Müasir Vyanaya və
Avstriyanın zəngin tarixinə səyahət
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Qərbin məqsədi Qərbi Berlini iqtisadi və siyasi cəhətdən AFR-ə bağlamaq
idi. Ona görə də 1948-49-cu illərdə
Qərbi Berlinin bu meylinin qarşısını
almaq üçün sovet
işğal qüvvələri
zonasında yerləşən
həmin şəhərin
qərb hissəsinin ərzaqla təchizatında
çətinliklər yaratmağa
cəhd edildi və bu, şəhər
sakinlərinin aclığa
məhkum edilməsinə
bərabər ola bilərdi. ABŞ özünün hərbi yük təyyarələri
ilə Qərbi Berlinə "hava körpüsü" təşkil
edib, şəhərə
ərzaq daşınmasında
fasilə yaranmasına
imkan vermədi. Sovet işğal zonası qüvvələrinin yaratdığı
süni çətinliklər
bununla da öz əhəmiyyətini
itirdi.
Müttəfiqlərdən biri olan Sovet
İttifaqı Avstriya
ilə işğal edilmiş ölkə kimi davranırdı. Sovet hərbi rəhbərliyi öz qoşunları tərəfindən Avstriya
qadın və qızlarının zorlanmasının
və əhalinin qarət edilməsinin qarşısını almaq
üçün az iş görürdü. Təkcə Vyanada
100 min nəfərə yaxın
qadın zorlanmışdı.
Rusiya zonası "onların administrasiyasının qəddarlıq
məkanına" çevrilmişdi.
Qərb əyalətlərinin fransız
işğalı isə
çox xoş münasibəti ilə fərqləndiyindən, müvafiq
olaraq yaxşı qarşılanırdı. Daha pozitiv irəliləməni
amerikanlar göstərirdilər.
"Azad olunmuş" avstriyalılara əvvəllər
şübhə ilə
yanaşmalarına baxmayaraq,
onlar Britaniya və Fransanın pozitiv münasibətinə
uyğunlaşmışdılar və prezident Henri Trumenin administrasiyası daha çox Avstriyanın xeyriyyəçisinə
çevrilmişdi. 1929-1933-cü illərdə ABŞ prezidenti
olmuş və 1929-cu ildə start götürən
Böyük Depressiyaya
münasibətdə əslində
laqeydlik göstərdiyinə
görə ən uğursuz dövlət başçısı sayılan
Herbert Huver, o, prezidentliyindən
əvvəl isə uğurlu humanitar tədbirlərin həyata
keçirilməsinə başçılıq
etdiyinə görə
ad çıxarmışdı,
1946-cı ilin aprelində
Vyanada olmuşdu ki, şəhər sakinləri ilə amerikan korpusunun münasibətlərini yüngülləşdirmək
sahəsində cəhdləri
təşkil etməklə,
onların baş tutmasına nail olsun.
Marşall Planı (bu plan
Qərbi Almaniyanın
müharibədən sonra
iqtisadi cəhətdən
dirilməsinə xidmət
edən böyük maliyyə yardımı idi. ABŞ-ın
Dövlət katibi Corc Marşallın adını daşıyırdı)
ilk dəfə 1947-ci ilin
iyununda rəsmiləşdi,
Avstriyanın gələcək
perspektivi üçün
də bu tədbir mərkəzi rol oynadı. Sonrakı üç il ərzində Avstriya Avropa Sağalma Proqramından təqribən 1 milyard
dollar məbləğində yardım aldı, bu, adambaşına 137
dollar edirdi, Qərbi Almaniya ilə müqayisə etdikdə, orada adambaşına 19
dollar düşürdü. Bu fondların yarısı
sənaye və infrastruktura lahiyələrinə
investisiya olunurdu.
Avstriyalılar əsir götürülmüş
köhnə nasistləri
görməyə gəlirdi. Onlar vaxtilə
Nasional Sosialist partiyasının üzvlüyündən
olan faydaya görə sevinmişdilər.
Avstriyanın özü də
məcbur edilirdi ki, Üçüncü Reyxdə olan maddi rifah səviyyəsinə
görə sevinsin.
Əgər Avstriya alman
nasizminin qurbanı idisə, o vaxt Avstriya nasistləri alman avstriyalılardan betər həqiqi qurbanlara çevrilmişdilər.
