Yaddaş altda Məmməd
Araz yaşayır
Arzu NEHRƏMLİ
Şəhərə
təbiətin içindən gələn, bərəkətli,
münbit torpaq suyu özünə çəkdiyi kimi təbiəti
öz varlığına hopduran, sonra da öz içindəki
təbiətdən halal söz əkən, bənzərsiz
şeir becərən Məmməd Arazı oxuyanda dünya da,
təbiət də şeirin dilində danışır.
Gözünü açandan tanıdığın
ağır dağları, boy-boya verib sıralanan
sıldırım qayaları, dilsiz daşları, qayalara,
daşlara söykənib baxdığın və sonunu görə
bilmədiyin dibsiz göyləri, göydə uçan
quşları, ayağının altından axan suları
şairin gözləri ilə görür, şeirin səsi ilə
dinləyirsən. Yanından yüz dəfə,
min dəfə keçdiyin qocaman palıd da səndən
şeirin dilində hal-əhval tutur, palıdın
yarpaqlarının titrəyişini qəlbində hiss edirsən.
Ürəyin palıd yarpağı kimi əsir, yarpaqların
xışıltısında öz qəlbinin
pıçıltılarını eşidirsən:
Durmuşduq
dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək varıydı.
Çırpınan,
titrəyən bizim qəlbimiz,
Bir də
o palıdın yarpaqlarıydı...
Məmməd Arazın şeirləri bizə təbiətin
cansız şəklini təqdim etmir, təbiətin gözəlliklərini
gözlərimizin önünə hərəkətsiz bəzək,
şablon çeşni kimi sərmir. Bu şeirlər təbiətlə,
Allahın yaratdığı möcüzəli və möhtəşəm
gözəlliklə oxucunun düşüncələri
arasında tarazlıq, doğmalıq, bütövlük və
ahəng yaradır, yaddaşı silkələyir, təbiətlə
onu yaradan qüvvə arasında göy qurşağına bənzəyən
rəngarəng bir körpü salır...
Yaradıcılığa "Araz şairi" kimi
başlayan, elə ilk şeirlərindən birini də "Mən
Araz şairiyəm" adlandıran şairin
yaradıcılığı üçün Araz sadəcə
bir təbiət hadisəsi, axar su deyil. "Gözlərini mikroskop
eləyib, hər damlaya baxan", "Araz deyəndə
yalnız çay düşünməyən", oda
düşən tariximizi sudan, damlalardan
soraqlayan şair üçün Araz bir yaddaş abidəsi,
zamanı sularına qatıb aparan bir tarixdir. O, oxucuya da Araza
şair gözü ilə baxmağı tövsiyə və təlqin
edir:
Mənimtək
baxsan ona,
Deməzsən,
adi sudur...
Məmməd Araz SSRİ-nin paytaxtında, Moskva
çayının sahilində gəzəndə də
gözlərinin önündə Araz canlanır. 1960-cı ildə Moskvadan əsli
güneyli olan şair dostu Söhrab Tahirə müraciətlə
yazırdı:
Yanar səhra
kimiyəm,
Nəğmə
- bahar yağışım...
Oxu, bir
aram-aram,
Oxu, bir həzin-həzin,
Oxu,
çöllər uyusun,
Oxu,
dağlar titrəsin,
Araz
yadıma düşüb...
Bu, sadəcə, qürbətdə Vətəni
xatırlamaq, yurd, yuva xiffəti çəkmək, Vətənin
torpağı, doğma insanları üçün
darıxmaq, onları görmək nisgili deyildi, Vətənin
taleyinin bədii sözdə xalça kimi toxunması idi. Şairin
öz həsrət duyğunlarını Söhrab Tahirlə
bölüşməsinin altında da gizli olmayan, şairanə
deyilmiş bir məna vardı. Araz Söhrab Tahirin
taleyini də ikiyə bölmüşdü, onun paralanmış
taleyinin arasından iki dövlətin sərhədi
keçirdi: İkinci Dünya müharibəsindən sonra,
1945-ci ildə İranda qurulan Azərbaycan Milli Hökumətinin
fəal qurucularından olan Söhrab Tahir Vətəndən Vətənə
mühacirət etmək məcburiyyətində
qalmışdı...
Oxu,
çıxım sahilə
Kəhkəşan
qucağında
Gəzim
Araz sinəmdə,
Naxçıvan qucağımda.
Uzansın
Moskva çay
Bir qolum
kimi bu dəm:
Mən
onunla Xəzərdə
Araza əl verərəm.
Araz
yadıma düşüb!
Araz
yadıma düşüb!
...Mən
də Məmməd Arazın dünyaya göz
açdığı torpaqda, Araz yaxınlığında
böyümüşəm və uşaqlıqdan Araz
yaddaşımda adi bir çay kimi deyil, bədii obraz kimi yurd
salıb. Bölünmüş vətənimizin,
ayrı salınmış elimizin bu ayrılıq obrazı mənə
şeirini oxuduğum hər şairin baxış
bucağına görə fərqli görünüb. Yaddaşım çoxlu Araz obrazlarının
çaya qarışıb axan yatağına, məcrasına
çevrilib. Həmin obrazlar arasında Məmməd
Arazın yaratdığı Arazın isə öz bənzərsiz
yeri var.
