Müvəffəqiyyətin formulu
Yeni nəfəs
1930-cu il avqust ayının 8-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin müvafiq qərarı ilə qəza sisteminin ləğv edilməsi ilə yaradılmış Ağdam rayonu varlığının bütün dövrlərində Azərbaycanın böyük elmi və iqtisadi potensiala malik bir rayonu kimi insanlarının elmi və ziyalılığı, fədakarlığı və qəhrəmanlığı, əməksevərliyi, zəhmətkeşliyi və işgüzarlığı, fövqəladə fərasəti və zirəkliyi, ən ümdəsi isə maddi durumundan asılı olmayaraq camaatının müstəsna qonaqpərvərliyi və insanpərvəliyilə seçilən, strateji xarakter daşıyan bir bölgəsi olub. Ağdam həmişə şan-şöhrətli rayon sayılıb. Ağdamın şan-şöhrəti onun kölgəsi idi. Bu kölgə onun özündən çox böyük idi və təkcə Ağdamın özünə deyil, bəzən bütöv Azərbaycana da düşürdü.
Bir zamanlar Ağdamın bu şan-şöhrət sarayının təməlini qoyub onu yaradanlar, ucaldanlar rayonun dövlət, elm, iqtisadiyyat, sənaye, əmək, mədəniyyət, incəsənət, idman və digər sahələrinin sayılıb-seçilən, tanınmış insanları idilər. Lakin amansız və ədalətsiz Qarabağ müharibəsi Ağdamın bu şöhrət sarayını uçurmuşdu - bu kölgə Ağdamın özündən çox-çox kiçik idi. 1993-cü ilin iyun ayının 11-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən başlayan, iyul ayının 23-dək 42 gün aramsız davam edən ağır döyüşlərdən sonra bir şəhər və 83 kəndi işğal olunan Ağdam rayonunda miskin bir vəziyyət yaranmışdı. Müharibənin məhrumiyyətləri, xüsusən də Vətən, yurd həsrəti, doğma yurd yanğısı daim zəngin və firavan yaşamış insanları sarsıtmış, sinsitmişdi.
1094 kvadratkilometr ərazisinin 77,4 faizi işğal edilən, daşı daş üstə qalmayan Ağdamın 161 min nəfər əhalisinin böyük hissəsi respublikamızın 56 rayonuna səpələnmiş, qalanları isə işğaldan qorunmuş düşmənlə təmas xəttindəki kəndlərdə, əsasən də Quzanlı qəsəbəsində məskunlaşmışdı. Rayonun müvəqqəti mərkəzi də Quzanlı qəsəbəsində yerləşirdi.
Dünyanın ən adlı-sanlı, varlı bir şəhərinin süqut etdirilməsindən sonra ötən16 il ərzində rayonun iqtisadiyyatı darmadağın olmuş, sosial-iqtisadi inkişafı tamam dayanmış, mədəniyyəti çökmüş, çətinliklərin məngənəsində sıxılan, əzilən insanların mənəviyyatı korlanmışdı. Bir sözlə, Ağdam susqunluq və sosurluq məngənəsində boğulur, sanki son nəfəsini yaşayırdı.
2009-cu ilin sentyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağdam rayonunun rəhbərliyində dəyişiklik edildi və Nizami Yəhya oğlu Sadıqov icra hakimiyyətinin başçısı təyin olundu. Bu təyinat, demək olar, hamı üçün tamamilə gözlənilməz idi. Ağdamda son illər rayon rəhbərliyinə gəlmək uğrunda açıq və gizli mübarizə aparanlar vardı. İnsanlar həmin ulduza hürən "lider"lərin adlarını da bilirdilər. Lakin ölkə prezidentinin bu qəfil sərəncamı ayaq açıb yeriyən bütün şayiələrə, söz-söhbətlərə son nöqtəni qoydu. Rəhbərliyə can atanların gerçəklikdən uzaq arzuları ürəklərində qaldı.
Bəs bu dövrdə Ağdam rayonunda ümumi ictimai-siyasi vəziyyət necə idi? Rəhbərlikdə dəyişiklik zəruri idimi?
