Mənim
musiqi dünyam
Bəzən
qələmim yoxuşa dirənir, sətirlər
cığırı şaxələnir, dolaşığa
düşür. Çaşıram,
çətin döngələrlə,
sərt yamaclarla üzləşirəm. Həmin
məqamda Üzeyirin,
Fikrətin, Niyazinin, Motsartın, Bramsın, Bethovenin... musiqiləri dadıma yetir, harayıma çatır. Qəlbimə təpər,
qoluma qüvvət, dizlərimə taqət, gözlərimə işıq
gəlir. Bir də ki, bulaqların
xəfif pıçıltısını
dinləyəndə, dağların
əzəmətini, barlı-barsız
ağacların yaşıllıqlarını,
suların maviliyini, səmanın ənginliklərində
rəvan qanad çalan qartalların uçuşunu seyr edəndə xoş ovqat, dinclik tapıram. Uzaqlaşıram
düşüncələrimə hakim kəsilən qara fikirlərdən, bədniyyətlərdən və
bədniyyətlilərdən, naqis əməllərdən
və əməllilərdən.
Sətirlər səltənətinin sehrli-sirli
qapıları üzümə
açılır. Qarşımdakı
bəyaz kağızlar,
dərin-dərin mətləblərdən
soraq verən mürəkkəbin solub-saralmayan
rəngi ilə zinətlənir. Qeybdən
peyda olan ilham köhləni nəfəs dərmədən
mənzil başına
doğru baş alıb gedir, mən də arxasınca. Dərələrdən
keçirəm, tapları
aşıram. Ancaq... Ancaq yorğunluq ahıllığımı üstələyəndə,
qəddimi düzəldib
ayağa qalxıram, yazı masamdan aralanıram. Dinclik, sakitlik axtarışına
çıxıram. Yaşıllıqlar
diyarına, dəniz sahilinə üz tuturam.
Səksən səkkizimin payızında
ömrümə ömür
calayan yazı masamın arxasından qalxıb Bakının gözəl guşələrindən
olan Zabitlər bağına güzar saldım. Fəvvarələrin
əhatəsindəki hündür
ağacların qədd-qamətinə,
qol-budağına riqqətlə
nəzər yetirdim. Qəlbim ehtizaza gəldi. Neçə-neçə
müsafir yola salan bu qədim
ağaclarla təmasda
oldum. Məni tanıdılar. Nə gizlədim, ilk təhsilimi müəllimlər
müəllimi təbiətdən,
öyüd-nəsihətimi Sokrat kəlamlı kənd müdriklərindən
almışam. Ona görə də təbiətin və onun yaratdığı varlıqların dilini bilirəm. Bu da bir qismət...
Tanrının mənə
bəxş etdiyi ilahi qisməti. Yazıb-yaratdığım əsərlərin
ab-havasına poetik vüsət verən qismət.
Payızın ilıq mehi əsdikcə qol-boyun olan ağaclar bir-birinə sığınıb,
xısın-xısın pıçıldaşırdılar.
Nədənsə, kimdənsə
giley-güzar edirdilər,
dərdləşirdilər. Bəlkə də canlı məxluq kimi nə isə
demək, həyəcan
təbili çalmaq istəyirdilər. Diqqətlə
qulaq asdım. Şəhərə yar-yaraşıq
verən təbiət
inciləri deyirdilər:
– Özümüzü amansız-aramsız küləklərə
sipər edirik. Həndəvərimizə sərinlik
yayırıq, ətrafımızda
dolaşan ahıllara-cahıllara,
beşikdəki körpələrə
xoş ovqat, tərtəmiz ab-hava bəxş edirik. Ancaq belə bir lütfkarlığın
müqabilində qədir-qiymətimiz
bilinmir. Qəsdimizə
dolanların qabağına
durmurlar. Yaşıl qiyafəli, şeytan əməlli sarmaşıqlar
bizə qənim kəsilib. Qol-qanadımıza
sarmaşıb,insafsızcasına
ətimizi-qanımızı sorurlar. Barsız-bəhrəsiz,
qolsuz-qanadsız, kölgəsiz
müzürlər başımızdan
yuxarı qalxıblar.
