Siyasi memuarın dəyərli
nümunəsi
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
Azərbaycan siyasi memuar janrının ilk və ən
görkəmli nümayəndələri fikrimcə, ədəbi-fəlsəfi
düşüncə tariximizdə mühüm rolu və yeri
olan, ictimai, siyasi və dövlət xadimləri kimi
tanınan, demokratik dünyagörüşlü, Qarabağ
kökənli Ağaoğlular ailəsinə mənsubdur. Türkiyə Cümhuriyyətinin
qurucusu, böyük siyasət adamı Mustafa Kamal
Atatürkün yaxın dostu və məsləkdaşı
Əhməd bəy Ağaoğlunun "Sərbəst Firqə
xatirələri", Türkiyədə Baş nazirin
müavini vəzifəsinədək yüksəlmiş,
Əhməd bəyin oğlu Səməd Ağaoğlunun
"Arkadaşım Menderes" əsərlərini siyasi
memuar janrının şübhəsiz ki, klassik və mötəbər
nümunələrindən saymaq olar.
"Heydər
Əliyev İli"ndə Ümummilli liderə həsr
edilmiş ən dəyərli əsərlərdən biri də
görkəmli ictimai-siyasi xadim, diplomat, tərcüməçi,
ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin "Heydər
Əliyev: Böyük insan haqqında xatirələr"
(Bakı, TEAS Press Nəşriyyat evi, 2023, 216 səh.) adlı
siyasi memuarıdır. Kitaba "Redaksiyadan" və
"Müəllif haqqında" adlı Nəşriyyat evindən
yığcam qeydlər, Müəllifin
"Tanıdığımız və
tanımadığımız fenomenal şəxsiyyət",
"Bitməyən bir eşq hekayəti" və "Tarixi
səfər və tarixi perspektivlər" bölmələrindən
ibarət xatirələr daxil edilmişdir.
Vilayət
Quliyevin Ümummilli lider haqqında yazdığı
"Böyük insan haqqında xatirələr" əsərinin
digər eyni mövzulu kitablardan fərqli və üstün cəhətləri
ondan ibarətdir ki, müəllif Heydər Əliyevin daha
çox görünməyən tərəflərinə,
tanımadığımız, bizə bəlli olmayan
xüsusiyyətlərinə, Azərbaycanın ərazi
bütövlüyü uğrunda diplomatik mübarizə
metodlarına, yüksək dövlət idarəçiliyi
üslubuna diqqəti cəlb etmiş, şəxsi
müşahidələrinə güvənərək bədii
dilimizin zəngin imkanlarından barınaraq parlaq siyasi lider
obrazı yarada bilmişdir. Memuarın maraqlı
və dəyərli xüsusiyyətlərindən biri də müəllifin
zaman və hadisələri dəqiqliklə təqdim və təsvir
edilməsi, tərəf-müqabillərin söhbətlərini,
mülahizələrini, mübahisələrini fikir və
düşüncələrini, dolğun, real sərgilənməsi,
faktlara ciddi və dürüst münasibət bəsləməsidir.
Əsərin cazibədar, inandırıcı və
oxunaqlı olması üçün müəllifin yalnız
yaddaşa söykənərək onu araya-ərsəyə gətirməsi
ehtimalı üzərində skeptik kölgənin
görünməsi təbii qarşılanmağa layiqdir.
Çünki müəllifin Ulu öndərlə
çoxsaylı görüşlərinin qeydiyyatını
aparması, davamlı olaraq xatirə dəftərləri
yazması az inandırıcı
görünür. Vilayət Quliyev stixiya etibarilə
tədqiqatçı-alimdir və fikirlərində,
mülahizələrində mötəbər fakta və polad
məntiqə sığınır. Yeni kitabının
süjet xəttində və mahiyyətində də bu iki təməl
prinsipi - fakt və məntiq amili özünü güclü
büruzə verməklə yanaşı, oxucunu öz
ardınca aparmaq qüdrətini təcəssüm etdirir.
