Xatirələrdə yaşayan ömür

 

Allaha bir köynək yaxın adamlar keçmişlərdə də olub, indi də var. Əməlisalehlər, dürüstlər, insanlığı ömür ülgüsü bilənlər,.. Allaha həmişə yaxın olub. Bu, ruhu rəvanlığın nəticəsidi...

Qurban Musa oğlu Quluyev 1923-cü ildə Zəngilan rayonunun Pirçivan kəndində (indiki Zəngilan şəhəri) anadan olub. Təbiətin ecazkarlığı uşaqlığından insanın xarakterinə hopur-küləyin həlimliyi , çayların coşqunluğu da, bulaqların, çeşmələrin kövrəkliyi , şimşəklərin qəzəbi ,.. Bəzisi ayrılıqda, bəziləri bir-birinə söykənməklə xarakterin formalaşmasına təbiətin təsiri olur...

Pirçivan kənd orta məktəbini 1940-cı ildə bitirən Qurban Musa oğlu Quluyev belə böyümüşdü - kövrək, hərdən çılğın,.. Təbiətin gözəllikləriylə süslənmiş gözəl xarakterli bir gənc idi Qurban. Tay-tuşlarından mehribançılığıyla, qayğıkeşliyiylə, diqqətcilliyiylə seçilirdi, sevilirdi. Bu seçilmə onu Zəngilan rayon xalq maarifi şöbəsinə gətirmişdi - şöbənin katibi vəzifəsinə. Bir il işlədi. İkinci Dünya müharibəsi başladı. Qurban Musa oğlu da digər həmyaşıdları kimi hərbi xidmətə çağırıldı, müharibəyə səfərbər edildi. 18 yaşlı gənc döyüşəcəkdi, ata adına, el-oba adına, Azərbaycan adına şöhrət gətirməklə döyüşəcəkdi, uşaqlığında eşitdiyi qəhrəmanlıqları yaddaşından gerçək döyüşlərə keçirəcəkdi...

Əsgər Qurban Quluyevin döyüş yolu Şimali Qafqazdan başladı, barmağı avtomat tətiyinə orda toxundu. Bu təmas döyüş yolunun başlanğıcı oldu. Qurban Quluyev gənclik qüruru, azərbaycançılıq heysiyyəti, döyüşçü cəsarəti ilə formalaşmışdı. Döyüşçü yoldaşları hərdən onu "igidlərin sonbeşiyi" adlandırırdı - yaşını nəzərə alanda hərdən igid deyirdilər ona - qorxmazlığına görə...

Hərbi hissələri Stalinqrad ətrafındaydı. Ağır döyüşlər gedirdi. "Ölüm-dirim" ifadəsi bəlkə bu döyüşlərə görə deyilib; bu döyüşlərdə qələbə bəlkə sonrakı döyüşlərin taleyini həll edəcəkdi. Bu döyüşlər vətənsevərliyin faşizmə qarşı döyüşü idi, bu döyüşlər cəsarətin cəsarətsizliyin daldasına çəkilmiş ağciyərliklə döyüşü idi, bu döyüşlər mərdliyin döyüşü idi; əsgər Qurban Quluyev döyüşənlərin sırasındaydı...

...Komandir Qurban Quluyev daha üç döyüşçüyə düşmənin atəş mənbəyini susdurmağı tapşırmışdı. Döyüşçülər nisbətən diqqət çəkməyən səmti seçdilər. Bir-birilərindən beş-altı addım aralı olmaqla düşmənin pulemyotunun daldalandığı əraziyə yaxınlaşırdılar. Qurban Quluyev öndəydi. İşarəylə digər döyüşçüyə bir qədər sağdan yaxınlaşmağı tapşırdı, o biriləri onları himayə edəcəkdi...

Yaxınlaşdılar. İkisi eyni vaxtda ayağa qalxdı, Qurban düşmənin pulemyotu olan yerə iki əl qumbarası atdı. O biri döyüşçünün qumbara atmasına ehtiyac qalmadı. Qumbaralar düşmənin pulemyotunu susdurmuşdu...

Sürünə-sürünə geri çəkildilər...

Döyüşçü Qurban Quluyev neçə-neçə belə döyüş əmrini məsuliyyətlə, qorxmazlıqla yerinə yetirmişdi, komadirləri ona da hər dəfə təşəkkür elan etmişdi...

1943-cü il idi. Faşistlər Stalinqradı işğal edə bilməmişdi; Stalinqrad dünyəvi cəsarətlə müdafiə olunmuşdu. Yüzlərlə döyüşçü şəhid olmuşdu, yüzlərlə döyüşçü yaralanmışdı - faşistlər ciddi mövqe məğlubiyyətinə uğramışdı. Əsgər Qurban Quluyev yaralanmışdı. Onu arxa cəbhəyə təxliyə etdilər, Azərbaycana göndərdilər. Quba rayonunda hərbi hospitalda müalicə olunurdu. Müalicə bitsə , Qurban Quluyev daha döyüşə bilməyəcəkdi. Onu ordu sıralarından tərxis etdilər. Sevindimi? Təəssüfləndimi? - Qələbə gününə kimi döyüşmək istəyirdi, döyüşə bilməmişdi...