Bu da azmış
kimi, qəddi-qamətimizə
rişxənd də edirlər. Nə zillətlə torpağın
dərinliklərindən çəkib
gətirdiyimiz şirəmizi
sorub bizi yaman günə qoyublar. Günbəgün
quruyuruq. Sahiblərimiz
halımıza yanıb,
dərdimizə çarə
qılmaq əvəzinə
bu müzürlərin
nazını çəkirlər.
Təəssübkeşlərimiz vaxtında ayılmasa quruyub, məhv olub bu gözəl
məkanı biryolluq tərk etməliyik...
Ağacların bu niskilli giley-güzarını
eşidəndə mütəəssir
oldum. Onun qanadları altında əylənib dincəlməyə
daha haqqım çatmırdı. Xoş
əhval-ruhiyyə niyyətində
ikən, incə qəlbimə kədər
çökdü. Bu dilsiz-ağızsız ağacların
getdikcə qurumaq, yox olmaq dərdi
mənə də sirayət elədi. Kor-peşman ayağa qalxdım, qol-qola verən təbiət gözəllərinə üzrxahlıq
edib bu dilbər
guşəni tərk etmək qərarına gəldim. Həmin anda yaxınlıqdakı çoxmərtəbəli binanın
yarıaçıq pəncərəsindən
süzülüb gələn
musiqinin sədasını
eşitdim və ayaq saxladım. Sanki başqa bir aləmə düşdüm. Xəyal
dünyama qovuşdum.
Məni sehrinə alan musiqinin qanadlarında arxada qalmış yarıməsrlik
ömür yolumu bir göz qırpımında
qət etdim. Ötən əsrin əllinci illərinə qayıtdım. Bərgüşad
və Həkərli çaylarının bir vaxt şirin layla çaldığı,
indi isə yas tutduğu Qubadlı elini dəli bir həsrətlə
seyr etdim...
Onda
maarif işçisi idim. İnspektor kimi at belində
kəndbəkənd düşüb
məktəblərə baş
çəkirdim. Elmin
ilk bünövrə daşı qoyulan təhsil ocaqlarını gözdən-nəzərdən keçirirdim. Və insan qəlbinin mühəndisləri olan cəfakeş, görüb-götürmüş
mələksima müəllimlərlə
təmasda olurdum. Onlarla məsləhət-məşvərət
edirdim. Nəzərə
çarpan, üzə
çıxan əyər-əskik
cəhətləri düzəldib
yoluna qoymağa çalışırdım.
lll
Kiçik qəsəbəyə
bitişik olan bağ-bağatın arasında
müəllimlər üçün
tikilmiş binanın bir otağı mənə verilmişdi. Mətbəxi, aynabəndi,
dəhlizi olmayan iyirmi kvadratmetrlik kiçik bir mənzil. İçərisində
də bir cüt dəmir çarpayı. Yazı masası, odun sobası, qulplu sapılca, bir nəfərlik qab-qacaq, qaşıq, vəssalam. Bir küncdə də bişirilməsi mənim üçün asan olan beş-on
yumurta, kartof, soğan, yağ dolu kiloluq banka.
Bir də ki, mis çaydan,
qənd şəkər
tozu. Bu dəbdəbəsiz həyat
tərzi, məişət
şəraiti məni
heç də bezdirib ikrah hissi yaratmırdı. Bəzən biş-düş
eləyəndə, əlim
yananda, heç də hövsələdən
çıxmırdım. Əksinə
hazırladığım xörəyin
dadı-tamı mənə
ləzzət verirdi. Çünki yeyib-içdiklərimdə
barmaqlarımın rayihəsini,
qalayı getmiş qulplu sapılcanın hərarətini duyurdum. Lakin belə bir şəraitə görə mənə ərki çatanların məzəmmətinə məruz
qalırdım:
– Niyə evlənmirsən?
Tay-tuşlarının uşağı
məktəbə gedir!...
Bu barədə
mən özüm də özümə az sual vermirdim.
