“İki nəfərlik tənhalıq”
Norveçli
mahir ekspressionist rəssam Edvard Munk 1863-cü ildə yoxsul kəndli
ailəsində doğulub. Munk doğulduğu gündən
5 il sonra vərəm xəstəliyindən
əziyyət çəkən
anasını itirib. Daha sonralar ona
aqressiya, dinin ifratı, qarabasma hekayələri aşılayan
atasının təsiri
altında böyümüş
rəssamın sağlamlığında
ciddi problemlər yaranır. Ona anasından irsən keçən incəsənət
eşqi uşaqlıq
illərindən həyata
bağlanma səbəbinə
çevrilir. Bu sevgisinə görə atası tərəfindən
hər an məzəmmət olunsa da, rəsm çəkməkdən
əsla usanmamış
Edvard, yazılarında
"həyatı və
onun mənasını
özünə incəsənətlə
izah etməyə"
çalışdığını qeyd edirdi. 1881-ci ildən Kristiania (İndiki Oslo) Kral İncəsənət
məktəbində təhsil
almış rəssamın
ilk əsərləri
tənqidlərə məruz
qalırdı. İşinin
dəlicəsinə vurğunu
olan norveçli rəssam özü haqqında belə demişdi:"Rəsm mənim üçün xəstəlik və sərxoşluq kimidir. Bu elə xəstəlikdir
ki, mən ondan qopmaq və
elə sərxoşluqdur
ki, ondan ayılmaq istəmirəm".
Beləliklə,"Bir
rəsmin dedikləri"
rubrikasının budəfəki
qonağı sənətşünas
Nərmin İmanovadır.
Onunla məşhur rəssam Edvard Munkun "İki nəfərlik tənhalıq"
əsəri haqqında
danışmışıq.
- Nərmin xanım,
bu əsər Munk yaradıcılığının
hansı dövrünə
təsadüf edir?
- Bütün həyatını nisbi tənhalıqda keçirmiş,
heyranedici əsərləri
ilə tamaşaçıların
zövqünü oxşamış,
ekspressionizmin sələfi
olan sənətkar
"İki nəfərlik
tənhalıq" adlı
tablosunu 1896-cı ildə
ərsəyə gətirib.
"Tənhalar" seriyasına
daxil olan eyniadlı digər rəsmləri 1880-1917-ci illərə
məxsusdur.
- Əsərin rəng həlli necədir?
- Rəsmin rəng
həllindən bəhs
edərkən xüsusilə
vurğulamaq lazımdır
ki, Edvard Munk əsl ekspressionist
kimi ağ və qara rəngin
kontrasından məharətlə
istifadə edirdi. Öncə mərkəzdə
diqqətimizi cəlb edən iki fiqurun
rəng həllinə
diqqət yetirək. Qadın və kişi obrazlarının geyim və saç
düzümlərindəki koloritə nəzər saldıqda, sözsüz ki, bir-birilə təzad təşkil edən rənglərin əks olunduğunu görürük. Qadın
obrazının geyimi ağ rəngin bütün qabarıqlığı
ilə təsvir edilib. Rəssamın digər qəhrəmanı
isə ağ rəngin müxalifi olan qapqara geyimdədir.
Qadının saçının
sarı tonda təsviri tamaşaçıda
ümid və nikbinlik hissi yaradır. Kişi obrazının saçının
aydınlığa əks
olan qara fonda təsviri isə ziddiyyəti, soyuqluğu tərənnüm
edir. Ətrafa göz gəzdirəndə
mənzərənin necə
tutqun rənglərlə
verildiyini görürük.
Ümumiyyətlə, incə
fırça vuruşları
yoxdur. Sanki hava dumanlıdır, dənizin tünd rəngindən suyun soyuqluğu hiss edilir.
- Bəs kompozisiya
haqqında nə deyə bilərsiniz?
- Kompozisiyada arxası tamaşaçıya
yönəlmiş iki
fiqur - qadın və kişi üstünlük təşkil
edir. Bu obrazlar son dərəcə
statik və donmuş haldadır. Əksər təsviri sənət nümunələrində
qadın və kişi obrazı yan-yanadırsa, bir-birilərinə
yaxın duraraq izləyiciyə mərhəmət
və sevgi hissini ötürür. Lakin bu kompozisiyanın
mərkəzindəki iki
qəhrəman kifayət
qədər bir-birindən
uzaq məsafədə
verilib. Burada dinamikadan da söz açmaq qeyri-mümkündür. Mənzərə
fonuna gəldikdə isə tablodakı qayalıq və daşlar həddindən artıq deformasiyaya uğradılıb. Real görünən
istənilən obyektin
formasını dəyişmək
ekspressionizmin sələfi
olan Munka xas motivdir. İnsana
hüzuru bəxş edən dəniz belə vahiməli şəkildə ifa edilib. Beləliklə, həm kompozisiya, həm də rəng çalarları baxımından qadın və kişi obrazının bir-birindən
uzaq düşdüyünü
görürük.