Qarabağ müharibəsi, torpaqlarımızın işğalı rayonda qalaq-qalaq problemlər yaratmışdı. Şəhər və kəndlərimizin işğalından sonra par-par parıldayan saraylarından, dəbdəbəli evlərindən, gül-çiçəkli, barlı-bəhrəli bağ-bağatlarından çıxıb soyuq havalarda əlblərinin odu ilə isindirdikləri çadır şəhərciklərində, yolların kənarında kərpic daxmalarda, yeraltı torpaq komalarda məskunlaşmış insanların həyatının xoş növrağı tamam pozulmuş, rifahı ağırlaşmış, kasıblıq, ehtiyac hər qapının ağzını kəsmişdi. Həmişə varlı-hallı yaşamış ağdamlılar indi hər şeyin kasadlığını çəkir, çoxları yardım və ianələrlə dolanırdılar. Artıq ələbaxımlıq ciddi sosial problemə çevrilmişdi. Bir sözlə, qıtlıq, qəhətlik insanların qürurunu içəridən qurd kimi yeyirdi, mənəviyyatına zərbə vururdu.
Belə bir məqamda vəzifədə olanların qütbləşməsi, qruplaşmaların yaranması, qütbləşənlərin və qruplaşanların bir-birlərinə qarşı leqal və qeyri-leqal, insanlığa, mənliyə yaraşmayan iyrənc, sağlam olmayan mübarizələri Ağdamda iyrənc bir mühit canlandırmışdı.
Rəhbərlikdə, idarə, müəssisə və təşkilatlarda özbaşınalıq, qohumbazlıq, tərəfkeşlik, ayrı-seçkilik, bürokratiya, insanların süründürməçiliyi, ayaqlanması baş alıb gedirdi. Demək olar ki, haqq-ədalət ərşə çəkilmişdi.
Bir yandan da fürsəti fövtə verməyən, şərəfdən uzaq, anonim və açıq imzalarla "muzdu yazarlar ordusu" təşəkkül tapmışdı. Daha doğrusu, iyrənc məqsədlər üçün formalaşdırılmışdı. Bu qaragüruhçuluqla məşğul olan "yazarlar" isə itin də yemədiyi namusu satıb yeyərək pul müqabilində "sifarişlərlə" rayonda başıtərpənənləri, mənəviyyatı təmiz və saf olan insanları şər-böhtan atəşinə tutaraq ləkələyir, elin gözündən salır, mənfi ictimai rəy formalaşdırırdılar. Ağdamda bəzi üzdəniraq üzəduranlar insanları nəinki pul müqabilində, necə deyərlər, hətta nisyə də satırdılar. Demək olar ki, ağdamlılıq məfkurəsi, ənənəsi artıq zədələnmişdi.
Rayonda böyük himayə və qayğıya ehtiyacı olan fağırlaşmış, yazıqlaşmış, ehtiyacın qul etdiyi insanlar tamam unudulmuş, onların həlli vacib gündəlik problemlərinə biganəlik artmış, daxili ziddiyyətlərin, çəkişmələrin nəticəsində rayonda sosial-iqtisadi sahə bərbad vəziyyətə düşmüşdü. Necə deyərlər, Ağdam rayonu sükanı və kompası olmayan gəmiyə bənzəyirdi.
Atalarımız gözəl demişlər: "Hər zülmət gecənin bir gündüzü var, bir yandan bağlayan bir yandan açar".
Bəli, dəyişiklik təbii, zəruri və qaçılmaz, həm də illərlə mövcud vəziyyətdən sıxılmış, tıncıxmış, ümidin ətəyindən tutmuş insanların səbrsizliklə gözlədikləri qərar idi.
Yeni nəfəs, yeni həvəs gəlməliydi Ağdama! Həmin vaxt Ağdamda sular çox bulanıq idi. Hər oğulun işi olmayan, bu bulanıq suları durultmaq yeni rəhbərdən güclü iradə, yüksək bacarıq və qabiliyyət, bu hallara qarşı qəti barışmazlıq, dönməzlik, qətiyyət və amansız mübarizə tələb edirdi.
Bəs bu keyfiyyətlər yeni rəhbərdə - Nizami Sadıqovda vardımı?
Bildiyim qədərilə Nizami Sadıqov uzun illər Daxili İşlər Nazirliyi sistemində, 1992-2009-cu illərdə isə beş rayonun polis şöbələrində rəis vəzifəsində xidmət etmiş, polis polkovniki rütbəsinə qədər yüksəlmişdi.
