Sularda itən, ürəyimizdə əbədi qalan şəkliniz

O, Türkiyəni dünənin bugünün türkiyəlilərinin hamısından çox sevirdi. Çünki onun yurda məhəbbətində dərin həsrət, ümidsiz əlçatmazlığın ağrısı da vardı. Doğulduğun, böyüdüyün, hər daşı, ağacı, küçəsi, binası, hətta həbsxanası ilə sənə doğma olan bir yerdən əbədilik ayrı düşəsən, ən çox sevdiyinə səni rəsmən düşmən elan edələr, sənin buralara bir qayıdışına ümid ölmüş ola, - hala düşərsən, o halınla necə yaşayarsan?

Yaşamağına yaşayarsan, üzdə lazım gələndə şənlənə , hətta hansısa dəqiqələrdə qayğısız kimi görünə bilərsən. Ancaq gecə var axı! Özünlə təkbətək qalmağın da var axı! Görmək, çatmaq istədiklərinin sənin yuxularına girməyi, ən şad anında da qəfilcə xatirinə gəlib ovqatını təlx etməyi, ən sevincli anını belə zəhərə döndərməyi var axı!

Sovetin 1937-1938-ci illərdə "xalq düşməni" damğası vurub tutduqlarının, məhv etdiklərinin adları da, doğurduqları da yasaq edilirdi. Qələm, düşüncə adamının yazıb-yaratdıqlarını qadağan etmək, ruh adamının sözünü insanlardan ayrı salmaq həmin şəxsi ikinci dəfə, həm bu dəfə daha qəddarlıqla birdəfəlik, yerli-dibli öldürmək demək idi. Çünki adamı həlak edərsən, sözü yaşayar, bu minvalla özü heç olmazsa mənən diri qalmaqda davam edər.

Əslində sovet siyasətinin qəsdi elə bu idi ki, düşmən ləkəsi vurduqlarını yaddaşlardan da silsin, ona görə onların adlarını hörmətlə çəkənlərin, kitablarını, hətta fotolarını saxlayanların özlərini "xalq düşmənləri"nin havadarı, həmfikri kimi təqib edir, küncə qısnayırdılar ki, başqalarına da dərs olsun.

Sovet İttifaqında bu rəzalət 1956-cı ilədək, dövlət özü öz siyasətini ifşaya qalxıb bəraətlər elan edənədək sürdü. 19 müdhiş il yaşandı. Amma bu, 19 yox, 29 da ola bilərdi, Kreml siyasətinin yumşalmaya doğru dəyişməsi 39 il sonra da gerçəkləşə bilərdi. Elə 19 il az deyildi ki! Neçə nəsil dəyişdi. Ancaq görün bu müddət daha 10, 20, 30 il uzun çəksəydi, nələrə ürcah olacaqdıq, büsbütün ayrı mənəviyyatlı, başqa zövqlü tərbiyəli, Cavid, Cavad, Müşfiq, Seyid Hüseyn, Abbas Mirzə, Ülvi Rəcəbdən... daha neçə-neçə başqa zirvələrdən bixəbər nəsillər böyüyəcəkdi, ola bilsin ki, hələ yasaq adların sırasına yeniləri qoşulacaqdı.

SSRİ- həmin qanlı-qadalı gedişatın adını Stalinlə bağlasalar da, faciələrin tək müəllifi o deyildi, bu, sovet dövlətinin dərin qatlarından rişələnən siyasət idi. Türkiyədə Nazimə münasibətdəki - elə bizim terminlə desək - stalinizm SSRİ-dəki tuthatutlarla eyni vaxtda başlasa da, daha uzun davam etdi. 1938-də həbsə atılan Nazimin adının əsərlərinin üstündən Türkiyədəki yasağın ləğv edilməsini özü görmədi. Çünki 27 il sürən bu qadağa onun ölümündən 2 il sonra - 1965-də götürüldü nəhayət ki, şeirlərinin Türkiyədə çapına icazə verildi.

Məmləkətimi sevirəm

Çinarlarını dövrə vurdum, həbsxanalarında yatdım.

Heç aparamaz sıxıntımı.

...Məmləkətim.

Məmləkətim qədər geniş,

dolaşmaqla bitməz-tükənməz kimi gəlir insana.

Ədirnə, İzmir, Ulukışla, Maraş, Trabzon, Ərzurum.

Ərzurum yaylasını yalnız türkülərdən tanıyıram

güneyə

pambıq becərənləri görmək üçün

Toroslardan bir kərə olsun keçəmmədim deyə

utanıram.

Məmləkətim:

Dəvələr, qatar, "Ford" maşınları xəstə ulaqlar

qovaq

söyüd

qırmızı torpaq.

Nazimin sadaladığı yerlər sadəcə Türkiyənin xəritəsindəki adlar deyildi, ürəyindəki sancıları doğuran həsrət nöqtələri idi, o, Türkiyəsini ormanlarıyla, bulaqlarıyla, dağ başındakı göllərdə üzən alabalıqlarıyla, zeytunu, ənciri, qovunuyla, çalışqan, namuslu, igid, amma həm yarıac, yarıtox, yarıəsir insanlarıyla sevdiyini deyirdi.

