Mir Şahinin 100 yaşına prelüdiya ...

Mir Şahinin 60 yaşı! Bu 60 il mənə təəccüblü gəldi. Çünki mən elə bu Mir Şahinin Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi adını aldığı vaxtdan 60 yaşlı müdrik bir adam kimi tanıdım. İlk yazısını mənə verdi mənim rəyimi gözlədi...

Mən o yazını elə o birinci kurs tələbəsinin yanındaca oxudum. O birinci kurs tələbəsi o yazıda ciddi bir problem qoymuşdu: Azərbaycanın cavan oğlanları bir tikə çörək dalınca  doğma yurdu tərk edib başqa ölkələrə üz tuturlar bununla da qızlarımızın ərə getmək problemi yaranmaqdadır...

O birinci kurs tələbəsinin o yazısı o qədər mükəmməl idi ki, mən onu dərhal o zamankı " Azərbaycan gəncləri" qəzetinə təqdim etdim. Redaktor yazını dərc etmək istəmədi: problemin sərtliyindən ehtiyat elədi. Onda mən fakültənin dekanı Tofiq Rüstəmovdan o "ehtiyatlı" redaktora təsir göstərməyini xahiş etdim... Beləliklə, o birinci kurs tələbəsinin o yazısı "Azərbaycan gəncləri" qəzetində dərc olundu. Bütün fakültə, xüsusilə, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Famil Mehdi kimi müəllimlər Mir Şahinin çox istedadlı bir jurnalist olacağı ətrafında fikir söylədilər.

Bəs belə bir yazını kim qələmə ala bilərdi? Belə bir yazını artıq dünyanı dərk etmiş, ictimai problemləri görməyi bacaran, yüksək publisistik üsluba sahib olan bir peşəkar jurnalist qələmə ala bilərdi ki, ona da 18 yaş vermək çox çətin idi...

Mir Şahin "Dədə Qorqud" boylarının dastanlara çevirdiyi min illərin şahididir. Mir Şahin bugünkü orijinal, heç kimə bənzəməyən publisistik üslubu ilə müasirliyin aynasıdır. Mir Şahin Azərbaycan dövlətçiliyini canından qat-qat artıq tutan bu dövlətin 100 il bundan sonrakı qürurlu taleyinin canlı şahidi olacaq. Çünki belə yüksəkdən yüksək istedad sahiblərinin doğum günü , ömür karvanı da vaxtdan, zamandan yuxarıda dayanır.

Mir Şahinin istedadı onun sətirlərində, fərdi üslubunda, hadisələri heç kimin görə bilmədiyi görümündədir. Onun ömrünün tələbəlik illəri , telejurnalist kimi fəaliyyətə başladığı ilk çağları da, bu gün yaratdığı REAL TV-dəki işi mənim şahidliyim fonundadır. Onun istedadından doğan bəzi praktik misallar: Mir Şahinin vaxtı ilə müəlifi olduğu bir proqramın başlığı: "Millimetr"!

Milli ustad (metr-alınma söz olub ustad mənasındadır) mənası daşıyan bu proqram bir çox ədəbi-bədii, elm, incəsənət sahəsindəki ustad adamlarımızı xalqa tanıtmağa çox kömək etdi.

Yaxud REAL TV-dəki "Göstərir radio" popluyar proqramın adı. İlk baxışda düşünürsən: radio necə göstərə bilər? Amma proqrama diqqət etdikdə anlayırsan ki, bəli, radio da göstərə bilir.

Mir Şahin özünün aparıcı olduğu proqramların hər birində elə orijinal məqamlar yaradır ki, tamaşaçı o məqamları illər boyu unuda bilmir. Onun müəllifi aparıcısı olduğu "Açıq dərs" proqramı orta nəsil tamaşaçılarının yaxşı yadındadır. Proqramlardan birində Xalq cəbhəsi dövrünün yüksək vəzifəli bir adamı efirdə oturub. Azərbaycanın ağır günlərində yenidən hakimiyyətə qayıtmış Heydər Əliyev apardığı islahatlar çərçivəsində bu adamı da nöqsanlarına görə vəzifədən uzaqlaşdırıb. Aparıcı Mir Şahin keçmiş kadrın vəzifədən niyə uzaqlaşdırıldığının səbəbini özü yaxşı bilir, amma bunu tamaşaçıya da bildirmək məqsədilə ona sual verir:

- Prezident sizi niyə işdən çıxartdı?