Tanıyanlar onun xidməti dövrlərində çox ciddi, qanunları göz bəbəyi kimi qoruyan, cinayətkarlara qarşı barışmaz mövqedə duran, dövlətə və dövlətçiliyə daim sadiq olan, həm də həddən-ziyadə Ağdam, ağdamlılara bağlı polis rəisi olduğunu deyirdilər. Çoxları yeni başçının rayonda rəhbərlikdə polis üsuli-idarəsi yaradacağını, insanları guya "asıb-kəsəcəyini" düşünürdü. Ancaq tamamilə əks baş verdi - elə düşünənlərin düşüncələri puç və alt-üst oldu...
Fəaliyyətinin ilk günlərindən rayondakı xaotik-dözülməz vəziyyəti nöqtəbənöqtə, hərtərəfli təhlil edən, ürəyi Ağdam üçün döyünən, doğma insanlarının çətin həyat tərzinə qəlbi göynəyən Nizami Sadıqov mövcud vəziyyətdən çıxış yollarını tapmaqda aciz adam deyildi. O, qısa müddətdə hərtərəfli düşünüb-daşındı, el-obasının, doğma ağdamlılarının ona bəslənən ümidi, göstərdiyi etimadı doğrultmaq üçün əməli işə başladı...
Başladı və işlədi. Kişi kimi düz beş il işlədi. Ağdam rayonunda
qurdu, yaratdı, ucaltdı. Həmyerlilərinə
mənəvi dayaq oldu, onları sıxıntılardan qurtardı,
insanlarda doğma yurd-yuvalarına qayıdacaqları
günə inamı şölələndirdi. Ağdamın
şan-şöhrətini özünə
qaytarmaq ideyası hər bir ağdamlının
əməli fəaliyyətinin
qayəsinə çevrildi.
Nizami Sadıqov əsl insan, səriştəli və ədalətli rəhbər,
müdrik ağsaqqal, karlı kişi kimi dövlətin də, ağdamlıların
da etimadını layiqincə
doğrultdu. Ağdamın
işğaldan qorunmuş
hər qarış torpağında izi qaldı, insanların da qəlbində özünə
dərin bir məhəbbət, əbədi
bir heykəl qoyub getdi.
Əsl insan
İcra
hakimiyyətinin başçısı
vəzifəsində çalışdığı
dövrdə gördüyü
işlərə və
bu illər ərzində apardığım
müşahidələrə əsasən gəldiyim qənaətdir: Nizami Sadıqov xoşniyyətli,
ədalətli, iradəli
insan, sözü kəsərli, ağa ağ, qaraya qara deyən, çalışqan rəhbər
idi. O, həyatın mənasının yalnız
yaşamaqda yox, nəyin naminə yaşamaqda olduğunu, ömrü nə qədər yox, necə yaşamağın
əhəmiyyət kəsb
etdiyini gözəl anlayırdı. Ən böyük sərvəti
şəxsiyyəti olan
Nizami müəllim üçün ən müdrik elm insanlıq elmi idi. Elə
ona görə də həyatdakı mövqeyindən və mərtəbəsindən asılı
olmayaraq o, hamıya eyni gözlə baxırdı. İnsanlarla
davranışında heç
bir fərq qoymur, heç kimi incitmirdi. O, hamı üçün faydalı olmağı özünə əvvəlcə
bir vətəndaşlıq,
sonra isə bir rəhbər borcu bilirdi. Yol bələdçisi zəngin həyat təcrübəsi, təmiz
vicdanı olan Nizami Sadıqov insan sərrafı idi. O, ilk dəfə görüşdüyü insanı
elə ilk danışığından,
duruşundan, hərəkətindən
tanıyır, onun hansı əməlin sahibi olduğunu dərhal ayırd edə bilirdi. Nizami müəllim ürəyi hamı üçün yanan, döyünən əsl insan, əsl vətənpərvər, əsl
azərbaycanlı, əsl
ağdamlı idi.
Adil başçı
Vətən dağı çəkilmiş
Ağdama Nizami Sadıqov kimi bir şəxsin rəhbər təyin olunması camaatın ümid çırağını
alovlandırdı. Əhalinin
ondan gözləntiləri
böyük idi. Yeni başçı ağır
bir yükün altına girdiyini bildiyi kimi, dövlət
qarşısında nə
qədər məsuliyyət
daşıdığını ondan da artıq dərk edirdi. İdarəetmə çətin
işdir, məsuliyyətdir,
müdriklikdir, rəhbərlik
olan kəsin xüsusi mədəni səviyyəsi olmalıdır.
