Heydər Əliyev
və multikulturalizm siyasəti
Səyyad ARAN
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsi sədrinin
I müavini, Filologiya elmlər namizədi
Ölkəmizin ən güclü dövrünü yaşadığı,
adını qalib dövlət kimi tarixə yazdırmasının
üçüncü ildönümünü
misilsiz bir məmnunluq hissi ilə yaşayırıq. Bu qələbə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin igid oğullarının göstərdikləri
qəhrəmanlıqlarla yanaşı,
həm də Azərbaycan xalqının
birliyinin, həmrəyliyinin
nəticəsi idi.
Bu birlik və
həmrəyliyin nümayişi
Azərbaycanın Ümummilli
lideri Heydər Əliyevin uğurla və uzaqgörənliklə
həyata keçirdiyi
multikulturalizm siyasətinin
təntənəsi idi.
Multikulturalizmin fəal şəkildə dəstəklənməsi Azərbaycanın
siyasi və sosial-mədəni tarixində
silinməz iz qoyan Ulu öndər
Heydər Əliyevin siyasi strategiyasının əsas aspektlərindən
birini təşkil edirdi. Çünki mədəni və
etnik fərqliliklərin
qovşağında yerləşən
Azərbaycanda sabitliyin
təmin olunması xüsusi yanaşma gərəkdirirdi. Ümummilli lider
hesab edirdi ki, mədəniyyətlərin
müxtəlifliyinə hörmət
ölkədə sabitliyin
və birliyin təmin edilməsində əsas amillərdən biridir. Ona görə də
fərqli mədəniyyətlərin
qorunub saxlanılması
ideyasını fəal
şəkildə dəstəkləyir,
etnik parçalanma və münaqişə mövzusuna həssaslıqla
yanaşırdı. Nəticədə müstəqil Azərbaycan
üçün ən
həlledici anlarda xalqın tələbi ilə rəhbərliyə
gəlmiş Heydər
Əliyev ölkəmizi
bəladan, faciədən,
vətəndaş müharibəsindən
qurtara bildi. Ulu öndərin
1993-cü il 10 oktyabr tarixində andiçmə mərasimində
səsləndirdiyi bu fikirlər onun bütün hakimiyyəti dövründə və sonrakı illərdə öz təsdiqini tapdı, Azərbaycanın
güclü inkişafının
təməl dayaqlarından
birinə çevrildi:
"Azərbaycan çoxmillətli
respublikadır. Bu, respublikanın səciyyəvi
cəhətidir. Bunun böyük
tarixi var və bu tarixlə,
respublikanın bu ictimai-siyasi mənzərəsi
ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar
dini və milli mənsubiyyətindən
asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da
bütün vətəndaşların
bərabər hüquqla
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında
iştirak etməsi üçün imkanlar yaradılacaqdır. Bu gün bizim İslam dininin Qafqaz müsəlmanlarının
rəhbəri, xristian
dininin, yəhudi dininin nümayəndələri
məni bu vəzifəyə gəlmək
münasibətilə təbrik
etdilər. Mən
onlara öz minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda bütün
millətlərin, bütün
dinlərin bərabər
hüquqla yaşaması
üçün bütün
şərait yaradılacaqdır".
Azərbaycanda harmonik sosial-mədəni məkan yaratmağa çalışan Heydər
Əliyev multikulturallığın
əsas şərtlərindən
olan tolerantlıq ideyasını da dəstəkləyirdi. Tolerantlıq prinsipi onun siyasətinin
əsas elementinə çevrilmişdi. Buraya təkcə
müxtəlifliyin rəsmi
tanınması deyil, həm də müxtəlif etnik qrupların mədəniyyətlərinə,
dillərinə və
adətlərinə fəal
dəstək və hörmət daxil idi. Yeri gəlmişkən, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi regionda ilk dəfə Azərbaycanda qeyd edilmişdir. 1999-cu ildə bu
əlamətdar gündə
ölkəmizdəki dini
konfessiyaların başçıları
ilə görüş
keçirilməsi də
məhz Ümummilli liderimizin təşəbbüsü
və göstərişi
ilə olmuşdur.
O bu təşəbbüsü
ilə həm tolerantlıq prinsiplərinə
münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə
mütərəqqi ənənənin
yaranması üçün
zəmin hazırlamışdır.
Bu ənənənin davamı
kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə
fəaliyyət göstərən
konfessiyaların dini bayramlarında və əlamətdar günlərində
ayrı-seçkilik qoymadan
müsəlmanlara, xristianlara
və yəhudilərə
müraciət edir, dini və milli
bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi
üçün dövlət
səviyyəsində həyata
keçirilən tədbirlərin
icrasına nəzarət
edir.
Heydər Əliyev müxtəlif qrupların mədəni irsini qorumaqla yanaşı, onları bir-birinə daha da yaxınlaşdırmağa
çalışırdı. Bu, ümummilli kimliyin formalaşmasına töhfə
verən müxtəlif
icmaların nümayəndələri
arasında dialoq və qarşılıqlı
fəaliyyət üçün
şəraitin yaradılmasında
özünü göstərdi.
