Ankarada Xalq yazıçısı Anarla görüş olub

Noyabrın 6-da Ankara Sosial Elmlər Universitetinin Sezai Karakoç zalında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib. Görüşdə bir sıra görkəmli şəxsiyyətlərlə yanaşı, universitetin tələbələri iştirak ediblər.

Universitetin rektoru, Türkiyə Yazarlar Birliyinin sədri, professor Musa Kazım Arıcan giriş nitqində bu dəvəti qəbul etdiyi üçün Anar müəllimə minnətdarlığını bildirib.  Qeyd edib ki, Anar müəllim Türkiyədə yaxşı tanınır onun əsərlərinin mütəmadi olaraq Türkiyə türkcəsinə tərcüməsi yerli oxucuları müəllifə daha da yaxınlaşdırıb. Xüsusən, türkiyəli gənclərin Anar müəllimi yaxşı tanıdığını vurğulayan rektor bunu yüksək qiymətləndirib.

Rektorun çıxışından sonra "Ədəbiyyat sənətlə keçən 85 illik bir ömür" adlı videoçarx nümayiş olunub. Videoçarxda Xalq yazıçısının həyat yaradıcılığı müxtəsər halda izləyicilərin nəzərinə çatdırılıb.

Ankara Sosial Elmlər Universitetinin Sosial bəşəri elmlər fakültəsinin Türk dili ədəbiyyatı bölməsinin müəllimi, professor Bilal Çakıcı Anar müəllimin parlaq şəxsiyyəti barədə ətraflı çıxış edərək onu görməkdən qürur hissi duyduğunu dilə gətirib. Bu görüşün böyük tarixi gün olduğunu qeyd edən B.Çakıcı Anar müəllimin nəsri ilə yanaşı, qələmə aldığı poeziya nümunələrindən bəhs edib çıxışını müəllifin "XXI əsrin ilk nikbin şeiri" əsəri ilə yekunlaşdırıb.

Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri ədəbiyyatları bölməsinin müəllimi, dosent Cemile Kınacı çıxışında Anarın əsərlərindəki bədii məziyyətlər, onun sosial-siyasi istiqamətdə fəaliyyəti, ictimai xadim kimi cəmiyyətdəki rolu barədə söhbət açıb. C.Kınacı Xalq yazıçısının Türkiyədə pedaqoji fəaliyyətinə diqqət çəkib.

TÜRKSOY-un sədr müavini Sait Yusuf Türkiyə Azərbaycan əlaqələrinin möhkəmlənməsində Xalq yazıçısı Anarın əvəzsiz rolunu vurğulayıb, onun türk dünyasının aydınlanmasına vəsilə olduğunu bildirib.

Türkiyə Yazıçılar Birliyinin təsisçisi fəxri sədri Mehmet Doğan iki qardaş ölkə arasında körpü şəxsiyyət adlandırdığı Anarla müxtəlif illərdəki görüşləri birgə həyata keçirdikləri tədbirləri xatırlayıb. Ədəbiyyatlarası əlaqələrin gücləndirilməsində Azərbaycan Yazıçılar Birliyinin mütərəqqi addımlarından bəhs edib.

Xalq yazıçısı Anar çıxışında tədbirin təşkilinə görə hər kəsə minnətdarlığını bildirib. Tarixi səhifələrə nəzər salan görkəmli yazıçı Türkiyə Azərbaycanın dostluq bağlarından söhbət açıb.  Xalq yazıçısı tarixi Zəfərimizdən bəhs edərək qardaş Türkiyənin əvəzsiz dəstəyini bir daha diqqətə çatdırıb. Anar müəllim qeyd edib ki, türk dünyası dövlətlərinin birliyinin qorunması yolunda daim əzmkarlıq göstərilməlidir.

Tədbirin sonunda Xalq yazıçısı Anara rəmzi hədiyyələr təqdim edilib onunla xatirə fotoları çəkilib.

 

Nadir YALÇIN

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- №- 204.- S. 9.