Bu cəhətlər hamısı
Nizami müəllimdə
vəhdət təşkil
edirdi.
Atalar sözü var: "Səndən
hərəkət, məndən
bərəkət!" Vaxt
itirmək olmazdı, hər dəqiqənin öz qiyməti vardı, ötən hər dəqiqədən
faydalanmaq, gələcəyə
ümidlə baxmaq üçün hər gündən səmərəli
istifadə etmək, hərəkətə keçmək,
lap aşağıdan başlamaq
gərək idi. Vaxtla birlikdə irəliləmək, qollarını
çırmalayıb dərhal
insanlara tərəf getmək, monolit birlik yaradıb rayondakı qəddarlığın,
zorakılığın, nadanlığın
və ədalətsizliyin
kitabını bağlamaq,
mənfur stereotipləri
dağıtmaq lazım
idi.
Bu günün işini sabaha qoymağı əsla sevməyən, özü görməli olduğu işi başqasına gördürməyən
Nizami Sadıqov yaxşı bilirdi ki, güclü və ağıllı rəhbərlik
üçün əvvəlcə
ətraf, yan-yörə
təmiz, sağlam düşüncəli və
etibarlı olmalı, hamı yumruq kimi birləşib ağır yükün altına birlikdə girilməlidir. Yükün
ağırlığı hamının
çiyinlərinə bərabər
düşməlidir, ağırlığın
altında hamının
çiyinləri eyni dərəcədə əzilməlidir.
Nizami müəllimin qarşısına
qoyduğu ümdə
vəzifələr illərlə
yığılıb qalaqlanmış
çeşidli problemlərin
həlli yollarını
tapması, qaçqınlıq,
didərginlik həyatı
yaşayan insanların
sosial rifah halının yaxşılaşdırılması,
onların qəlbində
Vətənə, doğma
yurda məhəbbət
duyğularının oyadılması
və yüksəldilməsi,
ağdamlılığın təbliğ edilməsi, Ağdama qayıdışın
addım səslərinin
gücləndirilməsi, rayonun
itirilmiş şan-şöhrətinin
özünə qaytarılması,
onun iqtisadiyyatının,
mədəniyyətinin inkişafı,
kəndlərdə, xüsusilə
Quzanlı qəsəbəsində
abadlıq-quruculuq işlərinin
vüsət alması,
adamlarda sabaha böyük inamın yaradılması idi. Uzun illər davam edən iyrənc mühitin qara tülünün Ağdamın başı üstündən çəkilməsinə
nail olmaq Nizami müəllimin fəaliyyətinin
əsas qayəsini təşkil edirdi.
Nə etməli? Geriyə yol yox idi.
Bütün gücü
səfərbər etməklə
yalnız irəli baxmaq və addımlamaq lazım idi! Böyük Atatürk
demişkən: "İrəli
getmək gözləməkdən
yaxşıdır".
Bəs nədən başlamalı?
Ədalət olmayan yerdə heç nədən danışmağa dəyməz.
Əbəs yerə demirlər ki, dünyada yalnız bir küfr var - ədalətsizlik!
Ədalətsiz yerdə
insan həyatı da puç olur.
Ağdamın ən böyük
dərdi ədalətsizlik
idi. Ona görə də yeni rəhbərin rayonda ilk addımı ədalətin bərpası
oldu. Çünki o, ədaləti özündən
çox sevirdi. Bilirdi ki, haqq və ədalət bərabərlik deməkdir.
Beyində, düşüncələrdə,
sözdə deyil, əməldə, hərəkətdə,
verilən qərarlarda
ədalətli olmaq lazımdır.
Söz
var, ədalət gözəldir,
amma o, qanun və sərəncamlarda əksini tapanda daha gözəl olur. Bəs qanun və sərəncamlar
yerinə yetirilmirsə?
Ədalət daha çox əməldə görünəndə
lap gözəl olur. Nizami Sadıqov idarə, müəssisə
və təşkilat rəhbərləri ilə
elə ilk görüşündə
daim haqq və ədalətin yanında olacağını,
haqq və ədaləti arayıb-axtaracağını,
əqidəsiz, səviyyəsiz,
nadan, saxtakar insanların başa keçirilməsinə yol
verməyəcəyini bildirdi
və hamını ədalətə tabe olmağa çağırdı.
