Düşmənə bağışlanmış İrəvan

Tarixi-sənədli romandan parça

Güllü MƏMMƏDOVA

...Avetisov xarici işlər naziri Ohancanyanı qaşqabaqlı, öfkəsi səsində, baxışında açıqca duyulan sərtliklə qarşıladı. Baş nazir kürəyini kresloya söykəyib bir müddət səssiz qaldı,eynəyini sildi, gözünə taxıb açıqlı halda dedi:

- Azərbaycan İrəvana səfir göndərir. Biz bunun əleyhinə idik, amma bacara bilmədik.

Ohancanyan qımışdı:

- Bu barədə xüsusi xidmət orqanlarının əməkdaşları mənə məlumat verib, - səfirin fotosunu çıxarıb masanın üstünə qoydu, - Məhəmməd xan Təkinski.

Avetisov fotoya diqqətlə baxdı:

- Azərbaycanlıdı?

- Bəli.

- Necə azərbaycanlı? - Avetisov heyrətlə içini çəkdi, fotoya bir də baxdı, - bu adam ya türkməndi, ya qırğız... bir sözlə, Orta Asiyadan...

- Onun haqqında toplanmış məlumatlar bunlardır: səfir naxçıvanlı Ehsan xanın oğludur. Amma övladlığa götürülmüş... Xan ailəsində böyüyüb tərbiyə alıb. Tiflisdə birinci kişi gimnaziyasında oxuyub. Ehsan xanın vəfatından sonra qardaşları Cəfərqulu xan və Rəhim xan Məhəmməd xanı qəyyumluğa götürüb. Səfir Rusiyada təhsilini davam etdirib.

- Gimnaziyada Məhəmməd xanın tərcümeyi-halı müfəssəl yazılıb.

- Bizimkilər o sənədi əldə edib. Buyurun.

- Maraqlıdır.

Avetisov tərcümeyi-halı oxumağa başladı: "Məhəmməd Təkinskinin xüsusi taleyi olmuşdur. O, öz valideynləri haqqında heç nə bilmir. Ona görə ki, onları görməyib. O, 1879-cu ildə Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olmuşdur. Maraqlıdır ki, cəmi iki yaşı olarkən 1881-ci il yanvar ayının 12-si günü baş vermiş hadisə onun yaddaşına əbədi olaraq həkk olunmuşdur. Xatırlayır ki, çayı keçərkən az qala boğulacaqmış, valideynləri onu ruslardan ot tayasında necə gizlətmişdilər, bir köynəkdə daşın üstündə necə oturmuşdu, ruslar küçələrdə türkmənləri necə doğrayırdılar, süngünü ona tuşlamış rus soldatlarının əlinə necə keçmişdi? Həmin gün onun bütün doğmaları məhv olmuşdu. O, rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski tərəfindən necə götürülmüşdü? Hərbi hissədə o, hamının sevimlisinə çevrilmişdi və hər tərəfdən qayğı ilə əhatə olunmuşdu.

Lakin dəhşətli hadisələr Təkinskini

n həyatında öz izlərini buraxmışdır".

Avetisov vərəqi kənara qoydu, rahatlıqla nəfəs aldı:

- Demək, Təkinski azərbaycanlı deyil, türkməndi, erməni qızları və sərvət... necə ki, onların sayəsində ingilislər ovcumuzdadı.

- Amma o, müsəlmandı, özü də xan ailəsində böyüyüb. Vətənpərvərlik çox güman ki, onun ruhuna, beyninə işləyib. Ehsan xanın mənsub olduğu Kəngərlilər nəsli məşhur generallar yetirib. Ulu babaları Kalbalı xan Naxçıvan xanlığının başçısı olub. Hazırda Naxçıvanda bir Kalbalı xan da var. Bizimkilərlə döyüşür. Ona görə Təkinskini öz tərəfimizə çəkmək haqqında düşünməyin, özünüzü yormayın, cənab baş nazir.

