Türkiyəli aktyor: "Bakı kinonu
çağırır"
Müsahibimiz Türkiyənin
tanınmış aktyoru, Azərbaycan
tamaşaçısının daha çox "Yedi
numara" serialından tanıdığı Volkan Girgindir.
- Volkan bəy, Azərbaycana ilk gəlişinizdir. Bakı ilə
bağlı ilkin təəssüratınız necədir?
- Bakıya çatan kimi hava limanında
çamadanımı qırdılar
(gülümsəyir).
- Hirslənmədiniz?
- Yox, çünki qəza idi, qəsdən olmadı. Bu, Nyu-Yorkda da
başına gələ
bilər, Sidneydə də. İlkin təəssürata gəldikdə isə, Bakı baxımlı bir şəhərdir.
Xüsusilə də Bakının
memarlığını sevdim.
- Bəs filmlərimizi sevirsinizmi? Ümumiyyətlə, hansı Azərbaycan
filmlərinə baxmısınız?
- Azərbaycan filmlərinə
baxmamışam, ancaq
türk film və seriallarının azərbaycanca
dublyajına baxmışam.
Diliniz çox maraqlı və fərqli gəlirdi mənə.
Düzü, aktyor və
filmləriniz barədə
çox da məlumatlı deyiləm,
ancaq musiqinizi daim dinləyirəm.
Rəşid Behbudovun heyranıyam.
Konservatoriyada oxuduğum
zamanlarda tar çalmağı
öyrənmək istəyirdim.
Milli rəqslərinizi də sevirəm. Amma mətbəxinizdən çox da xəbərdar
deyiləm.
- Volkan bəy, uzun müddətdir ki, kino sahəsindəsiniz, ancaq çoxları sizi "Receb" obrazı ilə tanıyır. Sonradan seriallara özünüz çəkilmədiniz, yoxsa
sizdən asılı
olmayan səbəblər
vardı?
- On doqquz yaşım olanda Taksimdə bir nəfərin mənə diqqətlə
baxdığını gördüm.
Əvvəlcə özümə də
qəribə gəldi,
bu niyə mənə belə baxır deyib həmin adamın üstünə getdim.
Adam dedi ki, sənin teatrda tamaşana baxmışam və çox bəyənmişəm. İlk
dəfə onda tanındığımı hiss etdim. Seriallardan sonra isə
insanlar məndən imza istəməyə başladılar. Daha çox
insan tərəfindən
tanınmağım isə
1998-ci illərə təsadüf
edir. Əslində, seriallarda rol
almağı heç
vaxt sevməmişəm.
"Yedi numara"dan
öncə uzun müddət seriallarda çəkilmişəm. Müəyyən bir nöqtə
var ki, artıq
doyursan. Fasiləsiz
olaraq on il
seriallarda oynadım. O
zaman türk kinosu bu qədər
inkişaf etməmişdi.
İldə təxminən on film çəkilirdi. Bu şərtlərdə təkcə
filmdə oynamaqla dolana bilməzsən, ona görə də serialda oynamağa məcbursan.
Sonra serialda oynamaq yerinə, ssenari yazıb pul qazanmağı seçdim.
Həmçinin teatr fəaliyyətimi
davam etdirdim. Əgər
"Yedi numara"dan sonra davamlı olaraq başqa film, seriallarda rol alsaydım və buna rəğmən məni ancaq bu serialla xatırlasaydılar,
problem olardı. Amma mən
o serialdan sonra teatrda davam edib
ssenari yazarlığına
yönəldim. Təxminən,
iyirmi beş
ildir ssenari yazıram. Altı filmim çəkildi.
Rejissor kimi iki qısa
film çəkdim. Bu səbəbdən dolayı
"Yedi numara" ilə tanınmaqdan narahat olmuram, çünki seriallarda aktyor kimi ondan
böyük işim olmayıb.
- Siz "Yedi numara" serialının yaradıcı
heyətində yer alırdınız. Bu hekayə necə başladı?
- Orada gördüyünüz
kollektivlə əvvəlcə
bir teatr qurmuşduq. Həmin vaxtlarda TRT kanalı
ssenari yazarımız
olan Oya Yücedən layihə istəmişdi. Bir gün
evdə oturmuşdum, təxminən saat on idi. Oya zəng edib dedi ki, bizə
gəl, ssenari yazacağıq. Mən də durub onlara getdim. Bir şüşə rakını
stola qoyub içməyə başladıq.
Həmin gecə təxminən saat ikidə "Yedi numara"nın bütün hekayəsini yazmışdıq.
- Niyə məhz "Yedi numara"?
- Əvvəlcə Oya
ilə fikri tapdıq. Mövzumuz bir evdə yaşayan üç oğlan və dörd qız idi. Qərb və Şərqin
ziddiyyəti olacaqdı.
Fikir Oyanın çox xoşuna gəlmişdi.
Bu mövzuda çox
yanaşmalar olacaqdı
və xeyli hekayə yaranacaqdı.
