Bakı səni hər zaman
unutmayacaq, əziz dost!
İntiqam QASIMZADƏ
"Azərbaycan"
jurnalının baş
redaktoru, Əməkdar
incəsənət xadimi
Oktyabr ayının
30-da günəşli bir
gündə acı
bir xəbər məni büsbütün
sarsıtdı, sinəmi
göynətdi: Moskvada
yaşayan dostum, keçmiş bakılı
Saveli (Sava) Kolmanovski zəng vurub dedi ki,
Amerika Birləşmiş
Ştatlarının uzaq
Los-Anjeles şəhərində
yaşayan yaxın dostumuz Aleksandr Qriç (Saşa) vəfat edib. Telefon əlimdə qurğuşuna döndü.
Dost itkisi
həmişə ağır
olur, yaşın səksəni
haqlayanda ikiqat ağır olur; dostların sayı getdikcə azalır, illərlə qazandığın
qəlb sirdaşlarını
itirirsən
bir-bir...
...Biz onunla
48 il əvvəl tanış olmuşduq;
1976-cı ildə. Yəqin
adi bir təsadüf
nəticəsində Yazıçılar
Birliyinin o zamankı sədri İmran Qasımov hər ikimizin eyni gündə
- yanvarın 20-də əmrimizi
verib işə götürmüşdü: məni
"Azərbaycan" jurnalının
tənqid şöbəsinə,
onu "Literaturnı Azerbaydjan" jurnalının
tənqid şöbəsinə.
İstiqanlı
oğlandı; tanışlığımızın təşəbbüskarı
o oldu. Elə ilk
gün işdən sonra Malakan bağına
gedib, tennis stolu arxasında "sınadıq" bir-birimizin
xasiyyətini... Sonra da yaxınlıqdakı qəlyanaltıda "rəsmiləşdirdik"
münasibətimizi.
Az bir vaxtda
sanki illərin dostuymuşuq kimi dərdləşir, problemlərimizi
bölüşürdük. Əlbəttə, bu münasibətlərimizin əsasında
nə tennis stolu, nə də qəlyanaltılar dururdu; mənəvi bağlardı, mənəvi
yaxınlıqdı bizi
doğmalaşdıran.
Aleksandr Qriç
istedadlı insandı,
yaradıcılıq diapazonu
da çox genişdi. "Vışka"
qəzetində çalışdığı
bir neçə il kifayət etmişdi ki, kəsərli qələmi
olan bir jurnalist kimi bütün respublikada tanınsın. "Literaturnı
Azerbaydjan" jurnalına
keçdikdən sonra
isə yazıçılar
mühitində həm
jurnaldakı fəaliyyətinə,
həm də Azərbaycan poeziyasından
etdiyi tərcümələrə
görə böyük
hörmət qazanmışdı.
Şairlərimiz, başda
Rəsul Rza, Süleyman Rüstəm olmaqla, Bəxtiyar Vahabzadə, Fikrət Qoca öz əsərlərinin
tərcüməsini ona
etibar edirdilər. Qriçin tərcümələri
arasında xeyli nəsr əsəri də var. Süleyman
Rəhimov, Sabir Əhmədli, Mövlud Süleymanlıdan iri həcmli bir neçə əsəri peşəkarlıqla rus dilinə çevirib. Onun tərcümələri
Azərbaycan xalqının
məişətinə, obrazların
milli xüsusiyyətlərinə
yaxından bələd
olması ilə fərqlənirdi. Saşa Bakıda anadan olmuşdu. Bakıda 6 nömrəli məktəbdə
oxumuşdu. Və dünya şöhrətli
Neft Akademiyasını
bitirmişdi. Milliyyətcə
yəhudi olan Qriç əsl bakılı idi. O, bütün həyatı boyu Azərbaycan mədəniyyətini, Azərbaycan
ədəbiyyatını təbliğ
edib. Hüseyn Cavid, Mikayıl Müşfiq kimi klassiklərimizi sevə-sevə,
böyük məhəbbətlə
rus dilinə çevirib; mən bunun canlı şahidiyəm.