Quzey Anadoludakı Toros dağlarının yanında xəcalətli olduğunu söyləyirdi, amma əslində isə bunu yaza-yaza vaxtında girəvə taparaq gəzib-dolaşmadığı, ayağının dəymədiyi, indi isə daha baş çəkmək imkanının olmadığı bütün yurd yerlərindən üzr diləyirdi. Ömrü boyu qəlbində daşıdığı bu məhəbbəti şeirinin misralarında elan edəndə haçandı ki, Türkiyə həsrətlisiydi, zamansa oralara bir gedə biləcəyinə ümidi üzülmüşdü. Vətənsiz illərində dünyanın neçə şəhərinə, ölkəsinə səfər etsə, çox şeylər görsə , yenə özlədiyi sadədən-sadə, ancaq doğma ellərin nişanəsi olan Girəsunun yağlı, ağır fındığının dadı idi, Amasyanın al yanaqlı almasının mis qoxusuna oxşayan ətri idi gərək yurddan ötrü burnunun ucu Nazim kimi göynəmiş ola idi ki, Ankaranın düzündəki adi keçilər sənə dünyanın bütün keçilərindən qəşəng görünəydi, onlara "qumral, tükü ipək" deyib görməkçün ürəyin atlanan sevimli çocuqlar kimi xəyalən oxşayaydın, Allahın bu dilsiz-ağızsız heyvanını bir gözələ oxşadaraq xiffətlə "uzun kirpiklərinin parıldaması"nı anaydın.

Nazim Hikmət ayrı düşdüyü, əli çatmayan, səsi, sözü yetməyən yurdunun nəyi varsa hamısından ötrü darıxırdı, onlardan sarı ürəyi sıyrılırdı, hamısını belə incədən-incə məhəbbətlə sevirdi.

Belə ilahi eşqlə sevənə "vətən xaini" deyən dil qurumazmı?!

Ancaq bu da var ki, Nazimin hətta Türkiyədə yasaq altında olduğu illərdə orada onu sevənlər, şeirlərini oxuyanlar, qədrini bilənlər yetərincə idi. Şair, alim Qasım Qasımzadə bunun canlı şahidi. Mərhum Qasım müəlim 1957-1963-cü illər arası "Ədəbiyyat incəsənət" qəzetinin redaktoru işləmişdi, Nazimlə çox görüşləri olmuşdu, xoş dost münasibətləri yaranmışdı, yazışmışdılar, "Ədəbiyyat incəsənət" qəzetinin məzmunca ən canayatan nəşr mərhələlərindən olan həmin çağlarda Nazim Hikmət ayrıca məktub yazaraq bu qəzetin müxbiri olmaq, ara-sıra yazılarının dərc edildiyi sevimli qəzetlə bu vəsilə ilə daha artıq bağlanmaq imkanı qazanmağı da ummuşdu. Qasım müəllimin oğlu, şərqşünas həmkarım dostum Nəriman atasının arxivindən Nazim Hikmətin göndərdiyi bir fototeleqramı da tapıb mənə göstərdi: "Okurlarımıza bahtiyarlık, sağlık, uzun yıl ömür dilerim. "Neft ağacları" ülkesi diye Azerbaycan hakkında bir kitap yazmak planlarımın başında duruyor. Bu yıl Azerbaycana tekrar gelebilmem için elimden geleni yapacağım". Demək, buralarla bağlı şeirləri öz yerində, Nazim Azərbaycan haqqında ayrıca kitab yazmağı da düşünürmüş. Sonralar qələmə aldığı bu əhvalatı isə bəlkə görüşlərindən birində Qasım Qasımzadə Nazim Hikmətə söyləyibmiş. Qasım müəllim 1958-ci ildə Avropaətrafı gəmi səyahətinə çıxır ziyarət etdiyi yerlər arasında Türkiyə olur. Bələdçiləri türkiyəli müəllimmiş. Turistlərdən biri ondan soruşur ki, siz şair Nazim Hikməti tanıyırsınızmı? Müşayiətçi dərhal cavab verir ki, "Əvət, Nazım Hikmet büyük şair, büyük sanatkar". Sonra necə olursa, yan-yörəsinə boylananda görür ki, arxada bir polis dayanıb. Udqunur, səsinin ahəngini dəyişərək cümləsini belə tamamlayır: "Ama... vatan hayini. O, bir daha İstanbula gələməz". Qasım Qasımzadə xatırlayır ki, o elə deyəndə mən dilləndim ki, özü gəlməsə , sözü gələr".

...Nazim Hikmətin çox fotoyagəlim surəti vardı. İçərisinin gözəlliyi ilə tən gələn simaca yaraşığı albomlar dolduracaq bolluca şəkillərə köçüb. Həmin şəkillərdən bir neçəsini Azərbaycanın tanınmış fotoqrafı, 2022-nin yanvarında 94 yaşında həyatdan köçən Kamal Babayev idi.

