Azad edilmiş ərazilərdə
ekosistemin bərpası: uzunmüddətli və mürəkkəb
poses
İşğaldan
azad olunan ərazilərdə 8 şəhər, 23 kənd və
qəsəbə üzrə, həmçinin Zəngilan və
Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də
daxil olmaqla 50000 hektar ərazidə yüksək dəqiqlikli
topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib. Müxtəlif
miqyaslı topoxəritələr və "Elektron su xəritəsi"
hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii
ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib
olunub.
Ekologiya
və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki,
işğaldan azad edilən ərazilərdə bərk
tullantıların müasir tələblərə uyğun
idarə olunması üçün geniş infrastruktur şəbəkəsi
yaradılır. Rayonlar üzrə poliqon əraziləri
müəyyən edilib, bu ərazilər mina və
partlamamış hərbi sursatlardan təmizlənib.
Yaşayış məntəqələrinin bərpası
zamanı tikinti tullantılarının dayanıqlı şəkildə
idarə olunması işlərinə start verilib. Artıq
Ağdam və Cəbrayıl rayonlarında tikinti
tullantılarının emal olunaraq təkrar istifadə edilməsi
məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib
və bu işlərə başlanılıb.
Nazir
qeyd edib ki, törədilən ekoloji terror nəticəsində
Qarabağ və Şərqi Zəngəzur regionunda
irimiqyaslı zərər görmüş təbiət, mina və
partlamamış hərbi sursatların mövcudluğu
baxımından da fəsadlara məruz qalıb. Mina təhlükəsi
ilə əlaqədar bu istiqamətdə tədbirləri
arzulanan sürətlə aparmaq çətinləşir.
Ekosistemin bərpası uzunmüddətli və mürəkkəb
prosesdir: "Mina təhlükəsindən xilas olmaq müəyyən
vaxt aparır. İşğaldan azad edilmiş ərazilərdə
Türkiyə ilə birlikdə ekosistemin bərpası istiqamətində
işlər aparılır. Cəbrayıl rayonu ərazisində
"Ağıllı Tingçilik", "Beynəlxalq
Meşə Təlim Mərkəzi" və "Dostluq
Meşəsi" Kompleksinin yaradılması işlərinə
başlanılıb. Buradakı tinglik sahələrində il ərzində
2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa
tədbirlərinə böyük təkan verəcək".
Muxtar
Babayevin söylədiyinə görə, işğal
dövründə 54 min hektardan artıq meşə sahəsi
məhv edilib: "Meşələrin bərpası ilə
bağlı proqram hazırlanıb və meşəbərpa
işlərinin sürətlə aparılması
üçün imkanlarımız var. Əlbəttə ki, bu
proses minatəmizləmə planı ilə
uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl
və Füzuli rayonlarında təmizlənmiş sahələrdə
bu işlərə başlanılıb".
ANAMA
İdarə Heyətinin sədri Vüqar Süleymanovun
sözlərinə əsasən, müharibədən
sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən
106 938.1 hektar ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi
təmin edilib. Bu günədək ekoloji qiymətləndirmə
və elmi tədqiqatlar üçün nəzərdə
tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri
üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd
təsərrüfatı üçün 53 078.4 hektar,
meliorasiya və su təsərrüfatı fəaliyyətləri
üçün 3 421 hektar, nəqliyyat infrastrukturu
üçün 5 759 hektar, yenidənqurma və
yaşayış infrastrukturun inkişafı üçün
20 118 hektar, digər məqsədlər üçün 5
784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib:
"Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən
ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə
mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd
partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib".
Nazirin
sözlərinə görə, işğaldan azad edilən ərazilərdə
meşə fondu torpaqlarının hüdudlarının, eləcə
də meşələrin növ tərkibinin, yaş
qruplarının və ehtiyatlarının müəyyən
edilməsi məqsədilə inventarlaşdırma işlərinə
zərurət vardır: "Bu günə kimi regiondakı 260
min hektar ümumi meşə fondu sahəsindən yalnız Zəngilan
rayonu ərazisində uzaqdan zondlama üsulu ilə cəmi 19 min
hektarda meşə quruluşu işləri
aparılmışdır. Meşə quruluşu işlərinin
yekunlaşdırılması və bu ərazilərdə
mühafizə tədbirlərinin, eləcə də idarəetmənin
təşkili olduqca əhəmiyyətlidir".
Nazir
vurğulayıb ki, xüsusi mühafizə olunan təbiət
ərazilərinin fəaliyyətinin bərpa edilməsi də
prioritetlərdən biridir: "Bunun üçün dövlət
təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin
müəyyənləşdirilməsi, oradakı təbiət
obyektlərinin inventarlaşdırılması və lazımi
mühafizə tədbirlərinin görülməsi zəruridir".
