Heydər Əliyev sözün
güçünə və müdrikliyinə inanırdı
Xalq
yazıçısı Elmira Axundovanın keçmiş
xarici işlər naziri, səfir Vilayət Quliyevlə
müsahibəsi
Xalq
yazıçısı Elmira Axundova Ümummilli lider Heydər
Əliyev haqqında onlarla kitabın müəllifidir. Çoxcildlik
"Heydər Əliyev. Şəxsiyyət və zaman" sənədli
epopeyası üzərində işlərkən Azərbaycanda,
keçmiş Sovet İttifaqında və dünyanın
müxtəlif ölkələrində dövlət
adamları, ictimai-siyasi və mədəniyyət xadimləri,
görkəmli yaradıcı ziyalılarla görüşərək
anadan olmasının 100 illiyini hörmət və minnətdarlıq
hissi ilə qeyd etdiyimiz Ulu öndəri müxtəlif
rakurslardan görməyə imkan verən 150-dən çox
müsahibə alıb. "525-ci qəzet" həmin
materiallardan birini - keçmiş xarici işlər naziri,
tanınmış ədəbiyyatşünas alim, ölkəmizin
Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevlə
müsahibəni oxuculara təqdim edir
Elmira
Axundova - Vilayət, sənin qismətinə 1990-cı illərin
sonu, 2000-ci illərin əvvəlində xarici işlər
naziri kimi böyük Heydər Əliyevlə birlikdə
işləmək düşüb. Bəs onu ilk dəfə
harada, nə vaxt görmüşdün?
Vilayət
Quliyev - Böyük insanı həyatda ilk dəfə 1970-ci
ildə, birinci kurs tələbəsi olduğum Azərbaycan
Dövlət Universitetinin 50 illik yubileyində
görmüşdüm. Rəsmi hissədən sonra foyedə
tələbə və müəllimlər artıq əfsanələşməkdə
olan Azərbaycan KP MK-nin birinci katibinin başına
toplaşmışdılar. Bilmirəm, necə
alınmışdısa, o zaman mən - arıq, qarayanız,
qıvrımsaç birinci kurs tələbəsi Heydər Əliyevə
lap yaxın dayanmışdım. Hətta deyəsən, arada
çiyinlərinə də toxunmuşdum. Əgər həqiqətən
belə olmuşdusa, bu, çox simvolik idi. Çünki
üstündən otuz il keçəndən sonra mənə
Heydər Əliyevlə həqiqətən
çiyin-çiyinə dayanmaq, rəhbərliyi altında
işləmək və dörd il ərzində bütöv
bir həyat məktəbi keçmək müyəssər
oldu.
Və
təbii ki, bunu taleyin ən böyük töhfəsi
sayıram.
E.A.
- Heydər Əliyevlə ilk canlı ünsiyyətdən
aldığın təəssüratla bağlı eşitmək
istərdim. Bəs bu
nə vaxt, harada, necə olmuşdu?
V.Q. - Heydər Əliyevlə ilk canlı görüş və ünsiyyətim 1992-ci il sentyabr ayının 27-də Naxçıvanda olub. Tarixi dəqiq xatırlayıram, çünki bu görüş həyatımda çox diqqətəlayiq hadisə idi. O zaman ölkədə yaranmış böhranlı vəziyyətdən narahatlıq keçirən, çıxış yolunu nüfuzlu və təcrübəli liderin siyasi hakimiyyətə qayıtmasında, dövlətə rəhbərlik etməsində görən ayrı-ayrı ziyalılar, ağsaqqallar, tanınmış ictimai xadimlər, keçmiş partiya və dövlət hakimiyyəti təmsilçiləri Naxçıvana, Ali Məclisin sədri Heydər Əliyevin görüşünə gedirdilər. Ondan kömək, məsləhət istəyirdilər. Təəssüflənməli də olsam, mənim Naxçıvan səfərim belə missiya daşımırdı.
