Tarix səhifəsindəki işıqlı sima: Lalabəyim Naxçıvanskaya

Musa RƏHİMOĞLU - QULİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

(Əvvəli ötən sayımızda)

7 iyun 1846-cı ildə Lalabəyimin qardaşı həmin idarəyə göndərdiyi xahişnamədə yazır: "Bacım Lalabəyimin qəyyumluğa verilməsinin dayandırılmasına dair iki xahişnaməni siz əlahəzrətlər diqqətdən kənarda saxlamısınız. Ancaq mən yenə də bacımın qəyyumluğa verilməsinə razı deyiləm. Çünki şəriət tərəfindən qəyyum təyin edilən şəxslər etibarlı deyillər. Belə ki, axundun bizlərlə ədavəti var və o, qəsdən həmin şəxsləri qəyyum təyin etməklə bizim əmlakımızı dağıtmaq istəyir. Qəyyumlardan Mehdiqulu xan öz əmlakını dağıdıb və xaricə qaçıb. Hazırda o, mənə və bir çox şəxslərə borcludur. Digər qəyyum Hacı Həsənin də bir ədavəti var. O da bir çox adamlara borcludur. Üçüncü qəyyum Molla Əliqulu və dördüncü qəyyum Hacı Seyid yetimin əmlakını dağıtmağa niyyətlidirlər. Dünənki tarixdə (yəni iyunun 6-da - müəllif) yerli pols mənə bildirib ki, qəyyumlar karvansaranı, dükanları, şumluq sahələri tələb edirlər. Halbuki həmin malikanələr mənə məxsusdur, onlara dair sənədlərim vardır. Onlar atama məxsus olmayıb, atam onları idarə edib. Bu səbəblərdən mən həmin şəxslərin etibarlı olmasına inanmıram və Siz əlahəzrətlərdən xahiş edirəm ki, yuxarı rəhbərlikdən bizim xahişimizə cavab gələnə qədər və qardaşım İsmayıl xan Tiflisdən qayıdanadək bu məsələ barədə qəyyumların hərəkətlərini dayandırasınız. Bildirmək istəyirəm ki, biz general-mayor Ehsan xanın övladlarıyıq və rəhbərliyin icazəsi olmadan bizim əmlakı qəyyumluğa vermək olmaz. Əgər mənim icazəm və qardaşım İsmayıl xanın iştirakı olmadan malikanələr siyahıya alınarsa, onda mən Tiflisə gedəcəyəm və yerli rəhbərlik tərəfindən mənim və qardaşımın sıxışdırıldığına dair şikayət təqdim edəcəyəm".

II Kalbalı xan və qardaşı İsmayıl xan təkrar İrəvan Qəza Qəyyumluq İdarəsinə müraciət etmiş və ətraflı məlumat verdiklərindən, Naxçıvandakı Qəza Qəyyumluq İdarəsi II Kalbalı xanın müraciətinə müsbət yanaşmış və Ehsan xanın azyaşlı qızı Lalabəyimin qəyyumları məsələsinə ciddi yanaşmışdı. Buna görə də Naxçıvan şəhər polis idarəsi 3 iyul tarixdə hər iki qardaşdan savayı, daha kimin Lalabəyimə qəyyumluq edəcəyini araşdırmışdı.

Araşdırmalardan sonra Naxçıvan polis idarəsi 12 iyul tarixdə 1357 ¹-li məlumatında bildirib ki, ştabs-kapitan İsmayıl xan və qardaşı Kalbalıxan mülki qanunların tələbinə uyğun olaraq, qəyyum üçün lazım olan keyfiyyətlərə malikdirlər. Buna görə də onlar bacıları Lalabəyimə qəyyum təyin edilə bilərlər. Tələb olunan qanuna uyğun olaraq Naxçıvanın fəxri vətəndaşı Novruz ağa Lütfəli Sultan oğlu da 3-cü qəyyum təyin edilib.

Lalabəyimin qəyyumlarına tapşırılır:

1. General-mayor Ehsan xandan qalmış daşınan və daşınmaz əmlaklar, nağd pul, həmçinin borc verilmiş pullar müəyyən edilsin.

2. İrəvan quberniya məhkəməsinin iclasının, Naxçıvan Qalabəyinin və bir neçə adlı-sanlı Naxçıvan sakinlərinin iştirakı ilə siyahı tərtb olsunsun.

3. Siyahıda daşınmaz əmlaklardan gələn gəlir, həmçinin əmlakların dəyəri göstərilsin.

4. Bu şəkildə tərtib olunmuş siyahının əsli Qəyyumluq İdarəsinə təqdim edilsin və qəyyumlara tapşırılsın ki, adları çəkilən şəxslərin iştirakı ilə ümumi mülkdən bacıları Lalabəyimin payına düşən hissəsi sayılsın.