O, həmişə Ulu öndərimiz
Heydər Əliyevin bu sözlərini təkrarlayırdı: "Rüşvətxoru,
oğrunu qəhrəmana
çevirmək öz
xalqına xəyanət
deməkdir!"
Nizami Sadıqov həm də kadr sərrafı
idi. O, işi işbilənə, çörəyi
çörəkçiyə verməyi bacarırdı.
Şəxsi qənaətimdir,
Nizami müəllimin kadr dəyişikliyində
o zaman Ağdam Rayon İcra
Hakimiyyəti başçısının
Ağdam şəhər
ərazi nümayəndəsi
olan Zülfü Qasımovu başçının
birinci müavini təyin etməsi onun ən böyük
uğuru idi. Zülfi müəllimin bu vəzifəyə gətirilməsi ilə Ağdam və ağdamlılar çox qazandılar.
Nizami müəllimin digər sahələrdə apardığı
kadr islahatları da öz müsbət təsirini qısa zaman kəsiyində göstərdi.
Ağdamda həqiqətən yeri olduğunu əzmlə çalışmaqla sübut
edən Nizami müəllim qarşısına
çıxan çətinlikləri
də qətiyyətlə
dəf edir, həyatının mənasını
yorulmadan işləməkdə
görürdü. "Əldə
edilməsi mümkün
olmayan iş yoxdur", - deyən Nizami müəllim komandası qarşısında
konkret məqsədlər
qoyur, bu məqsədlərə çatmaq
üçün var gücünü
əsirgəmirdi. Öz
iradəsinin ağası
olmağı hər kəs bacarmır. Nizami müəllim iradəsinin ağası, vicdanının köləsi
idi. O bilirdi ki, rəhbərin zəifliyi,
iradəsizliyi təkcə
onun özünün deyil, firavan həyatı üçün
məsuliyyət daşıdığı
bütün rayon əhalisinin
əl-qolunu boşalda,
yenidən ümidsizliyə
sürükləyə bilər.
Bu səbəbdən də
başlatdığı mütərəqqi
ideyalara əsaslanan layihələri uğurla yekunlaşdırmağın qətiyyətli
iradədən asılı
olduğuna əmin idi. Ona görə də hər iş gününün sonunda gördüyü işlər barədə özü-özünə hesabat
verir, sabah nə edəcəyini götür-qoy edirdi.
Qısa
zamanda Ağdamın müvəqqəti mərkəzi
sayılan Quzanlı qəsəbəsinin, eləcə
də erməni işğalından qorunub
saxlanılmış digər
kəndlərin siması,
sosial həyat səviyyəsi əsaslı
şəkildə dəyişdi,
rayonumuz sosial-iqtisadi tərəqqi mərhələsinə
qədəm qoydu, dövlətimizin qayğısı,
rayon rəhbərinin təşəbbüsü
ilə Ağdamın istifadəmizdə olan hər qarış torpağında regionların
sosial-iqtisadi inkişaf
proqramına uyğun olaraq abadlıq-quruculuq işləri geniş vüsət aldı. Xüsusilə, insanların
daha çox məskunlaşdığı Quzanlı
qəsəbəsində nə
qədər əhəmiyyətli
işlər görüldü.
Rayonun sosial-iqtisadi, mədəni
həyatında, tikinti,
abadlıq və quruculuq, insanların həyat şəraitinin yaxşılaşdırılması, əhalinin içməli və təsərrüfat
üçün su ilə, təbii qazla, elektrik enerjisi ilə fasiləsiz olaraq təmin olunması, təhsil, səhiyyə, mədəniyyət və
digər sahələrdə
davamlı, dinamik inkişaf göz qabağında idi.
Artıq
yuxarı instansiyalarda,
xüsusilə nazirliklərdə
Ağdama qarşı
münasibət də
müsbət mənada
tamamilə dəyişmişdi.
Rayona, onun sosial-iqtisadi inkişafına,
çətin şəraitdə
yaşayan insanlarına
xüsusi diqqət və qayğı göstərilirdi. Bunun sayəsində
Quzanlı qəsəbəsinin,
rayonunun kəndlərinin
sosial mənzərəsi
gündən-günə gözəlləşirdi.