2020-nin yayında, koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda işsiz dayanmamışdıq, Azərbaycantelefilm xətti ilə milli foto tariximiz haqqında "İşıqla yazılan tarix" adlı film çəkirdim. Əlbəttə ki, həmin günlərdə Azərbaycanın ən qocaman fotoqrafı olan Kamal Babayevi unutmaq olmazdı. Filmdə iki-üç dəqiqə söhbəti gedəcəkdi, ancaq fürsət düşmüşkən bir saatdan artıq söhbətini çəkdik sözümüzün bir cığırı da gəlib çatmışdı Nazim Hikmətə. Kamal müəllim deyirdi ki, 1957-ci ilin oktyabrında işlədiyi "Pioner" jurnalının baş redaktoru Zeynal Cabbarzadə ona tapşırıq verir ki, gələn sayımızda ilk səhifədə Nazim Hikmət haqda yazı olacaq, şair özü hazırda Bakıdadır, gərək həmin məqalədə verməkçün gedib onun şəklini çəkəsən. Nazim Mərdəkanda sanatoriyada dincəlirmiş, oktyabrın 20-də Zeynal Cabbarzadə özü Kamalı ora, Nazimlə görüşə aparır, fotoqrafı şairə təqdim edir, rahat işləsinlər deyə birazdan qayıdacağını söyləyərək onlardan ayrılır. Nazim hiss edir ki, cavan fotoqraf bir az sıxılan kimidir, onun qırışığını açmaqçün başlayır Allah-bəndə söhbəti eləməyə. Soruşur ki, ailəlisənmi, uşaqların varmı? Kamal deyəndə ki, Azər adında bir oğlum var, Nazim qayıdır ki, , mənim bir oğlum var, ancaq məndən uzaqdadır. Dübarə soruşur ki, "Sən işdən evə qayıdanda oğluna oyuncaq alıb aparırsanmı, oğlun sevinirmi?" Kamal müəllim xatırlayırdı ki, bir neçə dəqiqənin içərisində aramızda elə doğmalıq yarandı ki, deyərsən neçə illərin yaxınıyıq.

"Elə ki Nazim Hikmət mənim artıq hazır olduğumu hiss etdi, qalxıb kostyumunu geyindi, "haydı, başlayaq" dedi. Mən hər ehtimala qarşı iki kamera, çoxlu lent götürmüşdüm, xeyli şəkillər çəkdim. Şəhərə qayıdıb fotoları çap edəndən sonra ən uğurlu kadrlardan bir neçəsini seçib ertəsi gün yenə Mərdəkana yollandım. Nazim Hikmət baxdı, bəyəndi rica etdi ki, bu fotolardan mənimçün bir az da çap et gətir. Kamal soruşur ki, 20-30 dənə kifayət edərmi? Nazim gülür: "20-30 azlıq edər. Mənə sabaha bundan 500-ü gərəkdir". Kamalın təəccübləndiyini görüncə əlavə edir ki, mənim tez-tez oxucularla görüşlərim olur, hamıya kitab bağışlayıb çatdırmaq olmur, ona görə adətən xoşuma gələn fotolarımdan çox nüsxələr çıxartdırıram, elə görüşlərdə imzalayıb paylayıram".

Kamal müəllim danışırdı ki, bu yükün altından necə çıxacağımı fikirləşə-fikirləşə şəhərə gəldim. o qədər foto kağızım, kifayət qədər aşkarlayıcı, bərkidici məhlullarım vardı. Bir neçə fotoqraf yoldaşımı da cəlb elədim, onlar da əllərində olanı gətirdilər, səhərədək işlədik, günortaya yaxın artıq şəkillər qurudulmuş, kənarları kəsilmiş, zərflərə yığılmış halda hazır idi. Mərdəkanda pansionata yetişib aşağıda fotoları yığdığım zərfləri verib getmək istəyirdim ki, Nazim Hikmətlə heç üzləşməyim, arada pul söhbəti olmasın, hər halda işin həcmi böyük idi, xeyli xərc apardığını Nazim hiss etməmiş deyildi, yəqin, nəsə təklif edəcəkdi, mənsə böyük şairdən ömrümdə qəpik götürməzdim, ona görə istəyirdim ki, heç qarşılaşmayaq.

Ancaq aşağıda zərfləri qəbul etmirlər ki, Nazim Hikmət mütləq özünüzün yuxarı qalxmağınızı təvəqqe edib. Kamal qalxır Nazim Hikmətin otağına, şair pul söhbətinin heç üstünə gəlmir, "Sən hələ çantanı bura qoy, kameranı götür, həyətə enək, buradakı arkadaşlar da rica edib ki, mənimlə birlikdə şəkil çəkdirsinlər".

