Ona salam vermək şərəfi
Rafael Hüseynov
Akademik , Milli Məclisin deputatı
Ona salam vermək şərəfi
Bir yaz günü idi və əfsanə doğulurdu. Baharın ilk günlərində, təbiətin oyanan çağında, ətrafın
sanki elə möcüzələrlə aşıb-daşdığı
anlarda insanın sağında-solunda baş
verənlərin çoxuna
heyranlıqla dərhal
möcüzə adı
qoyması anlaşılandır.
Donu təzəcə açılmış, yaz
günəşi dəydikcə
buxarlanan, elə bil adam təki
nəfəs alan, sanki təzədən dirilən, gəncləşən
torpaq da həmin günlərdə
əsl möcüzədir.
O torpağın içindən
dikəlib qalxan zərifcə bir bənövşə də,
sapsarı novruzgülü
də, qıpqırmızı
xoruzçiçəyi də
möcüzədir.
Dünənəcən yalın olan budaqların indi sanki balaca-balaca arxlara çevrilməsi, o
budaqların bulud kimi durmadan damcılar
səpməsi də möcüzədir, puçur-puçur
tumurcuqların göz
oxşayan sırası
da başqa bir möcüzə. Susmuş quşların təzədən şövqə
gəlməsi, dan yeri qızarandan gün batanacan bir-birinə səs verə-verə oxuması da möcüzədir, az əvvəl bəyaz qardan papaq geymiş ağacların indi ağappaq gül donu geyməsi də möcüzə. Bunları görə-görə
az qala hər
adam şairləşir.
Daha sözünü əvvəlki kimi saya deməklə ürəyi soyumur. Hər sözünü şairanələşdirib dilə
gətirir. Odur ki, ilk yaz
günlərində ən
çox işlənən
kəlmələrdən olan
"möcüzə" sözü
bir növ qəlibləşir, məcaziləşir.
Ancaq o hadisə ki 1961-ci ilin 23 martında - növbəti
Novruzun ilk qədəmlərini atdığı
günlərdə baş
verirdi, o, dolayısı
ilə, məcazi mənada möcüzə
və əfsanə deyildi. Elə sözün birbaşa mənasında əfsanə
idi və bu əfsanəni möcüzə kimi qavramamaq mümkünsüz
idi.
Qocaman Sankt-Peterburq
şəhərində "Məhəbbət əfsanəsi"
baleti ilk dəfə səhnəyə
çıxırdı. O günəcən
bu səhnədə də, dünyanın onlarca ölkəsinin yüzlərcə səhnəsində
də minlərcə dəfə balet tamaşaları olmuşdu.
Şəksiz, elə
1961-ci ilin 23 martında
olan sayaq, həmin baletlərdən hansı üçünsə
səhnənin pərdələri
ilk dəfə açılmışdı. Yaz
gəlmişdi, hamının
ovqatı duruydu. Təzə əsəri ilk dəfə görüb eşidir, duyğulanırdılar və
nə o gün, nə ondan sonrakı
yaxın aylar və illər içərisində heç
kəsin ağlına
gəlməzdi ki, əsl böyük möcüzə ilə, əsl misilsiz əfsanə ilə üz-üzədirlər. O anların
gerçək möcüzəliliyinin
bütövlüyü ilə
dərk olunmasından
ötrü gərək
xeyli zaman keçəydi, o günə
gələcək illərin
hündürlüyündən baxaydın.
Hər balet uvertüra ilə başlayır. Ancaq lap əvvəldən
"Məhəbbət əfsanəsi"nin
uvertürasının bütün
başqa uvertüralardan
bir fərqi vardı. Bu uvertüra başlanmazdan qabaq beş akkord gəlirdi. Bu, bir rəmz idi.
Fərhadla Şirinin solmaz
sevgisini ilk dəfə
bu tərzdə görən və qələmə alan Nazim Hikmət olmuşdu. Həm də bu əsəri yazmaq istəyi onda uzun həbsdən
qurtulub azadlığa
yenicə çıxdığı
zamanlarda, "Əfsanə"nin
səhnəyə gəlişindən
10 il əvvəl yaranmışdı.
Sonra cavan bəstəkar
Arif Məlikov bu əsəri musiqiləşdirməyə başlamışdı.
Daha sonra xoreoqraf Yuri Qriqoroviç və rəssam Simon Virsaladze "Əfsanə"yə
səhnə həyatı
vermək üçün
işə başlamışdılar.
Ardınca da bu yoldakı ən həlledici adamlardan biri - "Əfsanə"ni
səsləndirəcək orkestrin
dirijoru Niyazi dəstəyə qatılmışdı.
Elə bu beşliyin şərəfinə
də bəstəkar uvertüradan öncə səslənən beş akkordu artırmışdı.
Var olduğu 60 ildən
artıq müddətdə
daim səhnədə
qalan, dünyanın müxtəlif ölkələrindəki
60-dan artıq məşhur
teatrın səhnəsində
oynanan "Məhəbbət
əfsanəsi"nin həm
də bir sənət əfsanəsi
olduğunu zaman özü
sübuta yetirib.