Məgər evlənməyə
əsilli-nəsilli bir
insan övladı qəhət olmuşdu? Xeyr! Ürəyimə yatan gözaltılarım
vardı. Ancaq onların əkin-biçinlə
əlləşən rəncbər
atama qarşı nə dərəcədə
nəzakətli, ləyaqətli
gəlin ola biləcəyi məni daha çox düşündürürdü. Nə zillətlə məni boya-başa çatdıran valideynlərimlə
sevib-seçdiyim qız
rəncbər atamla, qoca nənəmlə ədəb-ərkanla, nəzakətlə,
nəvazişlə davranarmı?!
Axır ki,
institutu yenicə bitirib qonşu kənddəki məktəbdə
dərs deyən gənc bir müəllimə
ilə ulduzumuz barışdı... Atası
Vətən müharibəsində
həlak olub, anası məktəbdə
katibə. Dörd bacı, bir qardaş. Dostlarımdan biri bunu biləndə
məni qınadı:
– Səni uzaqgörən
adam hesab edirdim, – dedi. – Görünür, zənnimdə
yanılmışam. Bekara
yerdən yapışmısan!
Yetim-yesir saxlamaq elə sənə qalıb?! Bir varlı-hallısının qızını
al, saa arxa
olsun. Atam yaxınlıq etdiyi və gediş-gəlişi
olan hörmətli bir nazirin qızını
mənə ad eləyib, sən də sərçəni lap gözündən vurmusan. – Dostum ikrahla başını buladı.
Bu cür
bayağı söz-söhbətlər,
dəlil-dəlalətlər qulağıma girmirdi. Ailə həyatı qurmaq barədə ölçüb-biçdiyim, dönə-dönə
götür-qoy etdiyim
qərar qətiləşdi...
Hərdən vaxt tapıb Bərgüşadın
sağ sahilində meşələrlə örtülmüş
dağın ətəyindəki
on bir evli
kəndə at sürürdüm. Evlənəcəyim
xanımın dünyaya
göz açdığı
kəndə. Otağın
tavanından ətirli
alma-armud, dəhlizindən
qarğıdalı, pəncərədəki
dəmirlərdən saç
hörüyü kimi əvəlik, qırmızı
bibər, üzərlik
asılmışdı. Torpaq
döşəməli bir
otaqlı ev getdikcə mənə doğmalaşırdı. Həyətdəki
köpək də ilk günlərdə olduğu kimi daha üstümə dartınmırdı.
Saçlarına vaxtından əvvəl dən düşən qaynanam diribaş, səriştəli qadın
idi. Sürüynən
mal-qara, hinduşqa saxlayır, ailəsini kənddəki başıpapaqlılardan
yaxşı dolandırırdı...
Övladlarını da
işə-gücə alışdırmışdı...
Və deyərdim ki, mənə canıyananlıq edib məsləhət verən
“ağıllı” dostumun
nazir qaynatasından çox-çox təpərli
idi. Kənddə hamı qaynanamın evdarlığına, dordolanışığına,
yığımcıl qadın
olmasına qibtə edirdi. Lakin nişanlımın
anası hərdənbir
evin aşağı küncündəki dəmir
qurşaqlı iri sandığı açıb
Hitlerin müharibəsində
həlak olmuş ərinin şəkillərinə,
saralıb-solmuş məktublarına
baxıb xısın-xısın
yaş tökməsi mənə də niskilli təsir bağışlayırdı və
hənirtimi eşidən
kimi tez sandığı bağlayıb
həyalı çöhrəsini
əks tərəfə
çevirirdi ki, onu gözü nəmli görməyim. Mənsə bu məşum mənzərəni
hiss etsəm də, gözü yaşlı qadını sorğu-suala tutub onsuz da ağır
olan dərdini dərinləşdirmək istəmirdim.
lll
Toy günümüzə
az qalırdı. İdarədə zəruri
işlərimi qaydaya salıb mənzilimə yollandım. Qarşı-qarşıya
dayanan dağların arasındakı qəsəbənin
səmasında cövlan
edən buludlar getdikcə sıxlaşırdı.
Qapını açıb
içəri daxil olanda göyün üzü damarlandı, ildırım çaxdı,
yer-göy silkələndi.
Şiddətli yağış
başladı. Toz basmış neft peçini yandırıb özümə yüngülvari
yemək düzəltdim.