Baxırdın, bura yenə Quzanlı idi, lakin həmin
Quzanlı deyildi! Bura artıq nəinki qəsəbə həddinə
çatmış, hətta
şəhər görkəminə
düşmüş, qiyafəsini
dəyişmiş bir
Quzanlı idi. Artıq ağdamlılar ənənəvi olaraq ötən hər ili bir-birindən daha böyük uğurlarla, yaddaqalan xoş hadisələrlə,
şux əhvali-ruhiyyə
ilə yola salırdılar.
Nizami Sadıqov mədəniyyət,
incəsənət aşiqi
idi. Sanki mədəniyyətlə
nəfəs alır, incəsənətlə yaşayırdı.
Özü də yaradıcı insan idi, gözəl şeirləri, hekayələri
vardı.
Ağdamın işğalından sonra
təkcə insanların
mənəviyyatı zədə
almamışdı, onun
iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti
də zəlil günə düşmüşdü.
Ağdam mədəniyyət
şöbəsinin nəzdində
1952-ci ildən fəaliyyət
göstərən "Şur"
xalq çalğı
alətləri ansamblı
müharibənin, daha
çox isə biganəliyin və laqeydliyin qurbanı olaraq itib-batmışdı.
Necə deyərlər,
ansamblın heç izi-tozu da qalmamışdı.
Nizami müəllimin mədəniyyət, incəsənət
sevgisi, bu sahəyə tükənməz
marağı ansamblı
yenidən ayağa qaldırdı. Bir vaxtlar Qarabağda çalıb-çağıran
istedadlı musiqiçilərin
ünvanı olan, Ağdamın şöhrət
tacı sayılan bu muğam çeşməsi
yenidən çağladı.
Tanınmış musiqi
kollektivinin köhnə
ruhu özünə qaytarıldı. "Dirilən"
"Şur" ruhumuzun
mənəvi qidası,
xalq dühasının
böyük ilham və incə zövq ilə uzun illər ərzində sevə-sevə
yaratdığı möhtəşəm
musiqi abidəsi olan muğamlarımızı-milli
musiqimizi parlaqlığı
ilə yenidən yaşatmağa davam etdi. Nizami Sadıqovun
Ağdamda beş illik fəaliyyətində
gördüyü işlərin
hamısı yaddaqalandır.
Lakin mən deyərdim
ki, onun yaratdığı
xarüqələrin şah
əsəri Şəhidlər
Abidə Kompleksidir. Bu
müqəddəs abidə
kompleksi Vətən fədailərinə, müstəqillik,
azadlıq aşiqlərinə
sonsuz məhəbbət
və ehtiramının
əsl təcəssümüdür.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: "Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun
ağlından, zəkasından,
biliyindən, mədəniyyətindən
asılıdır". İnsanlara
verdiyi vədinə əsla xilaf çıxmayan, verdiyi sözün həmişə
üstündə duran
Nizami müəllimin qazandığı uğurların
çoxusu onun ağlının və fəhminin məhsulu idi. O, gördüyü, planlaşdırdığı işlərin
hamısını səbr
və təmkinlə ağlının süzgəcindən
keçirirdi. O, gözəl
anlayırdı ki, qüvvə
hər şeyi sındırır, qüvvəni
isə ağıl sındırır...
Nizami Sadıqovun beşillik fəaliyyəti dövründə
gördüyü işlərin
hamısını bir-bir
sadalamaq fikrində deyiləm. Bu işlərin
sayı yüzlərlədir
və hər biri gözlə görünən - torpağın
üstündə olan
işlərdir. Onun Ağdamda yaratdığı
xarüqələri sadəcə
olaraq mərhum Xudu Məmmədovun aşağıdakı bayatısı
ilə təsvir etmək istəyirəm:
Əzizim
bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim
ki, izim qala!
Atarürk deyirdi: "Böyük
uğurlar qiymətli anaların böyütdükləri
övladların əməllərinin
bəhrəsidir". Bütün
bu sadaladığım,
əsasən nizam-intizamın,
öz qüvvəsinə
inamın sayəsində
əldə olunan uğurlar da qiymətli
bir ananın Ağdam üçün yaşayan, Ağdam üçün yanan vətənpərvər, insanpərvər,
dürüst, səmimi,
hamıya canıdildən
yanaşan bir övladının istedadının,
zəhmətinin və
əməllərinin məhsulu
idi.