1992-ci ilin aprelində Türkiyənin Ərzurum Atatürk Universiteti ilə müqavilə imzalamışdım. Bir il ərzində bu ali məktəbin professoru kimi Azərbaycan dili və ədəbiyyatını, habelə digər türk xalqlarının ədəbiyyatını tədris edəcəkdim. Universitetdə dərslər oktyabrın 1-də başlayırdı. Ərzuruma quru yolla, Naxçıvandan getməyi qərara aldım. Artıq həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə tikilən və blokada şəraitindəki Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü"nün inşası başa çatdırılmışdı. Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə təntənəli açılış mərasimi olmuşdu. Körpünün açılması ilə işə düşən yol təxminən 400 kilometrlik məsafədə yerləşən Ərzrumla Naxçıvanı birləşdirən sərfəli magistral idi. Qısalığına və ucuzluğuna görə mən də həmin yolu seçmişdim.
"Ümid körpüsü"ndən keçmək üçün nəzarət buraxılış məntəqəsində 3000 rus rublu ödəmək lazım idi. Həmin dövrdəki işsizlik, qəhətlik və inflyasiyanı nəzərə alsaq, bu, böyük məbləğ sayılırdı. Lakin ezamiyyətə gedənlər üçün istisnaya yol verilmişdi. Onlar ödənişdən azad edilmişdilər. Elmlər Akademiyasından Türkiyəyə ezam olunmağım haqda məktub almışdım. Qaydaya görə etibarlı sayılması üçün Naxçıvan rəhbərliyinin məktubun üzərində dərkənar qoyması tələb olunurdu.
Aeroportda məni qarşılayan aspirantlıq illərinin dostu, hazırda AMEA-nın prezidenti İsa Həbibbəyli ilə birlikdə muxtar respublikanın Nazirlər Sovetinə getdik. Məlum oldu ki, Baş nazir Şəmsəddin Xanbabayev İranda səfərdədir. Müavinlər isə səlahiyyətlərinin olmadığını deyib imza atmaqdan boyun qaçırdılar.
İşi belə görən İsa Həbibbəyli "Gəl Ali Məclisə, Heydər Əliyevin yanına gedək" - dedi. Əfsanəvi liderlə görüşmək nə qədər maraqlı və cəlbedici olsa da, dərhal etirazımı bildirdim: "Nə danışırsan, o boyda insanı belə xırda işə görə narahat etmək yersiz çıxar" - dedim. Amma Naxçıvanda Heydər Əliyevlə tez-tez görüşən və xarakterinə daha yaxşı bələd olan İsa müəllim təkid etməyə başladı.
Qəbula düşə biləcəyimizə ümidim az olsa da, Heydər Əliyevlə şəxsən görüşmək, bir neçə kəlmə danışmaq istəyi tərəddüdlərimə üstün gəldi. Amma köməkçi məlumat verəndən üç-dörd dəqiqə sonra bizi kabinetə çağırdılar. Heydər Əliyev iş masasının arxasında, ayaq üstə dayanmışdı. Salamımızı alıb əllə görüşdü, oturmağa yer göstərdi. İlk dəqiqələrdən cəlbedici şəxsiyyətinin cazibəsinə, sehrinə düşdüyümü hiss etdim.
Heydər Əliyevlə hətta çox qısa müddətdə ünsiyyətdə olanlar da onun dərhal ətrafında inam və etimad aurası yaratdığını təsdiq edə bilərlər. Məhz belə xoş ovqat nəticəsində vaxtı ilə ucsuz-bucaqsız ölkənin ali rəhbərliyində təmsil olunan böyük siyasətçi və dövlət adamının qarşısında oturduğunu unudurdun, uzun illərin tanışı kimi çəkinmədən, səmimiyyətlə, kompleks hiss etmədən söhbət edə bilirdin.