Hazırladığım xörəyi
iştahla yeyib, bir-iki stəkan çay içdim. Və qayışımın
altını bərkidəndən
sonra o qədər də böyük olmayan yazı masamın arxasına keçib, qarşıma ağ kağız qoydum, əlimə qələm aldım. Nəsə yazıb-pozmaq istədim. Ancaq pəjmürdə olduğum
üçün fikrimi
cəmləşdirə bilmədim.
Əlimi üzümə
qoyub fikrə getdim. Divardakı mismardan asılmış təvərə radionun xırıltılı səsi
kiçik mənzilimə
çökən sükutu
pozurdu. Özümdən
asılı olmayaraq hərdən göz qapaqlarım yumulur, məni yuxu tuturdu. Radionun verilişi dəyişdi, musiqi başladı. Gözlərimi geniş açıb özümü
düzəltdim. Elə
bil mənzilimə çökən mənhus
sükut yox oldu. Divarlar işıqlandı. Bəstəkar
Soltan Hacıbəyovun
“Gülşən” baleti
sanki məni zülmət qaranlıqdan
xilas edib parlaq gündüzə qovuşdurdu. Ömrümdə
ilk dəfə eşitdiyimə baxmayaraq bu balet musiqisi
bütün varlığımı
fəth etdi. Pəncərədən görünən
ağacların yaşıl
qiyafəsi də bir andaca təravətləndi.
lll
İstər kədərli, istərsə
də şən dəqiqələrim olsun,
aradan neçə onilliklər keçsə
də, ilk dəfə eşitdiyim hər hansı musiqi məni həmin anlarıma qaytarır, həmin günlərimi yaşayıram.
Bakının Zabitlər
bağında olduğu
kimi. “Gülşən”in
sədası məni ötən əsrin ortalarına apardı. Mənsizləşən mənzilimə
qovuşdum. Ömrümə
qənim kəsilən
ahıllığımdan uzaqlaşdım.
Gənclik çağlarıma
qayıtdım. Gec də olsa sevgi
macəramı qələmə
almalı oldum. Eh! Düz, əyri,
bu da mənim
xasiyyətimdir. Özümə
xas olan xasiyyət. Hər dəfə Fikrət Əmirovun “Şur” simfonik muğamı səslənəndə başa
vurduğumuz əsrin əllinci illərinə qayıdıram. Turşsu meşəsinin ətəyində,
Ağdamdan Laçına
gedən magistral yolun kənarında un yüklü
maşının üstündə
gecələyirəm. Niyazinin
“Rast” simfonik muğamı çağlayanda “İnturist”
mehmanxanasında sonbeşik
övladımın neçə
il bundan əvvəl Tibb İnstitutunu bitirməsi münasibətilə təşkil
etdiyim ziyafətdə
şənlənirəm.
Gül-çiçəklərə
də münasibətim
belədir. Musiqiyə
olduğu kimi. Ötən əsrin yetmişinci illəri. Bahar müjdəli mart ayı. Əsəblərim pozulmuşdu.
Nə gizlədim, gecələr eymənirdim,
tək yata bilmirdim. Xeyirxahım olan, ailəvi dostum Süleyman Ələsgərov işini-gücünü
atıb müalicə
üçün məni
Mərdəkana, Teymur
Quliyevin adını daşıyan bağlı-bağatlı
sanatoriyaya apardı. Həyətdə sarı çiçəyi, kəskin
qoxusu olan nərgiz gülünü
ilk dəfə burda gördüm. Ağ xalatlı həkimlərlə, tibb bacıları ilə əhatə olunduğum böhranlı günlərimdə.
O vaxtdan qaçıram
nərgiz gülündən.
Çünki görəndə
mənə səhhətimin
böhranlı anlarını
xatırladır. Ovqatım
korlanır.
Qubalı günlərim.
Şəhərin kənarından
keçən Qudyalçayın
sahillərini dolaşırdım.