Kamal o şəkli çəkir, təkrar yuxarı qalxıb çantasını götürəndə Nazim Hikmət ona gətirilən şəkillərdən birinin arxasını yazaraq: "Bu da sənin hədiyyən" deyir.

Kamal müəllim danışırdı ki, pul söhbətinin açılmamasına sevinə-sevinə cəld otaqdan çıxdım, pillələri enə-enə fotonun arxasında Nazim Hikmətin yazdığını oxuyanda isə şadlığımdan uçmaq istəyirdim: "Beni olduğumdan güzel çıkaran Kemala".

Kamal müəllim bunu da qəhərlənərək xatırlayırdı - sabah edəcəyim çəkilişlərə hazırlaşmaqçün gecə çantamı açanda baxdım ki, cibində qalın bir zərf var. Açdım, mənim bir neçə aylıq məvacibimdən artıq məbləğ idi...

O yadigar sözlər ki Nazim Hikmət cavan fotoqrafa bağışladığı fotosunun arxasında yazmışdı, əslində ən əvvəl özünə, yaradıcılığına yaraşan qiymətdir. Nazim bütün yazdıqlarında insanı da, dünyanı da olduğundan daha gözəl göstərməyə can atdı. Yox, qələmini aldatmadı, olanın üstünə nəsə artırmadı, heç nəyi şişirtmədi, artıq bəzək-düzək vurmadı, sadəcə, insanı da, dünyanı da his-pasından, xıltlarından təmizləyərək təqdim etdi, bu səbəbdən Nazim Hikmətin şeir aynasında insan da, dünya da olduğundan daha gözəl, olmalı olduğu kimi göründü.

Payız səhərində gün işığında şirəli gilələri par-par parlayan bir üzüm salxımına baxan Nazim özü biçərsə necə mütənasib ola biləcək dünyanı tapırdı:

Küz sabahı üzüm bağında

sıra-sıra, büklüm-büklüm kötüklərin təkrarı

kötüklərdə salxımların

salxımlarda dənələrin

dənələrdə aydınlığın

aydınlıqda ürəyimin.

Yüyürmək yaxşıya, haqlıya, doğruya

döyüşmək yolunda yaxşının, haqlının, doğrunun

qazanmaq yaxşını, haqlını, doğrunu.

...Unudulmaz şairimiz Ənvər Əlibəyli Azərbaycan insanının yaddaşında həm nəğmələşən şeirləri ilə qalır, solmaz misraları ilə yaşayır, həm Azərbaycan radiosunun, Azərbaycan televiziyasının son dərəcə parlaq dövrünün - "qızıl fəsil" adlandırıla biləcək çağlarının idarəedicilərindən biri kimi. Çünki Azərbaycan efir məkanında sonralar ənənəyə çevriləcək, davam etdirilməli örnəklərə dönəcək bir çox başlanğıcların təməli elə Ənvər Əlibəyli həmin quruma başçılıq, rəhbərlik elədiyi zamanlarda yaranıb. Təbii ki, o zaman Televiziya Radio Verilişləri Komitəsi ölkənin aparıcı nazirliklərindən biri sayılırdı onun sənət, informasiya tərəfi ilə yanaşı siyasi güc olmaq sanbalı da vardı. Ona görə respublikaya gələn adlı-sanlı şəxsiyyətlər, görkəmli dövlət adamları, siyasi xadimlər, şöhrətli sənətkarlar adətən radio televiziyadan keçirdilər. Nazim Hikmət , əlbəttə ki, istisna deyildi. Orası da vardı ki, Ənvər Əlibəyli məmur olmaqdan daha əvvəl şair idi radio-televiziyaya qonaq gələn Nazim Hikmətə diqqət, münasibət, qayğı başqa bir sədrin rəhbərliyi dönəmində ola biləcəyindən qat-qat səmimi, sıcaq idi. Ənvər Əlibəylinin qızları Şəfəq Şəlalə söyləyirlər ki, Ənvər Əlibəyli Nazim Hikmətin maşını ilə Abşeron boyu gəzirdilər, ona gəncliyindən çox sevdiyi bu yerləri, öz etirafınca, yenidən tanıdırmış. Abşeron gəzintisindən sonra şama Ənvər Əlibəyligilə gəliblərmiş, Ənvərin həyat yoldaşı Şövkət xanım soruşanda ki, gördüklərinizdən ən çox xoşunuza gəldi, şair cavab veribmiş: "Neft qoxusu".

Bu xatirə yadıma Nazimin Bakıda 1928-ci ildə çıxan ilk kitabının - "Günəşi içənlərin türküsü"nün elə neftlə bağlı son misralarını salmışdı: "Bakının müqəddəs torpağına üz üstə düşüb, Ovuclayıb nefti siyah şərab kimi içmək istəyirəm".

Neftə "milli sərvət", "qara qızıl", daha hansısa təmtəraqlı təşbehlərlə qiymət vermək onu iqtisadi baxımdan əhəmiyyətli, daha bahalı bir dəyər kimi tərif etməkdən artıq deyil. Amma yurda, millətə dayaq olan bu neməti şərab kimi içəcək qədər nəvazişli deyişlə öyməkdə torpağa da, xalqa da təmənnasız, içəridən gələn istək var.