Avetisov pərt halda barmaqlarını masaya döydü, pəncərədən baxdı. Dekabr gecəsinin boz, yağmurlu havasında sanki küçələr də üşüyürdü. Külək qarı sovurur, küçə fanarlarının zəif işığı güclə seçilirdi. Avetisovun narahatlığı artdı, öz- özü ilə danışırmış kimi söyləndi:

- Xan Təkinski ordunun içinə qədər yol tapacaq, məxfi saxladığımız məlumatları əldə edərək Azərbaycan hökumətini ayıq salacaq. Onun göndərəcəyi teleqramların şifrəsini əldə etmək lazımdı.

Ohancanyanın üzü güldü:

- Səfir ayağını İrəvana basmamışdan artıq şifrə əlimizdədir.

- Hər addımını izləmək, görüşdüyü adamları aradan götürmək lazımdı.

- İki xəfiyyə onu gözləyir.

- Xan Təkinskinin toxunulmazlığı var. Bunu da unutmayın.

- Oldu, cənab baş nazir.

lll

12 yanvar, 1881-ci il. Türkmənistan, Aşqabad qəzası, Axal-Təki vadisi.

...Topların aramsız atəşindən Göytəpə qalasının ətrafına sanki odlu çəpər çəkildi. Amma qala tüstü-dumanın, alovun içində yenə məğrur, əzəmətliydi. Düşmənə təslim olmayan türkmənlər də eynən qala kimiydi... Rus ordusunun komandanı, general Mixail Skobelevqalanı kinlə, nifrətlə seyr edirdi. Onun qıyılmış göy gözlərindən, içindəki zəhəri büruzə verən sərt sifətindən kimsəyə rəhm etməyəcək qəddarlıq və amansızlıq oxunurdu. O, atın belində Göytəpə qalası ilə üz-üzə dayanmışdı. Komandan əlcəkli əlini qaldırıb atəş əmri verən kimi toplar ölüm püskürür, qalanın divarları tüstü, alov içində dağılıb tökülürdü... Qalanın üzərində top atəşi dərin çalalar açmışdı. Amma qaladakılar təslim olmurdu. Onların döyüşkənliyi, inadı generalın qisas hissini ocaq kimi körükləyib alovlandırdı. O, qalaya sığınmış qadınları və uşaqları qılıncdan keçirmək əmri verdi.

Polkovnik Ehsan xan generala yaxınlaşdı, atın cilovunu çəkib qala ilə üzbəüz - sonu, nəhayəti görünməyən səhraya baxdı. Orda rus süvariləri soyqırıma hazır dayanıb qalanı tərk edəcək türkmənləri gözləyirdi. Onların kəmərindən iti qılınc asılmışdı. Bu qılınclar artıq işə düşmüşdü və onların ucundan qan süzürdü. Qaladan çıxan üsyançı türkmənlərin ailələrinə daha dəhşətli, ağlasığmaz, qandonduran divan tutulacaqdı. Qəddar general səhranı başdan- başa qan gölünə çevirmək istəyirdi. Türkmənlərin fəryadı onun tarım çəkilmiş əsəblərinə rahatlıq gətirəcək, içində bir cəngavərlik əhvalı yaradacaq, gözləri, baxışları sevinəcəkdi.

Şaxta Ehsan xanın canını yox, ürəyinin içini üşüdürdü.

Toplar susdu, bir anlıq sakitlik yarandı. General qalanın həyətində rəngli təslim bayrağını axtardı. Amma qala daş sükutu ilə yenə komandana meydan oxudu. Skobelev hiddətləndi və bağırdı:

- Qalanı dağıdın.

Topların dağıdıcı atəşindən divarlar silkələndi, duman kimi qalxan toz- torpaq, tüstü - alov hər tərəfi bürüdü. Türkmənlərin tükürpədici fəryadı alovla birgə Axal-Təkə vadisini bürüdü. Bu anda Göytəpə qalasının ağır, dəmir darvazaları açıldı, türkmən igidləri atlarını səyirdərək qaladan çıxdılar və səhraya tərəf qaçıb getdilər.

General üzünü Ehsan xana tutdu:

- Bunlar necə millətdi, qan içində torpağa döşənirlər, sağ qalanlar yenə ayağa qalxır, irəli yüyürür. İyirmi gün mən qalanı mühasirədə saxladım. Susuzluq, aclıq çəkdilər. Amma geri bir addım da atmadılar... Biz onları diz çökdürə, sındıra bilmirik...