Qurban Quluyev Zəngilana qayıtdı - döyüşdən sonra yenidən əmək fəaliyyətinə başladı. 1944-cü ildə partiya sıralarına qəbul edildi,  1955-ci ilə kimi rayon partiya komitəsində texniki katib, Dövlət Təhülkəsizlik Komitəsi rayon şöbəsində inspektor, Pirçivan kənd sovetinin sədri, "Komitern" kolxozunun sədri, rayon dövlət bankında müfəttiş, rayon partiya komitəsində təlimatçı vəzifələrində işlədi...

İşi bəyənilirdi, məsuliyyəti dəyərləndirilirdi...

1955-ci ildə onu Bakı Ali Partiya Məktəbinə göndərdilər. Bu, böyük etimad idi. Ali siyasi təhsil alması ilə özünə inamı da artırdı, məsuliyyəti ...

Bakı Ali Partiya Məktəbini 1959-cu ildə bitirdi. Zəngilana qayıtdı. 1962-ci ilə kimi rayon partiya komitəsinin təlimatçısı işlədi. İşin mahiyyətini bilirdi, ali siyasi təhsil aldıqdan sonra yaradıcılıq çalarları ilə işləmişdi. Partiya rəhbərliyi seçimində yanılmadığını bildirəndə gülümsünmüşdü...

Qurban Quluyev rayon partiya komitəsinin təlimatçısı idi. Yüksək intizamı, mənəvi saflığı ilə əhatəsində olanların da, yoldaşlarının da inamını, etibarını qazanmışdı. Bu inam, bu etibar rayon rəhbərliyinin diqqətindən yayınmamışdı. 1963-cü ildə rayon rəhbərliyinin zəmanəti ilə Qurban Quluyev rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə irəli çəkildi. Bu vəzifənin "güzgü"sü saflıq idi, düzlük idi, sədaqətlilik idi, inanma-inandırma bacarığı idi - Qurban Quluyev belə işlədi. Rayonun rəhbərliyi , camaat da onu bu vəzifənin dəyişmədiyini gördülər əmin oldular ki, fitrətən düzləri, fitrətən təmizləri heç bir vəzifə dəyişmək iqtidarında deyil. Burda da belə tanındı, belə sevildi (İsa Hüseynovun müharibə povestlərində Qılınc Qurban obrazı var. Zəngilanlı Qurban Quluyevdən söz düşəndə həmişə İsa Hüseynovun Qılınc Qurbanını xatırlayıram, xalq üçün yaşadığına görə, düzlüyünə görə, düzlüyün cəfakeşi olduğuna görə). 1968-ci ildə Qurban Musa oğlunu rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçdilər. Bu seçim Zəngilanın da, zəngilanlıların da gümanlarını gerçəkləşdirmişdi. Sədr Zəngilanın da qayğısına qalırdı, zəngilanlıların da. Zəngilan baxımlılaşırdı. Həm rayonda quruculuq işləri sistemli, məqsədyönlü aparılırdı. Bu işlər böyük şövqlə, böyük sevgi ilə, böyük sədaqətlə görülürdü. Qurban Musa oğlu bu məsul vəzifədə 1978-ci ilə kimi işlədi. Zəngilana, zəngilanlılara sevgisi ilə işlədi, yenə sədaqətlə işlədi, camaatın ehtiramları ilə əhatələnib işlədi.

"Zəngilandan əsgərliyə getmişdim. Döyüşlərdə iştirak etmişdim, yaralanmışdım, müalicə olunmuşdum, hərbi xidməti davam etdirə bilməyəcəyimə görə tərxis olunmuşdum, Bakıda ali siyasi təhsil almışdım. Ruhən heç zaman Zəngilandan uzaq olmamışdım. Zəngilana qayıdanda elə bildim dünyaya təzədən gəlmişəm. Bu şükranlıqla işlədim. Məsuliyyətlə, tapşırılan vəzifəni layiqincə yerinə yetirməklə, insanlara xoş münasibətlə, qayğıkeşliklə. Vəzifədən çıxdıqdan sonra hiss elədim ki, könül qırmamışam, könüllər tikmişəm. Könülləri ziyarət etməyi özümə həmişə mənəvi borc bilmişəm. Bu mənada taleyimdən razıyam...", - Qurban Musa oğlu könüldaşlarına belə deyərmiş...