Nazim Azərbaycanı belə sevirdi...

cavabının tapılması çətin olan bir sual da var. Doğrudanmı Azərbaycana Nazim Hikmət Türkiyə əvəzi qəbul edərək belə məhəbbət bəsləyirdi, ya elə bu iki sevginin çəkisi yeri onun qəlbində bərabər idi - buna qədər bağlıydısa, ona da o qədər aşiqdi? Hərdən bunu da düşünürəm ki, həllini tapmaqçün baş sındırdığım bu sualın sonacan doğru cavabını bəlkə heç Nazimin özü bilmirmiş.

1957-ci ilin 13 noyabrında Nazim belə yazırdı: "İstanbulda bir dostun evinə yığışmışdıq. Radioda Bakını axtarırdıq. Bakı dalğasını tutduq. Gözəl bir musiqi verirdilər. O günə qədər bənzərini eşitmədiyim bir musiqi çalındı, gözəl bir səs azərbaycanca oxumağa başladı. Ürəklərimiz az qala yuvasından uçacaqdı. Bunun qədər sürdüyü yadımda deyil. Diktor "Koroğlu" operasından bir ariya dinlədiyimizi xəbər verdi. Oxuyan Bülbül idi".

Bu balaca parçada açar var, bəlkə həmin müşkül Türkiyəmi, Azərbaycanmı sualının açarı da elə burda gizlənib. Vur-tut iki dalğanı tutan bir radio kimi idi o. Ruhu, varlığı Azərbaycana Türkiyəyə köklənmişdi. Bu sevgini ikiyə bölüb tərəziyə qoymaq mümkünsüzdü.

Sən musiqi dinləyirsənsə, eşitdiyindən sadəcə ləzzət almırsansa, sadəcə məftun deyilsənsə, qulaq asdıqca ürəyin quş kimi sinəndən qopub uçmağa hazırdırsa, bunun adı eşqdir.

İçərisini silkələyən belə hədsiz, hüdudsuz məhəbbət onda Qoşa Gözəlin hər ikisinə idi. Hər ikisinə eyni dərəcədə. Ola bilsin Türkiyəyə münasibətdə ömrün son 10 ildən bir az artıq parçasında əlçatmazlıq üzündən nostalji nisbətən çox idi, xiffət artıq idi...

Elə Azərbaycanın da Nazimə məhəbbəti onun bizə sevgisindən geri qalmaz.

2022-ci ilin dekabrında Nazim Hikmətin 120 yaşına xatirə axşamını hazırlayanda "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin şairi görmədiyindən agah olsam da, həmin məclisə ən əvvəl bir rəmz kimi dəvət etmişdim. Axı Nazimin Bakıda ilk şeirləri məhz "Azərbaycan"ın babası "Maarif mədəniyyət"də dərc edilib. İntiqam Qasımzadə o axşam mənə Nazim Hikmətlə bağlı xatirəsi olduğunu bildirəndə düşünmüşdüm ki, yəqin, şair haqqında eşitdiyi hansısa maraqlı əhvalatı bölüşəcək, ona söz vermişdim, ancaq şair haqqında öz xatirəsini danışmışdı. Demişdi ki, mən şairəm, şairlik iddiasındayam, amma bu gün Nazim Hikmətə həsr etdiyim bir şeiri oxuyacağam həmin misralar 1967-ci ildə Moskvada, Nazimin məzarını ziyarət edəndən sonra yaranıb: "Mən aspirant vaxtlarımda elmi işimlə bağlı materiallar toplamaq üçün Moskvadakı Lenin kitabxanasına ezam olunmuşdum. Oçağacan Moskvaya uşaqlıq dövrümdə valideynlərimlə getmişdim, budəfəki isə paytaxta ilk səfərim idi. Moskvaya gələndə ürəyimdə tutduğum istəklərdən biri bu idi ki, o dövrdə Azərbaycan gəncliyinin, o cümlədən mənim sevimli şairim olan Nazim Hikmətin məzarına təzim edim. Biz Xəzərin kənarında yaşayırıq, Xəzərin sahilində çoxlu şəhərlər yerləşir. Amma nədirsə, mən , elə bütün bakılılar da zənn edirik ki, Xəzər Bakının dənizidir. Bütün bakılılar Xəzəri çox sevir mən Xəzərə həsr olunmuş onlarla, yüzlərlə şeir oxumuşam. Amma bu şeirlərin içində Nazim Hikmətin "Qapalı dəniz" şeirini ilk dəfə oxuyandan o şeirə , Nazim Hikmətə vuruldum. Nazim Hikmət heç kimin demədiyini deyib, heç kimin hiss etmədiyini duyub, sətirlərində bir dənizin taleyini nəqş edə bilib:

Hansı dəniz onun kimi dənizlərdən xəbərsiz,

Hansı dəniz onun kimi qapalı,

Hansı dəniz onun kimi tək, tənha?!

