Çaparaq notlar
Böyük rus şairi dünyasını dəyişdi
(Yevgeni Yevtuşenko haqda)
Mən bu günlərdə Bella Axmadulina və Yevgeni Yevtuşenko haqda, onların sevgisi barədə məqalə
üzərində işləyirdim.
Amma zamanın öz qanunları olur.
Bu gün, aprel ayının 1-də dünya
poeziyasının nəhənglərindən
biri - Yevgeni Yevtuşenko
85 yaşında vəfat
edib.
Mənim
Yevtuşenko ilə ünsiyyətim olmasa da, dəfələrlə onun
Moskvada və Bakıda keçirilən
şeir görüşlərində,
təntənəli poetik
bayramlarında iştirak
etmişəm. O, başdan-ayağa
həqiqi poeziya və həqiqət mücəssiməsi idi.
Ölümün mübarək, Jenya.
(Yeri gəlmişkən böyük şairimiz Rəsul Rza da aprel ayının 1-də
(1981-ci ildə) dünyasını
dəyişib).
Beləliklə, bu gün bir dahinin simasında
bir epoxa da tarixə qovuşdu.
Yevtuşenkonun ötən əsrdə
tərcümə etdiyim
bir şeirini təqdim etməklə onun ruhu qarşısında
öz borcumu az da olsa yerinə
yetirmək istəyirəm.
O şeirdəki iki misra əslində elə şairin öz manifestinə, öz kredosuna çox uyğundur:
"...bizimçün ayıbdır
nəhəng olmamaq..."
01.04.2017
Yevgeni Yevtuşenko
NƏHƏNG
OLAQ!
E.Neizvestniyə
Mən yükdaşıyandan,
yaxud həkimdən,
mənə paltar tikən
hər
bir dərzidən
tələb eləyirəm həmişə
hökmən -
hər nə düzəltsəniz
nəhəng düzəldin.
Hər tikilən bina,
ya da ki,
çəkmə,
qoy uyğun gəlməsin adi ölçüyə.
Təbiilik yoxdur miyanəlikdə,
təbiilik yoxdur yalan örtüyə.
Hər kəs məcbur
etsin özü özünü,
hər kəsə öz payı yetişsin ancaq.
Qoyun sizə deyim
sözün düzünü
bizimçün ayıbdır
nəhəng olmamaq.
Elina Bıstritskaya bu gün vəfat etdi
SSRİ Xalq artisti, teatr
və kino artisti.
Ötən əsrin gözəl,
məlahətli, yaraşıqlı
və istedadlı qadınlarından biri.
Mən onu "Sakit Don" filmindən tanıyıb sevmişəm. Elina həmin
3 seriyalıq kino-epopeyada
Aksinya obrazını yaratmışdı. Filmin
rejissoru Sergey Gerasimov əvvəlcə
əsərdəki ən
aparıcı rollardan
birinə o qədər
də məşhur olmayan aktrisanı çəkmək istəmirdi.
Məhz romanın müəllifi Mixail Şoloxovun təkidi və təklifi ilə razılıq əldə olundu. Beləliklə, film çox
şey qazandı. Belə ki, Elina kinoda 20-ci əsrin ən parlaq qadın obrazlarından birini yaratdı.
Düzdür, Elina Bıstritskaya başqa
rollara da çəkilib.
Amma məncə, onun
şah rolu Aksinya idi.
Elina Bıstritskaya bir müddət Litva dramatik teatrının baş rejissoru Andrey Polyakovla vətəndaş
nikahında yaşayıb.
Rəsmi əri isə SSRİ Ticarət Nazirliyində yüksək
vəzifə tutan
Nikolay Kuzminski olub. Əri ilə 27 illik birgə ailəlik həyatından
sonra 1985-ci ildə boşanmışdı. O, bir
qədər qapalı,
sirli qadın olub.
Övladı yox idi.
Milyonlarla
azarkeşi əsrin gözəllərindən biri
ilə vidalaşmaqdadır...