Kabinetə girəndə görüşümüzün bir neçə dəqiqə çəkəcəyini düşünürdüm. Fikirləşirdim ki, ayaqüstü gəlişimizin məqsədini deyib müsbət, yaxud mənfi cavab alacaqdıq və beləliklə də, auidensiya başa çatacaq. Amma Heydər Əliyev bizə yer göstərdi. Oturduq və bu oturmaqla Ali Məclis sədrinin kabinetində iki saatdan çox qaldıq. Vaxtın necə sürətlə gəlib keçdiyi isə əsla hiss olunmadı.
Təbii ki, Heydər Əliyev Naxçıvanda yaşasa da, Bakıda, ümumiyyətlə, bütün Azərbaycanda cərəyan edən hadisələr haqda kifayət qədər geniş məlumata malik idi. Amma bəzi məsələlərlə bağlı bizim də fikrimizlə maraqlandı. Təəccübümə rəğmən, hətta imzamı tanıdığını da öyrəndim. Əgər qəbul otağında uzun müddət gözləsəydik, bu məlumatı indi aldığını düşünmək olardı. Gəlişimizlə içəri girməyimizin arası isə cəmisi bir neçə dəqiqə çəkdiyindən belə düşünməyə əsas yox idi.
Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə, Moskvada keçmiş SSRİ hökumətinin faktiki başçısı olduğu illərdə gördüyü mühüm işlərdən, həyata keçirdiyi layihələrdən, üzləşdiyi çətinliklərdən danışdıqca məni bura gətirən məqsədin kiçiklik və merkantilliyindən xəcalət çəkirdim. Böyük məsələlərdən söz açıb sonra da hansısa şəxsi xahiş etmək çox cılız görünürdü. Ona görə də arada fürsət tapıb İsa müəllimə körpü məsələsini açıb-ağartmamağı çatdırmağa çalışırdım. Ancaq Heydər Əliyevin nüfuzedici baxışları altında bunu etmək imkansızdı. Arada zəng elədilər. Deyəsən, Ermənistanla sərhəd bölgəsindəki vəziyyətlə bağlı məlumat verirdilər. O, diqqətlə qulaq asır, hərdən dəqiqləşdirici suallar verir, qarşısındakı bloknotda qeydlər aparırdı. Yaxşı fürsət yarandığını görüb İsa müəllimin ayağına toxundum, "Körpü məsələsi barədə heç nə danışmayaq" - deyə pıçıldadım.
Amma ani hərəkətliliyimiz Heydər Əliyevin nəzərlərindən yayınmayıbmış. Söhbətini qurtarandan sonra üzünü bizə tutub yenə də xəfif təbəssümlə:
- Orada nə pıçıldaşırdınız? Yəqin nə isə bir xahişiniz var. Çəkinməyin, deyin!
Artıq istəsək də, heç nəyi gizlətmək mümkün deyildi. İsa müəllim gəlişimizin səbəbini qısaca anlatdı. Heydər Əliyev kimi isə çağırıb göstəriş verdi.
O axşam İsanın universitet şəhərciyindəki mənzilində gecə yarısına qədər çıraq işığında taleyimizə düşən qeyri-adi görüşdən, Azərbaycan xalqının çağdaş tarixindəki Heydər Əliyev fenomenindən, şahidi olduğumuz həssas və insani münasibətdən xeyli danışdıq. Ərzurumdan təəssüratlarımı yazıb "Aydınlıq" qəzetinə göndərdim. Amma o qarışıq vaxtda nədənsə çap edilmədi. Bəlkə də heç ünvana yetişmədi.
Sual Heydər Əliyevlə ilk görüş və ünsiyyətim haqda idi. Mən çərçivədən kənara çıxıb ikinci görüş barəsində də qısaca danışmaq istəyirəm.