Məmməd Arazın "Görüşməmiş
dostlar" şeiri sovet hakimiyyətinin
qılıncının hər iki tərəfi iti kəsən
dövründə yazılıb. Düşünürəm
ki, həmin şeir ictimai məzmununa, tarixi sanbalına, oxucuya
çatdırdığı incə mənalara görə bu
gün daha böyük əhəmiyyət daşıyır və
yeni nəsillərə cəllad əli ilə
parçalanmış Azərbaycanın tarixi faciəsini
şair ürəyinin dilində danışır. Bu
şeirdə tarixin bədii obrazı nəfəs alan, yaşayan, yaşadıqca əzab çəkən
canlı varlıq kimi təqdim olunur.
Əslində, "Görüşməmiş
dostlar" şeirlə yazılmış kiçik bir mənzum
hekayədir. Hekayədə hərəsi Arazın bir sahilində
yaşayan, bir-biri ilə heç vaxt üz-üzə
görüşüb kəlmə kəsməyən iki sadə
insanın - iki çobanın mənəvi birliyindən bəhs
edilir. Onların süddən,
sümükdən, qandan gələn birliyi dostluğun
fövqündə, dostluqdan yüksəkdədir.
İllərlə Arazın sahili boyunca bir vadidə iki
ocaq lal gecənin qaranlığına xal salır. Arazın o
tayında bir çoban, bu tayında da başqa bir çoban
ocaq qalayır. Bununla onlardan biri o birinə
Arazın üstündən "alov payı" göndərir.
Həmin ocağın odu, alovu, istisi,
işığı isə uzaqlardan - tariximizin lap dərinliklərindən
gəlir. Yüksək yerdə - bəzən dağ
başında, bəzən qala bürcündə ocaq qalamaq, od yandırmaq dədə-baba yaddaşında Vətəni
qorumaq, yurda keşik çəkmək üçün xəbərləşmənin,
bir-birinə işarə ötürməyin
sınanmış bir üsulu olub...
Arazın o tayındakı çoban öz
ocağının dövrəsinə dirsəklənib
dalğın-dalğın tütək çalır, bu
taydakı çoban onu dinləyir. Bunların ikisinin də
sürüləri eyni çayın suyunu içir, ikisinin də
gecə yaylımları eyni vaxtda başlayır, birinin
arxacına qurd təpiləndə o birinin itləri qurdlara
hücum çəkir, qoyunlarını qurdlardan qoruyur. Yay olanda biri sürüsünü eyni vadinin
sağına, biri də soluna çəkir, qış olanda
ikisi də eyni qışlağa enir. Ancaq iki çoban
bir-biri ilə görüşə bilmir: çünki aradan
Araz axır, Araz boyunca bizim olmayan dövlətlərin
tikanlı məftillərdən hörülmüş sərhədi
uzanır. Siyasətdən uzaq çobanlarsa bir-biri ilə
"ocaq dili"ndə, "tütək dili"ndə
söhbətləşirlər:
Yenə hər
kəs tütəyində
Söhbət
açır yaylağından
Savalanın
dumanından,
Salvartının
qaymağından...
Biri deyir,
qəhrəmanlıq
Nişanıyla
dönmüşəm mən,
Biri deyir,
nişanını
Dərd
asıbdır ürəyimdən...
Beləliklə, şeir bütövlükdə Vətənin
ağrısını hiss edən oxucunun ürəyindən
ağır daş kimi asılır. Bu şeirin məzmunu
tarixin ədalətsizliyinə qarşı sözün
üsyanıdır. Şair belə bir
fikir aşılamağa çalışır ki,
böyük imperiyalar, qanlı qılınclar Azərbaycanı
ikiyə bölsələr də, insanların qəlbini və
yaddaşını bölməyə onların gücü, kəsəri
çatmaz. Şeir müəllifin böyük ümidləri
ilə tamamlanır:
Hərdən
deyir mənə ürək:
"Dostlar nə vaxt görüşəcək?"
Mən
onların görüşmədən
Dostluğundan
dedim ancaq.
Onların
ilk görüşünü
Tarix
özü danışacaq...
Bu şeir yazılandan xeyli sonra şairin
arzuladığı kimi həmin görüş oldu və
tarix özü danışdı. Tarix sözünü şairdən,
şeirdən daha sərt, daha kəskin bir dillə dedi. Ən yeni tariximizin ən sərt dönüş məqamlarından
biri elə Arazın yaxasında, bu şeirdəki hekayənin
baş verdiyi ərazidə oldu.
