Zəngilan
Günündə doğulan oğul
Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə
doktoru
Elşad oktyabrın 20-də, indiki təqvimimizin Zəngilan
şəhəri günündə anadan olmuşdu. Onda Zəngilan hələ qəsəbə
idi və şəhər adını bir il
sonra, 1968-ci ildə alacaqdı. Sevdiyi şəhərlə bərabər
böyüyən Elşadın 26 yaşı olanda...
Hələ
1967-ci il idi və həmin vaxt 20 oktyabr təqvimin
adi günlərindən biri idi. Kiminsə ağlına da gəlməzdi
ki, 53 il sonra məhz bu tarix təkcə zəngilanlılar
deyil, bütün Azərbaycan üçün qürur,
iftixar dolu bayram günlərindən biri olacaq. Ancaq
bir şey yəqin idi. 7 bacının
4-cü qardaşı, sonbeşik övlad ailəyə
özü boyda sevinc gətirmişdi.
26 il sonra, yenə oktyabr ayında Zəngilan
işğal edildi. Elşadsa, son gülləsinə
qədər düşmənə sinə gərmiş
döyüş dostları, 6 milis nəfəri ilə birgə
itkin düşdü. Beləcə, 27 il
ərzində nə düşmənin viran qoyduğu Zəngilanın,
nə də 7 döyüşçünün taleyindən
doğru-dürüst xəbər tutduq. Yurdun
da, onun 7 layiqli oğlunun da taleyi qaranlıq qaldı. Hərəsi bir ailənin ümidi, pənahı olan
oğulların öldüsü, qaldısı bilinmədi.
Yurdu yağı taladı, onlarınsa adları
itkin siyahılarına salındı. Sinəsi
dağlı ata-analar, gözüyaşlı bacılar,
ömür-gün yoldaşları, dərdli qardaşlar
üz tutmadıqları dövlət ünvanı, döymədikləri
qapı, sorğulamadıqları şahid qoymadılar. Elşadın böyük qardaşı Vidadi Nərimanovun
illərcə neçə ünvana, tanış-bilişə
müraciət etdiyini bildiyimdən bunları ehtimal kimi
yazmıram. Ancaq min təəssüf ki, o müraciətlər,
dövlət orqanlarının axtarışları da
Elşadın və döyüş dostlarının Dərzili
kəndi yaxınlığında mərdliklə
vuruşmalarının, düşmənin 1 motoatıcı
taboru və 1 tank bölüyünə qarşı dayanaraq
bir addım geri çəkilmədiklərinin növbəti təsdiqindən
başqa, onların sonrakı taleyinə aydınlıq gətirmədi.
Beləcə, aralarında sinif yoldaşım Akif Bəşirovun
qardaşı Fazilin və Elşadın da olduğu 7
oğulun itkinlik "ömrü" başlandı. Həmin gündən
Sarıtel ana nələr yaşadı, Tanrı bilir. Əslində, ömrü sona çatdı,
övladlarının, dərddən beli
bükülmüş ərinin gözləri önündə
əridi. Bir yandan yurd, ocaq, bir yandan da iki
körpəsini qoyub getmiş oğul dərdi. O biri
itikinlərin anaları da eyni dərdlə qovruldular.
Əvəz dayının, Sarıtel xalanın
ocağının necə gur yandığı, ətrafdakıları
da öz şöləsinə qərq etdiyi illərin
şahidiyəm. Səliqə-səhmanı görənləri heyran
qoyan geniş həyətdə bol meyvəli ağacların
sırası göz oxşayır, gül-çiçəyin
ətrindən adam bihuş olurdu. Fitrətən bağban olan Əvəz
dayının zövqlə yetişdirdiyi, neçələrinə
pay verdiyi müxtəlif gül kollarının rahiyəsini,
toylara, şənliklərə təmənnasız göndərilən
qucaq-qucaq qızılgülləri indiki kimi
xatırlayıram. Hər günü bu gözəlliklərlə
bərabər, övladlarından arxayın, qohum-qonşu,
dost-tanış əhatəsində şad-xürrəm
yaşamaq, üç yanı dağlar, təpələrlə
əhatəli, lap yaxınlığından axan Oxçu
çayının nəğmə misallı
şırıltısına qulaq kəsilmək nə gözəl
bir qismət imiş. Oğul-uşağın əksəriyyəti
Bakıda iş-güc sahibi olmuşdu, gözəl ailələr
qurmuş, onlara nəvələr bəxş etmişdilər.
Yanlarında qalan, özlərinə həyan
bildikləri sonbeşiklərindən də nəvə
payları görmüşdülər. Elşadın
həyat yoldaşı Almaz xanıma, övladları
Gülşən və Elvinə də bu xoşbəxtlikdən
pay düşmüşdü. Nəvələr
nənəli-babalı, atalı-analı idilər.