Səhrada at çapan türkmən igidləri getdikcə uzaqlaşırdı. Rus süvariləri cəhd etsələr də, onlara çata bilmirdi. General dərin əsəb içində durbinlə baxır, aciz, əfəl süvarilərə acığı tutur, dodağının altında qatı söyüş söyür və həsəd hissi bir rus generalı kimi onun heysiyyatına toxunurdu: "Düşmən də olsa, etiraf edirəm, onlar çox cəsurdu, əsl cəngavərdi. Bu cəsurluq mənim əsgərlərimdə olsaydı, dünyanın sahibi ruslar idi..."

Ehsan xan gizli rəğbət hissi ilə dedi:

- Odun-alovun içindən çıxırlar, amma döyüş ruhları təslim olmur.

- Sus, polkovnik, - general qəzəbləndi, - sən qiyamçıları qəhrəmanmı sanırsan? Mən onları tarixdə görünməmiş qəddarlıqla məhv edəcəyəm, - şəhadət barmağını havada silkələdi, - Ehsan xan, görərsən, qəddarlığıma görə mənim adım tarixə düşəcək.

Generalın sanki gözlərindən, baxışından qan püskürdü. Ehsan xan nifrətlə üzünü çevirdi. Skobelev qaladan çıxan qadınları, uşaqları gördü və bağıraraq rus əsgərlərinə əmr etdi:

- Bunların hamısını qılıncdan keçirin, doğrayın. Vadinin əhalisini məhv edin. Türkmənlərdən bir nəfəri də sağ görmək istəmirəm. Qalanı isə üç gün sizin ixtiyarınıza verirəm, talan edin, - sonra da yavərinə tapşırıq verdi:

- Yalnız qızıllar mənimdi. Onları mənə gətirin.

Ehsan xan durbini gözünə qoyub baxdı: qala ilə səhranın arasında enli çay axırdı. Rus ordusunda xidmət etdiyi illərdə ən qanlı, faciəli hadisələri burda - rusların türkmənlərlə savaşında görürdü. Özünü çaya atan adamlar rusların qılıncından qurtarmaq üçün ölüm- dirim savaşı verirdi.

Bu anda generalın yanına üzü, əlləri, köynəyinin yaxası qan içində olan yaşlı kişini sürüyüb gətirdilər və az qala atın ayaqları altına atdılar. Qoca türkmən çətinliklə ayağa qalxdı, məğrur halı ilə generala acıq verirmiş kimi sinəsini qabartdı, baxışındakı nifrəti sanki güllə kimi onun gözünə sıxdı. Kişinin qırışlarla örtülmüş üzündə, əzab çəkdiyi açıqca hiss olunan qıyıq, sulanmış gözlərində yenə üsyankar, davakar bir ifadə vardı, sızlamadan, yalvarmadan generalın qarşısında qamətini şax saxladı.

Atın üstündə əlcəkləri ilə özünü cəngavər kimi çəkib durmuş general ucadan soruşdu:

- Ey türkmən, de görüm, itkiniz çoxmu oldu?

Kişi başını sərt hərəkətlə geri çevirdi, torpağa səpələnmiş cəsədləri seyr etdi və dedi:

- Cəmi üç nəfərimiz öldü. Bu üç nəfərin ölümü türkmənləri əsrlər boyu yandıracaq, səni isə onları öldürdüyünə görə lənətləyəcək.

General hiddətləndi:

- Sən nə danışırsan, türkmən? Bu səhrada, vadidə iyirmi mindən çox türkmən qılıncdan keçirilib. Səhra qıpqırmızı qan rəngindədi. Bax, hətta axan çayın rəngi belə al qandır.

- Sən məni başa düşmədin, general, o üç nəfər - Dikma Sərdar, Amangəldi Qoni bəy və Qurbanmurad Uşan türkmənlərin iftixarıdır və nadir şəxsiyyətlərdir. Gələcək nəsillərdə çoxlu oğlan uşaqları doğulacaq və iyirmi min nəfərin yeri dolacaq, amma o üç nəfərə bərabər türkmən bir də bu dünyaya gəlməyəcək.

Vəhşiləşmiş general əsgərlərinə əmr etdi:

- Bütün oğlan uşaqlarını məhv edin.