Şərq-Qərb soyuqluğunu həll etmək üçün Avstriya kansleri 1953-cü ildən İsveçrə
modelində Avstriyanın
bloklara qoşulmayana və ya neytral
olmağa çevrilməsi
ideyasından istifadə
etməyə başladı. Qərbin
məsləhətinin ziddinə,
Avstriyanın baş naziri Moskvaya yollandı və tezliklə qarşılıqlı
qəbul edilməli olan razılığın
meydana çıxması
baş verdi.
Avstriya vəd etdi ki,
neytral dövlət olacaqdır. 1955-ci ildə
Yuxarı Belveder sarayında Dövlət müqaviləsi rəsmi olaraq imzalandı.
Hökumət müqaviləsinin imzalanmasından
üç ay sonra işğal qoşunları
Avstriyanı tərk etdi. 16 noyabr 1955-ci ildə Avstriya parlamenti vəd etdiyi kimi, daimi
(silahlı) neytrallıq
barədə qanun qəbul etdi. Sovet İttifaqına dəymiş ziyanı kompensasiya etmək üçün, ona 150 milyon dollar pul verdi.
1955-ci illə 1970-ci il
arasında Avstriyanın
nailiyyətlərini inkişafın
və daimi sülhün modeli hesab etmək olardı. 1950-ci ildə
burada böyük sənaye böhranı baş vermişdi. Kommunistlər Vyanada baş tətil elan etmişdilər, lakin tətil az sonra
söndü.
Avstriyanın Qərbdə nüfuzu böyüyürdü. Nikita Xruşşovla Con Kennedinin
1961-ci ildə Vyanadakı
görüşü, iki
ideoloji cəbhənin
liderləri olan
SSRİ və ABŞ arasında
bir körpü rolunu oynamasına görə Avstriyanın imici xeyli parlaqlıq
əldə etdi.
Avstriyanın mədəni irsi dondurulduğundan, Habsburq imperiyasına olan nostalji hissləri inkişaf edirdi. Yüksək mədəniyyət Avstriyanın
kimliyində mühüm
əhəmiyyət kəsb
edirdi. Çin xalqının mədəni
birliyi imperiyanın böyük ərazisini
min illər ərzində
qoruyub saxladığı
kimi, Habsburqlar dövründə inkişaf
edən mədəniyyət
Avstriyanı bir ölkə kimi tanıtmışdı.
Vyana Dövlət
Operası 1955-ci ildə
"Fidelio" operası ilə
yenidən açıldı. Avstriya qış
idmanının qəribə
bir məkanına çevrildi. 1964-cü ildə İnnsbrukda Qış Olimpiya oyunları keçirildi.
Avstriyanın turizm imici də Brodvey və Hollivud tərəfindən dəstəkləndi.
Brodvey teatrında "Musiqinin səsi" tamaşası
qoyuldu. 1965-ci ildə çəkilən
film versiyası daha böyük hitə çevrildi. Film Zalsburqa
həsr olunmuş kinematoqrafik oda və həmçinin ətrafdakı Avstriya Alp mənzərəsinə himn
rolunu oynadı. Əsər
"igid kiçik Avstriyanın" alman nasizminə qarşı mübarizəsindən bəhs
edirdi və Qərbdə Avstriyanın
pozitiv imicinin yaranmasına xidmət etdi.
Xeyir-dua
verilmiş ada
1971-ci ildə Avstriya
prezidenti Frank Yilas dövlət başçısı
kimi ilk dəfə İtaliyaya dövlət səfəri etdi. Bu müharibədən sonrakı
Avstriyanın mövqeyinin
xeyli dərəcədə
dəyişilməsinin bir
əlaməti idi.
Bundan sonra Cənubi Tirol məsələsi həll
olundu. İtaliyaya
qarşı qəzəb
bir az
əvvəl hətta
terrorist hücumlarına aparıb
çıxarmışdı. İtaliyaya dövlət səfəri
Vatikana olan dövlət səfərindən
sonra baş tutmuşdu. Papa VI Pavel Avstriya barədə "xeyir-dua qazanmış ada" kimi tərifli sözlər deyə danışmışdı. Papanın Avstriya barədəki xoş sözləri başa düşülən
idi. Avstriya cəmiyyəti müqayisədə
hələ də konservativ olaraq qalırdı, kilsə millətin
həyatında ağır
çəkili amil kimi qiymətləndirilirdi.
