Yeri dolmayan Üzeyir Hacıbəyli itkisi
DAHİ
BƏSTƏKARIN VƏFATININ 75 İLLİYİ TAMAM OLUR
1885-ci ilin 18 sentyabrında Qarabağ Mahalının Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin bir oğlu oldu. Bu, sonralar, doğma xalqının musiqisi tarixinə qiymətli səhifələr yazan Üzeyir Hacıbəyli idi. Üzeyir hələ çox kiçik yaşlarından özünün musiqiyə sonsuz həvəsilə diqqəti cəlb etmişdi. Bir az sonra ailəsilə birlikdə Şuşaya köçən Üzeyir, burada onun bədii təəssüratını daha da qüvvətləndirən canlı musiqi həyatı gördü. İkiillik rus-tatar məktəbini Şuşada bitirdikdən sonra 14 yaşlı Üzeyir 1899-cu ildə təhsilini davam etdirmək ücün Qori Müəllimlər Seminariyasına daxil oldu. Artıq Seminariyada oxuyarkən Üzeyir bəy skripka, violonçel və baritonda çalmağı öyrənmişdi. 1904-cü ildə Seminariyanı bitirdikdən sonra Hadrutda kənd məktəbində bir il müəllimlik etdikdən sonra, Bakıya gələn Hacıbəyli qızğın fəalliyətə başlayır. Riyaziyyat, Coğrafiya, Tarix, Kimya, Rus dili, Azərbaycan dili fənlərindən dərs deyirdi. O, həm müəllimlik edir, həm ədəbiyyat və musiqi ilə məşğul olur, həm də mətbuatda məqalə və felyetonlarla çıxışlar edirdi. "Həyat", "Tərəqqi", "Həqiqət", "Yeni İqbal", "Azərbaycan" qəzetlərində tərcüməçi, felyetonçu və redaktor kimi çalışdı.
1908-ci ildə müsəlman Şərqində
ilk opera olan "Leyli və Məcnun"
operasını yazmaqla Azərbaycan
musiqisində yeni səhifə
açdı. Operanın premyerası Hacı Zeynalabdin
Tağıyev Teatrında baş tutdu. Tezliklə Ü.Hacıbəylinin yeni operalarının "Şeyx
Sənan", "Rüstəm və Zöhrab",
"Şah Abbas və
Xurşidbanu", "Əsli və Kərəm"
və musiqili komediyalar
"Ər və Arvad", "O
olmasın, bu olsun",
"Arşın mal alan"
kimi operettalarının premyeraları oldu.
1910-cu ildə Ü.Hacıbəyli
Moskva Konservatoriyasının professoru İlyinskinin kursuna daxil oldu.
1914-cü ildə Bakıya qayıdaraq yenidən jurnalist fəaliyyətilə məşğul
olaraq "Yeni İqbal" qəzetinin əvvəl baş redaktoru, sonra isə rəhbəri kimi
və daha sonralar
"Azərbaycan" qəzetinin redaktoru kimi fəaliyyət göstərdi.
1920-30
cu illərdə o, Xalq Çalğı Alətlərindən
ibarət ilk Azərbaycan Dövlət Notlu Orkestrini və ilk
Azərbaycan Dövlət Xorunu, ilk musiqi məktəbini yaratdı.
Böyük sənətkarın yaradıcılığının zirvəsi olan "Koroğlu" operasının 1937-ci ilin yazında ilk dəfə tamaşaya qoyulması Azərbaycan musiqi sənətinin bayramına çevrildi. Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1945-ci ildən Azərbaycan İncəsənəti İnstitunun direktoru olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Konservatoriyasının direktoru və professoru idi. Azərbaycan Dövlət Himninin musiqisini yazmaq şərəfi də Ü.Hacıbəyliyə nəsib olmuşdur. İkinci Dünya müharibəsi illərində bəstəkar bir çox vətənpərvər əsərlərini yaratdı. Bəstəkarın vətənə sonsuz məhəbbəti "Şəfqət bacısı", "Döyüşçülər marşı", "Yaxşı yol" kimi mahnılarda gözəl ifadə olunmuşdu.
O, 1907-ci ildə "Mətbuatda müstəməl
siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin
Türk-Rusivə Rusi-Türk lüğəti"
kitabının müəllifi olmuş,
"Hesab məsələləri" kimi dərslik tərtib etmişdi.
Həyatının son illərində
böyük sənətkar "Firuzə"
operası üzərində işləyirdi. Lakin
bu operanı tamamlaya
bilmədi. 1948-ci ilin 23 noyabrında dahi bəstəkar dünyasını dəyişdi.