Tək narahatlıqları nankor qonşuların torpaq
iddiası ilə başlatdıqları ədalətsiz
müharibə ilə bağlı idi. Hələ Zəngilan
etibarlı müdafiə olunurdu. Artıq
iyun ayından rayon Polis Şöbəsinin Post-patrul
bölüyünün bölmə komandiri kimi xidmətə
başlayan baş çavuş Elşad Nərimanov da bu
döyüşlərə qatılır, sərhəd kəndlərinə
düşmən hücumlarının
qarşısının alınmasında yaxından iştirak
edirdi. 1985-1987-ci illərdə Arxangelsk
vilayətində Hərbi Dəniz Donanmasında xidmət
etmiş Elşad lazımi hərbi hazırlıq
keçmiş, hətta şərq əlbəyaxa
döyüş növü olan karate üzrə yüksək
dərəcə almışdı. İndiki
kimi yadımdadır, xoş xasiyyətli, təbiətən
xeyirxah olan Elşad şəhərdə bir qrup cavana da bu
döyüş üsullarını nə zamansa gərəkləri
olar deyə, öyrətməyə çalışırdı.
O vaxt
torpaqlarımızın müdafiəsi, təcavüzkarlara
qarşı döyüşlərə qatılmaq
üçün rayonun çox gəncləri polisə, yaxud
özünümüdafiə taborlarına üz tuturdular.
Bakı dəmiryol nəqliyyatı texnikumunda orta ixtisas təhsili
alıb rayonda Mincivan dəmiryol distansiyasında işləyən
Elşadın da seçimi başqa cür ola
bilməzdi. Aldığı tərbiyə,
yetişdiyi ailə mühiti, Vətən, yurd sevgisi bu
seçimə alternativ qoymurdu. Vaxtı ilə
atası İkinci Dünya müharibəsində SSRİ
adlı böyük, nə gizlədək, həm də Azərbaycan
kimi respublikaların zorla daxil edildiyi vətəni alman
faşizmindən qorumuşdu. Əlbəttə,
nə Əvəz dayını, nə də onun kimi həmin
müharibədə iştirak edən 700 mindən artıq azərbaycanlını
kimsə buna görə qınaya bilməz. Onlar vətəndaşlıq borclarını yerinə
yetirmişdilər. İndi fərqli olan o idi ki, müstəqil,
azad Azərbaycan Respublikasını, doğma Vətəni daha
təhlükəli, məkrli və amansız erməni
faşizmindən qorumaq lazım idi. O, kənarda dayana, yurdun
harayına biganə qala bilməzdi və qalmadı.
Ana ürəyi isə onsuz da həmişə narahatdır. O ki müharibə, qan-qada,
hər gün postlardan gələn ölüm-itim xəbərləri,
ətraf rayonların düşmən işğalına
düşməsi barədə rəsmi məlumatlar ola. Belə dəhşətli məlumatların
sonuncusunun elan edildiyi 31 avqustdan, Qubadlı rayonunun da Ermənistan
silahlı birləşmələri tərəfindən
işğal olunmasından sonra Zəngilan üç tərəfdən
mühasirədə qalmışdı. Daha
iki ay rayon ərazisində qanlı, qeyri-bərabər
döyüşlər getdi. Bu iki ayda əsgər
balasının düşmənlə döyüşdən
qalib, sağ-salamat dönməsi üçün gecə-gündüz
əli göydə olan, baş verənlərdən bir az gec xəbər tutan anaların qəlbi
neçə yol dayandı, hər ağır xəbərdən
ölüb-dirildilər. Nəhayət,
Sarıtel ana üçün də dünyanın sonu olan o
gün yetişdi. 1993-cü il oktyabr ayının 25-də
Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətində
ermənilərin üçtərəfli hücumunun
qarşısını alarkən 7 polis və Baloğlan
Süleymanovun komandirlik etdiyi Zəngilan Müdafiə
alayının kəşfiyyat bölüyünün 20 nəfərdən
çox əsgər və zabiti həlak oldu, neçəsi
isə itkin düşdü. Düşmənin
qat-qat üstün qüvvələri ilə qeyri-bərabər
döyüşdə əsl igidlik, şücaət göstərən
bu oğulların son döyüşü Zəngilanın
süqutu, işğal taleyinin başlanğıcı oldu.
Amma eyni zamanda, rayon əhalisinə Araz
çayından İran ərazisinə keçməklə
real soyqırımı təhlükəsindən xilas etdilər.
Təfərrüta varmadan bir həqiqəti də deməyi
borc bilirəm ki, həmin döyüşçülərin
doğmalarını, yaxınlarını, elə
hamımızı yandıran onların taleyinə
"itkin" adı kimi ağır, dözülməz qismətin
yazılması oldu. Çünki Vətən, torpaq
uğrunda müqəddəs müharibədə
doğmasının şəhid olması şərəfli
olduğu qədər də, bu dəyərlərlə tərbiyələnmiş
bizlər, ən birinci də illər uzunu gözü yolda
qalan ata-analar, bacı-qardaşlar üçün
qürurvericidir.