1994-cü ilin yanvarında dövlət başçısı kimi Heydər Əliyevin Türkiyəyə ilk rəsmi səfəri hazırlanırdı. Həmin dövrdə AXC hakimiyyətinin Bakıda "vəzifələrini donduran" bəzi nümayəndələri Türkiyədə qızğın fəaliyyət göstərir, daha doğrusu, ara qarışdırmağa çalışırdılar. Gizli deyil ki, onların şəxsi əlaqə, təsir və təlqinləri nəticəsində qardaş ölkənin bəzi dairələri, xüsusilə Türkiyə iqtidarına müxalif mövqedə dayanan müəyyən qəzet və jurnallar Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin qarantı olan milli ruhlu, vətənpərvər dövlət başçısından çox keçmiş "Politbüro üyəsi" və KQB generalı, bir sözlə, "Moskvanın adamı" kimi görməyə və göstərməyə meyilli idilər. Türkiyə ictimaiyyətinin nümayəndələri, siyasi partiyaların və media şirkətlərinin təmsilçiləri ilə işləmək, yanlış təsəvvürləri mümkün qədər aradan qaldırmaq üçün səfər ərəfəsində bir qrup ziyalının Ankara və İstanbula ezam olunması qərara alınmışdı.
Yola düşməzdən bir gün əvvəl Prezident bizi qəbul etdi. Adlarımızı soruşub qarşısındakı bloknota qeyd edirdi. Növbə mənə çatanda diqqətlə baxıb başını tərpətdi.
- Sizi tanıyıram - dedi. - Ziyalı kimi ictimai fəallığınız xoşuma gəlir. Səhv eləmirəmsə, Naxçıvanda da yanıma gəlmişdiniz.
- Bəli, cənab Prezident, - dedim. - 1992-ci il sentyabrın 27-də İsa Həbibovla birlikdə Ali Məclisdə qəbulunuzda olmuşduq. Həyatımda çox əlamətdar hadisə olduğundan gününü tam dəqiqliyi ilə xatırlayıram.
- Həbibov o vaxtlar idi, indi Həbibbəyli olub, - deyə Prezident sözlərimə düzəliş verdi. Sonra ani fikrə gedib:
- Deyəsən, Ərzrum Universitetində işləməyə gedirdiniz? - deyə soruşdu.
- Bəli, cənab Prezident. Təxminən il yarıma qədər Ərzurumdakı Atatürk Universitetində çalışdım. Həm də tək dərs deməklə kifayətlənmədim. "Otükən" nəşriyyatının sifarişi ilə "Türk ədəbiyyatları" seriyasından 4 cildlik "Azərbaycan ədəbiyyatı antologiya-ensiklopediyası"nın üç cildinin hazırlanmasında iştirak etdim. İcazənizlə, onları Sizin kitabxananıza hədiyyə etmək istərdim.
Prezident kitabları vərəqləyib baxdı. Sonra bəlkə də məndən başqa heç kəsin sezə bilmədiyi xəfif təbəssümlə:
- Naxçıvanda yanıma gəlməyiniz yadımdadır, - dedi.- Özü də yanılmıramsa, deyəsən, arada bir körpü məsələsi də vardı...
- Bəli, cənab Prezident.
Məzmununu, mənasını yalnız ikimizin başa düşdüyümüz bu qısa dialoq bir tərəfdən Prezidentin hər kəsə bəlli olan fenomenal yaddaşından, digər tərəfdən isə incə yumor hissindən, xeyirxahlığından xəbər verirdi.
Onun sifətindəki işıqlı təbəssümü görüb mən də gülümsədim.
E.A. - Vilayət, hər ikimiz ədəbiyyat adamı olduğumuzdan səninlə
Heydər Əliyevin yazıçılara səmimi
münasibətindən, bütünlükdə
onun ədəbiyyat və incəsənətə
olan qeyri-adi bağlılığından, məhəbbətindən
danışmaq istərdim.