(12 yanvarın qanlı tarixi hər il Türkmənistanda matəm günü kimi qeyd edilir).

...Ehsan xan durbini gözünə qoyub çayın içində ruslardan xilas olmağa can atan türkmənləri seyr etdi. Bu anda körpəsini köynəyinin içinə salıb bədəni ilə onu qoruyan gənc ananı gördü. O, inadla sahilə doğru can atırdı. Suya düşən güllələr qadının sağından-solundan keçir, Tanrı sanki görünməmiş möcüzəsi ilə körpəni qoruyurdu. Qadın sahilə çıxdı və yaxınlıqdakı ot tayasına tərəf süründü.

Ehsan xan atını cəld ot tayasının yanına sürdü: türkmən qadın arxası qatda düşmüşdü. Xəncər kürəyində dərin yara açmışdı. Amma yanında körpəsi yoxuydu.

Ehsan xan tayanın qarşısında dayandı, çox güman ki, qadın onu burda gizlətmişdi, tayanın hər tərəfinə baxdı, otu dağıtdı, bu anda əlinə buz parçası kimi soyuq üz toxundu və soyuqdan göyərmiş, qıyıq gözlərində göz yaşı donmuş uşağı gördü. O, ağlamırdı, böyüklər kimi təhlükəni hiss edib səssiz qalmışdı. Paltarından hələ də su süzürdü. Ehsan xan yaş paltarı onun əynindən çıxardı, yun şərfini açıb bükdü, sonra da şinelin altında gizlətdi. Bu, Məhəmməd xan Təkinski idi...

lll

- Bu uşağın ata-anası varmı, Ehsan?

- Yoxdu, ruslar öldürüb.

- Adı, soyadı nə olacaq?

 

- Mən onu oğulluğa götürmüşəm. Adını Məhəmməd qoydum. Məhəmməd Ehsan xan oğlu. Amma Axal-Təkədən olduğu üçün Təkinski soyadını vermək istəyirəm... Türkmənistandan qayıdıb Dağıstana getdim. Məhəmmədi də özümlə apardım, hərbi hissədə qaldı. İndi də Naxçıvandayıq, ata evimizdə.

Cəfərqulu xan şəfqətlə oğlanın başını sığalladı, sonra onun qolundan tutub dizinin üstə oturtdu, bağrına basdı. Uşaq doğmalığı hiss edib ona sığındı. Ehsan xanın sevgi dolu baxışı, atalıq qayğısı, ona istiqanlılıqla qucaq açan adamları Məhəmmədə sevdirdi.

Ehsan xan uşağı yanına çəkdi, isti əli kürəyinə toxundu, saçlarında gəzdi, əyilib alnından öpdü və sözünə davam etdi:

- Məhəmməd çox ağıllı, zəkalı oğlandı. Xan ailəsində o, firəvan yaşayacaq, təhsil alacaq. Bilmirəm, bəlkə də bizim kimi sonralar hərbini seçəcək? Məhəmməd Naxçıvana bağlanacaq, əgər bu torpağa xain əllər uzansa, o zaman silah götürüb döyüşəcək. Öz doğma torpağı kimi. Məhəmməd general olmasa da, Kəngərlilər nəslinin davamçısı kimi mütləq böyük adam olacaq.

 ...Məhəmməd xan Naxçıvanskilər ailəsinin bir parçası oldu. Cəfərqulu xanın oğlu Kalbalı xan və Rəhim xanın oğlu İskəndər xanla birgə böyüdü və Naxçıvana əsl övlad sevgisi ilə bağlandı. 1917-ci ildə naxçıvanskilər kimi rus ordusunda hərbi xidmətdə oldu və yenidən Naxçıvana qayıtdı. 1918-ci ildə yeni hökumətin - Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər nazirinin müavini kimi fəaliyyət göstərdi. 1919-cu ilin yanvarında İrəvana ilk diplomatik nümayəndə - səfir göndərildi. Məhəmmədxan Təkinski bununla da İrəvanda siyasi hadisələrin burulğanına düşdü.

(Ardı var)

525-ci qəzet .- 2023.- 23 noyabr, № 212.- S.14.