Ulu öndərlə müəllifin ilk canlı
görüş və ünsiyyətinin tarixi akademik İsa Həbibbəylinin
vasitəsi və təşəbbüsü ilə "1992-ci
il sentyabr ayının 27-də Naxçıvanda
ol"duğu əsərdə dəqiqliklə qeyd
edilmişdir.
O vaxtlar Naxçıvan Ali Məclisinin sədri Heydər
Əliyevlə mərkəzi hökumət arasından soyuq
küləklər əsirdi və belə görüşlər
Bakının "nəzarəti" altında idi. Ölkədə cərəyan edən
böhranlı və mürəkkəb dövrdə tanınmış
ziyalıların Naxçıvana gələrək Məclis
sədrini ziyarət etməsi ilk növbədə mənəvi
dəstək kimi dəyərləndirilməklə
yanaşı, həm də Bakıdan qısqanclıqla
müşahidə olunurdu. Durumun gərginlik
müstəvisində Məclis sədrinin qəbulunda olmaq
ziyarətçidən həm də məsuliyyət və cəsarət
tələb edirdi.
Müəllifin
Ulu öndərlə iki saatlıq ilk
görüşünün sirli-sehrli cazibəsi, müzakirə
olunan mövzuların siqləti, diapazonunun
çoxqatlılığı və çoxşaxəliliyi,
Məclis sədrinin respublikanın ən ağrılı
problemləri haqqında ölçülü-biçili
müdrik düşüncələri, vəziyyətin
ağırlığı və sabaha sarsılmaz inam
şübhəsiz ki, mövzunun aparıcı xəttini təşkil
edirdi.
1993-cü
ildə, ölkənin başı üzərində qara
buludların sıxlaşdığı iyun günlərində
xalqın təkidli xahişi ilə ikinci dəfə Azərbaycan
rəhbərliyinə qayıdan Ümummilli lider respublikanı
parçalanma təhlükəsindən xilas etdikdən,
ölkədə mötəbər ictimai-siyasi sabitlik
yaratdıqdan sonra ziyalılarla ənənəvi
görüşlərini davam etdirmiş, həmin
aydınlardan bir qismi Prezidentin rəhbərliyi ilə nümayəndə
heyətinin tərkibində xarici rəsmi səfərlərdə
olmuşdur. 1994-cü ilin fevral və iyun
aylarında Prezidenti Türkiyəyə və İrana rəsmi
səfərlərdə müşayiət edən nümayəndələrdən
biri də Heydər Əliyev siyasi məktəbinin müdavimi,
bu memuarın müəllifi professor Vilayət Quliyev
olmuşdur. Əfsanəvi öndər gələcək
kadrlarına yüksək etimad göstərməmişdən
öncə elə bil onları səfər sınaqlarından
keçirməyi zəruri və əhəmiyyətli şərt
kimi ümumi tələblər siyahısına daxil
etmişdir.
Memuarda
heç vaxt diplomatiya sahəsində çalışmayan
humanitar sahə mütəxəssisinin necə xarici işlər
naziri təyin edilməsi barədə də müəllif bəzi
"gizlincləri" açıqlanmışdır:
"1999-cu il oktyabrın 25-də, axşam saat 18 radələrində
Prezidentin İcra Aparatının rəhbəri özü
mobil telefonuma zəng vurub vacib bir söhbət
üçün Aparata dəvət etdi... R.Mehdiyev bir azdan
Prezidentin məni qəbul edəcəyini dedi və... Həqiqətən də bir neçə dəqiqədən
sonra Prezident məni qəbul etdi. Ciddi və
qayğılı idi... Qarabağ münaqişəsinin
həlli ilə bağlı aydın, prinsipal mövqe nümayiş
etdirilməsinin zəruriliyini vurğuladı.
Qarabağdan seçilmiş millət vəkili,
qarabağlı ziyalı kimi mənim də üzərimə
böyük vəzifə düşdüyünü dedi. Və birdən-birə sanki çox adi bir məsələdən
danışırmış kimi rəhbərliyi altında
xarici işlər naziri olmağıma necə
baxdığımı soruşdu.