Aleksandr Qriçlə
mənim dostluq münasibətindən başqa,
uzun illər yaradıcılıq əməkdaşlığımız
da olub. Bu əməkdaşlıq
onun mənə işlədiyi jurnal üçün tənqidi
məqalələr sifariş
verməsi ilə başlamışdı. Özü
də bu məqalələri o, mənə
təkidlə rusca yazdırırdı. Məni
inandırmağa çalışırdı
ki, "sənin çox normal, hətta deyərdim ki, özünəməxsus
ruscan var, sadəcə, mən səni yüngülvari redaktə edəcəm,vəssalam".
Yazırdım, o da əl gəzdirib çap edirdi. Bu minvalla "Lit. Azerbaydjan"da rus dilində bir neçə yazım çıxdı.
Məni o, redaksiyalarında
təşkil etdiyi
"Dəyirmi masa"
ətrafında ədəbiyyatımızın
aktual problemlərinə
həsr olunmuş sohbətlərə də
dəvət edirdi. Nəhayət, bir gün mənə birlikdə Azərbaycan Dövlət
Televiziyasında veriliş
aparmağı təklif
edəndə başa düşdüm ki, bu neçə ili mənə rusca məqalələr yazdıra-yazdıra o, məni
televiziya ilə rus dilində veriliş aparmağa hazırlayırmış. Qriç
- Saşa belə dost idi; belə
İnsan idi.
Həmişə mənə deyərdi:
"Bilirsən, İntiqam,
biz jurnalımızda Azərbaycan ədəbiyyatını
yaymaqla, onun gözəlliklərini, incəliklərini
oxuculara çatdırmaqla
məşğul oluruq.
Bu işi televiziya ilə görsək, daha səmərəli olar. Televiziyanın yayım imkanları, özün də yaxşı bilirsən ki, daha genişdir. Bir də, rusdilli
tamaşaçıların da zəngin Azərbaycan ədəbiyyatı
ilə tanış olmağa haqları var..."
O zaman Qriç bu barədə çox danışdı;
bilə-bilə ki, dediklərinə heç bir etirazım yoxdur... Amma məqsədi başqa idi; məni rus dilində veriliş aparmağa razı salmaqdı.
Nəhayət, razılaşdıq... İlahi,
o necə xoşbəxt
idi. Televiziyada veriliş aparmaq Saşanın ən böyük arzularından
biri idi. Düz 13 il ara vermədən biz hər ay
efirə çıxırdıq.
Bu 13 ildə Azərbaycan televiziyası
tamaşaçılarına "Bayatı" adlı ədəbi televiziya almanaxının 158 sayını
təqdim etdi. Bu ardıcıllıq yalnız Qriçin inadkarlığı sayəsində
mümkün olurdu. Mən bir neçə
dəfə redaktorların
naşılığından, Azərbaycan ədəbiyyatını
kifayət qədər
bilmədən verilişə
müdaxilə etmələrindən
təngə gəlib studiyanı tərk etmişdim. Saşa təmkinini itirməyib çəkilişi müvəqqəti - 2 saatlığına
dayandırıb fasilə
istəmiş, qəzəbim
nisbətən soyuyandan
sonra məni studiyaya qaytarmışdı.
İllər arxası
mən indi dostumun nə qədər haqlı olduğunu başa düşürəm.
1992-ci ildə Qriç ailəsi ilə birlikdə Bakını tərk etdi. Seçimi Amerika Birləşmiş Ştatlarının Los-Anceles
şəhəri idi.
O, vətəni Azərbaycana,
Bakıya, yaşadığı
küçəyə, binaya,
mənzilə çox
bağlı bir adamdı. Ən əsası da, dostcanlı
bir insandı. Hər şeyi qoyub çıxıb getmək?
Mənə zəng vurub evlərinə dəvət
etdi. Getdim. Xeyli söhbət etdik. Bakıdan getməyinin səbəbini
mənə söylədi.