Karlı kişi
Yaxşı deyirlər ki, düşüncə
ən böyük ibadətdir. Düşüncə
ən yaxşı rəhbərdir. Harada düşüncə
varsa, orada qüdrət var.
Nizami müəllim dərin düşüncəyə malik, müdrik başçı
idi. Onun ən çox diqqətəlayiq cəhətlərindən
biri insanı kimliyindən asılı olmayaraq axıra qədər sükutla dinləməsi idi. Söz var, yaxşı rəhbər üçün
dinləməyi bacarmaq
danışmağı bacarmaq
qədər vacibdir.
İdarəetmədə zəngin təcrübəsi olan Nizami müəllim insanlarla fərdi görüşləri zamanı
diqqətini önündəki
şəxsdən bir
an da ayırmaz, ürəyini
tamam boşaltması üçün ona şərait yaradardı.
O, dəyərli, müdrik
məsləhətləri, fikirləri,
təklifləri sonadək
dinləyir, cani-dildən
qəbul edir, həyata keçirirdi. Fikir və təklif
sahibini isə alqışlayırdı. Rəhbər
kimi rahatlıqlıq axtarmayan Nizami müəllim təkcə
bir rayonu idarə etmirdi, hamının qəlbinə
yol tapmağa çalışır, insanlarla
qayğı ilə davranır, hamıya xoş ovqat bəxş etməyə çalışırdı.
Nizami Sadıqov təpədən
dırnağa ağdamlı
idi. Ağdamı canından çox sevirdi. Bir zamanlar şan-şöhrəti ilə
ad çıxarmış
bir rayonunun itirilmiş şöhrətinin
özünə qaytarılması
üçün gecəli-gündüzlü
düşünüb-daşınır, qarşısına qoyduğu
məqsədə çatmaq
üçün dəridən-qabıqdan
çıxırdı.
Yaxşı xatırlayıram, bir
gün məni yanına çağırdı.
Onunla tez-tez təkliklə görüşürdük.
Hiss edirdim ki, ağdamlılığın
sınması onu çox kövrəldir.
Ona görə də ağdamlılığı təbliğ
etmək üçün
bütün vasitələrə
əl atırdı.
Mənə oxumaq üçün
bir vərəq göstərdi. "Qulaq
as" deyib asta-asta oxumağa başladı:
"...Böyük Ağdamdan
bizə miras qalan ağdamlılıq,
ilk növbədə çalışdığın
sahədə Vətənə
vicdanla xidmət etmək, Vətəni, onun bir parçası
olan Ağdamı sonsuz məhəbbətlə
sevmək, dövlətə,
dövlətçiliyə sədaqətdir. Sən öz nəfsinə, əxlaqına və vicdanına hakim olmağı
bacarmalısan, böyük-kiçik
yeri bilməli, insanlara hörmət, ehtiram və mərhəmət göstərməlisən,
səxavətli olub kasıblara əl tutmalısan, kimsənin haqqına göz dikməməli, qeybətdən,
şərdən, böhtandan
və xəyanətdən
uzaq durmalı, dostluğa, əqidənə
sadiq qalmalısan, cəsarətli olmalı, ölümdən qorxmamalısan,
öz davranışınla
başqalarına nümunə
göstərməlisən...
Mən həmişə düşünmüşəm
ki, hər birimiz bu əmanəti başımız üzərində
saxlamalı, harda oluruqsa olaq, hansı vəzifədə
çalışırıqsa çalışaq, nə
qədər çıxlmaz
vəziyyətə düşürüksə
düşək, bu həyat prinsiplərinə
əməl etməliyik!..
Biz bu əmanətə sahib çıxmalıyıq ki, sabah
böyük Ağdama
dönəndə onun
üzünə baxmağa,
torpağına ayaq basmağa haqqımız çatsın!
Ulu Tanrı hər birimizə bu əmanəti daşımağa
güc, təpər versin!"
Onda bir daha yəqin
etdim ki, Nizami müəllim nə qədər müdrik düşüncəli, bilikli,
sanballı, ağdamsevər
bir şəxsiyyət,
bir ağsaqqaldır.
Nizami müəllim həmin fikirləri yüzlərlə
nüsxələrlə çoxaltdırıb
Ağdam rayonunun bütün məktəblərinə
uşaqların oxuması
üçün paylatmışdı.