26.04.19
Cavidlə sürgündə olan
adam
Bakıdan Yerevana gedən
qatardakı ümumi vaqonda yerimi müəyyən edib əl çantamı və yağmurluğumu yuxarıdakı qatlama ağac "polkanın"
üstünə atdım.
İçəri alaqaranlıq
idi. Bir az dincəlib vaqonun dəhlizinə çıxdım.
Adam az idi. Bələdçi qadın
girişdə dayanıb
dəmir tutacağa söykənmişdi.
Açıq pəncərənin ağzında,
ensiz dəhlizdəki kiçik dəmir oturacaqda əyləşdim.
Payız olsa da, hava xoş idi.
Pəncərədən bayıra
boylandım. Təbiətin
qızıl fəsli,
yəni son baharın təkrarsız rəngləri
hətta, dəmiryol vağzalının bomboz beton səkilərində,
daha doğrusu, səki boyu sıralanmış təkəmseyrək
ağacların yarpaqlarında
də hiss olunurdu.
Qatar yerindən tərpəndi.
Bələdçi qadın
vaqonun girişindəki
kiçik "hücrəsinə"
çəkildi.
Adam az olduğuna görə sakitlik idi. Mən perrona
çıxıb siqaret
çəkmək istəyirdim.
Bu əsnada arıq, uzun, qaraşın sifətini dərin qırışların "şumladığı" bir
kişi mənə yaxınlaşıb boğuq
səslə dedi:
- Salam. Axşamınız deyir. Oturmaq olar burada?
Kişi
əli ilə üzbəüzdəki dəmir
oturacağı göstərib
cavab gözləmədən
əyləşdi. Mən
dilucu kişinin salamını aldım.
Əslində vaqonun ensiz dəhlizi boyu səpələnmiş dəmir
oturacaqların az qala hamısı boş idi. Amma yaşı yəqin ki, yetmişi çoxdan adlamış bu ahıl adam mənimlə qabaq-qənşər
əyləşmək istəyirdi.
Yəqin ki, söhbət
etməyə adam axtaran birisidir. İstədim ki, ayağa durub siqaret çəkməyə
çıxam. Kişi
ürəyimi oxuyubmuş
kimi dilləndı:
- Siqaret çəkən deyilsiz ki?
Könülsüz halda:
- Çəkirəm, - deyə,
cavab verdim.
- Hə, mən də çəkənəm.
Perrona çıxdıq. Siqaret alışdırdıq.
- Müəllim işləyirsiz?
Aşsaqqalın sualına sualla
cavab verdim:
- Haradan bidiniz?
Kişi
gülümsədi:
- Mən də müəlliməm.
Əl verib təzədən tanış olduq.
Ordan-burdan danışmağa başladıq.
Mən gənc mütəxəssis kimi Saatlı rayonunda müəllim işlədiyimi
dedim.
O, tüstünü acgözlüklə
sinəsinə çəkirdi.
Onun tüstü arxasından bozaran sifətinı doğrayan dərin qırışlar
qədim tarix kitablarının səhifələrindən
boy verən əzilmiş
xəritəyə oxşayırdı.
Havada burulan tüstünün çoxu
sanki onun sifətindəki bu dərin qırışların
dolanbanc "cığırlarında"
yoxa çıxırdı.
Yol yoldaşım sən demə, 30-cu illərin müəllimi imiş. Kişi həmin illərin tanınmış
şəxsiyyətlərini bizim kimi televizorda
yox, həyatda görübmüş.
Qocaman müəllimin danışdıqları
mənim üçün
çox maraqlı idi. Söhbətin şirin yerində o, siqaretinə dərin qullab vurub məndən
soruşdu:
- Hüseyn Cavid necə şairdir?
Bu suala heç bir cavab vermədən
bildirdim ki, mən Cavidin "İblis" dramını
az qala bütöv
əzbərdən bilirəm.
Və başladım İblisin son monoloqunu deməyə. Kişi də mənə qoşuldu. Son misraları
"xorla" deyib hər ikimiz güldük.