Sovet hakimiyyətinin süqutu ərəfəsində Azərbaycan
xalqı öz iradəsinə güvənib, öz mənliyini
ortaya qoyub Araz üstündəki sərhəd
qurğularını sökdü. 1989-cu ilin son günündə
baş verən bu hadisə, tarixçilərin də təsdiq
etdiyi kimi, SSRİ adlanan nəhəng bir dövlətin,
"Şər imperiyası"nın
çöküşünün başlanğıcı oldu. Mənim də bir yeniyetmə inadı ilə fəal
iştirak etdiyim, canlı şahidi olduğum həmin
günü - 31 dekabrı indi biz Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü kimi bayram edirik.
Bu hadisənin bəzi təfərrüatlarını
"Hərəkat" hekayəmdə qələmə
almışam.
Ancaq mənim iştirak etdiyim və
sorağı "Oqonyok" jurnalından (bu jurnal sovet hakimiyyətinin
əsas ictimai-siyasi tribunalarından və dünyanın ən
çox oxunan mətbuat orqanlarından biri idi) gələn
"Hərəkat"a qədər Azərbaycan ədəbiyyatı
Araz üzərindəki sərhədi düşüncələrimizdə
sökmüş, yerində də bir mənəvi birlik
körpüsü salmışdı. Bizi həmin
körpüdən keçirənlərin önündə gələnlərdən
biri Arazın adını imzasında daşıyan Məmməd
Araz idi...
O, təbiətin
səsini, sözünü, nizamını şeirə gətirməklə
yanaşı, təbiətin dərdlərinə,
ağrılarına da laqeyd deyildi. Nizamı
pozulmaqda olan təbiət üçün poeziyamızda ilk ən
ciddi həyəcan təbili çalan, insanları təbiətin
harayına səsləyən şair Məmməd Araz olub.
"Professor Gülə məktub" şeirində
şair alimindən tutmuş çobanına qədər
bütün xalqın diqqətini Xəzərin taleyinə
yönəltməyə çalışmışdı.
Şair haqlı olaraq ekologiya probleminin arxasındakı
imperiya müstəmləkəçiliyinə, siyasi istismara
da eyham vururdu:
Xəzər
Xəzər olandan
Sağılır qızıl inək kimi.
Sağıb,
sorub,
Sonra yorub
qısır inək kimi
Biz onu satmaq istəyirik.
Ölü
dənizlər muzeyinə
Atmaq istəyirik.
Dünyanın taleyindən narahat yaşayan Məmməd
Araz hər şeydən öncə həssas qəlb
şairidir. Hansı mövzuda yazılmasından asılı
olmayaraq onun bütün şeirləri qəlbin dilindən
süzülür, bütün yazılarında ürək
döyüntülərinin ritmi duyulur. Ona
görə də Məmməd Arazın şeirləri səmimidir,
ürəklərə yol tapa bilir.
Məmməd Arazın bənzəri olmayan şeir
dünyası özünün yaratdığı Azərbaycan
obrazına çox oxşayır. Bu şeirlərin
dünyası "qayalarda bitən bir çiçək,"
"çiçəklərin içində bir qaya" kimi
həm zərif, həm də sərtdir. Bu şeir dünyasından
səslənən "Azərbaycan deyiləndə ayağa
dur!" nidası isə müstəqil dövlətindən məhrum
edilmiş bir xalqın dövlətçilik idealının,
azadlıq, müstəqillik arzularının
oyanışına yönəldilib...
Məmməd Arazın yazdığı "Bir
axşamın balladası" ədəbiyyatımızın
ən səmimi etiraf şeirlərindəndir. Şair bu
etirafında şeiri də, insanı da sevgisizlikdən,
laqeydlikdən qorumağa, təbiətlə insan
arasındakı uyumu, birliyi saxlamağa
çalışır.
Eşqim
- didiklənən bir parça kağız...
Küləklər,
haraya aparırsınız?
Aparın,
aparın, aparın,
Amma
Onu
tuş etməyin hissiz adama,
Onu
qoşa duran,
Onu illər
boyu baş-başa duran
Daşlara verin.
Birgə
çöp daşıyan,
Birgə yuva quran quşlara verin.
Qoy suya,
torpağa hopulsun bu qəm;
Mən
necə sevmişdim, necə sevirəm...
O necə
sevmişdisə, necə sevirdisə, sevgisini də o cür
dilə gətirdi. Vətənə, torpağa,
insana, insanlığa sevginin əbədiliyinə inandı və
oxucusunu buna inandırdı. Sevgi ilə
yaşayıb yaratdı. Özünün şair xatirəsini
"əbədiyə qəhqəh çəkən əbədi
dünyanın" ayrılmaz bir parçası kimi yadigar
qoydu və gedərkən də bizə öz əbədi
ünvanını verdi:
Gözünü
sıx, hansı daşda su yansa,
O daş
altda Məmməd Araz yaşayır...
Məmməd Arazın şeirindən və taleyindən
keçən o daş keçmişimizi və gələcəyimizi
özündə yaşadan yaddaşımızdır.
525-ci qəzet 2023.- 25 noyabr, № 214.- S.20.