110 yaşın mübarək “ Arşin mal alan”

Üzeyir Hacıbəyli! Artıq bu əfsanəvi insanın, bu əvəzsiz bəstəkarın adı zamanın məhvərindən çıxaraq əbədiyyətə qovuşub. Ulu təbiət özü əsrarəngiz musiqi səltənətinin xəzinə açarını məhz Üzeyir bəyin əllərinə etibar etmişdi. Onun yaratdığı "O olmasın, bu olsun", "Arşın mal alan" kimi şedevrlər sanki bir bəstəkar təxəyyülünün məhsulu deyil, 100 illərlə xalqa tanış olan folklor nümunələridir. Bu əsərlərdə biz onu tipik insan obrazlarını yüksək səviyyədə ustalıqla yaratdığının şahidi oluruq. Müəllif bu əsərlərində həmin dövrün ab-havasını, insanların mənəviyyatını necə böyük bir məharətlə əks etdirib.

"Arşın mal alan" Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı, sayca 3-cü sonuncu operettasıdır. Uzun illər Azərbaycan teatrlarının səhnəsindən düşməyən bu musiqili komediyaya dəfələrlə tamaşa etsək , az qala bütün sözlərini, mükalimələrini əzbər bilsək , yenidən seyr edərkən sanki bu əsərdə yeni təravət, canlanma duyulur. Qeyd etmək lazımdır ki, böyük bəstəkar bu əsəri Bakıda yazmağa başlamış, Peterburqda Konservatoriyada təhsil alarkən böyük maddi çətinliklər şəraitində tamamlamışdı. Müəllifinə dünya şöhrəti gətirən bu əsər 5 dəfə ekranlaşdırılıb, dünyanın 4 qitəsində tamaşaya qoyulub. Üzeyir Hacıbəyli bu əsərə görə Stalin Mükafatı laureatı  adına layiq görülmüşdü.

Mənsəb sərvət xatirinə atanın öz gənc qızını sevmədiyi bir adama vermək istəməsi bundan doğan dramatik, komik nəticələr Azərbaycan ədəbiyyatında dramaturgiyasında az olmayıb. Lakin bu mövzu Üzeyir bəyin qələminin qüdrəti ilə şux bir komediyaya çevrilmiş, sanballı bir sənət əsəri kimi meydana çıxmışdı. Bu əsərin bütün personajlarını müəllif sanki həyatda yaxından tanımış, onların vasitəsilə öz dövrünün naqisliklərini, eləcə adət-ənənələrini - bir sözlə, koloritini mükəmməl şəkildə göstərə bilmişdi. Əsərdə həmçinin müxtəlif məişət səhnələrini, elçilik səhnəsini, toy səhnəsini müəllif bir rəssam məharətiylə tamaşaçının gözü qarşısında canlandırmışdı. Bu komediyada Üzeyir bəyin möhtəşəm musiqisi hadisələrin gedişatına daha da təkan verib, demək olar ki, onun melodik istedadı bu əsərdə daha parlaq təzahürünü tapıb. "Arşın mal alan" əsərinin ayrı-ayrı musiqi parçaları xalq arasında geniş yayılıb müstəqil əsərlər kimi bu gün ifa olunmaqdadır.

Yaranmasından uzun illər keçməsinə baxmayaraq, bu gün maraqla qarşılanan əsərin Azərbaycanın qədim torpağı olan Qarabağ həyatından götürülmüş mövzusu Üzeyir bəyin fitri istedadı sayəsində elə qələmə alınıb ki, onun sadə dilini, bütün xalqlar üçün doğma, anlaşıqlı səslənən musiqisini sevməmək mümkünsüzdür. O biri əsərlərində olduğu kimi, "Arşın mal alan"ın da librettosunu bəstəkar özü yazmışdı. "Arşın mal alan" gənc Üzeyir Hacıbəylinin qələminin məhsuludur. Bu əsər müasir gəncliyimizin məhəbbət himninə çevrilib.

İlk tamaşası 1913-cü il oktyabrın 25-də H.Z.Tağıyevin teatrında keçirilən "Arşın mal alan"ın bu il 110 yaşı tamam oldu. Bu yubileyə respublikamızın musiqi ictimaiyyəti, eləcə bəstəkarın ev-muzeyinin kollektivi böyük hazırlıq işləri görüb. Belə ki, muzeyin müdriyyəti "Arşın mal alan"ın tamaşaya qoyulduğu müxtəlif ölkələrin, şəhərlərin teatrlarına məktublar yazaraq orada göstərilən tamaşalardan fotoşəkilləri, afişaları, proqramları, diskləri s. muzeyimizə göndərilməsini rica edib.

"Arşın mal alan" mövzusuna Azərbaycanın bir çox rəssamı üz tutub. Bunlardan biz Elturan Avalovu, Sərdar Pireyşini, həm rejissor, həm rəssam olan Əlisəttar Atakişiyevi başqalarını göstərə bilərik. Onların bu lirik operettaya həsr etdikləri neçə-neçə rəsm Üzeyir Hacıbəylinin ev-muzeyinin divarlarının bəzəyi olub. Rəssam Hüseyn Hacıyev isə "Arşın mal alan" mövzusunda çəkdiyi saysız-hesabsız miniatürləri, plakatları muzeyimizə hədiyyə edib.

Bu günlərdə Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın "Arşın mal alan" operettasının 110 illik yubileyi münasibətilə konfrans keçirildi. Konfransda musiqişünas, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarova, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, BMA-nın professoru İmruz Əfəndiyeva, Milli Konservatoriyanın professoru Jalə Qulamova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova başqaları "Arşın mal alan" əsərinin yaranma tarixi, dünya şöhrəti haqqında məruzə etdilər. Muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcov konfransda Üzeyir Hacıbəylinin, demək olar ki, unudulmuş "Şeyx Sənan" operasından musiqi fraqmentləri səsləndirdi. Geniş tamaşaçı kütləsinə çox tanış olmayan bu musiqilər konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Sərdar Fərəcov "Şeyx Sənan" əsərinin tədqiqatçısıdır. O bu əsərin araşdırılması üzərində işini davam etdirir.

Konfransda həmçinin "Arşın mal alan" operettasından musiqi nömrələri səsləndirildi, videoçarxlar nümayiş etdirildi. Sonda iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

 

Gülnarə ƏLƏSGƏROVA

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri

 

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- ¹- 204.- S. 12.