Və əfsanə adam Nazim Hikmət dünyaya elə belə əfsanələr yadigar qoyub getməkdən ötrü gələnlərdən
idi:
Nə gözəl şey xatırlamaq səni
İçimdə ikinci bir insan kimidir
Səni
sevmək səadəti
Nə gözəl şey xatırlamaq səni
Yazmaq sənə dair.
Nazim Hikmət bu sətirləri zindanda qələmə alıb. Sevgilisini düşünərək
yazıb. Ancaq bu misralar əslində
onun hər insana və dünyaya ürək açması da sayıla
bilər. Hər bir insan və
dünya haqqında sevimli bir insanı
anırmış kimi
düşünməsəydi və onlara ən doğması kimi məhrəm duyğular bəsləməsəydi,
Nazim Hikməti türk
olan və türk olmayan milyonlarla oxucusu qəlbinə yaxın tutaraq bunca sevməzdi.
O, müasir adam idi, çağdaş şeirlər yazırdı.
Yazısının tərzi
də, fikirləri də XX yüzilin yenilikçi havası ilə dolu idi.
Ancaq bununla belə, o, özündən
yeddi əsr öncə yaşamış
Mövlananın yazdıqlarını
da bəyənir və
müasir hesab edirdi. XVI əsrdə yaşamış Füzulini
də, əsr yarım əvvəl qələm çalmış
Mirzə Fətəlini
də çağdaşı
bilirdi. Halbuki yanında-yörəsindəkilərdən neçəsinin elə həmin günlərdə
yazdıqlarının çoxunu
nimdaşlaşmış və
vaxtı keçmiş
adlandırırdı. Keçmişdəki
böyüklərin yazdıqlarında
hansısa kəlmələr,
ibarələr əskiləşmişdi,
bəzi deyişləri
hətta indi lüğətsiz anlaşılmırdı.
Nazim Hikmət üçünsə
əsas olan vaxt ötdükcə köhnəlməsi, fəal
istifadədən çıxaraq
dilin alt qatına çökməsi təbii
olan ayrı-ayrı qocalmış sözlər
deyil, köhnənin içərisindəki zaman keçişi
ilə boyatlaşmayan,
əvvəlki təzəliyini
saxlayan, yeni gündə
də bir gəncin nəbzi kimi iti və
qüvvətli çırpınmaqda
davam edən oyanıq fikirlər idi. Ustadlarından saydığı -
Söz candır, əgər bilirsə insan,
Sözdür ki, deyirlər, "özgədir
can", -
deyən
ixtiyar Füzuli ilə şərik idi Nazim Hikmət.
Nazim Hikmət dünyanı, həyatı, insanı dərinliyi və genişliyi ilə dərk etməyə başladığı gənc
çağlarından bu
həqiqətə də
inanmışdı ki, insanın
ruhu da, varlığı
da elə onun Sözüdür. O insan
ki, torpağa tapşırılandan
azmı-çoxmu sonra
unudulub gedir, demək, onu bu aləmdə yaşadacaq sözü yoxmuş. Naziminsə onillər əvvəldən
gələn səsi də, sözü də dipdiri, özü də hər an sağ-salamatdır.
1963-cü
ilin 12 yanvarında keçilmiş yolu, yaşanmış ömrü
düşünüb "qocalıram"
desə də, hələ heç
60-nı bitirib 61-nə yetişməmişdi.
Yazırdı ki, "dünyanın
ən çətin sənəti olan qocalığa alışmağa
başlayıram".
Ürək hərdən şıltaqlıqlar
etsə, sancılarıyla
harada yerləşdiyini
ona xatırlatsa da, əslində nə üzgün qoca idi, nə heysizləşən
ağsaqqal. Fikrindəki
siqlət qoca idi, sözündəki güc keçmişlərdəki
ölməzlərin ən
ixtiyar və qocalmaz sözlərində
olan ixtiyarlıqdan idi, amma hər
halda ona nələrsə pıçıldayan
fəhm də vardı. Sonun oğrun-oğrun yaxınlaşdığını
sövq-təbii hiss edirdi
və onu ən çox narahat edən onsuz da gəlişi hökm-i zər olan həmin son yox, hələ deməyə, yazmağa macal tapmadığı sözlərin ağrısı
idi. Başı bu fikirlərə qatışdığından günün
qayğılarıyla yüklənib
belə düşüncələrdən
uzaq qalanları müəyyən mənada
xoşbəxt sayırdı,
işlərinin çoxluğu
səbəbiylə qocalığının
fərqində olmayanlara
qısqandığını deyirdi.
Saatlar, axarsınız,
axarsınız, axarsınız...
Bir söz söyləyəcəkdim
sənə,
söyləyəmmədim.
Söyləməyə macal tapmadıqlarınıza heyif,
böyük ustad, ulu
Nazim Hikmət. Ancaq təsəllimiz var - ömür
möhlətiniz içərisində
söyləməyə imkan
tapdıqlarınız bizi
söyləyə bilmədikləriniz
səmtə də yönəltməkdədir. Hər
kitabınız açılanda
özünüz də
dirisiniz, sözünüz
də canlı.