Cavab:

- Bilmirəm. Amma dedi ki, sənə başqa verəcəyik.

Mir Şahin:

- Yəni sizin günahınız yox idi?

Cavab:

- Yox!

Mir Şahin:

- Bəs niyə sizə vermir?

Cavab:

- Bilmirəm!

Mir Şahin:

- Yəni doğurdanmı sizin günahınız yox idi?

Cavab:

- Yox!

Mir Şahin:

- Onda mən üzümü tuturam cənab Prezidentə: Cənab Prezident, bu adamın günahı varsa, buna verin, günahı yoxdursa, buna verin!

Burada əsas məsələ Mir Şahinin xalq dilindən gələn " vermək" ifadəsini kalambur formatında istifadə etməsindədir.

Mir Şahinin xalq dilinə bu qədər yaxınlığı onun bütün verilişlərində özünü göstərməkdədir. Jurnalistin ustad peşəkarlığı buna görə tamaşaçıların ona güclü inamını hiss edən Ümummilli liderimiz Heydər Əliyev ABŞ-ın Klivlend xəstəxanasında müalicə aldığı günlərdən birində məhz ona zəng edir canlı telefon bağlantısında bildirir ki, o, sağ salamatdır bunu xalqa çatdırmağı məhz Mir Şahinə tapşırır.

İllər keçdi Mir Şahin Ulu öndərin  ömür yoluna yaxından bələd olan bir jurnalist kimi lap bu yaxınlarda efirə çıxardığı "Dövlət belə quruldu..." televiziya filmini videotarixə çevirdi...

Mir Şahinin teleyaradıcılığında çox yadda qalan tapıntılarından biri olan "Dəmir yumruq" sənədli telefilmi Heydər Əliyevin belə bir fikrinin kontekstində formalaşıb! "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdir bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar". Heydər Əliyevin bu sözləri filmin leytmotividir.

Filmdə Azərbaycanda yaşayan müxtəlif xalqların oğullarının Vətən müharibəsi başlayan andan düşmənə qarşı Vətən sevgisi ilə necə vuruşmağa yola düşmələrindən cəbhənin ön xəttində qəhrəmancasına vuruşmalarından söhbət gedir. Amma burada Mir Şahinin bir ustad tapıntısını vurğulamaq istəyirəm: bu maraqlı filmin ssenari müəllifi kim olsa yaxşıdır? Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan döyüşçüləri, Yenilməz Azərbaycan xalqı: türklər, talışlar, ləzgilər, ruslar, yəhudilər, kürdlər, tatlar, saxurlar, rutullar, malakanlar, inqiloylar, qaraçılar, assuriyalılar, udilər, almanlar dövlətimizin ətrafında birləşən bütün dünya azərbaycanlıları...

Yalnız bu xalqların adlarından sonra filmin yaradıcı heyətini görürük. Filmdə yaşadığı torpağa yəhudi Albert Aqarunov kimi Vətən sevgisi nümayiş etdirən xalqların nümayəndəlırinin hər sözünü tamaşaçı qürurla izləyir.

Mir Şahin cəsarətli bir döyüşçüdür. həm sözün müstəqim mənasında. Biz onu 44 günlük Vətən müharibəsində cəbhə xəttinin ən qaynar nöqtələrində gördük. Biz onu başını tankın lükündən çıxarıb ona müsahibə verən Milli Qəhrəmanımız Albert Aqarunovla, Füzulidən tutmuş Laçınadək uzanan döyüş səngərlərindəki əsgərlərimizlə bir yerdə çox gördük.