Bunun sonrakı nəticələrini, məsələn,
2016-cı il 15 yanvar tarixində Heydər məscidində şiə və sünni dindarların birgə iştirak etdikləri Vəhdət namazının timsalında
görə bilərik.
Yaxud da fərqli dini konfessiyaların dəfələrlə
ölkəmizə qarşı
yönəlmiş təxribatlara
dair birlikdə bəyanatlar hazırlaması,
44 günlük müharibə
zamanı müxtəlif
xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının
çiyin-çiyinə, qətiyyətlə
və vətənpərvərliklə
döyüşərək 30 illik işğala son qoyması da bunun ən bariz
nümunələrindəndir.
Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən multikulturalizm
siyasəti ölkədə
sabitliyə töhfə
verməklə yanaşı,
onun gələcək
inkişafı üçün
də zəmin yaratdı. Bəs multikulturalizm siyasətinin
uğurunun sirri nədə idi? İlk növbədə, onun bərabərlik və ədalət prinsiplərinə
sadiqliyi - bu siyasət etnik və mədəni mənsubiyyətindən asılı
olmayaraq, bütün vətəndaşlar üçün
bərabər hüquqlar
ideyasını dəstəkləyirdi.
Buraya təhsil, səhiyyə və digər sosial müavinətlərə
bərabər çıxış
üçün şərait
yaradılması daxil
idi. İkincisi, multikulturalizm siyasəti
müxtəlif etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi tədbirlərini əhatə
edirdi. Buraya isə dillərə,
adət-ənənələrə və tarixi məkanlara dəstək daxil idi. Üçüncüsü, multikulturalizm siyasəti
müxtəlif etnik qrupların nümayəndələrini
qərarların qəbulu
proseslərinə fəal
şəkildə daxil
edirdi. Bu, ictimai həyatda daha geniş iştiraka, ümummilli kimliyin formalaşmasına
şərait yaratdı.
Multikulturalizm siyasəti,
tolerantlıq prinsiplərinin təşviqi ictimai
şüura mühüm
təsir göstərdi. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim
sərvətimizdir, üstünlüyümüzdür.
Biz bunu qiymətəndiririk
və qoruyub saxlayacağıq", - deyən
Ulu öndər çoxmillətlilik
anlayışını mədəni maneələr məsələsindən
cəmiyyətdə zənginlik və güc
məsələsinə çevirə bildi.
Bu da öz növbəsində
müxtəlifliyə dəyər verən millətin müsbət
imicinin formalaşmasında rol oynadı. Onun bu siyasi irsi
cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir, vahid və inklüziv cəmiyyətin
qurulması üçün təməl prinsip kimi qalır. İnklüziv cəmiyyətdə
etnik və mədəni mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaş özünü
həmin cəmiyyətin tamhüquqlu üzvü kimi hiss edir, bu
da onların ölkənin sosial,
iqtisadi və siyasi həyatında
iştirakını stimullaşdırır. "Bura bizim vətənimizdir,
hamımızın vətənidir. Müstəqil Azərbaycan
bütün azərbaycanlıların vətənidir.
Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var
- Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki,
onların arxasında
güclü Azərbaycan
dövləti dayanır
və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər",
- deyən Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu,
milli maraqlara söykənən daxili və xarici siyasət kursunu müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq
surətdə davam etdirir. Bu da
ölkəmizi hər
bir azərbaycanlının
görmək istədiyi
ideal məmləkətə çevirib.
"Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasətdə bunu sübuta yetirən Prezident İlham Əliyevin bu işdə ən böyük dəstəkçisi Birinci vitse-prezidentimiz, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanılması, təbliği, həmçinin mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin təkcə ölkə daxilində inkişafına deyil, həm də bütün dünyada tanınmasına xidmət göstərir.
Sonda bir məsələni də xüsusi qeyd etmək istərdim
ki, multikultural dəyərlərin
qorunması ilə yanaşı, onun gələcək
nəsillərə düzgün
çatdırılması, öyrənilməsi və mahiyyətinə
varılması olduqca önəmlidir.
İstənilən sahədə Azərbaycan gerçəkliyinin
gənclərə aşılanması, xalqın zəngin
multikultural keçmişinin,
dövlətin mədəni müxtəlifliyin qorunması
istiqamətində atdığı addımların təbliği
multikultural gələcəyin təminatıdır.
Bu, həm
də gənclərin dini-əxlaqi dəyərlərdən
uzaqlaşmasının, onların adət-ənənələrimizə
zidd davranışları mənimsəməsinin,
zərərli axın və vərdişlərin tələsinə
düşməsinin qarşısını almaq
baxımından da önəmlidir.
525-ci qəzet .- 2023.- 23 noyabr, № 212.- S.13.