Ancaq indi mənim, sənin Nazim Hikmətin kitablarını açaraq
onu qarşımızdaymış
kimi təsəvvür
etməyimiz başqa,
Nazim Hikməti görmüş,
bu şeirlərin neçəsini şairin öz dilindən, onun dəniz gözlərinə baxa-baxa
dinləmişlərin duyduqları
başqa. 1931-ci il təvəllüdlü
şair Nəriman Həsənzadə Nazimlə
ilk dəfə görüşəndə
ondan təqribən 30
yaş kiçik idi, indi - 2023-də, artıq Nazimin bitməz ömrünün
121-ci ili başlarkən
ömrünün 93-cü ilini
yaşayan Nəriman müəllim Ustaddan 30 il yaşlıdır. Fəqət
Nazimi yada saldıqca dönüb olur həmin tələbə Nəriman. Deyir ki, Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu
1950-ci illərin sonlarında
təhsil və qələm yoldaşı
Xəlil Rza Ulutürklə yazıçıların
Peredelkinodakı istirahət
evində qalırlarmış,
Nazim də orada dincəlirmiş və cavanlar da, Nəriman müəllimin öz sözü, həftədəbir
olmasa da, hər iki həftədən bir Ustada baş
çəkməyə yollanırlarmış:
"Çünki üzümüzə
xoş baxırdı,
o vaxtlar Nazimlə çörək də kəsmişik, onun görüşünə getdiyimiz
vaxtlarda yanında böyük şəxsiyyətləri
də görmüşəm.
Pablo Nerudanı da, Moris
Torezi də orada, Nazim Hikmətin evində görmüşəm,
sonralar bizə Qorki adına institutda dərs deyən Aleksandr İsbaxı
da birinci dəfə orada görmüşəm.
Nazimin yanında adam özünə oxşayırdı, elə
asudə şərait
yaradırdı ki, özünü
yığışdırmırdın mən filankəsin yanındayam. Mən onunla teatrda da olmuşam. Xəlillə Akademik Teatra getmişdik, işin tərsliyindən biletlərimizi
yataqxanada unutmuşduq.
Baxdıq ki, Nazim Hikmət
də oradadır. Yaxınlaşdıq, onun köməkliyi ilə bizi tamaşa zalına buraxdılar".
Bəlli
həqiqəti bir daha Nəriman müəllimin dilindən
eşidirəm və canlı şahidin söyləyişi ilə
olub-keçənlər əyaniləşir
- gözlərimin qarşısına
gözəllər əhatəsindəki
gözəl Nazim gəlir.
Nəriman müəllim
danışır ki, Moskvanın
qəşəng qızlarının
hamısı vurulurdu
Nazim Hikmətə, özü
də göyçəkdi,
amma həm də qadın görəndə tez vurulan idi.
Yenə
Nəriman müəllimin
Moskvadakı həmin tələbəlik illərinin
xatirələrindəndir. Üç
cavan şair və tələbə
dost - Nəriman Həsənzadə,
İbrahim Kəbirli və
Xəlil Rza qatarla Moskvadan Bakıya gəlirlərmiş.
Eşidirlər ki, Nazim də
bu qatardadır. Gedib Nazimin kupesini
tapırlar, görürlər
ki, tək deyil, Əziz Şərif də onunla birgədir. Nəriman müəllim yada salır
ki, Nazim Hikmət danışırdı,
hamımızın qulağı
onda idi, bir şeir də
oxudu, qulaq asdıq. Sonra Nazim bir şeirini də oxudu: "Ən böyük adam kimdir?" Şeirin fəlsəfəsi bu idi ki, ən böyük adam arxalılar, vəzifəsi,
mənsəbi yüksək
olanlar deyil, o kəsdir ki, kimsəsizdir,
bədbəxtdir, sahibsizdir:
"Mən də dedim ki, Nazim can, biz şairlər
elə onlardanıq. Gülümsündü, "Elədir,
canım, elədir",
- dedi. Biz ona "Nazim
can" deyirdik, o da bizə
"şəkərim", "canım" deyə müraciət edirdi. Sonra qayıtdı ki, indi siz şeirlərinizdən
oxuyun, kimin şeiri xoşuma gəlsə, Bakıda onlara qonaq gedəcəyəm".
Cavanlar şeirlərini oxuyurlar, nədirsə Nərimanın
misraları Nazimin ürəyinə daha çox yatır. Nazim deyir ki, söz verdiyim kimi, Bakıda bir axşamı Nərimangilə
qonaq gələcəyəm.
İbrahim Kəbirli də
dillənir ki, Ustad, Nərimanın Bakıda evi yoxdur ki.