Ətirşahın qoxusunu
duydum. Tez ayaq saxladım. Xəyallandım. Doğma
kəndimi, Bərgüşadla
həmsöhbət olan
Çay bağlarımızı
xatırladım. Rəncbər
atamın kərəntisinin
səsini dinlədim. Ətirşahın rayihəsinə
qərq olan Çay bağında. Bəlkə də onun adı ətirşah
yox, ətirlərin şahıdır. Deyərdim
ki, belə bir ifadə daha doğru-dürüst olardı. Yarpaqlarından təzə dilimlənən
tər limonun qoxusu gəlir. Diqqətimi cəmləşdirib
Qudyalçayın yaşıl
sahilindəki Qubernator
bağını qarış-qarış
dolaşdım. Axır
ki, tapdım ətirşahımı. Rayihəsi
bihuş etdi məni. Bir anlığa özümü
gəncliyimin izi qalan Çay bağımızda hiss etdim. Ətirşah bir dünya sevinc bəxş etdi mənə. Ona görə də asudə vaxtlarımı Qubernator bağındakı qədim
ağacların kölgə
saldığı ətirşahlı
yaşıllıqları seyr
edəndə dərin-dərin
xəyallara dalır, gəncliyimin unudulmazlığında
yaşayan Çay bağında olur, əlimə məktəbli
çantası alır,
pioner qalstuku bağlayır, atam iri qabarlı əllərini nəvazişlə
gur saçlarımda gəzdirir.
lll
Yuxarıda qeyd
etdiyim kimi, ahıl çağımda
musiqi yenə də məni Zabitlər bağında qanadına aldı. Xoş təranələrin
büküb həsrətində
olduğum yurd-yuvama apardı. Fərəhli günlərimə qaytardı.
Ahıllığımın giley-güzarından ağrısından-acısından
xilas etdi. Sevib-sevildiyim anlarımı
yaşatdı.
lll
Artıq yağış
səngimişdi. Mənzilimin
şifer döşəməsinin
kənarlarından tək-tək
damcılar düşürdü.
Deyirlər, su aydınlıqdır. Ona görə də ulu göylərdən süzülüb gələn
damcılar təbiətin
mənə mərhəmətlə
xeyir-dua verməsi kimi səslənirdi. Və sanki “Gülşən”in təranələrinə
qovuşub qarşıdakı
toy mərasiminin kəm-kəsiri barədəki
dumanlı fikirlərimi
müşayiət edirdi...
Və tənhalığımla
həmdərd, həmsöhbət
olurdu.
lll
Atam neçə
gün idi özünü oda-közə
vurub toy tədarükü görürdü.
Aldığım aylıq
məvaciblə özümü
güclə dolandırırdım.
Ona görə də toyun bütün
ağırlığı atamın
boynunda idi. On puddan çox çəltiyi qapıdakı
dingdə döyüb,
düyüsünü bazarda
satmışdı. Təzə
höyürə gələn
düyəni satıb
pul eləmişdi. Gecə məclisini əyləndirmək üçün
qonşu rayondan olan sazlı-sözlü aşıqlara əvvəlcədən
beh vermişdi. Gündüzlər çalıb-oynamaq
üçün, toyçuların
yerini eləmişdi. Məni ən çox düşündürən
toy günü gəlinin gəlməsi idi. Maşın işləmir, Bərgüşadın
coşqun sularını
keçmək üçün
körpü yox. Hər ata da
bel bağlayıb,sürüşkən
daşları olan çaya girmək müşkül məsələ
idi. Şər deməsən xeyir gəlməz. Çayın
dərin yerində at kəllə-mayallağ olsa necə? Eşidib bilən bizə nə deyər! Fikirləşdim
ki, kənddəki yük atlarındansa, öz mindiyim köhlən yaxşıdır.
Qəmər at bərkə-boşa çox
düşüb. Dava vaxtı neçə il orduda olub,
təlim görüb,
necə deyərlər,
insan kimi dil bilir. O vaxt
Sovet ordusundan tərxis olunan atları rayonlara paylayıb, maşını
olmayan idarələrə
verirdilər. Maarif şöbəsinə ayrılan
at mənə təhkim olunmuşdu. Saxlanma xərcini hökumət verirdi. Hündür boyu, enli sinəsi, qara yal-birçəyi olan qəmər atı kənddə atam saxlayırdı. Hökumət atı kimi atam ona
xüsusi fikir verirdi. Qoymurdu arpa-samandan korluq çəksin. Hər gün qaşovlayıb, canı-dildən tumarlayırdı.
