Ali diqqət və rəğbətin
dəyişməz ünvanı: Yusif Səmədoğlu
Elnarə QARAGÖZOVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
Ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat
xadimlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşıb. Akademik İsa Həbibbəyli Ulu öndərin ədəbiyyat sevgisi və ədəbiyyatımıza
qayğısı haqqında
"Heydər Əliyevin
böyük ədəbiyyat
siyasəti" məqaləsində
yazır: "Heydər
Əliyevin dövlətçilik
təfəkkürünün formalaşmasında, görkəmli
dövlət xadiminin zəngin mənəviyyata
və geniş dünyagörüşə malik
nəhəng şəxsiyyət
masştabını fəth
etməsində ədəbiyyat
və incəsənətin
də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə
cəmiyyətin və
şəxsiyyətin inkişafında
bədii ədəbiyyatın
mühüm əhəmiyyətini
bəyan etmişdir.
Ulu öndər həmişə bu fikirdə olmuşdur ki: "Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır,
daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir". Həqiqətən, tarix boyu böyük
ədəbiyyat həmişə
dünyanın qüdrətli
dövlət xadimlərinin,
böyük siyasətçilərin
və sərkərdələrin
həyatında və
fəaliyyətində mühüm
yer tutmuş, böyük rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində
ədəbiyyat faktorunun
yeri, rolu və imkanları çox geniş miqyası əhatə etmişdir. Hər şeydən əvvəl,
onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir".
Xalq yazıçısı Yusif
Səmədoğlunun da
yaradıcılığı, fəaliyyəti daim Ulu öndərin diqqət mərkəzində
olub. Ümummilli lider Heydər Əliyev Yusif Səmədoğlunun 60 illik
yubleyi ilə bağlı çıxışında
ədibin yaradıcılığına
yüksək qiymət
verərək bildirmişdi:
"Yusif Səmədoğlu
bizim millətimizin xoşbəxt insanlarından
biridir. Çünki o, böyük şair,
böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı
olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü
böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir.
Bəlkə elə bu bəs olardı. Ancaq bununla yanaşı,
bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb,
ərsəyə gəlib
atasının yolunu davam etdirmək və cəmiyyətdə
özünəməxsus, məhz
özünəməxsus yer
tutmaq, - bu, böyük xoşbəxtlikdir,
cəmiyyətimizin içində
insan üçün,
şübhəsiz ki,
nemətdir..."
1990-cı
il yanvarın
19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda
törədilən kütləvi
qırğın, faciə,
azadlığın qanda
boğulması Yusif Səmədoğlunu bir ziyalı kimi ayağa qaldırdı. Azadlıq meydanında xalqın yanında olan, azadlıq mübarizəsini
ön sıralarında
vətən oğullarına
mənəvi dəstək
olan Yuisf Səmədoğlu bu vəhşiliklə bağlı
həqiqətləri "Azadlıq"
radiosu vasitəsilə
dünya ictimaiyyətinə
çatdırmaqla bir
ziyalı kimi tariximiz, vətənimiz qarşısında müstəsna
xidmət göstərmiş
oldu. Ümummilli
lider Heydər Əliyev ədibin 60 illik yubileyində çıxışı zamanı
Yusif Səmədoğlunun
bu müsahibəsinin önəmini xüsusi vurğulayaraq demişdi:
"O vaxt - yanvarın
20-də mən çox
həyəcan içində
idim. "Azadlıq"
radiostansiyasının verilişlərini
tutdum və o verilişlərdən Azərbaycanda
olan vəziyyəti özüm üçün
müəyyən qədər
aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi
ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər
İttifaqının böyük
qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına
telefonla nə qədər həyəcan
hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən
bunları "Azadlıq"
radiostansiyasından Yusifin
səsi ilə özüm eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu,
sadəcə mənim
şəxsən hiss etdiyim
bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır
dövründə, 20 Yanvar
faciəsi ərəfəsində
və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri
idi və onun siyasi fəaliyyəti,
ictimai fəaliyyəti
çox olubdur..."