"İbrahim
bunu söyləyəndə
çox pərt oldum. Rayon uşağı
idim, Bakıda da elə bir qohumum-yaxınım
yox idi ki, Nazimi onun evinə
qonaq dəvət edim. Hamımız susmuşduq, birdən Əziz Şərif dilləndi ki, qonşu kupedə Bakı Şəhər İcraiyyə
Komitəsinin sədri
gedir. Mən o hadisədən sonra taleyə də inanıram, bəxtə də. Əziz Şərifin bu sözünü eşidincə
Nazim Hikmət ayağa
qalxdı, getdi o kupeyə. Baksovetin sədri Əhmədov Nazimi görüncə cəld ayağa qalxdı, kupedən çıxdı, pəncərənin
qarşısında dayanıb
Nazimlə söhbət
etməyə başladı.
Rəhmətlik Əhmədov
əvvəllər Gəncədə
işləmişdi, o vaxtlar
bizim Yazıçılar
Birliyinin Gəncədə
filialı vardı, sədri də Ələkbər Ziyatay idi, bir dəfə
onunla birlikdə hansısa məsələylə
əlaqədar Əhmədovun
qəbulunda olmuşduq,
mən yadındaydım.
Nazim Hikmət Əhmədovdan
mənim ev xahişimi elədi".
Nəriman müəllim xatırlayır
ki, bu söhbətlər
gedirdi və mən baş verənlərə yuxu kimi baxırdım, heç cürə inana bilmirdim ki, həqiqətən mənim
də Bakıda evim ola bilər. Çatırlar Bakıya,
iki gün sonra Nəriman yollanır Bakı Şəhər İcraiyyə
Komitəsinə. Soyuq
qış günüymüş,
elə paltolu, başı papaqlı qalxıbmış qəbul
otağına, odur ki,
bu geyim-kecimdə cavanlığı çox
da nəzərə çarpmırmış.
Katibə rus qızı əvvəlcə
deyir ki, sədr yoxdur, Moskvada ezamiyyətdədir. Nəriman
da rusca deyir ki, yoldaş Əhmədov özü tapşırıb
ki, gəlim, məni
Nazim Hikmət göndərib.
"Nazim Hikmət" eşidincə
qız qalxıb keçir qonşu otağa.
"Bir də gördüm hamısı - bütün
vəzir, vəkil çıxdı qəbul
otağına. Əhmədovun
yanında durmuşam,
məni görən yoxdur. Hamı Nazimi axtarır. Yəqin, qız içəri girib deyibmiş ki, Nazim gəlib.
Axırda dedim, yoldaş Əhmədov, mənəm gələn,
Nazim Hikmət plenumdadır,
gələ bilmədi,
mən gəldim. Çünki Nazim Hikmət
plenumda rəyasət heyətində uzaqdan məni görüncə elə gendən işarə ilə soruşmuşdu ki, nə oldu, getdinmi və mən başımı bulayanda yenə him-cimlə anlatmışdı ki, get.
Əhmədov məni Səlimov
soyadlı işçisiylə
calaşdırdı, o da məni
yönəltdi ki, boşalmış
bir mənzilə baxım. Mərkəzdə,
düz doğum evi ilə üzbəüz,
əvvəl Münəvvər
Kələntərlinin yaşamış
olduğu, ikinci mərtəbədəki ikiotaqlı
mənzili mənə
verdilər. Səlimov
zəng elədi ki, necədir, etirazın yoxdur? Dedim, siz nə danışırsız,
etiraz nədir, yoldaş Əhmədova söyləyin ki, çox
xoşuma gəlib".
Nazim, vəd etdiyi kimi, yoldaşı Vera Tulyakova ilə Nərimanın evinə qonaq gəlir. Yanlarında Nəriman tez-tələsik boş mənzilə qonşulardan
xahiş etdiyi masanı, kətilləri gətirir və o gün orada hamısı birlikdə şəkil də çəkdirirlər.
Bu, xoşbəxtliyin fotosu idi. Nəriman bəxtiyar idi ki, hətta əlində order
olandan sonra inana bilmədiyi hadisə həqiqətən
baş tutub, onun da Bakıda mənzili var və Nərimandan ikiqat, üçqat Nazim məsud
idi ki, bir ürəyi səadətlə
doldurmağı bacarıb,
bir gənc qələm qardaşını
evsizlik sıxıntısından
qurtarıb...
Əməlləri də şeirləri
kimi gözəl Nazim Hikməti Nəriman Həsənzadə necə
unutsun, onillər ötəndən sonra necə ürəyində
gəzdirməsin?!
Həyatda minbir acı dadmış, zəmanənin
ən qart sifətləriylə qarşılaşsa
da, yuxa ürəyi azacıq belə sərtləşməmiş böyük
Nazimin o cür nəciblikləri haqda
yeni-yeni hekayətləri eşitdikcə,
onun hər kəsi hər şeyin yaxşı olacağına, daha yaşamalı günlərin
hələ sabahlarda gələcəyinə ümidə,
inama kökləyən
qəlbə işləyən
belə misralarını
hər dəfə təzədən oxuduqca sağlığında onun
dəli-divanəsi olub
başına hərlənən
gözəllərdən beşbetər
bu Şəxsiyyətə
və Şairə dəfə-dəfə yenidən
nə sayaq aşiq olmayasan?