Sonra Naxçıvan polisi bildirib ki, atalarının əmlakının İsmayıl xanın və Kalbalı xanın payına düşən əmlakların da siyahısı tərtib olunsun və Qəyyumluq İdarəsinə təqdim olunsun. Nəhayət, qəyyumlara tapşırılır ki, Lalabəyim malikanalərinə daxil edildikdən sonra onun əmlakının gəlir-çıxarları haqqında Qəyyumluq İdarəsinə hesabat təqdim etsinlər. Bunun üçün onlara Qəyyumluq İdarəsindən xüsusi kitab verilsin.

Ehsan xanın oğlanları İsmayıl xanın və Kalbalı xanın razılıqları olmadan, azyaşlı bacıları Lalabəyim əmiləri podpolkovnik Nəzərəli xanın yanında yaşayır.

Naxçıvan şəhər polis idarəsinə tapşırılır ki, azyaşlı Lalabəyimin yeni qəyyumları qardaşları İsmayıl xana və Kalbalı xana verilməsinin vacibliyi Nəzərəli xana elan olunsun. Bu haqda yeni qəyyumlara da məlumat verilsin. Bütün bu işlərə nəzarət edən quberniya idarəsi tapşırır ki, Gürcüstan İmereti İdarəsinə bu haqda məlumat verilsin və Lalabəyimin Zaqafqaziyadakı təhsil ocaqlarından birində yerləşdirsinlər.

Qeyd edək ki, arxivdə Ehsan xanın bütün varidatının siyahısı qalın arxiv cildlərində saxlanılır. Hətta ona borclu olanların da siyahısı vardır. Bu sənədlərin içərisində Ehsan xanın böyük qızı Sonabəyimin də maraqlı ərizələri qalıb. Onun ərizələri bir çox qaranlıq mətləblərə işıq salır. Bir daha bu sənədlərlə təsdiq edilir ki, şairə Qonçabəyim Ehsan xanın qızı deyil. Bu haqda əvvəlki yazılarımızda tarixi sənədlərin dili ilə ətraflı məlumatlar vermişik.

Azyaşlı Lalabəyimin anasının Fatmanisə olduğu bu işlərin içərisindəki məktubdan aydın olur. Fatmanisə 1846-cı ildə 23 avqust tarixində bir məktub yazıb. Əslində bu, xahişnamədir. Fatmanisə xanım yazır: "Mənə məlum olub ki, İrəvan qəza Qəyyumluq İdarəsi tərəfindən general-mayor Ehsan xanın qızı Lalabəyimə onun qardaşları İsmayıl xan, Kalbalı xan və İsmayıl xanın qohumu (İsmayıl xanın qayınatası - müəllif) Novruz ağa təyin ediliblər. Lalabəyim kornet İrzaqulu xanla nişanlanıb və müsəlman şəriətinə görə siqə, yəni dua oxunub. Hal-hazırda Lalabəyim əri İrzaqulu xanın yanındadır. Naxçıvan polisi podpolkovnik Nəzərəli xana elan edib ki, Lalabəyim qəyyumlarına təhvil verilsin. Müsəlman şəriətinə və Qəyyumluq İdarəsinin sərəncamına uyğun olaraq Lalabəyimin payı İsmayıl xanın və Kalbalı xanın payından ayrılmalıdır. Buna görə də onları qəyyum təyin etmək olmaz, çünki onlar yetimin payını dağıtmaq niyyətindədirlər. Lalabəyimin qardaşları Qafqaz Canişini əlahəzrətlərinə müraciət edərək onu Qafqaz Qızlar İnstitutuna yerləşdirilməsini xahiş ediblər. Lakin qız azyaşlı olduğu üçün qardaşları müsəlman şəriətinə zidd getməlidirlər. Mən razı deyiləm ki, qızımı Qafqaz Qızlar Məktəbinə göndərsinlər və Qəyyumluq İdarəsindən xahiş edirəm ki, mənim xahişimi yerinə yetirərək həmin şəxsləri qəyyumluqdan azad edib, fəxri İrəvan sakinlərindən qəyyum təyin edəsiniz. Yazdı Balabəy Məşədi Həsən oğlu Möhürünü vurdu Fatmanisə".

Fatma xanım Lalabəyim doğulandan sonra Ehsan xandan rəsmən ayrılmışdı. Ona görə də 19 sentyabr 1846-cı il tarixdə İrəvan Qəza Qəyumluq İdarəsi onun xahişnaməsini yerinə yetirmir. Ona aşağıdakı qərar göndərilir: "Naxçıvan şəhər polisi vasitəsilə ilə özünü general-mayor Ehsan xanın qızı Lalabəyimin anası adlandıran Fatmanisə xanıma bildirsin ki, Lalabəyimin qardaşları İsmayıl xan və Kalbalı xan ona qəyyum təyin edildiklərindən xahiş yerinə yetirilə bilməz. Bu barədə şəhər polisi vasitəsi ilə İsmayıl xan və Kalbalı xana elan olunsun ki, bacıları Lalabəyimi təhsil alması üçün instituta göndərsinlər. Tarix də göstərilib: 21 sentyabr 1846-cı il".