Avstriyanın xeyir-dua qazanması hansısa bir mərhəmətin nişanəsi
və ya ona xüsusi qayğı göstərilməsinin
əlaməti deyildi. Avstriyalılar belə bənzətməni
fədəkarlıq səviyyəsində
olan öz zəhmətləri ilə
qazanmışdılar. Həm də dövlətin, keçmiş səhvlərdən
ibrət götürməsinin
nəticəsində düzgün,
həm də tarazlaşdırılmış siyasət aparması ilə ölkə sənaye istehsalı və kommersiya hesabına böyük iqtisadi yüksəlişin
əldə edilməsinə
nail olunmuşdu. Monastır hərəkatının
ilk təşəbbüskarı Müqəddəs Benediktin
rahiblərə ünvanlanmış
və sonralar onların ənənəvi
devizinə çevrilmiş
"Ora et Labora!"
- "Dua et və
işlə!" sözləri
elə bil ki, avstriyalıların rəhbər tutduqları bir sloqana çevrilmişdi.
Katoliklər kimi yəqin
ki, onlar dua edirdilər, işləməyə gəldikdə,
zəhmətə münasibətdə
isə Avropanın çox xalqları onlara həsəd apara bələrdi. Qısa müddətdə
Avstriya iqtisadi inkişafda böyük uğurlar qazanmaqla, qitə ölkələrinin təəccübünə
səbəb olmuşdu.
Avstriya tarixinin ironiyası kimi 1918-ci ildən sonra məhv edilən yəhudi burjuaziyasının nümayəndəsi olan Bruno Krayski baş nazir oldu, on ildən çox bir müddətdə onun liderliyi Krayski erası kimi məşhurlaşdı. 1911-ci ildə Vyanada doğulan Krayski 1926-cı ildə Sosial Demokrat partiyasına girdi və 1935-36-cı illərdə siyasi dustaq kimi məhbəsdə yatdı. 1938-1945-ci illərdə o, İsveçdə qaçqın kimi yaşadı. 1959-60-cı illərdə o, xarici işlər naziri və 1956-cı ildən parlamentin deputatı oldu, bu dövrdə görkəmli xarici siyasət ustasına çevrildi. 1970-ci il seçkilərində özünü autentik avstriyalı kimi təqdim etdi, onun yəhudi əsilli olması da birbaşa vurğulanmasa da, təmiz rol oynadı. O, özünü yeni Avstriyanın modern lideri kimi göstərdi. Lakin o, parlamentdə deputatların çoxluğunu qazana bilmədiyindən, azlıq hökumətini formalaşdırdı. 1971-ci ilin oktyabrındakı seçkilərdə mütləq çoxluğu qazandı. Avstriya tarixində ilk dəfə belə bir şey baş vermişdi - 12 ildən çox bir müddətdə Avstriya sosialist idarəçiliyi altında yaşamışdı.
O, iqtisadi inkişaf hökumətinin onurğa sütununu yaratdı. 34 yaşlı maliyyə naziri iqtisadiyyatın idarə edilməsinin tərəfdarı idi. Krayski rejiminin sosial islahat gündəliyi problemlərə tədricən yanaşma qaydasında idi. Təhsil siyasəti partiyanın cəhdləri arasında mərkəzi yer tutdu.
Vətənindəki bütün uğurları içərisində
Krayski xarici siyasətinə
görə daha yaxşı
tanınmışdı. O, 1950-ci illərdən Avstriyanın effektiv xarici siyasətini
aparırdı. 1966-cı ildə xarici
işlər naziri olan
Kurt Valdhaym Krayskinin baş xətti
üzrə gedirdi. Bu
vaxt tam məsuliyyət
daşımaqla, Krayski "kiçik Avstriya"nı başlıca beynəlxalq
oyunçuya çevirməyi bacardı.
Krayskinin
Avstriyanın fəal neytrallığı üzrə
ambisiyaları Mərkəzi Avropadan uzaqlara gedib
çıxdı. 1979-cu ildə Vyana Birləşmiş Millətlər
Təşkilatının üçüncü iqamətgahı
oldu. Vyananın şimal-şərq ətrafında tikilən
geniş kompleks BMT şəhəri kimi Birləşmiş
Millətlərin Baş katibi olan Kurt Valdhayma təhvil verildi.
(Ardı var)
525-ci qəzet 2023.- 25 noyabr, ¹214.- S.22.