Xalqın çox sevdiyi gözəl əsərlər müəllifi,
böyük musiqi nəzəriyyəçisi
və gənc bəstəkarların tərbiyəçisi,
xalqın sədaqətli oğlu
Ü.Hacıbəyli ilə son dəfə
görüşmək üçün
axın-axın insanlar Azərbaycan Elmlər
Akademiyasının binasına
yığışdılar.
Azərbaycanın bir
çox incəsənət xadimlərinin
yetişməsində Ü.Hacıbəylinin rolu
əvəzsizdir. Üzeyir Hacıbəylinin
tələbəsi olmuş mərhum bəstəkar
Şəfiqə Axundova öz
xatirələrindən danışarkən deyirdi:
"Üzeyir müəllim olmasa idi, mən də
olmazdım. Bugünkü
varlığımla, bugunkü uğurlarımla
mən müəllimimə borcluyam. Üzeyir müəllim çox
mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir
insan idi.
Yadımdadır, 1944-cü ildə Zaqafqaziya
musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz
də müəllimimizi düşündürürdü.
Bir gün
Ağabacı Rzayeva ilə onun kabinetinə getdik. Bizi görən kimi o, göstəriş verdi ki, bizi palto
ilə təmin etsinlər. Bundan əlavə,
kostyum tikilməsi üçün
atelyeyə göstəriş verildi və
hətta tapşırıldı ki, kostyumun fasonunu Şövkət
Məmmədova seçsin. Üzeyir müəllim haqqında çox danışmaq olar.
O, əsl insan, mərd adam
idi. Biz ondan çox şey öyrəndik. Onun
xatirəsi qəlbimizdən silinməzdir".
Şövkət Məmmədova öz xatirələrindən danışarkən
Üzeyir bəy haqqında deyirdi: "Mənim Üzeyirlə qəlbimdə
dərin iz salmış ilk
görüşüm 1912-ci ildə olmuşdur. Bu görüş çox səmimi
keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi
yarımçıq qoyduğumu eşidən
kimi o, dərhal təklif
etdi ki, tamaşa təşkil edib,
toplanan pulla məni
yenidən oxumağa göndərsinlər.
Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök
saldı".
Bülbül dahi bəstəkarla
tanışlığını öz
"Ölməz sənətkar" adlı məqaləsində
qeyd edib: "Məni bu böyük bəstəkarla
Əbdürrəhim bəy Haqverdiyev
"Əsli və Kərəm" operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş
otağında tanış etdi. O vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri
idi. Onun gözəl,
cazibədar siması, iki tərəfə
ayrılmış, azca qıvrım
saçları, sadə və mənalı
baxışları məni də heyran etdi ki, gözümü
bir an belə onun simasından ayıra bilmədim. Bizim dostluğumuzun əsası
ideya birliyidir. Vətənimizə,
xalqımıza olan məhəbbətimizin
əks-sədasıdır".
Onun tələbələrindən
olan Əşrəf Abbasov
Üzeyir bəy haqqında xatirələrini
bölüşərkən dahi bəstəkarı
belə xatırlayırdı: "Yaxşı
yadımdadır, çox tərəddüddən
sonra Üzeyir bəyin
o zaman
yaşadığı evinə zəng vurdum.
Böyük bəstəkar telefonun dəstəyini özü
qaldırıb cavab verdi.
Dilim dolaşa-dolaşa
özüm haqqında məlumat verən kimi, o, məni heyrətə
gətirdi. Görüşdükdə mənə dedi: "Əşrəf, əsl bəstəkar
olmaq üçün
ən əvvəl mükəmməl musiqi
təhsili almaq lazımdır". Mən
sevincimdən bilmirdim ki,
nə edim... Üzeyir
Hacıbəyli ilə şəxsən tanış olmuşdum".
Üzeyir Hacıbəyli haqqında nə qədər danışılsa da, yazılsa da, yenə də azdır. Böyük bəstəkar, gözəl alim, əvəzedilməz insan Ü.Hacıbəylinin vəfatından 75 il ötür. Həyatda elə insanlar olur ki, onlar aramızdan getdikdən sonra belə, yaşamağa davam edirlər. Ü.Hacıbəyli xalqın yaddaşında daim yaşayacaq.
Bəyim
DADAŞOVA
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin
əməkdaşı
525-ci qəzet 2023.- 23 noyabr, № 212.- S.12.