Təklif çox gözlənilməz idi. Doğrusu, ilk
anda özümü itirdim, cavab verməyə söz
tapmadım".
Aparat rəhbərinin zənginə qədər müəllifin
bir məqamı "unutduğu" üçün
düşünürəm ki, burada haşiyə
çıxmaq yerinə düşərdi. Nazir təyin
olunana qədər Vilayət müəllimlə fərqli kitab
layihələri üzərində
çalışmışdıq. Sonuncu birgə
işimiz 1999-cu ildə araya-ərsəyə gətirdiyimiz
"Heydər Əliyev: Ədəbiyyatın yüksək
borcu və amalı" kitabı idi. Yüksək
səviyyəli təqdimat mərasimindən sonra onunla
görüşə bilməmişdik. Hamı
kimi mən də onun nazir təyin edilməsini televiziyanın
"Xəbərlər" proqramından öyrəndim və
təbii ki, çox sevindim. Təxminən
bir ay sonra nazir dostumla görüşmək fürsəti
yarandı. Söhbətin sonunda üzümə diqqətlə
baxaraq soruşdu: Necəsən? Sual ritorik olsa da, doğrusu,
heç bir məqsəd güdmədən
piyadaçılıqdan "gileylənmə"yə
başlayanda sözümü yarıda kəsib:
"Jiquli"ni istəyirsən? - dedi. Məlum oldu ki, Aparat rəhbəri Prezidentin
tapşırığı ilə gələcək nazirə
zəng vuranda o, "09" markalı "Jiquli"sini təmir
etdirirmiş... və o vaxtan da avtomobil təmirxanada qalıb.
Vilayət müəllim yanımdaca təmir ustasına zəng
vurub mənim gəlib "Jiquli"ni
aparacağımı tapşırdı. Yenidən
üzünü mənə tərəf tutaraq: "Halalın
olsun, sağlıqla istifadə et. Avtomobildən
yalnız "Sürücülük vəsiqəsi"ni mənə
qaytarsan yetərlidir" - dedi...
Əlbəttə,
etiraf edim ki, Vilayət müəllim o vaxt
düşdüyü situasiyanın bəlli modelini mənə
də yaşatdı və aradan iyirmi dörd il
ötsə də, müəllifdən yuxarıda gətirdiyim
sitatın son cümləsini öz adımdan təkrarlamaq
könlümdən keçdi...
Memuarda müəllif böyük səmimiyyətlə
etiraf edir və qədirşünaslıqla vurğulayır
ki, "xüsusi təcrübəm, professional
hazırlığım olmadan dövlətçilik həyatının
və siyasi proseslərin mərkəzinə düşdüm. Təbii ki,
belə bir şəraitdə Heydər Əliyevin məsləhətləti,
gündəlik qayğısı və diqqəti, ən
başlıcası isə xeyirxah, təmkinli münasibəti
olmasaydı, üzləşdiyim çətinliklər qat-qat
artardı". Əlbəttə, bu məqamda müəlliflə
razılaşmamaq mümkünsüzdür və yalnız
"çətinliklər" sözünün sinonimi kimi
"səhvlər" kəlməsini də urvatlandırmaq
yazının səmimiyyəti üzərinə kölgə
salmazdı...
Əsərdə müəllif təhkiyəsinin cazibədarlığını,
inandırıcılığını artıran etiraflar,
öncədən sığortalanması mümkün olmayan
"səhvlər" mövzunun cəmiyyətdən gizlin,
örtülü tərəfləridir. Fəaliyyətinin
ilk aylarında səhvlərinin olduğunu vurğulayan müəllif
Prezidentin İsveçrəyə, Davos konfransına səfərinin
hazırlıq vəziyyəti haqqında dövlət
başçısının yanındakı
yığıncaqda məlumat verərkən səfərdə
müşayiətedici nümayəndə heyətinin tərkibi
haqqında layihənin də hazır olduğunu bildirir.
