingəçevirin
qədim insan məskəni olmasına dair çoxsaylı faktlara yönəldərək,
bu ərazinin tarixinin ətraflı öyrənilməsinin zəruriliyini
vurğulamışdı. F.S.Bayer,
Y.A.Paxomov, K.V.Trever, Q.İ.İone, Q.M.Aslanov, P.M.Vahidovun tədqiqatlarında
ərazidə zəngin
maddi-mədəniyyət abidələrinin
mövcudluğu qeyd edilib.
1941-ci ildə "Azərbaycan arxeologiyasının
atası", Mingəçevir
arxeoloji ekspedisiyasının
rəisi Saleh Qazıyevin rəhbərliyi
ilə Samux-Mingəçevir
ərazisində aparılan
arxeoloji tədqiqatlar nəticəsində ərazidə
Cənubi Qafqazın ən iri arxeoloji
kompleksi - eneolit dövrünə (e.ə
III minillik) aid 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar,
20 kurqan, 30 minədək
maddi-mədəniyyət nümunəsi
aşkar olundu. Tapılan əkinçilik,
heyvandarlıq, sənətkarlıq,
ovçuluq alətləri
burada əhalinin oturaq həyat sürdüyünü sübut
edirdi. Qədim şəhərin izləri,
200 qəbir və katakombada aparılan tədqiqatlar insanların antropologiyası, sosial təbəqələşməsi, dünyagörüşü, məişəti,
adət-ənənələri, qonşu ölkələrlə
əlaqələri, ərazidə
gedən qanlı savaşlar barədə zəngin məlumatları
üzə çıxarmışdı.
Mingəçevir-Samux bölgəsinin
arxeoloji mənzərəsi
Alban tariximizin, kökümüzün canlı
salnaməsi, daş yaddaşı, əyani təcəssümü idi.
Samux-Mingəçevir ərazisi
Alban dövlətinin inkişaf etdiyi dövrlərdə mədəni
mərkəzlərdən biri
kimi tanınmışdı.
Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə
burada alban əlifbası tərtib edilmiş, məktəblər
açılmışdı. Mingəçevir dənizinin,
keçmiş Samuxun ərazisi e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında qanlı döyüşlərin
mərkəzi olub. Roma mənbələrində
bu savaş barədə ətraflı
məlumatlar var.
Qədim Mingəçevir
İpək yolunun aparıcı qollarından
biri idi. Kür çayı vasitəsilə qayıqlarla
Gürcüstana, oradan
Rioni çayı ilə Qara dəniz
sahil şəhərlərinə
müxtəlif çeşidli
mallar daşınırdı.
Eləcə də Yaxın Şərq ölkələrinə, Azərbaycanın
qədim şəhərlərinə
mühüm karvan ticarət yolu buradan keçirdi. Tariximizə sahib çıxmaq kimi məkrli niyyətini hər zaman açıq göstərən
bədnam qonşularımızın
hiylələri, planları
bu dəfə də öz işini görüb: Moskvadan gələn təlimatla arxeoloji tədqiqatlar qismən dayandırılıb, çox
sayda alban yazılı abidələrinin
də olduğu daş kitabələr (Mingəçevir - Sudağılan
epitafiyası) ölkədən
çıxarılıb, izi
itirilib.
"Mingəçevir"
toponiminin necə yaranması, mənası barədə müxtəlif
ehtimallar, fərqli şərhlər mövcuddur.
Onların arasında dilçi alim, mərhum akademik Tofiq Hacıyevin mülahizələri diqqəti
daha çox cəlb edir: toponimdə iki alban türk tayfasının - "məng"
və "savir"in
adı birləşib,
fonetik dəyişikliyə
uğrayaraq daşlaşıb.
Hər iki tayfanın Qafqazda mövcudluğu və Qafqaz türklərinin soy-kökündə iştirak
etdiyi məlumdur. Türk dünyasının
bütün guşələrində,
o cümlədən, Azərbaycanda
bu tayfaların adını yaşadan xeyli toponim var.
Samuxla Mingəçevir
əkiz qardaşdır,
ancaq Samux nəinki Azərbaycanda, Qafqazda, hətta, dünyada ən faciəli tale yaşayan yurd yerimiz olub. Minlərlə
hektar nadir fauna və florası
olan ərazi qədim tariximizin üstü açılmamış
dəfinə, xəzinələri,
el-obaları, qəbiristanlıqları,
əkin yerləri, ev-eşikləri, tarixi abidələri ilə birlikdə sular altında qalıb. "Samux" alban mənşəli toponimdir:
"meşəlik", "ağaclıq", "ov
yeri" mənasını
verir. Hələ çar dövründə
- 1910-cu ildə Samuxun
böyük bir hissəsi qoruq ərazisi elan edilmişdi. Bu torpaqlarda bitən nadir Eldar şamı
meşəliyi 1901-ci ildə
rus alimi S.Medvedyev tərəfindən
öyrənilmiş, onun
dünyada bənzəri
olmayan relikt ağac növü olduğu sübut edilmişdi. Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə "Eldar şamı" Dövlət
Təbiət Qoruğu
yaradılıb.
