Qələbəyə aparan yol

Azərbaycan müasir dövlətçilik tarixinin qürurverici mərhələsini yaşayır. Dövlətçiliyimizlə bağlı olan əlamətdar günləri indi daha qürurla, ürəkdolusu ilə qarşılayırıq. Ötən il Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu tarixin ən böyük hadisəsi oldu. 3 il bundan əvvəl, 2020-ci ilin 27 sentyabr tarixində başlanmış və 44 gün davam edən Zəfər yürüşümüz möhtəşəm Qələbəmizin əldə olunması ilə nəticələndi. Cəbhənin bütün istiqamətlərdə inamla irəliləyən qəhrəmanlarımız əlbəyaxa döyüşlərə girərək Şuşa şəhərini düşmən işğalından birdəfəlik azad etdi. 8 Noyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad olunması xəbərini bizlərə verdi. Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlət başçısının hələ müharibənin gedişi zamanı “Şuşasız bizim işimiz yarımçıq qalar” deməsi, əslində, Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının müjdəsi idi.

8 Noyabr - Zəfər Günü kimi şanlı tariximizin ən parlaq səhifələrindən biridir. Bu il Zəfər Gününü daha da əlamətdar edən hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi oldu.

Tarixin səhifələrini vərəqlədikcə görürük ki, uzun illərdən bəri xalq olaraq itirdiklərimizin kökündə əsas səbəb kimi ordumuzun olmaması amili durub. Ordumuzun olmamasının kökündə isə əsarətində olduğumuz imperiyanın siyasəti dayanırdı. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ümummilli liderimiz Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasını təşkil etdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 1999-cu ildə isə Ulu öndər Heydər Əliyev Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bu addımlar Azərbaycanda zabit kadrlarının yetişdirilməsində əlahiddə rol oynadı.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətili dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Münaqişənin tarixinə nəzər salanda görürük ki, Ermənistan rəhbərliyi güclü ordularının olmasını düşünür, bu barədə miflər yaradır, elə bu səbəbdən də heç bir vəchlə münaqişənin dinc yolla həll olunmasını istəmirdilər. Dövlət başçısı hələ müharibənin gedişində bildirmişdi ki, Ermənistan rəhbərliyi torpaqları dinc yolla boşaldılması üçün konkret tarix verməlidir, yalnız bundan sonra hərbi əməliyyatlar dayandırıla bilər. Məhz Ermənistan tərəfi Azərbaycanın qətiyyətli mövqeyini və qəhrəmanlarımızın döyüş meydanındakı şücaətini gördükdən sonra təslim olmağa məcbur oldu. Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış Qələbə Ermənistanın məğlubiyyətini qaçınılmaz etdi, erməni ordusunun 12 mindən artıq hərbi qulluqçusu döyüş meydanını qoyub qaçdı. Nəticə etibarı ilə, Şuşa zəfərimizdən sonra Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək, kapitulyasiya aktını imzalamağa məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan düşməndən azad olundu.

2020-ci ilin 10 noyabr tarixində üçtərəfli Bəyanat imzalanarkən silahlı qüvvələrini Qarabağdan çıxarmaq öhdəliyini götürən erməni tərəfi 3 ilə yaxın müddət ərzində vədini yerinə yetirməyərək qoşunlarını Qarabağdan çıxarmadı. Nəticə etibarı ilə bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.

Xankəndi şəhərində, hərbi paraddadkı nitqində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi: Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən birdəfəlik əl çəkməlidir.

 

Bəhram Şiriyev

Əməkdar müəllim

525- ci qəzet.- 2023- cü il.- 14 noyabr.- ¹- 205.- S. 7.