Qurban Quluyev məsul vəzifələrdə işləyəndə mən məktəbli idim. O illərin məktəbliləri, həm Zəngilan kimi həssas bir rayonun məktəbliləri rayonun siyasi mühitinə bir qədər maraqlı idilər. Məktəbli olanda ailədə, qonum-qonşuda, yolda-izdə söhbətləri mən eşidirdim. Bəzən eşitdiklərim yaddaşıma hopurdu. Tələbə olanda zəngilanlı tələbələrlə söhbətləşəndə rayon yada düşürdü, söhbətimizə rayonun rəhbərliyi mövzu olurdu. Bunlar, ağsaqqalların söhbətləri, xatirələri həm ayrılıqda, həm vəhdətdə düşüncələrimdə dəyərli bir azərbaycanlı ziyalısının, ədalətli, əqidəsinə sədaqətli, camaatı, deməli, xalqı sevən, camaat tərəfindən sevilən bir insanın obrazını yaradırdı. Belə söhbətləri ailədə eşidirdim. Atam da düşüncələrimdə obrazlaşan insan haqqında ağızdolusu, ürəklə danışardı. O insan Qurban Quluyev idi, Qurban müəllim kimi tanınan Qurban Musa oğlu...

Ali məktəbdə oxuyanda psixologiya müəllimimiz Alim Yusifzadədən eşitmişdim: etdiyin yaxşılığı vaxtsa baş qaxıncı edəcəksənsə, dilinə gətirəcəksənsə, bəri başdan etmə o yaxşılığı. Həyatda qarşıma çıxan insanların əksəriyyəti belə yaşayırdı, onların həyat, ömür fəlsəfəsi tələbələrinə ötürülürdü. Belə bir yaşam prinsipinin Qurban Quluyevdə olduğunu eşidirdim. Belə bir eloğluyla qürurlananlardan biri mən olurdum. "Mən insanlara yaxşılıq etmirəm ki, vəzifə borcumu yerinə yetirirəm", - Qurban Musa oğlu söz düşəndə belə deyərmiş.

Ağsaqqal ziyalı, vətənsevər vətəndaş rayon aqrar istehsalat birliyinin kadrlar şöbəsinin baş inspektoru işləyəndə eyni enerji ilə, sevgilərlə, eyni sədaqətlə, eyni qarşılıqlı ehtiramlarla işləyib (işinə məsuliyyəti nəzərə alsaq, buna xidmət deyə bilərik)...

Sədaqətiylə, təşəbbüskarlığıyla, səmimiyyətiylə, qayğıkeşliyiylə, prinsipiallığıyla tanınan sevilən Qurban Quluyev tələbkarlığını da, bacarığını da, qabiliyyətini , dövlətə, dövlətçiliyə sədaqətini son gününə, son nəfəsinə kimi mühafizə etdi. tanıyanların hamısının yaddaşında belə qaldı. Ömür fəlsəfəsi deyir ki, yaddaşda qalma elə tarixdə qalmaqdı...

İşlədiyi müddətdə dəfələrlə rayon partiya komitəsinin plenum büro üzvü, rayon sovetinin deputatı seçilmişdi. "Qırmızı Əmək Bayrağı" ordeni, "1941-1945-ci illərdə II Dünya müharibəsində rəşadətli əməyə görə", "1941-1945-ci illərdə II Dünya müharibəsində qələbənin 30 40 illiyi" münasibətilə  yubiley medalları, "Rəşadətli əməyə görə" V.İ.Leninin anadan olmasının 100 illiyi yubiley medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş, əmək veteran adına digər çoxsaylı mükafatlara layiq görülmüşdü.

Təhsilə, biliyə, elmə böyük sayğısı vardı. "Dünyanı, dünyanın gəlişgedişini dərk etmədən yaşamaq özünü aldatmaqdı, illəri urvatsızlaşdırmaqdı. Dünyanın dərk edilməsinin açarı bilikdi, savaddı. Oxuyun, həm yaxşı oxuyun...", - Qurban Musa oğlu cavanlara belə deyərdi. Ağsaqqal kəlamı Zəngilanda neçə-neçə gəncin ömür yolunun işığına dönmüşdü. "Hansı sənəti seçirsən seç, ancaq onu kamil mənimsə. Kamil mütəxəssis deyilsənsə, cəmiyyətdə ortabab olaraq qalacaqsan...", - bu da Qurban Musa oğlunun nəsihətlərindəndir.

Ermənilərin Azərbaycandan ərazi iddiası hələ üzə çıxmamışdı, çıxsaydı Qurban Quluyev qətiyyətlə deyərdi ki, ocağın közünə uzanan əl biləyindən kəsilməlidi...

1986-cı il martın 25-i şərəfli bir ömrün son günü oldu, ancaq bu ömür xatirələrdə ehtiramla yaşadılır...

Bayram Məmmədov

Əməkdar müəllim

525- ci qəzet.- 2023- il.- 7 noyabr.- N- 203.- S. 15.