Tanınmış
türk şairi Məmmədəmin Yurdaquldan bir yarpaq:
Get
övladım, illərcə mən oğulsuz qalayım,
Bu
yaralı bağrıma qara daşlar çalayım,
Haydı
yavrum, haydı get, ya gazi ol, ya şəhid.
Onlar şəhid oldular. Türk əsgərinin
iki seçimindən birini haqq etdilər. Ancaq
şəhid olsalar da, hələ neçə illər qismətlərinə
yazılan müəmmalı "itkin" adını
daşıdılar. Şəhidlik alın
yazısıdır. Qazi olmaq əzmi ilə
döyüşən hər əsgərin, zabitin qisməti
olmur. Şəhid olanların amalı Vətəni
qazi etməkdir. 1993-cü ilin 25 oktyabr
gününün şəhid oğulları bu müqəddəs
amal yolunda özlərini fəda etdilər. Özləri görməsələr də, Vətən
xilas edildi. Onlar kimi şəhidlərin qisasını alan yenilməz Azərbaycan Ordusu düşmənə
qan uddurub, qətliamların, soqırımların da bədəlinı
ödətdi. Haqlı qisas qiyamətə
qalmadı.
Zəngilan tarixinin də dönüş nöqtəsi,
düşmən tapdağından qurtuluş günü
yetişdi. Onu azadlığına qovuşduran ərənlər
sırasında Elşad da, çiyindaşları da vardı.
Gözüyaşlı şəhid
analarının, bacılarının, qızlarının
qisasını alanların sırasında lap irəlidə
düşmən üzərinə yeriyənlər
arasındaydılar. O savaşda düşmənin vahimə
ilə pərən-pərən düşməsinin bir səbəbi
də bu idi. Qəhrəman Azərbaycan əsgərinin
Zəfər yürüşünə şəhid ruhları
da qoşulmuşdu. O ruhların arasında ermənilərin
qorxulu röyası olan Əlyar, Həsən, Baloğlan,
"Vətən yaxşıdır", deyən Şəhriyar
və daha neçə mərd oğul da vardı.
İl dəyişsə də, gün həmin
gün idi, 2020-ci il 20 oktyabr. Zəngilanın öz
azadlığına qovuşduğu, Elşadın doğum
günü 20 oktyabr. Bu, bir təsadüf, yoxsa tale qismətidir?
Məncə, alın yazısı demək daha doğrudur. Bu,
alnına yurdu xilas missiyası həkk olunan bir oğulun Zəngilanın
işğalından 27 il sonra, oktyabrın eyni günündə
Vətəni, doğmalarını müjdələməsi
idi. Nə yazıq ki, bu şad xəbəri eşidənlər,
xoşbəxt günü yaşayanlar arasında anası,
atası yox idi. Ancaq təsəllisi də vardı. Həmin
gün onların, neçə-neçə yurd həsrətli
insanların da ruhları Elşadın, döyüş
dostlarının narahat ruhlarına qovuşub rahatlıq
tapmışdılar. Vətənin qurtuluşu uğruna
canını fəda edənlərin ruhları ilə birgə
azad torpaqlarda, yağı tapdağından
qurtarılmış yurdun səmasında pərvaz edirdilər.
Oradan bütün Zəngilan, onun qurtuluşuna sevinən, o
yerlərdə ocaqlarımızı yenidən çatacaq
insanlar ovuc içindəki kimi görünürdü.
Onların arasında Elşadın nəvəsi Nilufər də
vardı.
Elşadgilin son döyüş yerini görənlər, oranın kiçik bir təpə olduğunu deyirlər. Uyuduqları o yerdə nə vaxtsa bir abidə ucaldılacağına inanıram. Böyük Taras Şevçenkonun "uca bir təpədə" basdırılmaq arzusunu o şəhidlərin də haqq etdiyi düşüncəsindəyəm.
...25 oktyabr günü dostumla
qatıldığım "Məzarsız şəhidlər"
tədbirində səslənən, "Döyüş
marşı" adlanmağa layiq şərqinin nəqarətində
hələ də təsiri altında olduğum bir misra
vardı.
Şəhidimiz, yaralımız var,
ölənimiz yoxdur, ana!
Bu marş sanki həm də 7 şəhid
milisin, dostumun qardaşı Elşadın dilindən qopurdu.
Ruhun şad olsun, Sarıtel ana, rahat yat, oğlun şəhiddir,
bu uca adla anılır, dedim.
525-ci qəzet .- 2023.- 22 noyabr, № 211.- S.14.