Vaxtı gələndə
də ipçin nalladırdı. At mənlə atamdan başqa heç kəsi yaxın buraxmırdı. Yola çıxanda özünə
qamçı vurdurmazdı.
Ayağımı üzəngiyə
qoyub belinə aşırılanda altımda
quş kimi qanad açırdı. Dördnala qalxanda heç bir at onunla ayaqlaşa
bilməzdi. Qaranlıqda
kəndlərdən keçəndə
qanıq itlər üstümüzə cumurdu.
Lakin qəmər at itlərə bac vermirdi. İrəli
soxulmaq istəyənləri
necə vururdusa, zəncirli-zəncirsiz köpəklərin
zingiltisi kəndin o başına gedirdi. İt
sahibləri qənşər
bir yerə çıxıb kimliyimi bilmədən gecənin qaranlığından arxamca
söyüb-söylənirdi. Qəmər atın isə vecinə deyildi. Altımda kəklik kimi səkirdi. Arxadan quyruğuna ağız atmaq istəyən qurdboğan köpəkləri
ipçin nallanmış
təpiyi ilə vurub yerə sərirdi. Yeri gəlmişkən onu da deyim ki,
bir dəfə günün-günorta çağı
Kürd kəndinin yaxınlığında at
ilxısına rast gəldim. Ayğırın
hücumuna məruz qalmamaq üçün cilovu təkqanad edib, səmti dəyişmək və başqa bir yolla getmək istədim. Lakin mümkün olmadı. Burada yol sıldırım
qayalıqlardan, kol-kosla
örtülmüş dağ
yamaclarının arasından
keçir. Qarşı
tərəfdəki düzənliyə
at ilxısı yayılmışdı. Qəmər
atı dördnala çapıb ilxıdan yan keçmək istədim. Lakin mümkün olmadı. İlxını qabağına
qatıb ora-bura hərləyən göydəmir
ayğır qaraltımızı
alan kimi bizə tərəf götürüldü. Əlimdəki
qamçını başımın
üstündən tovlayıb
qışqırdım ki,
ayğır geri çəkilsin. Lakin gözləri hədəqədən
çıxan ayğır
haray-qışqırığı vecinə almadı. Və qulaqlarını qırpıb, boynunu şax tutub üstümüzə cumdu.
Altımdakı qəmər
at döyüşə
hazır imiş kimi qorxub-çəkinmədən
dal ayaqları üstünə qalxıb
ayğırla döş-döşə
gəldi. Ayğırla
qəmər atın vuruşmasının qaçılmaz
olduğunu hiss edib tez yəhərdən
aşırılıb kənara
çəkildim. Atlar
gah şahə qalxıb bir-birinə ağız atır, gah da arxalarını
çevirib nallı ayaqları ilə bir-birinin qabırğasına
ağır zərbələr
endirirdilər. Atların
döyüş səhnəsi
məni təbdən çıxarmışdı. Və
nə etməli olduğunu bilmirdim. Axır ki, qəmər
at rəqibinin boynundan yapışıb ayğırın dizlərini
yerə qoydu. Ayğır yorulub heydən düşmüşdü
və məğlubiyyətini
etiraf edirmiş kimi müqavimət göstərmirdi. İrəli
yeriyib qəmər atın üstünə çəmkirdim... Nəhayət,
qəmər at ayğırın boynunu buraxıb geri çəkildi. Boyun-boğazından
qan axan ayğır qəmər atın dizləri altından qalxıb üz qoydu qaçmağa.
Qəmər at onu bir qədər
təqib edib töyşüyə-töyşüyə geri döndü. Sağrısından qan axan qəmər at hələ də hikkəli idi. Onun burun
pərələrindən sanki
isti-buxar püskürürdü.
Sinəsi zədələnmişdi.
Belindəki yəhər
qarnının altına
əyilmişdi. Qəmər
atın qələbəsini
təqdir edib, əlimi yal-quyruğunda gəzdirəndə barmaqlarıma
qan ləkəsi bulaşdı. Yəhəri
düzəldib atın
belinə aşırıldım.