"...Kimdir cümlə xəyanətlərə
bais?
İblis,
İblis, İblis..."
Təzədən siqaret yandırdıq.
Kişi
tüstünün arxasından
"boylanaraq" boğuq
səslə dilləndi:
- Mən Cavidlə birlikdə olmuşam.
Araya sükut çökdü.
Mən onun fikrini qırmaq
istəmirdim.
Kişi
handan-hana dedi:
- Mən onunla sürgündə bir yerdə olmuşam... Yəni bir yerdə
"yatmışıq"... Sibirdə... İrkutskda.
O, gözümün qabağında
keçinib. Hər ikimizi eyni "statya" ilə tutmuşdular.
Mən susurdum. Bu maraqlı söhbətin ardını
dinləmək istəyirdim.
Kişi
dedi:
- Gör bir aradan
neçə il keçib?
Otuz beş il. Amma sanki hər şey dünən olub...
Biz təzədən vaqona qayıtdıq. Mən Cavid əfəndi ilə bağlı bu qocaman müəllimlə
ətraflı söhbət
etmək istəyirdim.
Bir azdan bələdçinin
qapısı açıldı.
Yarımaçıq qapıdan
meyxoş tüstü
ətri gəlirdi.
Hiss olunurdu ki, qadın
bayaqdan öz iş kabinəsində siqaret çəkirmiş.
Ətrindən bilinirdi
ki, onun çəkdiyi
siqaret bizimki kimi ucuz deyil.
Kişi
ayağa durub dinməz-söyləməz perrona
sarı yönəldi.
Mən səbirsizliklə
onun qayıdacağını
gözləyirdim. Amma qocaman
müəllim sanki buxarlanıb havaya çəkilmişdi. Mən
bələdçi xanımdan
bayaqkı adamın yerini soruşdum.
O, əsnəyə-əsnəyə dedi:
- O bizim vaqonda deyil
ki. Yəqin onun yeri qonşudakı "ümumi" vaqondadır...
Elə bildim ki, sənin tanışındır,
yolüstü söhbət
etməyə gəlib...
Mən gecə Saatlı dəmir yol stansiyasında qatardan düşdüm. Sabah dərs
günü idi. Ətrafa göz gəzdirdim. Amma "yol yoldaşım" gözə
dəymirdi...
Sonralar mən Saatlıda çoxdan işləyən,
bu tərəflərin
ziyalılarını yaxşı
tanıyan müəllim
dostum Məmməd Təhməzova (şair Məmməd Elliyə) bu barədə danışanda o, belə dedi:
- Elli, mən həmin adamı tanıyıram. Sabirabadda müəllimdir.
Düz deyir, Sibirdə Cavidlə bir lagerdə sürgündə olub. Bir
az qəribəliyi olan adamdır.
Mən Sibirdə Cavidlə eyni "maddə" ilə yatan o "qəribə adamı"
bir daha görmədim...
Və gör bir aradan
neçə-neçə il keçib...
Küləyin yerə atdığı
portret…
(Səməndər Rzayev haqqında kiçik xatirə)
Küləkli bir payız günü idi. Arada yağış çiləyirdi. AzTV-nin foyesinə toplaşmış
bir dəstə adam ucadan deyib-gülür,
nəyisə müzakirə
edirdilər. Mən də onlara yaxınlaşdım. Əksəriyyəti
aktyorlar, bir də ədəbi-dram verilişləri redaksiyasının
əməkdaşları idi.
Deyəsən, hansısa
verilişin və ya tamaşanın çəkilişinə hazırlaşırdılar.
"Dəstə"nin ortasında
dayanmış Səməndər
Rzayev ucadan, gur səslə danışır, ətrafındakılara
nəyisə izah edirdi. Birdən qapı-pəncərələr şaqqıltı, guppultu
ilə taybatay açıldı. Haradasa
çiliklənən pəncərə
şüşəsinin cingiltisi
eşidildi.
Adamlar diksindi. Güclü külək qalxmışdı.