Yaşamaq zarafat deyil,
böyük bir ciddiyyətlə
yaşayacaqsan
bir sincab kimi, məsələn,
yəni
yaşamanın dışında
və ötəsində
heç bir şey gözləmədən,
yəni
bütün işin-gücün
yaşamaq olacaq.
...İnsanlar üçün
ölə biləcəksən,
həm də üzünü belə görmədiyin insanlar üçün.
həm də heç kimsə səni buna vadar etməmişkən,
həm də ən gözəl, ən gerçək şeyin
yaşamaq olduğunu bildiyin
halda.
Yəni
eləcə ciddiyə
alacaqsan ki yaşamağı,
yetmişində belə, məsələn,
zeytun əkəcəksən,
həm də elə uşaqlara filan qalsın deyə yox,
ölməkdən qorxduğun halda
ölümə inanmadığın
üçün,
yaşamaq yəni ağır
basdığından.
Bu sətirləri 1947-ci ildə
yazmışdı, başqalarına
dilədiyi kimi, özünün də haçansa bəhrələr
verəcək, meyvəsini
də özünün
dərəcəyi fidanları
azı yetmişində
torpağa basdırmağa
çatacaq qədər
yaşamağı umurdu.
Qismət
olmadı, hələ
altmışına çatmamış
sağlamlığı laxlamışdı.
1957-ci ildə Bakıda
Azərbaycan Dövlət
Universitetinə qonaq gələndə (o çağlar
universitet indiki İstiqlaliyyət küçəsində,
hazırda İqtisad Universitetinin yerləşdiyi
binada idi) hündür pilləkənlərlə
üçüncü mərtəbəyə
qalxmağa ürəyinin
dözməyəcəyini demişdi,
onu bir stulda
otuzdurmuşdular, tələbələr
onu üçüncü
qata əlləri üstündə aparmışdılar.
Şübhəsiz, o zaman da ölümə inanmırdı,
amma hiss etməmiş
də deyildi ki, bu səhhətlə hər halda yetmişə yetişmək
də röya kimidir.
Pillələri əllər üstə
qalxmasının bir başqa hekayəsini isə mənə unudulmaz aktyorumuz Lütfəli Abdullayevin ömür-gün yoldaşı,
Xalq Cümhuriyyəti
dönəmində Azərbaycanın
ilk əmək naziri və Məclis-i Məbusanın - Parlamentin
katibi olmuş Əhməd bəy Ömərbəyov-Pepinovun qızı
Sevda xanım söyləmişdi.
Növbəti dəfə əziz
Bakısında səfərdə
olan Nazim Musiqili Komediya Teatrında Lütfəlinin iştirakı
ilə tamaşaya baxdıqdan sonra, irəlicədən danışdıqları
kimi, aktyorun evinə şərəfinə
veriləcək ziyafətə
təşrif gətirmişdi.
Tamaşa, aktyorların
ifası çox xoşuna gəlmişdi, elə az sonra
qəzetlərə verdiyi
müsahibəsində demişdi
ki: "Bakıda kəşf
etdiyim ən gözəl teatrlardan biri də Musiqili
Komediya Teatrı oldu. "Məşədi
İbad", o ölməz
əsəri, sonra Səid Rüstəmovla Süleyman Rüstəmin
"Durna"sını gördüm.
Rejissor Şəmsi Bədəlbəyliyə, artist Lütfəli Abdullayevə,
Əlihüseyn Qafarlıya
və aktrisa Nəsibə Zeynalovaya pərəstiş edənlərin
içində mən
də varam".
Nazim Hikmət Lütfəligilə
gələn gündə
Şəmsi də, Nəsibə xanım da, Süleyman Rüstəm də orada olmuşdular.
Sevda xanım söyləyirdi
ki, Nazim gəldi çatdı
evimizin yanına, bloka girməmişdən soruşdu ki, mənziliniz neçənci mərtəbədədir?
Biləndə ki, üçüncü
qata qalxmalıdır,
"Yox, Lütfəli
bəy, mənim ora qalxası halım yoxdur", - dedi.
Lütfəli özünü itirmir,
cavanlardan birinə tapşırır ki, qalx,
bizim mənzildə kreslo var, götür, düş aşağı.
Elə Lütfəligilin
blokunun girəcəyində
sonralar da uzun illər orada qalan bir pinəçi
köşkü vardı,
hamısı Lütfəlinin
xətrini istəyən
adamlardı. Nazim əyləşir
kresloya, qaldırırlar
yuxarı və Lütfəlinin zarafatı
hamını güldürür:
"Nazim bəy, bizim
evə ayağınızla
qalxsaydınız, ləzzəti
olmazdı, gərək
belə əziz qonaq bizim mənzilə
elə kəcavədə
gələydi".
Sevda xanım yada salırdı
ki, Nazim ürəyindən şikayətlənsə də,
həmin axşam hamıdan çox içən də o oldu, kefi kök
idi, deyib-gülürdü,
Şəmsinin, Süleyman
Rüstəmin, Lütfəlinin
zarafatlarına uğunurdu.