Nizami Sadıqov rəhbər kimi əsla iclasbaz deyildi. Tədbirlərdə uzun-uzadı
danışmağı xoşlamazdı.
Qısa və lakonik danışar, hər kəsin onu başa düşməsinə
çalışırdı, başqalarının yüz
cümlədə deyə
bilmədiyi fikirləri
o, beş-on cümləyə
sığışdıraraq çatdırmağı bacarırdı.
Bacarmadığı işə
girişməyən, yerinə
yetirməyəcəyi iş
üçün heç
kimə söz verməyən, ancaq öhdəsindən gələ
biləcəyi işləri
boynuna götürən
Nizami Sadıqov danışığı ilə
deyil, hərəkətləri
ilə özünü
sübut edirdi. O, sanki qurub-yaratmağa məhkum olunmuşdu.
Nizami müəllim qorxuya meydan oxuyan insan
idi. Onun bütün uğurlarının
ilkin şərti məhz cəsarəti idi. O, sözübütöv,
sözünün üstündə
duran, dediyi sözün sahibi, sözünün ağası
olan müdrik şəxs idi.
Onun iki sözü vardı: ya "hə", ya "yox". Dilindən çıxan bu sözlərin hər birinin üstündə kişi kimi dururdu. Dilindən çıxan hər iki sözün yiyəsi idi. "Hə" dedisə düzələcək, "yox"
dedisə düzəlməyəcək!
O, düzəlməyəcək, gücü çatmayacaq işə şirin yalan "hə"dənsə,
həqiqət olan acı "yox" deməyi üstün tuturdu. Nizami müəllim, düzəlməyəcək
işdən ötrü
insanları get-gələ
salmazdı, yol yorğunu etməzdi. İnsanlar da bundan əsla incimirdilər. O, həyatın mənasını
yorulub-usanmadan Ağdam
üçün, ağdamlılar
üçün işləməkdə,
insanlara yardım göstərməkdə, ehtiyacı
olanlara hamilik etməkdə görürdü.
Nizami Sadıqovun Ağdamda işlədiyi 5 ilin hər bir günü
deyərdim ki, kiçik
bir əbədiyyətdir.
Nizami Sadıqov gördüyü bütün
işləri özünə
şan-şöhrət qazanmaq
üçün deyil,
Ağdamımızın artıq
işartısı belə
görünməyən şan-şöhrətini
özünə qaytarmaq
üçün edirdi.
Bu gün tam əminliklə deyirəm, Nizami Sadıqov əsl xoşbəxtliyi Ağdamın
itirilmiş şan-şöhrətinin
özünə qaytarılmasında,
erməni tapdağı
altında olan torpaqlarımızın düşmən
işğalından azad
olunmasında, insanların
öz ata-baba yurdlarına qayıtmasında
görürdü. Onun
ən böyük arzusu Ağdamın, Şuşanın, işğal
altında olan bütün torpaqlarımızın
işğaldan təmizləndiyi
günü görmək
idi. Şükürlər
olsun ki, bizim hər birimizə Ağdam həsrətinin bitdiyi günü görmək, xatirələrimizdə
yaşatdığımız o qədim şəhərə
ayaq basmaq nəsib oldu. Biz hamımız, o cümlədən,
Nizami müəllim Qarabağ həsrətinin
bitdiyi günü gördü.
Ərəb atalar sözü
var: "İnsan əməli
ilə özünü
alçalda da bilər,
ucalda da". Nizami müəllim öz parlaq əməlləri, qurub-yaratdıqları, etdiyi
xeyirxahlıqlarla özünü
bütün ağdamlıların
gözündə ucaltdı.
Xalq sevdiyi insanları əbədi olaraq yaddaşında saxlayır və xatırlayır. Bir insanın
hamı üçün
yaxşı olması
qeyri-mümkündür. Bununla
belə, Nizami müəllim ağdamlılaran
yaddaşında əbədi
olaraq əsl insan, səriştəli və ədalətli rəhbər, müdrik ağsaqqal və karlı kişi kimi qalacaq və
yaşayacaq!
Baxşeyiş ABBASOĞLU
Əməkdar jurnalist
525-
ci qəzet.- 2023- cü il.- 14 noyabr.- №- 205.- S. 12-13.