İnanılmaz görünsə
də, faktdır: Mərkəzi Komitənin birinci katibi, sonralar isə Prezident işlərinin son dərəcə çox olmasına baxmayaraq, yazıçıların,
bəstəkarların, rəssamların,
teatr xadimlərinin bütün qurultaylarında
iştirak edirdi. Həm də sadəcə formal şəkildə rəyasət
heyətində oturmurdu.
Nitq söyləyirdi, müzakirələrdə çıxış
edirdi, suallara cavab verirdi. Necə düşünürsən,
ədəbiyyat və
incəsənətə bu
qeyri-adi bağlılıq
nədən qaynaqlanırdı?
V.Q. - Sualın mənə Prezidentin Azərbaycan yazıçılarının X qurultayındakı çıxışından aşağıdakı hissəni xatırlatdı: "Mən çox sevinirəm və çox xoşbəxtəm ki, ilk dəfə Azərbaycan yazıçılarının qurultayında 27 il bundan əvvəl (1971-ci ildə keçirilən VI qurultay nəzərdə tutulur -V.Q.) nitq söyləmişəm. O qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm və yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam. Bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərinin sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam. Bəlkə bu əsərlərin bəzilərini ondan sonra oxumamışam. Ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam", "unutmamışam" sözləri sadə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam. Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum. Ancaq yazıçıların qurultayını daim izləyirdim və imkan olanda gəlib salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedirdim və onlarla görüşməyi özüm üçün böyük bir hadisə hesab edirdim".
Mənə elə gəlir ki, Heydər Əliyev miqyaslı liderləri arasında ikinci elə bir dövlət başçısı təsəvvürə gətirmək mümkün deyil ki, ədəbiyyata bu qədər ürəkdən bağlı olsun, yazıçılarla ünsiyyəti "böyük hadisə" hesab etsin və bu barədə belə səmimiyyətlə, açıq ürəklə danışa bilsin. Bunu yalnız xalqının dilinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə dərin, qırılmaz tellərlə bağlı olan bir lider edə bilərdi.
Yazıçılar Birliyinin 1997-ci ildə keçirilən X qurultayı zamanı iş vaxtının demək olar ki, 3 gününü - üst-üstə 15 saata yaxın vaxtını qələm adamları ilə ünsiyyətə, onların fikir və mülahizələrini dinləməyə, problemlərini çözməyə sərf etdi. Ayrı-ayrılıqda ağsaqqallar və gənclərlə görüşdü. Qurultayın işində əvvəldən axıra qədər iştirak etdi. Həm də bu üç günə çox mənalı, yerinə düşən bir şəkildə "Azərbaycanda Azərbaycan ədəbiyyatı günləri" adını verdi. XX əsrin son rübündə milli ədəbiyyat və incəsənətimizin keçdiyi böyük inkişaf yolu, klassik sənətkarlarımızın tədqiqi, nəşri və təbliği, sənət adamlarımızın əməyinin, yaradıcılıq uğurlarının qiymətləndirilməsi (təkcə elə onu demək kifayətdir ki, Heydər Əliyevin "əlinin yüngüllüyü" sayəsində görkəmli sənət xadimlərimizdən 7 nəfəri keçmiş SSRİ-nin ən yüksək mülki mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Müttəfiq respublikalar arasında bu, 140 milyonluq Rusiyadan sonra ikinci göstərici idi) ilk növbədə ölkə rəhbərinin adı, yorulmaz fəaliyyəti və böyük nüfuzu ilə bağlı idi. Klassik ədəbiyyatımızın Nizami Gəncəvi, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi görkəmli nümayəndələri də Heydər Əliyevin qədirbilənliyi və qayğısı sayəsində geniş təbliğ edildilər - külliyyatları çap olundu, ev-muzeyləri yaradıldı, abidələri ucaldıldı, əsərləri müxtəlif xarici dillərə çevrilib geniş yayıldı. Mübaliğə etmədən demək olar ki, yaradıcı ziyalılar həm gündəlik həyatda, həm də yaradıcılıqları ilə bağlı məsələlərdə daim ölkə başçısının böyük diqqəti ilə əhatə olunmuşdular.