Nazir
bildirib ki, Bəsitçay Dövlət Təbiət
Qoruğunun yarısında Şərq çinarları və
digər ağaclar məhv olub, ümumilikdə flora və
faunaya külli miqdarda ziyan vurulub: "Bəsitçay Dövlət
Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə
bağlı tədbirlər haqqında" Prezidentin müvafiq
sərəncamının icrası ilə bağlı
Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib,
əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin qərarı
ilə təsdiq olunub: "Qoruq ərazisində bioloji müxtəliflik
komponentlərinin öyrənilməsi məqsədilə alimlərin
iştirakı ilə məhdud ərazilərdə
çöl-tədqiqat işləri aparılıb, flora və
faunanın mövcud vəziyyəti
araşdırılmışdır. 107 hektar sahəsi olan Təbiət
Qoruğunun ərazisinin yarısında Şərq
çinarları və digər ağaclar məhv olmuş,
ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub.
Lakin Qoruq ərazisində mina və partlamamış hərbi
sursat təhlükəsi baxımından çöl-tədqiqat
və təbiət obyektlərinin
inventarlaşdırılması işlərinin
yekunlaşdırılması, bu işlərə beynəlxalq
ekspertlərin cəlb olunmasında gecikmələr var".
Muxtar
Babayev qeyd edib ki, Bəsitçay və Qaragöl Dövlət
Təbiət qoruqlarında, eləcə də Qubadlı,
Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət
yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası
uzunmüddətli bir prosesdir: "İşğal
dövründə baxımsız qalmış bu ərazilərdə
idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi
və fəaliyyətinin yenidən təşkil edilməsində
mina təhlükəsi ilə bağlı çətinliklər
var. Bu səbəbdən digər xüsusi mühafizə
olunan təbiət ərazilərində bu işlər
növbəti mərhələdə nəzərdə
tutulur".
Muxtar
Babayev əlavə edib ki, Zəngilan rayonunda yerləşən
Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənmiş
və orada tədqiqat və istismara hazırlıq işlərinə
başlanılıb. Lakin sonradan sel suları ilə gələn
partlamamış sursatlar yenidən təhlükə
yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən
həmin ərazilərdə yenidən müvafiq tədbirlər
görülür: "İşğaldan azad edilmiş ərazilərin
bərpası prosesində təhlükəsizliyi təmin edən
Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyəti
xüsusi qeyd edilməlidir. Son dərəcə riskli işlərinə
görə biz ANAMA-nın və digər ixtisaslı
qurumların əməkdaşlarına minnətdarıq. Əminəm
ki, mina probleminin həlli regionda meşə fondunun və
biomüxtəlifliyin bərpası, xüsusi mühafizə
olunan təbiət ərazilərinin genişləndirilməsi,
milli parkların yaradılması, yaşıllıq massivlərinin
artırılması və bununla da işğaldan azad
olunmuş ərazilərdə ekosistemin bərpasına,
sağlam ətraf mühitin yaradılmasına böyük təkan
verəcək".
Muxtar
Babayev deyib ki, Zəngilan rayonunda yerləşən Vejnəli
qızıl yatağının ərazisi minalardan təmizlənmiş
və orada tədqiqat və istismara hazırlıq işlərinə
başlanılıb. Lakin sonradan sel suları ilə gələn
partlamamış sursatlar yenidən təhlükə
yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən
həmin ərazilərdə yenidən müvafiq tədbirlər
görülür: "Əminəm ki, mina probleminin həlli
regionda meşə fondunun və biomüxtəlifliyin bərpası,
xüsusi mühafizə olunan təbiət ərazilərinin
genişləndirilməsi, milli parkların yaradılması,
yaşıllıq massivlərinin artırılması və
bununla da işğaldan azad olunmuş ərazilərdə
ekosistemin bərpasına, sağlam ətraf mühitin
yaradılmasına böyük təkan verəcək".
Ekologiya
və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov
bildirib ki, azad edilmiş ərazilərdə ümumilikdə
160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib.
3000 kq palıd və şərq çinarı toxumu səpilib,
eyni zamanda salınmış yaşıllıqların
suvarılması məqsədilə damcılı suvarma
sistemi quraşdırılıb.
Geoloji
Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli
Əliyevin dediyinə görə, son araşdırmalara əsasən
yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi
rayonları ərazisində geniş spektrə malik 900-dən
artıq termal mineral təzahürlər müəyyənləşdirilib,
qiymətləndirmə mərhələsinə keçilib:
"Kəlbəcər, Laçın və Şuşada
mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək
termal su istehsalının ilkin mərhələsindəyik.
Artıq Azərbaycanda dağ-mədən sektorunda yerli
şirkətlər fəaliyyət göstərir. Dağ-mədən
sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində
bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır.
Qeyd edim ki, Azərbaycan geoloji-tektonik mövqeyinə və
mineral-xammalın formalaşma xüsusiyyətlərinə
görə böyük potensiala malikdir. Burada zəngin neft
yataqları ilə yanaşı, çoxsaylı dəmir,
kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden,
qızıl, mərgümüş, sürmə, qeyri-metal,
yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf
edilib və ehtiyatları hesablanıb. Hazırda ölkə
miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və
termal-mineral su yataqları kəşf edilib, ehtiyatları
hesablanaraq dövlət və sahə balanslarına qəbul
edilib".
Sevinc QARAYEVA
525- ci qəzet.- 2023- cü il.- 7
noyabr.- №- 203.- S. 14.