Sevda xanım həmin füsunkar axşamdan bu anları da yada salırdı ki, Nazim babamın,
atamın kim olduğunu bilincə dalğınlaşdı, alman dili
mütəxəssisi olduğumu
bilincə çevrildi
Lütfəli sarıya
ki, qardaş, sənin
xanımın almancanı,
ruscanı ana dili kimi bilir, sən
hansı əcnəbi
dillərdə danışırsan?
Lütfəli dərhal
"Əcnəbi dillərdən
ləzgicəni bilirəm"
dedi. Nazim şaqqanaq çəkdi: "Ay Lütfəli
bəy, məgər ləzgicə xarici dildir?" Lütfəli özünü o yerə qoymadı: "Day neyləyim,
olanım budur". Məclisdəkilər Lütfəlinin
sözünə inanan
kimi oldular: "Lütfəli, ləzgi dilini harada öyrənmisən?"
Lütfəli qımışdı:
"Heç yerdə.
Ləzgi dili hara, mən hara? Nazimin sualını cavabsız qoymayacaqdım ki!"
...Nazim Hikmət şeir oxuyur. Doğma səsi yenə riqqət oyadır. Şeir oxuyur və elə oxuyur ki, oxuduğunu görürsən:
Nal səsləri sönür
pərdə-pərdə,
atlılar qeyb olur günəşin batdığı
yerdə
Atlılar, atlılar, qızıl
atlılar,
atları
rüzgar qanadlılar!
Atları
rüzgar qanad...
Atları
rüzgar...
Atları...
At...
Rüzgar
qanadlı atlılar kimi keçdi həyat!
Yel qanadlı atlar kimi illər, ömür uçub gedirsə də, vaxt küləkləri yaddaşları sovurmağa
acizdir, xatirələri
cənginə alıb
apara bilmir.
Şərqşünas alim Əsmətxanım
Məmmədova Nazim Hikmət
yaşını çoxdan
arxada qoyub, səksənini adlayıb,
ancaq Nazimlə hələ məktəbliykən,
tələbəykən altmış
il əvvəlki görüşlərinin
fərəhi, həyəcanı
elə ogünkü təzəliyindədir. Əsmətxanım
danışır ki, 1950-ci illərdə orta məktəbdə oxuduğu
vaxtlarda yaşadıqları
Maştağada bir gün səs yayılır ki, Nazim Hikmət
kəndə qonaq gələcək, onunla görüş keçiriləcək:
"Nazim Hikmətin kəndimizə
gəldiyi vaxtlarda insanlarımızın Türkiyə
həsrətində olduğu
çağlardı. Mənim
atam kolxoz sədri idi, görüşün kənddəki
təşkilati işlərini
həll etmək ona tapşırılmışdı.
Görüşün Maştağada
o zamanlar "Bir may" deyilən
klubda keçiriləcəyi
nəzərdə tutulmuşdu.
Yadıma gəlir, atam gəlib anama dedi, kostyumumu,
ağ köynəyimi
hazırla. Anam soruşdu ki, hara gedəcəksən,
nə məsələdir?
Hələ biz o anacan
Nazim Hikmətin kəndə
gələcəyindən xəbərsizdik.
Atam dedi ki, kostyumu hələ bu gün istəmirəm,
sabah Nazim Hikmət gələcək. Anam dedi nə, Nazim Hikmət gəlir, o görüşə mən
də mütləq gedəcəyəm. Atam onda dedi ki, yaxşı,
dost-tanışı da yığın.
Mən kəndimizdəki
Cəfər Cabbarlı
adına məktəbin
doqquzuncu sinif şagirdi idim, əlaçı olduğuma
görə məni bir ara Leninqrada,
Moskvaya göndərmişdilər,
Xalq Nailiyyətləri
Sərgisinin medalını
almışdım. Odur
ki, məktəbdə də
şagirdlər arasından
məni seçib tapşırdılar ki, şairlə
görüş vaxtı
Nazim Hikmətin şeirini
oxuyum. Nazim Hikmət əyləşmişdi, qarşısındakı
masanın üstündə
gül-çiçək dəstələri
qalaqlanmışdı. Ürəyim
quş kimi çırpınırdı, fikirləşirdim
ki, ay Allah, mən bu dahinin qabağında necə danışa biləcəyəm. Şeiri
süd əzbər bilsəm də, səhnəyə çıxanda
sözlər yadımdan
çıxdı. Bir misra
söyləyib duruxdum.
Bunu görüncə
Nazim Hikmət başladı
mənimlə bir yerdə şeiri deməyə. Ürəkləndim,
başladım şeirin
ardını inamla, ifadəylə söyləməyə.
Mən şeiri oxuyub bitirəndə Nazim stolun üstündəki ən iri gül
dəstəsini götürdü,
mənə yaxınlaşdı.
O vaxt qalın, uzun hörüklərim vardı. Nazim saçımı
sığalladıı: "Nə gözəl hörüklərin var!" Sonra da üz tutdu zala
toplaşanlara: "Mənə
bağışlanmış çiçəkləri mən
də bu türk qızına, türk gözəlinə
hədiyyə edirəm".