E.A. - Elədir. Eyni zamanda böyük
sənətkarımız Tahir
Salahovun mənə danışdığı kimi,
Heydər Əliyev heç vaxt ziyalıları öz tərəfinə çəkmək,
yalnız başlarını
sığallamqla məşğul
olmaq haqda fikirləşmirdi. Ədəbi
həyatla bağlı
meydana çıxan məsələlərin mahiyyətinə
varırdı, həll
yollarını göstərməyə
çalışırdı. Yazıçı və şairləri xalqın taleyi, bədii sözün cəmiyyətdəki
rolu ilə bağlı prinsipial və tələbkar olmağa çağırırdı.
Yazıçıların 1981-ci ildə keçirilən
VII qurultayı yadındadır?
O zaman Füzulinin məzarı ilə əlaqədar ədəbiyyat
"generallarına" necə
dərs verdiyini xatırlayırsan?
V.Q. - Üstündən qrx ildən çox vaxt keçsə də, o səhnəni xatırlamamaq mümkündürmü? İndiki Şəhriyar adına sarayın divarları arasında gedən söhbətlər o zaman böyük sensasiyaya və yaxşı ibrət dərsinə çevrildi. Yeri gəlmişkən, ədəbiyyat adamlarının indiki nəslinin də yaxın ədəbi keçmişimizin ibrətamiz hadisəsindən dəqiq məlumat alması yerinə düşərdi. Heydər Əliyevi ədəbi mühitdə ilk dəfə həmin qurultayda görüb dinləmişdim. O zaman EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı idim. İttifaqın üzvü deyildim, amma dəvətnamə tapıb qurultaya getmişdim. Həmin dövrdə Bakıda hər kəsin heysiyyət və milli hisslərini təhqir edən bir şayiə dolaşırdı. Söhbət İraqın Kərbəla şəhərində dəfn olunmuş dahi şairimiz Məhəmməd Füzulinin məzarına hörmətsizlikdən gedirdi. Hamı bu barədə danışırdı. Məsələyə aydnlıq gətirən isə yox idi. İndi təəccüblənirəm ki, məgər şayiənin həqiqətə uyğun olub-olmadığını SSRİ-nin həmin ölkədəki səfirliyi, yaxud hər yerə nüfuz etməyi bacaran məşhur DTK vasitəsi ilə dəqiqləşdirmək mümkün deyildimi?
Doğrusu, billmirəm. Amma çayxanalardan tutmuş elmi idarə və yaradıcılıq təşkilatlarına qədər hər yerdə danışırdılar ki, guya Kərbəlada magistral yol çəkilişi zamanı şairimizin məşhur İmam Hüseyn ziyarətgahı yaxınlığındakı məzarı dağıdılıb, cənazəsinin qalıqları isə hansısa məscidin zirzəmisinə atılıb. Yazıçı və şairlər öz aralarında deyirdilər ki, bu barbarlıq aktına laqeyd yanaşmaq olmaz. Hökumət gərək mütləq bir tədbir görsün. Gərək İraq rəhbərliyinə mütləq kəskin etiraz bildirilsin. Böyük şairin nəşi Azərbaycana gətirilib tarixi vətənində təntənəli şəkildə dəfn olunsun və s.və i.a. Mövzu qurultayda da diqqətdən kənarda qalmadı.