Lap cavan yaşlarından ustad bir ustad kimi formalaşmış Mir Şahin ömür boyu öyrənməyi vacib sanmaqdadır. Mən onun AzTV-də maraqlı bir müsahibəsini xatırlayıram. Təxminən iki il əvvəl verdiyi o müsahibədə jurnalistin "Mir Şahin müəllim, Siz haranı bitirmisiz?" sualını belə  cavablandırır!

- Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumuşam, ancaq bu fakültəni heç vaxt bitirmək olmur. Mən hər dəfə o fakültəyə münasibətləsə gələndə sanki o müəllimlər qarşısında yenidən imtahan verməyə gəlirəm.

Bu, bir tərəfdən ciddi bir təvazökarlıq faktıdır, digər tərəfdən Universitet müəllim anlayışlarına sevgi, hörmət, sədaqət hissidir.

Amma mən etiraf edirəm ki, Mir Şahin özü əvəzolunmaz bir müəllimdir. O, işlədiyi rəhbəri olduğu REAL TV- bütöv bir kollektivi peşəkar jurnalist kimi yetişdirə bilmişdir. Bu gün əgər REAL TV Azərbaycan media məkanında ən peşəkar bir telekanal səviyyəsindədirsə, bu, Mir Şahinin ustadlığına ustad müəllimliyinə bağlıdır.

Azərbaycan yeni müstəqillik dövrünə qədəm qoyanda bizim milli jurnalistikamız Qərb modelini peşəkarlıq məktəbi kimi qəbul etdi. Lakin bir az keçdi biz bu "məktəbin" saxta sifətinin şahidi olduq. Mir Şahin nadir jurnalistlərdəndir ki, özünün rəhbərlik etdiyi kollektivin diqqətini daha çox klassik milli mətbuat məktəbinə yönəltdi: mediamızın əsas vəzifəsi ilk növbədə milli maraqlarımızın, azərbaycanlığın, dövlətçiliyimizin qorunmasına xidmət etməkdən ibarət olmalıdır. Bu keyfiyyətin milli mənada qədər vacib olduğunu 44 günlük Vətən müharibəsində birləşən jurnalistikamız göstərdi. Etiraf edək ki, milli maraqlar, dövlətçilik, vətənpərvərlik kimi məsələlər REAL TV-nin aparıcı mövzularıdır.

elə bu xidmətlərinə görədir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də imzaladığı Sərəncamla Mir Şahini "Vətənə xidmətə görə" ordeni ilə təltif edib. Qeyd edim ki, Prezidentimizin jurnalistlərə elə bu məqamda Ustad Mir Şahinə bu diqqəti məni hədsiz dərəcədə sevindirdi. Həm ona görə ki, bu qiymətli orden daha çox birbaşa döyüşlərdə iştirak edənlərə verilir. Mir Şahin jurnalistikanın ən qaynar xəttində vuruşan, erməni işğalçılarının torpaqlarımızdan qovulması uğrunda vuruşan əsgərlərimizin yanında olmaqla bu şərəfli adı öz yorulmaz xidmətləri ilə qazanmışdır.

Jurnalistika peşədir. Çünki onu öyrənmək olur. Bədii yaradıcılıq sənətdir. Çünki sənət həm Tanrı vergisidir. Mir Şahin öz yaradıcılığında peşəni sənət səviyyəsinə yüksəltmiş nadir şəxsiyyətlərdəndir. Onun publisistikası ədəbi-bədii yaradıcılığın zirvə nöqtəsidir. Bu yaradıcılıq onu xalqa, xalqı da ona bağlamışdır. Mir Şahinin xalq deyimlərinə xüsusi sevgisi var. Xalq sevdiyi, qədrini bildiyi insana öz arzusunu həm belə ifadə edir: "Səni yüz yaşa!" Mən "Mir Şahinin 100 yaşına prelüdiya..." başlıqlı bu yazımı Ustad jurnalistə müəllimindən bir xatirə olaraq qələmə aldım. Canım Mir Şahinim! 60 100 yaşın mübarək olsun!

 

Cahangir Məmmədli

BDU Milli mətbuat tarixi kafedrasının  müdiri, filologiya elmləri doktoru, professor

525- ci qəzet.- 2023- cü il.- 15 noyabr.- ¹- 206.- S. 8.