Arxiv fondlarından aşkar edilmiş sənədlərdən məlum olur ki, Lalabəyim Zaqafqaziya Nəcib Qızlar İnstitutunda təhsil alıb. 2 noyabr 1846-cı il (¹283), 24 sentyabr 1851-ci il (¹343), 13 oktyabr 1851-ci il (¹438) və 17 oktyabr 1851-ci il sənədlərindən məlum olur ki, Lalabəyim bu illərdə Tiflisdə Nəcib Qızlar İnstitutunda oxuyub. Tiflisdəki Zaqafqaziya Nəcib Qızlar İnstitutunun dəftərxana şurasından kassaya daxil olan hər il üçün təhsil haqqının kassaya ödənildiyi haqda məlumat verilib və pulun miqdarı göstərilib: 150 rubl gümüş pul. Lalabəyim Tiflisdə təhsilini tamam edəndən sonra sənədlər onun sorağını qədim türk şəhəri İrəvandan xəbər verir. XIX əsrin 1855-60-cı illərində xeyriyyə cəmiyyətlərində onun da adına tez-tez rast gəlirik. İrəvanda və Naxçıvanda yaşayan kübar xanımlar pul vəsaiti toplayırdılar ki, əsasən məktəblərə köməklik etsinlər. Lalabəyimə hörmət əlaməti olaraq "Ağabəyim"də deyə müraciət edirdilər.

Tədqiqatçı F.Nağdəliyevin yazdıqlarından məlum olur ki, Lalabəyim İrəvan xanlarından Hacı Şükür Makinskinin həyat yoldaşı olub. Hacı Şükür Makinski Şərq müharibəsinin iştirakçısı olmuşdu. İrəvanlı mayor Əhməd xanın oğludur. Mayor Əhməd xan da Bayat tayfasındandır. Yəni Makinskilərdəndir. Onun qızı Zərri xanım general mayor II Kalbalı xanla ailə qurmuşdu.

P.Mirzəzadənin araşdırmalarından məlum olur ki, Ehsan xanın qızı Lalabəyim (Ağa bəyimlə) Şükür xan Makinskinin nikahından Paşa xan doğulub. Paşa xan 15 avqust 1862-ci ildə İrəvanda anadan olub və 1934-cü ilin iyulunda Parisdə vəfat etdiyi bilinir. Qeyd edək ki, Paşa xan 1880-ci ildə İrəvanda Abbasqulu xan İrəvanskinin qızı Şövkət xanımla ailə qurub. Şövkət xanım Abbasqulu xanın Bilqeyis xanımla nikahından doğulub. Amma Şövkət xanımla Paşa xanın izdivacı uzunömürlü olmayıb. Onların bu evlilikdən Cansürəyya adlı qızları doğulub. 80-ci illərin axırlarında onlar ayrılıblar. Paşa xan adını Pavel edərək xritianlığı qəbul edərək 28 iyul 1901-ci ildə Peterburqda polyak qızı Stefaniya Lyubelskaya ilə ikinci dəfə ailə qurub. Onların nəsil varisləri bu gün də Fransada və digər Avropa ölkələrində yaşayırlar.

Yeri gəlmişkən, Makinskilərin bəziləri hələ 1698-ci ildən xristianlığı qəbul edərək Rusiyada Makulov familiyasını daşıyırdılar. General knyaz P.M.Volkonskinin (1776-1852) anası da Makulovlardan, yəni Makinskilərdəndir.

Şövkət xanım sonralar naxçıvanlı tam süvari generalı İsmayıl xan Naxçıvanski ilə ailə qurmuşdu. Şövkət xanımın Paşa xandan olan qızı Cansürəyya isə 1896-cı ildə Rusiya ordusunun 39 yaşlı polkovniki Əliyar bəy Qasımbəyovla nikaha girmişdi. Lalabəyimin son taleyi haqqında məlumat yoxdur. 1874-cü ilə aid bir arxiv sənədində Naxçıvan yaxınlığındakı Şəkərabad kəndinin ona aid olduğu haqqında məlumat vardır.

Tapılan digər bir sənəddə isə Şükür xan Makinskinin övladlarının yanında ikinci həyat yoldaşı, general Həsən xan Qacarın (Sarı Aslanın) qızı Ağa xanımın adı yazılıb. Ona görə də Ehsan xanın qızı, Nəcib Qızlar İnstitutunda təhsil alan ilk azərbaycanlı qızlardan biri olan Lalabəyim haqqında axtarışlarımızı davam etdiririk.

525-ci qəzet .- 2023.- 22 noyabr, ¹ 211.- S.15.