Müzakirələrdə çıxış edən tanınmış yazıçı və şairlərdən Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahazadə əslində sona qədər araşdırmadıqları, aydınlıq gətirilməsinə təşəbbüs göstərmədikləri məsələdən çox əsəbi şəkildə bəhs edib birinci katibdən kömək istədilər. Sonuncu natiq danışanda deyəsən, Heydər Əliyevin hövsələsi tamam tükəndi. Bəxtiyar müəllimin sözünü yarımçıq kəsib:
- Şairsiniz, alimsiniz, universitet professorusunuz, - dedi. - Bu yaxınlarda sizi Akademiyanın müxbir üzvlüyünə də seçmişik. Kifayət qədər tanınırsınız. Gərək birinci katibdən kömək istəməmişdən qabaq oturub düşünəydiniz; Mən öz tərəfimdən nə iş görmüşəm? İndiyə qədər hara, hansı beynəlxalq təşkilata müraciət etmişəm? Kimə məktub yazmışam, teleqram vurmuşam? Siz Mirzə İbrahimov, Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədrisiniz. Tez-tez dünyanın müxtəlif ölkələrində, müxtəlif yığıncaq və konfranslarda olursunuz, böyük auditoriyalar qarşısında çıxış edirsiniz. Nə zaman dünya ictimaiyyətinin diqqətini indi haqqında danışdığınız vandalizm aktına yönəltdiniz, tanınmış yazıçı və şairləri, ictimai xadimləri köməyə çağırdınız? Niyə İraq prezidentinə, İraq elm və mədəniyyət xadimlərinə birbaşa müraciət etmədiniz? Siz, Süleyman Rüstəm! Böyük vəzifəniz var. Azərbaycan SSR Ali Sovetinin sədrisiniz. Niyə etiraz notası göndərmədiniz, xalqın səsini çatdırmadınız? Yazıçılar İttifaqı ilə İraq konsulluğunun arası 500 addımdır. Nə vaxt konsulun yanına getdiniz, yaxasından yapışıb şairimizin xatirəsinin təhqir olunması ilə bağlı cavab istədiniz? Olmaya qorxdunuz? Qorxmayın, Heydər Əliyev hər vəziyyətdə sizi müdafiə eləməyə hazırdır. Amma siz də əzizlərim, başa düşün: hər şey birinci katibdən asılı deyil. Hər şeyi partiya, hökumət həll etmir. Elə məsələlər var ki, onu yazıçılar, alimlər, mədəniyyət xadimləri - bir sözlə, ictimaiyyət, xalq qaldırmalıdır. Füzulinin qırmızı sovet pasportu yoxdur ki, gedim yapışım İraq rəhbərliyinin yaxasından, deyim ki, niyə vətəndaşımın ruhuna, xatirəsinə hörmətsizlik edirsən? Qonşulara baxın, erməni həmkarlarınızdan nümunə götürün. Livanda ara bir balaca qarışan kimi oradakı üzlərini görmədikləri, adlarını eşitmədikləri soydaşlarının müdafiəsinə qalxdılar. SSRİ rəhbərliyini, dünyanı ayağa qaldırdılar. Son nəticədə istədiklərinə çatdılar. Bəs siz burada danışmaqdan, ruslar demişkən, "bir stəkan suda fırtına qoparmadan", məndən kömək istəməkdən başqa nə iş görübsünüz? Öz münasibətiniz, öz təşəbbüsünüz haradadır?
Təbii ki, yuxarıdakı sətirlərlə yarım saatdan çox çəkən məntiqli, kəskin, yanğı dolu monoloqun sadəcə ümumi ab-havasını yaratmağa çalışdım. Yadımdadır ki, qurultaya Moskvanın nümayəndəsi kimi SSRİ Yazıçılar İttifaqının katibi, köhnə bakılı Oleq Şestinski gəlmişdi. Deyəsən, rəyasət heyətində oturanlardan kimsə söhbətin nədən getdiyini izah edirdi. Çünki Heydər Əliyev sözünü qurtaranda Şestinski yerindən sıçrayıb var gücü ilə əl çalmağa başladı. Ardınca bütün salon ayağa qalxdı.
(Ardı var)
525-
ci qəzet.- 2023.- 16 noyabr.- ¹- 207.- S. 8-9.