Sonra yaxınlıqda, lap qulağımızın
dibində şaqqıltı
və tappıltı eşidildi. Sən demə, dəli külək divardan asılmış şəkli
qoparıb yerə atmışdı.
Heç
kəs yerə düşmüş şəklə
yaxınlaşmaq istəmirdi.
Məsələ burasında
idi ki, bu, Brejnevin yağlı boya ilə çəkilmiş
iri portreti idi. Şəkildə masa arxasında əyləşmiş
Baş katıbin qarşısında buğlanan
pürrəngi çay,
büllur külqabı
təsvir olunmuşdu.
Brejnevin barmaqları arasındakı siqaret tüstülənirdi. İnsafən,
yaxşı bir rəssam işi idi. Bəlkə elə bu şəklə
görə, daha doğrusu, siqaret tüstülədən Baş
katibə görə bu ciddi idarədə
kişilər bir yana, elə qadınlar arasında da çəkənlərin sayı
kifayət qədər
idi.
Bəli,
külək Brejnevin şəklini divardan qoparıb mərmər döşəmənin üstünə
atmışdı.
Bayaqdan deyib-gülən adamların
səsi sanki birdən-birə batdı.
Yalnız küləyin
uğultusu eşidilirdi.
Şəklə yaxınlaşmaq
istəyən cürətli
bir kəs yox idi, zira
bunun bir düşər-düşməzi ola bilərdi. Çərçivənin
içindəki Baş
katibinsə dünya vecinə deyildi, ləzzətlə öz siqaretini tüstülədirdi.
Birdən
Səməndər Rzayev
asta, ehtiyatlı, ləngərli addımlarla
şəklə sarı
getməyə başladı,
əyilib onu yerdən götürdü.
Cibindən dəsmal çıxarıb şəklin
üstünün tozunu
aldı. Portreti divardan asa-asa özünəməxsus şirin,
həlim, asta "bulaq" səsi ilə Baş katibə müraciətən
danışmağa başladı:
- Əziz Leonid İliç,
biz sizi çox sevirik. İnanın ki, bu, bizim təqsirimiz
deyil. Külək belə etdi. Bağışlayın bizim
Bakı küləyini.
- Onun ürəyi soyumadı, sanki Baş katib yaxşı "başa düşsün" deyə
öz müraciətini
rusca da ifadə etdi: - Doroqoy Leonid İliç, mı oçün lyubim vas. Mı zdes ne priçom. Veter vinovat... Prostite bakinskoqo vetra...
Nəhəng vücudlu aktyor
şəkli divardan asıb yenə asta addımlarla geri çəkildi.
Bir azdan külək sakitləşdi.
Brejnevsə öz siqaretini tüstülətməkdə idi.
Foyedə
toplaşanlar dərindən
nəfəs aldı.
Mən də bir siqaret
çıxarıb alışdırdım.
"Xaşistı..."
Yazıçı Əli Səmədli
danışırdı ki, yaradıcılıq
evində dincəlirdik.
Orada bir çox millətlərin nümayəndələri vardı.
Həmkarlarımız arasında
qafqazlılar daha çox idi. Biz tez-tez bir yerə
yığışıb kabab çəkir, şən məclislər təşkil
edirdik.
Günlərin bir günü səhər tezdən durub xaş hazırladıq. İri qazanı yeməkxanaya gətirib stolun üstünə təzəcə
qoymuşduq ki, bir də gördük dünya şöhrətli
böyük sənətkar
Çingiz Aytmatov qapıdan içəri keşir. Hamımız ayağa durub onu salamladıq. Aytamatovu süfrəyə
dəvət etdik. O soruşdu ki, nə yeyəcəksiz belə?
Biz dedik ki, gözəl
bir xaş hazırlamışıq.
Çingiz Aytmatov gülərək
zarafatla dedi:
- Ax, vı xaşistı...
Firuz
Mustafa
Əməkdar incəsənət xadimi
525- ci qəzet.- 2023- cü il.- 7 noyabr.-N- 203.- S. 13.