Qəmər at hərdən boynunu gərib ilxıya tərəf boylanır və ayğırı hədələyirmiş kimi
kişnəyirdi...
lll
Mənzilimin divarından asılmış
təvərə radiodan
süzülüb gələn
balet musiqisi, bir də ki,
çöldəki damcı
səsləri toy mərasimi barədəki düşüncələrimi müşayiət
edirdi. Və qəmər atın şücaətini xatırlayanda
əmin oldum ki, o heç vaxt çayda büdrəməz. Və evimizə gələn gəlini Bərgüşadın
coşqun sularından
zavalsız keçirər.
Mənə təsəlli
verən bir də o idi ki,
qonşu kənddən
gələn toy atlılarının yolu dağlardan, meşələrdən,
yalçın qayaların
keşik çəkdiyi
gen dərələrdən,
yaşıl-yaşıl yamaclardan,
bakirə çöllərdən
keçir. Onlara ilk xeyir-dua verən
bu yerlərin xınalı kəklikləri
olacaq. Dəstənin önündə ayğırlara
bac verməyən və qara birçəkləri
geniş alnına tökülən qəmər
at sahibinin zövcəsini apardığı
ilə fəxr edib, nazlana-nazlana, şövqlə səkəcək.
lll
Bütün bunları düşündükcə
rahatlıq tapırdım.
Divardakı təvərə
radio susmuşdu. Artıq damcı səsləri də kəsilmişdi. Sehrinə
düşdüyüm xəyallar
aləmini tərk edib ayağa qalxdım. Mənzilin qapısını bağlayıb
yaxınlıqdakı yaşıl
otlaqlara tərəf yönəldim. Qəlbimə
hakim kəsilən “Gülşən” baletinin musiqisini zümzümə
edə-edə qəmər
atın hörüyünü
açıb yəhərlədim.
Qəmər at rayon mərkəzi ilə kəndimizin arasındakı dörd saatlıq enişli-yoxuşlu
piyada yolunu bir göz qırpımında
qət etdi.
Toyun başlanmasına
üç gün qalırdı. Atam toyla əlaqədar bütün hazırlıq
işlərini vaxtında-vədəsində
görüb arxayınlaşmışdı.
Toyçular gəlinin
gəlməsini gözləyirdi.
Mən valideyn-oğul
arasındakı abır,
ismət pərdəsini
pozub, toyla əlaqədar atamla kəlmə kəsib danışmırdım. Kəndimizin
arxasındakı ağ,
yastı təpənin
üstünə qalxıb
ətrafdakı dağları,
bağları, yal-yamacı
heyranlıqla seyr edirdim. Qonum-qonşu, toy atlılarının kəndə yaxınlaşdığını
görəndə qazını,
ördəyini, hinduşqasını,
toyuq-cücəsini hinə
yığırdı ki,
bu vurhavurda gözə dəyməsin.
Əks-təqdirdə dəstənin
qabağında gələn
çiyni tüfəngli
atlıların gülləsinə
tuş ola bilərdi. Kəndimizin toy adəti belədir. Gəlini müşayiət edən
silahlılar qarşılarına
çıxan ev quşlarını nişan
alırdılar. Toyun şən keçməsi
üçün bu da bir adət
idi. Və buna görə heç kəs küsüb-inciməzdi.
lll
...Gün əyiləndə
çalğıçılar işə başladı. Qara zurnanın zil səsi kəndi
əhatə edən dağları, qayaları lərzəyə gətirirdi.
Dəf vuranla balabançı öz məharətlərini vəcdlə
nümayiş etdirirdilər.
Geniş meydançada
onları dövrəyə
alan qoca-cavan, qız-gəlin, cahıl-cuhul
ürəklərinə yatan
havaları sifariş verib, sonra da
qol götürüb ortalıqda dövrə vururdular. Axşam düşəndə adamlar
xalı-xalça döşənmiş
otaqda cərgə ilə bardaş qurub, sinədəftər aşıqlara diqqətlə
qulaq asırdılar. İstər çalğıçılar,
istərsə də aşıqlar toy məclisində verilən
şabaşa zəhmət
haqqı kimi qane olurdular.
lll
Bahalı-bahalı nişan üzüyü, daş-qaş məsələsi
heç kəsi düşündürmürdü. Toy xonçası açılanda qızın
anası bircə onu demişdi ki, daş-qaş, bəzək-düzək nəyimizə
lazımdır! Təki
insanlıq, arada xətir-hörmət olsun.