Bu, atama da, anama da, hamıya o qədər xoş gəlmişdi ki, neçə dəqiqə
alqışlar kəsilmədi.
O gündən qəlbimdə
Nazim Hikmətə münasibətdə
xüsusi bir doğmalıq yarandı. İş elə gətirdi ki, orta məktəbi başa vurandan sonra universitetin şərqşünaslıq
fakültəsinə qəbul
olundum. 1961-ci ildə
Nazim Hikmət yenə
Bakıya gəldi və bizimlə Bakı Dövlət Universitetindəki görüşündə
yenə mənə onun şeirlərindən birini söyləməyi tapşırdılar. Oxudum
şeiri, tanıdı
məni. Təbəssümlə
dedi ki, o uzun hörüklərin xatirimdədir...
...Bu gün Azərbaycanın ən tanınmış türkoloqlarından olan, illər boyu böyük şair haqqında çox araşdırmalar aparmış,
yazılar qələmə
almış professor Tofiq
Məlikli də Nazim Hikmətlə ilk görüşündə
hələ tələbəymiş.
Sonra elə görüşdəncə
könlündə yaranan
Nazim məhəbbəti həmişəlik
onunla qaldı. Yada salır ki, 1962-ci ildə
Nazim Bakıya son səfərini
edəndə o, universitetin
şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində
ikinci kursdaymış.
Fakültənin dekanı,
sonralar Nazim Hikmət haqqında müdafiəsi
alınmamış doktorluq
dissertasiyası yazmış
Yusif Şirvan yaxşı tələbələrdən
sayılan Tofiqi çağırıb deyir
ki, sabah mənimlə
bərabər gedirik vağzala, Nazim Hikmət gəlir, onu qarşılayacağıq.
"Dekanın məni dəvət etməyinin bir neçə səbəbi vardı. Əvvəla, yaxşı
oxuyurdum, ikinci vacib səbəb də o idi ki, Nazim Hikmətin
"Yaşamaq gözəl
şeydir, qardaşım"
romanı əsasında
kurs işi yazırdım. Və kurs işi artıq
bəyənilmişdi kafedrada,
yaxşı da əks-səda
yaratmışdı. Biz dekanla
vağzala gələndə
xeyli məşhur Azərbaycan ziyalısını
orada gördük. Alimlər, şairlər, yazıçılar yığışmışdılar.
Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Arif - o dövrün ən tanınmış şairləri
əksəri oradaydı,
amma yaman qələbəlik idi, başqa adamlar da çoxdu. Yusif Şirvan məni apardı Rəsul Rzaya tərəf. Dedi ki, bu tələbəmiz
yaxşı türkcə
danışır, Nazim haqqında
kurs işi də yazır, şairlə tanış olsa, bir az
da ruhlanar. Bunu eşidən kimi - Allah qəni-qəni rəhmət
eləsin - Rəsul müəllim əlimdən
tutdu, dedi ki, burada duracaqsan, mən sənə işarə edəndə yaxınlaşarsan. O qatarın
gəlişi, perronda duruşu, vaqonun qapısının açılması
və Nazimin vüqarlı siması hafizəmdə bir kinolentin kadrları kimi dolanır. İzdihamı görən
kimi ilk dediyi sözlər də qulaqlarımdadır. "Ax, Əkbər,
sənə demədimmi
xəbər vermə?"
Amma o da hiss olunurdu ki, elə
desə də, bu qələbəlik onu çox sevindirir. Qatardan endi, əlbəttə, ona birinci köhnə
tanışları - 30-40 illik
dostları yaxınlaşdılar,
öpüşdülər, görüşdülər. Nazim yavaş-yavaş camaata doğru gələndə
Rəsul müəllim
məni də təqdim elədi. Əlimdən tutdu, başladı suallar verməyə ki, gələcəkdə
türkoloq olacaqsanmı?
Dedim, bəli. Qayıtdı ki, bəs türkoloq olaraq əsas vəzifəni nədə görürsən?
Dedim ki, türk ədəbiyyatı ilə
məşğul olmaq,
türk ədəbiyyatından
çevirilər etmək,
incələmələr yapmaq.
Dedi ki, sən birinci növbədə körpü olmalısan. Çünki Azərbaycanda
müasir türk ədəbiyyatını az
tanıyırlar. Sən
çağdaş türk
ədəbiyyatını tanıtmalısan.
Sən və sənin arkadaşların".
Tofiq müəllim Nazimlə bağlı lətifəvari
bir hadisəni də yada salır. Deyir ki, şairin İvan adlı şoferi vardı, bir dəfə Qorki küçəsi ilə gedərkən yol hərəkəti qaydasını
pozur, maşını
saxlayırlar. İvan gedib
milislə danışır,
sonra hirsli-hirsli qayıdıb maşına
əyləşir. Nazim soruşur,
nə oldu, niyə saxlamışdılar,
nədən əsəbiləşmisən?