Mövzuda qərar verəndən sonra gəldik serialın adına. Biz teatrı quran yeddi nəfərlə serialda rol alacaqdıq.
Ordakı rollar həmin
yeddi nəfərə
yazılmışdı. Oya evin o baş-bu başına gedib ad fikirləşdi. Birdən qışqırdı
ki, tapdım. Biz yeddi nəfərik,
serialın da adı "Yedi numara" olsun. Əslində, hər şey
bu qədər sadə oldu. Amma bu qədər
sadə bir şey iyirmi üç il
sonra haqqında danışdırır.
- Sənət belədir.
- Hə, sonra digər xarakterlər yazıldı, komanda üzvləri ilə paylaşıldı və
çəkilişlər başladı.
- Rəcəb obrazının hansı xüsusiyyətini bəyənirdiniz?
- Mühafizəkarlığını. Öz dəyərlərinə sahib çıxmaq
mənə görə
yaxşı bir şeydir. Rəcəb ailəsindən gələn
dəyərlərə sahib çıxırdı. Onun bu cəhətini sevirdim.
Mən də öz ailəmə düşkün
biriyəm.
- Siz elə Rəcəbin sevib-seçdiyi qızla evlənmisiniz. Sevgi hekayəniz serialda başladı, yoxsa ondan qabaq da
münasibətiniz vardı?
- Yox, serial başlayanda biz artıq bir il idi ki, sevgili idik.
Əvvəlcədən teatrda
tanış olmuşduq. Hazırda Sədəf bir
serialda oynayır.
- "Yedi
numara" kollektivi ilə tez-tez görüşürsünüz?
- Yox, ümumiyyətlə, heç bir işdə elə olmur. Çalışarkən bir yerdə
çox olursunuz, bir müddət görüşməyə davam
edirsiniz, ancaq sonra başqa həyatlar gəlir, başqa seriallar başlayır, hərə
bir tərəfə gedir. Teatrımız da fəaliyyətini
dayandırdıqdan sonra
hər kəs öz yoluna yön aldı.
- Bilmirəm, oynadığınız
komik obrazlara görədir, yoxsa digər səbəbdən
sizi çox əyləncəli biri kimi təsəvvür edirdim. Amma çox ciddi
davranırsınız.
- Əslində, çox
sərt biri deyiləm, əyləncəli
insanam. Sadəcə indi beynimdə
xeyli fikirlər, həll etməli olduğum məsələlər
var. Yəqin ona görə elə görünürəm.
- Bayaq qeyd etdiniz ki,
filmlərdə rol almağı yox, teatrda oynamağı seçdiniz. Bu seçimin
kökündə nə
dayanır?
- Oyun oynamaq.
- Filmdə bunu etmək olmur ki?
- Filmdə də edə bilirsən, amma filmlə teatr bir deyil.
Seriallarda isə daha mexaniki gəlir hər şey. Filmdə, serialda oynamaq pis bir şey
deyil, sadəcə müqayisədə teatr mənə daha doğmadır. Hazırda rejissoru
olduğum bir film, oynadığım bir tamaşa və ssenarisini yazdığım
bir serial var. İndi təkcə mahnı bəstələmirəm (gülümsəyir).
- Çəkdiyiniz
filmlər qısametrajlıdır.
Ümumiyyətlə, qısa filmləri
necə xarakterizə edərdiniz?
- Qısa film çəkmək
şeir yazmaq qədər
çətindir. Bu cür film yaratmaq
ustalıq istəyir. "Öncə qısa film vardı" - bu sloqanı çox sevirəm. Həqiqətən də kino tarixi qısa filmlərlə başlayıb.
Qısa zamanda bir duyğunu
göstərmək asan
məsələ deyil.
İki qısa film çəkmişəm
və bu tərzi sevirəm.
- Ən çox sevdiyiniz rejissor kimdir?
- Bu sualı heç sevmirəm. Tamaşaçı olaraq sevdiyim
rejissorlar var, amma rejissor olaraq
örnək aldığım
yoxdur. Təbii ki, Nuri Bilge
Ceylanın, Özcan Alperin filmlərini çıxan kimi izləyirəm. Daha keçmişə
getsək, Tarkovskini, Viskontini çox sevirəm. Amma kral Çaplindir.
- Azərbaycanla bağlı nəsə çəkməyi düşünürsünüz?
- Ola bilər. Vaxt məsələsidir. Məsələn, bu gün şəhəri gəzərkən xeyli kinemotoqrafik an gördüm. Bakı filmi çağırır.
- Nə qəşəng dediniz.
Müsahibənin başlığını tapdım.
- Onda hesabı siz ödəyərsiniz (gülümsəyir).
- Rəcəbin
məşhur deyimindəki kimi,
"müsrüflüğün lüzumu yox".
Aytac SAHƏD
525-ci qəzet 2023.- 25 noyabr, № 214.- S.19.