İntiqam 67-nin sazaqlı-şaxtalı dekabr günündə Moskvadakı Novodeviçye qəbiristanlığını dolaşıb Nazim Hikmətin qəbrini axtararkən gendən bir qəbrin üstündə əyilərək sinə daşındakı qarı təmizləyib çiçək qoyan qadını görür. Deyir, üstünün yazısından gördüm ki, bir generalın məzarıdır düşündüm ki, yəqin, bu da onun dul xanımıdır. Yaxınlaşıb Nazim Hikmətin qəbrini soruşur, o da tuş verir.

Gedib tapır Nazim Hikmətin məzarını, xeyli səssizcə dayanır o anlarda qəlbindən keçənləri mehmanxanaya qayıdandan sonra kağıza köçürməyə səbri çatmır, elə metrodaca qələm-kağız çıxarıb ürəyini boşaldır:

Moskvada, məşhur bir qəbiristanlıqda

torpağa qoydular səni, ustad.

Sənin üçün fərq etməz indi

Harda torpağa tapşırıldığın.

Dəli həsrətlə sevsən məmləkəti,

Sağlığında belə sən ayırmadın torpağı torpaqdan,

İnsanı insandan.

Alnının qırışları qarışdı torpağın qırışlarına.

Torpağın üzü qaradır rəngi kimi

Gör kimi həbsə məhkum etdi,

Gör kimi.

Ömrünü həbslərdə keçirən

Fəqət sözləri səyyah kimi dünyanı gəzən

İnsanlara insan gətirən Nazimi.

Yaşadın ümidlə

Ümiddən aldı rəngini gözlərin

Bu ümidə büründü sözlərin.

Özün yoxsansa da ümidin qalmaqdadır

Sözlərində.

Gözlərinin rəngində olan hər şeydə.

Gəlsən Bakıya, görsən Xəzəri

Görmədim mən səni sağlığında.

Məzarına gəldim,

Səndən bir iz tapmaq ümidi ilə

Gördüm sal qranitdə cızılmış surətini

Dünənində qala bilməyib

sabahında yeriyən surətini

baxdım, sanki özünü gördüm, ustad.

Təsəvvür edirsənmi qədər xoşbaxtdım?

Həyatı sevirdin,

həyat dolu çiçək gətirmişdim məzarına

şaxtaydı Moskva, yaşaya bilmədi çiçəklər,

ustad, dondular.

Şazağa dözə bilmir çiçəklər

Şaxtaydı Moskva, ustad, dondular.

...Nazim Hikmət dönə-dönə Bakıda olub, çox çıxışlar edib, görüşlərə gedib. Ancaq ağla gəlməyib ki, onu hansısa ali məktəbdəki bir auditoriyaya dəvət etsinlər ki, o tələbələrin ömründə həmişəlik qalacaq ustad dərsi aparsın, heç bunu Elmlər Akademiyasında, Yazıçılar İttifaqında etmək yada düşməyib. Ancaq fitrətdən ustad olan Nazimin onsuz da qatıldığı istənilən məclisdəki ən qısa vaxt kəsiyində söylədikləri sonralar elə əsl ustad dərsləri öyüdləri kimi hafizələrə hopub, unudulmayaraq yaddaş-yaddaş ötürülüb.

Bəzəyi olduğu məclislərdən birində söz Aşıq Ələsgərdən düşübmüş. Nazim Dədə Ələsgərin:

Çərşənbə günündə çeşmə başında

Gözüm bi alagöz xanıma düşdü, -

qoşmasını oxumağa başlayır ardınca da təhlil edir. Əslində bu, sadə təhlil yox, elə növbəti ustad dərsi, sözün tamını duymaq, nəbzini tutmaq dərsi idi. Oxuyur ilk sətirləri, "Bəh-bəh!" deyir, " gözəl!" söyləyir. ardınca növbəti misraları dilə gətirir:

Atdı müjgan oxun, keçdi sinəmdən,

Güləndə qadası canıma düşdü.

Qayıdır ki, bu "qadası canıma düşdü" məqbuldur, əsl el dilidir, amma "Müjgan" oxunda zaylayıb. Axı el-oba köhnə şeirin bu yıpranmış bənzətmələri ilə danışmır.

Bu sadə sözlərdə Nazimin ədəbiyyatdan böyük istəyinin əks-sədası var. Elə yazmalı ki, qaxsımış, heysizləşmiş, qondarma təşbihlərin, istiarələrin, mübaliğələrin alabəzək libasına aludə olmayasan, gərək sözün özünün bakirəliyinin, saflığının havası oxuyanı təsirləndirsin. Elə duru aydın yazmalı ki, sənin oxucuya sırımaq istədiyin qozbel, həprəm deyişlərin əvəzində içərisi dərin sadə deyişlərin özləri eşidənin, oxuyanın daxilində hər kəsin düşüncəsinə, hisslərinə uyğun surətləri oyatsın.