Keçmiş Azərbaycan SSR-nin
son Ali Sovetinin üzvü
olan Yusif Səmədoğlu 7 mart 1991-ci ildə
Ali Sovetdə SSRİ-nin
saxlanması ilə bağlı referendum keçirilərkən
SSRİ-nin ləğvinə
və Azərbaycanın
müstəqil olmasına
səs verərək
43 nəfər "istiqlalçı
deputat"dan biri kimi müstəqil Azərbaycan tarixinə daxil oldu. 1995-ci
ilin noyabr ayında müstəqil Azərbaycan Respublikasının
Milli Məclisinə üzv seçilən Yusif Səmədoğlu deputat kimi də
ictimai-siyasi tariximizdə
öz imzasını təsdiq etmiş oldu. Xalq yazıçısı millət vəkili kimi bir sıra
xarici səfərlərdə
nümayəndə heyətlərinin
tərkibində Ümummilli
lider Heydər Əliyevi müşayiət
etmişdi. Ulu öndərin
1996-cı ildə qonşu
Gürcüstan Respublikasına
səfəri zamanı
da Yusif Səmədoğlu nümayəndə
heyətində idi.
Ulu öndər şərəfinə təşkil
edilmiş rəsmi ziyafətdə çıxışı
zamanı demişdi:
"Tarix boyu xalqlarımızın bir-biri
ilə sıx əlaqələri haqqında
burada saysız-hesabsız
dəlillər, faktlar
gətirmək olar. Bizim mütəfəkkir insanlar,
ziyalılar, alimlər,
yazıçılar, bəstəkarlar,
rəssamlar, adi adamlar daim dostluq
edib, ağır gündə bir-birinə dayaq olub, şən
gündə isə bir-birinin məclisində əyləşiblər. Dostum Eduard Şevardnadze
bizim böyük şairimiz Səməd Vurğunun sözlərini
xatırladı. Mənim isə
Səməd Vurğunla
Georgi Leonidzenin dostluğu xatirimdədir.
Bu, nə qədər
də səmimi bir dostluq idi!
Onlar bizim xalqlara nə qədər böyük töhfələr verib gediblər! Onların və eyni zamanda
Qriqol Abaşidzenin və Rəsul Rzanın, İrakli Abaşidzenin və Səməd Vurğunun, müasirlərimizin bizə
bəxş etdikləri
irslər hamımız
üçün həm
qiymətlidir, həm də bu dostluğumuzu
irəliyə aparmaq üçün böyük
mənbədir. Bu gün bizim nümayəndə heyətinə
mərhum Səməd
Vurğunun oğlu Yusif Səmədoğlu da daxildir. O, bizim parlamentin üzvü və parlamentin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komissiyasının sədridir".
Yusif Səmədoğlunun
xəstəliyindən xəbər tutan Ulu öndər onun sağalması
üçün bütün
mümkün imkanlardan
istifadə etmiş,
yazıçının müalicəsi ilə bağlı xüsusi göstəriş vermişdi.
Lakin bütün cəhdlərə
baxmayaraq, Yusif Səmədoğlu
1998-ci il avqustun 16-da vəfat
etdi. Fəxri xiyabanda dəfn olunan böyük yazıçı Azərbaycan
xalqına "XX əsrin ən yaxşı Azərbaycan
romanı" seçilən (2014) "Qətl günü" romanını, hekayələrini,
filmlərini, tamamlaya bilmədiyi "Deyilənlər
gəldi başa..." romanını və
iki qız övladını - Mehriban və Humay Vəkilovaları
yadigar qoyaraq əbədiyyət
yolçusuna çevrildi.
Vəfatından sonra çap olunan, tamamlaya bilmədiyi "Deyilənlər gəldi
başa" romanı ilə
ölümündən sonra da oxucusu ilə
görüşməyə, onu yeni əsəri ilə heyrətləndirməyə
nail olan Yusif Səmədoğlunun ədəbi
yaradıcılığı dünən olduğu
kimi, bu gün də ədəbi tənqidin və
ədəbiyyatşünaslığımızın diqqətindədir.
525-ci qəzet .- 2023.- 21 noyabr, №
210.- S.14.