Toydan bir
neçə gün sonra qaynanam qızın görüşünə
gəldi. Cehiz də gətirmişdi. Armudu samovar, əldə toxunma kilim, vəssalam. Qaynanam kilimi açanda: – O vaxt Qaryagin bazarından bir inəyə almışıq-dedi. Onda
təzə evlənmişdik.
On metr boyu, dörd metr eni. Evin divarından
asanda yarısı yerə tökülür.
Böyük olduğundan,
yük üstünə
çəkməyə də
yaramır. Ona görə də işlətmirik. Bürüb-büküb
qoymuşuq bir qırağa. Fikirləşdim
ki, elə yerinə düşdü,
qızıma cehiz verim...
Qaynanam bu
sözləri deyəndə,
daxilən kilimin alındığı bəxtəvər
günlərini xatırladı.
Davada itkin düşən ərini gözünün qabağına
gətirdi. Ancaq niskilini büruzə verməsə də, onun səsinin ehtizazında çətin
sezilən bir kədər duyurdum. Atam ötkəm görkəm alıb söhbətə qarışdı:
– Bir halda
ki, qohum olmuşuq, gərək saf söz danışaq,-dedi. – Bayaqdan dillənmirəm, mənim
aləmimdə cehiz-mehiz
boş şeydi. Qızın ağlı-kamalı,
ədəb-ərkanı olsun,
oturuşunu-duruşunu bilsin.
O olmadı, özüynən
bir dam qızıl
gətirsə də, qara qəpiyə dəyməz. İkincisi də, vallah, evimizdə xalı-xalçadan
yer yoxdur. Arvadlar ildə birini toxuyub atırlar ora. İndi bu kilimi
də gətirmisən,
sağol yaxşı eləmisən.
Bundan qiymətli nə ola bilər?! Bazara çıxartsan, ölüsü
iki atın qiymətinə gedər. Ancaq bizə gərək deyil. Kilimi qaytar apar.
Sonra özünə lazım olar, o biri qızlara verərsən.
Qaynanam atamın
sözünü çevirmədi.
lll
Ötən əsrin
ortalarında İlk dəfə eşitdiyim musiqi, bax, beləcə
məni Bakının
səfalı guşəsində
qanadına aldı. Ahıllığımdan cahıllığıma
qaytardı. Əsirlik
əzabına düçar
olan isti yurduma qovuşdurdu. Mənsizləşən mənzilimin
qapısını açdım.
Təvərə radiodan
süzülüb gələn
“Gülşən” musiqisinin
səsini-sədasını dinlədim. Kəhər ata süvar oldum. Toy mərasimində
şənləndim. Rəncbər
atamın solğun çöhrəsində dərin
izlər salan çalın-çarpaz qırışlardakı
zəhmət, əzab-əziyyət,
halallıq, mərdlik
salnaməsini oxudum və Zabitlər bağında cərgələnən
ağacların xəcalətindən
çıxacağımı vəd edib... sakit addımlarla geri döndüm.
Bu da ahıllığımın bir
günü.
lll
Yaradan birdi, yaranan çox. Bir-birinə bənzəməyən məxluq.
Hər kəsin də öz aləmi, öz dünyası. Bu da mənim
musiqili, ətirşahlı
dünyam. Çoxu gedib, azı qalan dünyam. Gəncliyimdən uzaq düşüb, ahıllığımla
üzbəüz qalan
dünyam. Parlaq gündüzlərini, aylı-ulduzlu
gecələrini, tərk
etməyə tələsmədiyim
dünya. Çarxı
tərsinə fırlanıb
məni Qubadlıya həsrət qoyan dünya... Ahıllığımı
niskillərə qərq
edən sirli, soraqlı dünya...
20 yanvar 2015-ci il
Əli İldırımoğlu
525- ci qəzet.- 2023.- 17 noyabr.-
¹- 208.- S. 12- 13