- Munk deyəndə
çoxumuzun ağlına
ilk olaraq, çarəsizliyin simvolikası
kimi qəbul edilmiş "Qışqırıq"
gəlir. "İki nəfərlik tənhalıq"
və "Qışqırıq"
tablolarını birləşdirən
ümumi cəhətlər
varmı?
- Munk uşaqlıq
illərindən yaşadığı
travmaları, qorxularını
və daxili iztirablarını tez-tez rəsmlərində göstərməyə
çalışıb. Bunun
üçün ona ən yaxın üslub da elə
ekspressionizm idi. Tabloda incə fırça vuruşlarının
olmaması, tutqun və konflikt rənglərdən istifadə,
sahildəki obyektiv fiqurların formalarını
dəyişib deformasiyaya
uğradılması kimi
məqamlar rəssamın
üslubunu açıq-aydın
bir şəkildə bürüzə verir. Edvard Munk təbiətə
müstəqil olaraq emosional reaksiyalar verirdi. Ekspressionizm təbiətin olduğu kimi ötürülməsini
müsbət qarşılamır,
əksinə, duyğuların
və daxili aləmin təsirinə diqqəti yönəldir. Edvard Munk əsərlərində
öz hisslərini necə ötürməli
olduğunu çox gözəl bilirdi.
- Yaradıcılığının
ilk illərində impressionizm üslubunda işləyən sənətkar
sonralar başqa istiqamətə üz tutur. Bunun xüsusi
bir səbəbi vardımı?
- Munk bir
sıra təcrübələrindən
sonra anlayır ki, bu üslub
daha dərinə getməyə həvəsi
yaranmış istedadlı
fırça ustasına
fikirlərini istədiyi
formada ifadə etməyə imkan vermir. İmpressionizmə son qoyan tablosu
vərəmdən əziyyət
çəkən bacısının
ölümü ilə
bağlı "Xəstə
uşaq" olub.
"İki nəfərlik
tənhalıq" və
"Xəstə uşaq"
rəsmləri üslub
baxımından fərqli
olsa da, hər ikisi rəng həlli baxımından bir-birinə
yaxındır, eyni zamanda tamaşaçıya
kədərli hadisələri
ötürür. Lakin
şiddətli səs
olan qəlbin çığırtısını əks etdirən və bu rəsmlə
eyni üslubda işlənmiş məşhur
"Qışqırıq" tablosunu izlədikdə insanı daha da vahiməli və dəşhətli bir hiss bürüyür.
Ölüm, xəstəlik,
hüznlə dolu emosional atmosfer Edvard Munk yaradıcılığının
əsas motiv və obrazlarını təşkil edir.
- Tablo hazırda
harada saxlanılır?
- İzləyicilərini dərindən düşünməyə
sövq edən, kətan üzərində
yağlı boya ilə işlənmiş bu tablonu Edvard
Munk 1901-ci ildə bir gəmi qəzasında
itirir. Rəssam daha sonra tablodakı
eyni motivlərlə işlədiyi bir neçə qrafika seriyasını yaradır.
Bu əsərlər Osloda 1963-cü ildə açılmış, Edvard
Munkun sənət əsərlərinin toplanılıb
qorunması və populyarlaşdırılmasına həsr olunan, əzəmətli görünüşə
malik "Munk" muzeyində saxlanılır.
- Sizcə, bu
rəsm bizə nə deyir?
- İşıq rəng üçün varsa, eşq də tarazlıq, ekvivalentlik üçün
mövcuddur. Rəsm Norveçin kiçik bir liman şəhəri
olan Asqardstranddakı qayalı çimərlikdə
dənizə baxan, fiziki və ruhi cəhətdən bir-birindən ayrı olan kişi və qadının varlığını özündə
ehtiva edir. Tablo tutqun koloriti,
libasların rəng həllindəki paradoks və dominant kompozisiya quruluşu ilə bizə bu iki obrazın
xarakterinin, baxış
bucaqlarının bir-birilərinə
zidd olduğundan danışır. Burada qadın və kişinin timsalında laqeydlik vurğulanır. Onların dayandıqları
sahil, hər ikisinin üzünü dənizə sarı tutması, həm tematik, həm də vizual olaraq həsrət və tənhalıq əhval-ruhiyyəsini əks
edir. Ciddi və qapalı formada duran qadın
ona yaxınlaşmağa
çalışan kişi
üçün əlçatmaz
görünür. Kişinin
gövdəsinin xanıma
doğru azacıq bükülməsi, sol ayağı ilə sanki ona doğru
getmək istəyi həm cazibəni, həm də onların arasındakı
məsafəni ifadə
edir. İki insan ruhundakı yalnızlığı əks
edən bu rəsmdə Munk hər bir detala
ayrı-ayrılıqda yanaşıb.
Biz sənətsevərlər
belə dahi rəssamların həyatındakı
psixoloji sıxıntılarını,
individual xarakterini öz əsərlərində
yüksək səviyyədə
tərənnüm etdiyini
gördükdə, bu
işlərin arxasındakı
sirli ssenarini tapmaq üçün həvəslə onlardan yapışırıq.
Aytac SAHƏD
525- ci qəzet.- 2023- cü il.- 15
noyabr.- ¹- 206.- S. 9.