Deyir: "Ne obrahayte vnimaniə, tovarih Nazim, turok". Yəni bənd olmayın, türkdür də. Ruscada isə "turok" demək "geri qafalı" mənasındadır. Və sonra birdən-birə anlayır ki, arxada əyləşən - Nazim Hikmət
də "turokdur"
- türkdür və
başlayır dil-ağız
etməyə, üzr istəməyə ki, bağışlayın,
dilimdən qaçdı.
O sürücü də,
təbii, sadəcə
sürücü deyilmiş,
həm də DTK tərəfindən Nazimi nəzarətdə saxlamaq
tapşırığı almış əməkdaşmış.
Nazim onu sakitləşdirir
ki, "İvan, ne bespokoysə, u nas toje o russkix
mnoqo interesnoqo qovorət" - "Narahat
olma, bizdə də ruslar haqqında çox şeylər deyirlər".
Tofiq Məlikli Nazim Hikmətdən
danışırdı, xatirələrini
söyləyirdi, şeirlər
oxuyurdu, arada səsi qırılırdı,
kövrəlirdi. Can yanmasa,
ürəkdəki əsl
istək olmasa, heç o qəhər gələrdimi?!
Nazim Hikmətin bir xoşbəxtliyi də məhz budur. Hansı ürək ona içərisində yer ayırıbsa, daha heç vaxt ondan məhəbbətini
kəsməyib...
...El dilində söz var ki,
"Salam - Allahın adıdır".
"Salam" hər gün
hər insanın dilinə dəfələrlə
gələn kəlmədir.
Ancaq hər gün dönə-dönə
salamlaşsan da, adamından
asılı olaraq sənin o kəlməyə
yüklədiyin hissin
də mütləq fərqi var. Birinə dilucu salam verirsən,
birinə ürəkdən,
birinə rəsmiyyət
xatirinə, birinə məhəbbətlə. Hər
salam verəndə əslində qarşındakına
salamatlıq, sülh arzulayırsan, bircə sözlə on insanla öz aranda körpü yaradırsan.
İnsanın və millətin
böyük ruhunu bundan gözəl ifadə edən başqa hansı kəlmə ola bilər? Səbəbsiz deyil ki, Şəhriyar da o dillər
əzbəri əsərində
öz dünəninə
dalıb ulu dağlara
üz tutanda "Heydərbabaya salam" dedi, qəmli Füzuli "Şikayətnamə"sində
"salam"a dəyər
verməyənlərdən gileyləndi, "Salam verdim,
rüşvət deyildir
deyə almadılar",
- söylədi.
Nazim Hikmətin ömründəki
bu "salam" əhvalatını mənə
parlaq rəssamımız
Mikayıl Abdullayev danışmışdı.
1958-ci ildə Bakıda
Məhəmməd Füzulinin
anadan olmasının
400 illiyinə həsr
edilmiş yubiley mərasimiymiş. Müxtəlif
ölkələrdən xeyli
qonaqlar varmış. Türkiyədən də
görkəmli ədəbiyyatşünas
alim Agah Sırrı Ləvənd gəlibmiş.
Nazim salamlaşmaqçün ona tərəf baxır, Agah Sırrı üzünü
yana çevirir. Müəyyən mənada
başadüşülən idi, Nazim Hikmət kommunistdi, onunla sıcaq təmaslar Türkiyəyə qayıdandan
sonra Agah Sırrıya sıxıntılar
da doğura bilərmiş.
O axşam Nazimə də söz verilir. Kürsüyə qalxır və bəlkə də o gün tam başqa cür çıxış
edəcəkmiş, amma
vermək istədiyi salama qarşı etinasızlıq onu məhz bu məzmunda
danışmağa sövq
edir. Sonra şairin həmin axşam söylədikləri "Ədəbiyyat
qəzeti"nin həm
kağız, həm də ayrıca ipək parçada basılan və Füzulinin ildönümünə
həsr edilmiş xüsusi buraxılışında
dərc edilir.
Nazim söyləyir ki, bir zamanlar Füzuli salam vermişdi və özünü dartan övqaf məmurları onun salamını almamışdılar,
təkəbbürlü vücudlar
şairin salamına rüşvət olmadığı
üçün istehza
ilə yanaşmışdılar.
Amma həmin adamların
hamısını - hakimləri,
sultanları, hər növ məmurları tarix çoxdan unudub və Füzulininsə adı yaşayır və üstündən yüz
il də keçəndən
sonra Füzulinin hər hansı bir insana "salam" verməsi o insançün də, o millətçün də,
o yurd üçün
də böyük bir şərəf olacaq.
Və Nazim Hikmətin bir vaxtlar dahi Füzuliyə ünvanladığı bu sözlər elə onun özünə də çox yaraşır. Nazim Hikmət o əbədi böyüklərdəndir ki, bütün gələcəklər boyu onun kitablarını açanlar hər sətrində mehriban səsini, isti salamını eşidəcəklər, o şeirlərini oxumaq, o misraların "salam"ına cavab verməksə daim hər insan üçün şərəf olacaqdır!
525- ci qəzet.- 2023- cü il.- 5
noyabr.- №- 202.- S. 10-11.