İndi, Saşa bu dünyada yoxkən, ondan iznsiz bu
səbəbi açıb
deməyi düzgün
hesab eləmirəm. Bircə onu deyə bilərəm ki, onun xətrinə doğma Bakısında çox bərk dəymişdilər,
pis təhqir etmişdilər; alçaltmışdılar
onu. Nə qədər elədimsə,
fikrindən daşındıra
bilmədim. Dedi: "Bakı artıq mənim şəhərim
deyil".
Vida günü gəlib çatdı. Köhnə
dostlarından Bahadur Qayıbovla
Saşanı yola salmaqçün aeroporta gəldik. Keçirdiyim hissləri qələmə
almaq, düzü, çətindir mənə.
Ağır keçən belə
bir ayrılıqdan 2
il sonra Qriç Bakıya gəldi. Sonra bir də gəldi;
arvadı Lyuda ilə... Və mən başa düşdüm ki, dünyanın
ən zəngin, ən məşhur şəhərlərindən biri
olan Los-Ancelesdə yaşasa da, Saşa Bakısız dura bilmir; ömrünün axırına
kimi də Bakı üçün, Əzizbəyov küçəsindəki
qotik üslubda tikilmiş evləri üçün burnunun
ucu göynəyəcək.
Bu ev də, üstünə zamanənin
rəngi çökmüş
daş divarları da hər axşam Qriçin yolunu gözləyəcək...
Uzun illər ürəyimdə
gəzdirdiyim bir
gizlini bu gün açmaq istəyirəm: Düzü,
bir neçə il Saşanın yolunu gözləyirdim. Xüsusən
1990-cı ilin ortalarında
və sonunda; ta ki
2005-ci ilə kimi. Bu,
o dövr idi ki, Qriç Los-Anceles - Bakı yolunu su yolu eləmişdi;
Azərbaycanın Ümummilli
lideri, Prezident Heydər Əliyev haqqında 5 seriyalı
film çəkirdi. 1997- ci ildə o, hətta Azərbaycan Prezidenti Heydər Əliyevi iyulun 27-si - avqustun 6-sı
tarixində İtaliya
və Amerika Birləşmiş
Ştatlarına rəsmi
səfərlərində müşayiət
etməyə dəvət
olunmuşdu. Amerikada Heydər Əliyev çıxışlarının birində Qriç haqqında demişdi:
"...Onun Azərbaycan
mədəniyyəti sahəsində
xidmətləri danılmazdır.
Bizim ana dilimizi, ədəbiyyatımızı yaxşı
bilir. Bu yaxınlarda
o, Bakıya gəlmişdi,
mənimlə görüşmüşdü.
Mən onu özümlə nümayəndə
heyətinin tərkibində
bura (Amerikaya -
İ.Q.) gətirdim".
Heydər
Əliyev haqqında həmin filmi - "Prezidentin
qeyri-rəsmi portreti"
filmini Qriç tamamladı da, film Heydər
Əliyevin 75 illik yubileyi ərəfəsində
nümayiş də etdirildi və Prezident tərəfindən
yüksək qiymətləndirildi
də. Serialın azərbaycanca diktor mətnini yazmağı Qriç məndən xahiş etmişdi. Az da olsa, həmin serialda mənim də xidmətim var.
Bir neçə il sonra - 004-cü ildə Qriç Ümummilli liderimizə
"Həyat, tale və
epoxa" adlı daha bir sənədli
film də həsr etdi.
İllər ötür, yaş
üstünə yaş
gəlirdi; 60; 70; 75... Saşa
Bakıya daha az-az gəlirdi; tədbirlərə dəvət
olunanda. Bizim telefonla əlaqələrimizin
sayı isə artmışdı. Təxminən
son iki ildə mən onun səsində,
danışığında nəsə bir dəyişiklik hiss edirdim.
Amma heç nə demirdi. Əhvalını
da soruşanda: "...hər
şey yaxşıdır,
hər şey qaydasındadır" - deyirdi.
Amma qaydasında deyilmiş;
Saşa ağır xəstə imiş, mənim fikir eləməyimi istəmirmiş
…
525- ci qəzet.-
2023- cü il.- 5 noyabr.-
¹- 202.- S. 8.