On bir il
(1993-2004-cü illər) AZƏRTAC-ın bölgə müxbiri vəzifəsində
çalışarkən bu
şəhərdə yaşadım,
onun mehriban, səmimi sakinləri ilə qaynayıb qarışdım, ata-baba
yurdum Qubadlının
həsrətinə, ağrı-acısına
Mingəçevir həyan
oldu. Mingəçevirin
100-dək şəhidi haqqında
kitablar yazıb nəşr etdirdim. Bu yurdun tarixi,
şəhərin qurucuları,
dəyərli insanları
ilə bağlı çoxsaylı məqalələrim
dərc olundu.
Mingəçevirdəki Samux məhəlləsində
- o yerlərdən köçüb
yeni salınan şəhərdə özlərinə
təzədən ev-eşik
quran insanlar arasında başda bu torpağın layiqli, ləyaqətli yetirməsi olan Bayram Mustafa olmaqla, çoxlu dostlar tapdım. Onunla hərdən gəmi ilə Mingəçevir dənizində
seyrə çıxar,
suların dibinə gömülən el-obaların
yerini aramağa çalışar, xatirələrə
dalardıq.
Müasir Mingəçevir.
SSRİ Nazirlər Sovetinin
1945-ci il 6 iyul tarixli qərarı ilə Mingəçevir
SES-in inşasına başlandı. Tikintiyə
İttifaq büdcəsindən
hər il respublikamızın öz
büdcəsindən çox
vəsait ayrılırdı.
Mingəçevir indi
respublikamızda hasil olunan elektrik enerjisinin 65 faizini verir.
Mingəçevir hidrostansiyasının - SES-in
texniki göstəriciləri
su altında qalan ərazinin miqyasını da, görülmüş işlərin
vüsətini də göstərir: bəndin torpaq səddinin hündürlüyü 80 metr,
uzunluğu 1550 metr, bünövrəsinin eni
320 metrdir, torpaq tutumu 15,6 milyon kubmetrdir. Burada Avropada ən böyük süni göl (su anbarı)
yaradılıb. Sahəsi
605 kvadratkilometr olan Mingəçevir dənizinin
su tutumu 17 milyard kubmetr, uzunluğu 75 kilometr, eni 9-18 kilometr, dərinliyi 25-70 metrdir. SES-in illik
hasilat gücü 1,5 milyard kilovat/saat, Vərvərə
SES-in gücü isə
16,5 milyon kilovat/saatdır. Yuxarı Qarabağ kanalından saniyədə 110 kubmetr, mənbəyini Xanabaddan götürən Şirvan
kanalından isə saniyədə 70 kubmetr su axır. Kür
çayının SES-dən
Vərvərə su anbarının yuxarısınadək
olan hissəsi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı
sayılır. Məhz
buna görə Mingəçevir
dəfələrlə Avropa
Oyunlarının proqramları
çərçivəsində idman avarçəkməsi
üzrə yarışların
məkanı seçilib.
Hələ sovetlər dönəmindən
Ana Kürün sahilinə,
məğrur Bozdağın
sinəsinə sığınan
Mingəçevir yaşıllığı
ilə sayılıb seçilib, sevilib, şəhər indi də gündən-günə
gözəlləşir, simasını
dəyişir, səliqə-sahmanı
ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti
bəxş edən səmimi və mehriban insanları - mingəçevirlilərdir. Qədirbilən
mingəçevirlilər nur
şəhərinin ilk qurucularına,
tikintiyə rəhbərlik
etmiş görkəmli
şəxsiyyətlər İslam İslamzadə, Kamran Hüseynovun
xatirəsinə hər
zaman xüsusi ehtiram göstərirlər, indi onların adı şəhərin küçələrində
əbədiləşib. Mingəçevirlilər
bu şəhərə
namus, vicdanla xidmət edən, adı, izi qalan
rəhbərləri unutmadığı
kimi, vəzifədə
olarkən şəhərə
yalnız gəlir mənbəyi kimi baxmış ləyaqətsiz bivecləri
də layiq olduqları epitetlərlə
xatırlayır.
Mingəçevirin 75 illiyi günlərində
Mingəçevir Dövlət
Universitetinin (MDU) dosenti,
Əməkdar müəllim,
layiqli maarifçi ziyalı Mayıl İsmayılovun tərtibatçısı
və müəllifi olduğu "Mingəçevir
Odisseyası" adlı
kitab işıq üzü
görüb (redaktor Yusif Ələkbərov).
"Elm və təhsil" nəşriyyatında nəfis
tərtibatda çap olunmuş 410 səhifəlik
kitabda Mingəçevirin
keçdiyi inkişaf
yolu, şəhərin
qurulmasında və tərəqqisində əməyi
olan insanlar, torpaqlarımızın işğaldan
azad olunması yolunda Şəhidlik zirvəsinə yüksələn
mingəçevirli qəhrəmanlar,
sənaye, energetika, təhsil, mədəniyyət
və başqa sahələrdə Mingəçevirdə
qazanılan uğurlar
və digər mövzularda maraqlı yazılar, faydalı məlumatlar və tarixi faktlar yer alıb.
Yetmiş
beş yaşın mübarək, nur şəhərimiz Mingəçevir!
525- ci qəzet.- 2023- cü il.- 5 noyabr.- №- 202.- S. 12.