Bu ülgü sözləri vaxtilə Nazim Hikmət yaradıcılığının araşdırıcısı Əkbər Babayevə müvafiq sualına cavab olaraq yazıb veribmiş: "Yeni şair şeir lisanı, vəzn lisanı, qonuşma lisanı deyə ayrı-ayrı lisanları tanımır. O, tək lisanda yazır: uydurma, saxta, süni olmayan, canlı, geniş, rəngli, dərin sadə lisanda. Bu lisanın içində həyatın bütün ünsürləri vardır. Şair şeir yazarkən başqa şəxsiyyət, qonuşarkən ya qovğa edərkən başqa şəxsiyyət deyildir. Şair buludlarda uçduğunu xəyal edən degenerat deyil, həyatın içində, həyatı təşkilatlandıran bir vətəndaşdır".

Bu da dahi Nazim Hikmətdən daha bir ustad dərsi!

...İstanbulda, Aya Sofyanın yaxınlığında bir Gülhanə parkı var. Olmuşam, gəzib-dolaşmışam. Nazimsevən hər azərbaycanlı da yolu Türkiyəyə düşəndə Nazimin xatirinə ora getməyə, oralara Nazimin gözüylə baxmağa can atır.

Mənim yaxşı tanıdığım, dəfələrlə görüşdüyüm, dəfələrlə Bakıda olmuş, Azərbaycanı da çox sevən Turan Yazqan Nazimdə yalnız bir kommunisti görərək bəyənmirdi. Anar deyir ki, bir dəfə Türkiyədə olanda onun vəqfinə getmişdim, Turan Yazqan həyətdəki əzəmətli çinar ağacını göstərib dedi ki, gör gözəl ağacdır, bunun nəyi Nazim Hikmətin ceviz ağacından əskikdir? Hazırcavab Anar həmin dəqiqə qayıdır ki, siz indi Nazimə vətən xaini dediyiniz kimi, vaxtilə Menderesə eyni qiyməti verirdiniz, amma artıq ona abidə ucaldıbsınız, gün gələr, Nazimə heykəl qoyarsınız. Bu çinarınsa o ceviz ağacından fərqi odur ki, bunun Nazim şeiri əskikdir!

...Mən bir ceviz ağacıyam Gülhanə parkında,

sən bunun fərqindəsən, polis fərqində, -

yazan Nazim Hikmət ceviz ağacına sözdən elə bir abidə ucaldıb ki, şeir zövqü olan hər insan bundan sonrakı bütün gələcəklər boyu o ağacın da, Nazimin fərqində olmağa məhkumdur. Zorla, vadar etməklə deyil, könüllü, sevərək məhkum!

...2010-cu illərin başlanğıcında Türkiyənin aparıcı telekanallarından birində çıxış edirdim, ilk dəfə idi ki, kamera önündə Türkiyə insanı ilə qarşı-qarşıyaydım dəqiq sayı bilməsəm , hər halda təqribi olsa təsəvvür edirdim ki, bu anda məni minlər, bəlkə onminlərlə insan görür o səbəbdən ekranın o tayındakılara müraciət etdim. Söylədim ki, bu anda mənimlə göz-gözə olan insanların Türkiyəni sevməsinə əsla şübhə etmirəm, ancaq buna da əminəm ki, mən Türkiyəni sizin hamınızdan çox istəyirəm. Çünki sizin Türkiyəyə məhəbbətiniz bir vətəndaşın öz yurduna olan təbii istəyidir ətrafınızdakı heç kəs burada qeyri-adi heç görmür, bu məhəbbətə görə heç vaxt sizə gözünüz üstündə qaşınız var deməyib, hansısa təzyiqlərə məruz qoymayıb. Lakin mən sizdən fərqli olaraq, Türkiyəni sevdiyimə görə incidilmişəm. Sovet dövrünə düşən tələbəlik illərimdə qəbahət sayılmağa qətiyyən əsas verməyən cəhdlərimə - televiziyada verilişlər apararkən mütəmadi olaraq nitqimi dilə yatmayan nahamvar ərəb-fars kəlmələrindən azad edib onların əvəzinə təmiz türk sözlərini işlətdiyimə görə günlərin birində mənə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı yanaşırdısa, "bu dildir danışırsınız, bura Ankara, İstanbul televiziyası deyil" söyləyərək irad tuturdusa, ardınca aylarla efirdən kənar saxlanılmaq, daha sonra isə SSRİ süqut edənəcən xaricə buraxılmamaq cəzası gəlirdisə, səbəb elə türklüyə Türkiyəyə sevgi idi. Hələ yüngül qurtaranı mən idim, sovetin antitürk siyasətinin coşduğu əyyamlarda o qədər dəyərli Azərbaycan türksevəri "pantürkist" damğası vurularaq "qara siyahılar"a salındı, bəzən bircə söz, ifadə, hərdənsə sadəcə hüsn-rəğbət bildirməyə görə güdaza getdi ki!