Bu vaxt Prezident gənc nazirin sözünü kəsərək:
"Bunu mənim yanımda ayrıca müzakirə edərik"
- deyib. Müəllif "səhvinin" nədən ibarət
olduğunu vurğulayaraq yazır: "Yığıncaqdan
sonra isə kabinetdə heç bir danlaqsız, töhmətsiz
nümayəndə heyətinin tərkibi ilə bağlı məsələnin
Prezidentin preroqativi olduğunu, təklifin dövlət
başçısının ofisində
hazırlandığını xatırlatdı... Sonra gülə-gülə:
"Mənə heç kim qorxusundan
heç nə deyə bilməz, amma durub elan eləsən ki,
siyahını sən tutursan, biri gəlib deyəcək ki, mənim
də adımı ora sal, yaxud kiminsə adını
çıxarsan, səndən inciyəcək ki, niyə
adımı siyahıdan pozmusan. Ara yerdə başın
ağrıyacaq, düşmən qazanacaqsan", - deyə
fikrini tamamladı".
Bu yığcam qeydlərdən
Ümummilli lider Heydər Əliyevin yüksək vəzifəyə
gətirdiyi gənc kadrlara necə qayğıyla, təmkinlə
yanaşdığını, onları kənar və yersiz təsirlərdən
qoruduğunu, dövlətçilik sahəsində öz
iş təcrübəsini səxavətlə
bölüşdüyünü müşahidə
edirik.
Vilayət müəllimin Prezidentlə
bağlı xatirələrində ibrətamiz, nümunə
ola biləcək məqamlar, uyğun və uğurlu misallar,
müdrik yanaşmalar az deyil. O, memuarında qeyd
edir ki, 2000-ci ilin əvvəllərində Böyük
Britaniyanın "Times" jurnalının Moskva ofisindən
XİN-ə zəng vuraraq dünya miqyaslı siyasətçi,
dövlət xadimi kimi tanınmış Azərbaycan
Prezidentinin portretini növbəti saylardan birinin
üzqabığında 50 min funt-sterlinq müqabilində vermək
niyyətində olduqlarını bildirirlər. Təklifə
dövlət başçısının cavabı isə
qısa olur: "- Ay qardaş, 50 min pulun 50 min dərdi var. Mənim
şiklim ora düşməsə də, ötüşərik".
Böyük insanın təvazökarlığı,
səmimiyyəti, mənəvi üstünlükləri
haqqında memuarda dəyərli, yaddaqalan epizodlara da yer
ayrılmışdır. Kitabda
Əliyev-Şevardnadze münasibətlərindən bəhs edərkən
müəllif 2000-ci ilin mart ayında Prezidentin
Gürcüstana rəsmi səfəri zamanı bir ziyafət məclisində
Eduard Şevardnadze etiraf etmişdir ki, onun 1972-ci ildə
respublikanın İctimai asayişi mühafizə naziri vəzifəsindən
Gürcüstanın rəhbərliyinə irəli
çəkilməsində Heydər Əliyevin rolu böyük
olub. Bu etirafın özü də Ümummilli lider Heydər
Əliyevin hələ sovet dönəmində Cənubi
Qafqazın siyasi lideri, müdrik ağsaqqalı olduğunu təsdiqləyən
mötəbər arqumentlərdən biridir.
Görkəmli
ictimai-siyasi xadim, diplomat, professor Vilayət Quliyevin "Heydər
Əliyev: Böyük insan haqqında xatirələr"
adlı əsəri Ümummilli lider haqqında
yazılmış, zəngin faktları, hadisələri, məzmunlu,
unudulmaz epizodları özündə əks etdirən
dolğun və dəyərli siyasi memuar nümunəsidir.
Düşünürəm ki, bu kitab Heydər Əliyev siyasi
məktəbinin müdavimləri və davamçıları
üçün müvafiq dərs vəsaitinə olan
ehtiyacları əvəzləməyə layiqdir.
525-ci qəzet .- 2023.- 24 noyabr, №
213.- S.10.