1970-ci illərin sonlarına doğru, 1980-ci illərin birinci yarısında "Azərbaycan radiosu"nda apardığım həftəlik ədəbi-bədii "Axşam görüşləri" proqramında vaxtaşırı Nazim Hikmətin səsini verirdim. Öz şeirlərini oxuyurdu. Nazim Hikmət dünyaca məşhur kommunist idi, heç kəs qulp qoya bilməzdi, qımıldanan da yoxdu ki, niyə Nazimi efirə verirsiniz? Amma eyni zamanda elə quruca səslənişinə belə xumarlandığımız şairin Türkiyə türkcəsi Nazim Hikmətin duyğulu ifasında radiomuzdan Azərbaycan boyu eşidilirdi. Ayda bir-iki dəfə müxtəlif bəhanələrlə Nazimin həmin şeir oxuyan səsini verilişimə daxil edirdim ki, Azərbaycan insanının qulaqlarında türk dili tez-tez səslənsin. Türk sıxma-boğmalarına qarşı etirazımı gücüm çatan bu səviyyədə edirdim. Vasitəçi Nazim Hikmət idi. Yəni böyük Nazim özü həyatda olmadığı vaxtlarda da qapı aça bilirdi, Vətəninə, dilinə xidmətini bütün başqa xidmətlərindən əlavə bu tərzdə icra edirdi. Əslində vaxtaşırı istifadə etdiyim o səsyazısı Nazimin Bakıya gəlişlərindən birində kinolentə alınmış çıxışı idi ki, mən radioda yalnız səsindən istifadə edirdim. Həmin kinolentdə Nazimin əlində "Azərbaycan" jurnalının yeni sayı vardı, qısa bir önsözdən sonra orada dərc olunmuş şeirlərini oxuyurdu: "Bizim stüdyodaki çalışan arkadaşlar bize şiir de oku dediler. Tabii, onlara şiir okuduğum zaman size de şiir okumuş olacağım. Bu okuyacağım şiirler benim, sizin "Azerbaycan" dergisinin dokuzuncu sayısında çıkmış. Alın bakalım bu dergiyi, okuyun. İçinde çok güzel şiirler var. Bu şiirleri güzelleştiren, tercüme eden bizim Resul Rza fevkalade tercüme etmiş. Çok ta sevdiğim bir şair zaten. Azerbaycan dili de malum ya, dünyanın en güzel dillerinden biri. En kötü şiir bile sizin dilde gayet güzel oluyor. Şimdi okuyayım. Bir tanesi, efendim, "Ceviz ağacı".

"Bir şeir oxuyum" desə , biri ilə ürəyi soyumur, ikincisinə , daha sonra digərinə keçir.

Azərbaycan dilində şeirin gözəlləşdiyini deyir Nazim, bəs onun özünün səsində adicə cümlələr necə şeirləşirdi! Ona qalmış gözəl şeirin özü ola:

Su başında durmuşuq

çinar, mən, pişik, günəş, bir ömrümüz.

Suda surətimiz görünür,

çinarın, mənim, pişiyin, günəşin, bir ömrümüzün.

Suyun parıltısı vurur bizə

çinara, mənə, pişiyə, günəşə, bir ömrümüzə.

Su başında durmuşuq.

Öncə pişik gedəcək

qeyb olacaq suda surəti.

Sonra mən gedəcəyəm

qeyb olacaq suda surətim.

Sonra çinar gedəcək

qeyb olacaq suda surəti.

Sonra su gedəcək

günəş qalacaq,

Sonra o da gedəcək.

Doğrudur, Şair, haqlısınız, təpədən-dırnağa ürək olan bənzərsiz Ustad, ürək kimi yorğun yorulmaz Nazim! Gələn var hamısı bir gün gəldiyi kimi, bir gün gedəcək. Sulara düşən bütün şəkillər vədəsi yetişdikcə dalğa-dalğa yayılacaq, əriyib-itəcək, yox olacaq. Amma siz getməyəcəksiniz.

Sizi görmüşlərin yaddaşlarındakı şəkliniz o yaddaşı daşıyanların axırıncısı ilə bərabər sularda ləpələnib qeybə çəkilsə , çırpınmaqda davam edən saysız ürəklərdəki şəkliniz qalacaq, ölməz, solmaz sözünüz o şəkli vaxt ötdükcə yeni-yeni ürəklərə yazacaq, həmin ürəklər döyündükcə isə sözləriniz , sözlərinizlə birgə surətiniz yeni-yeni könüllərdə, şəkli sularda bərq vuran, çinarlar kimi ucalacaq, işığı sularda sayrışan günəş kimi parlayacaq, saysız könülləri ovutmaqda, isitməkdə, dünyanın göründüyündən gözəl olmasına inandırmaqda davam edəcək!..

 

  Rafael Hüseynov

Akademik, Milli Məclisin deputatı

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- N- 204.- S. 10,11, 12.