ÖLÜMÜ
ÖLDÜRƏN ÖLMƏZ
Rafael HÜSEYNOV
Akademik
Allahın balaca bir ömür verib ezam etdiyi bu dünyada
onlar narahat yaşadılar. Taleləri, əzizlərinin
ömürləri şikəst oldu, güllələni
güllələndi, asılanı asıldı, sürgün
olunanı sürgün edildi, zindana atılanı zindana
atıldı, birtəhər qaçıb qurtaran, Sovet İttifaqında,
Şimali Azərbaycanda sığınacaq tapanlar da pərən-pərən
oldular, rayon-rayon, şəhər-şəhər səpələndilər.
Bütöv bir həyat məhvərindən
çıxdı, asta-asta güzəran düzəldisə də,
ev-eşik sahibi oldularsa da, həsrət onların daimi yol
yoldaşı oldu, ürəklərində həmişə
bir göynək, xiffət daşıdılar.
Onların hamısı, istisnasız olaraq hamısı,
hətta digər hansısa başqa siyasi pənahəndəyə
nisbətən bəxti daha çox gətirənlər,
işləri daha avand olanlar da mahiyyətcə həyatdan
yarımamış insanlar idi. Ancaq uğradıqları bütün
çətin ömür sınaqlarına, çəkdikləri
tamam əziyyətlərə rəğmən, onlar həm də
bəxtiyar idilər, istisnasız olaraq hamısı az, ya çox dərəcədə xoşbəxt
qismətli insanlar idi ki, onlara öz nəvə-nəticələri
üçün istiqlal irsi yadigar qoyub getmək nəsib oldu. Nə qədər zaman keçir-keçsin, onlar
unudulmayacaq, nə qədər nəsillər dəyişir-dəyişsin,
onlar rəhmət və məhəbbətlə anılacaq.
Sağkən yaşadıqları bütün
ağrılara bundan belə tarix həmişə sığal
çəkəcək, minnətdar soydaşlar bütün gələcəklər
boyu onları oxşayacaq, əziz tutacaq. Bir ağac əkib-böyüdən
yaddan çıxmır, illah da ki, xalqı üçün
daha heç vaxt solmayacaq, qurumayacaq, ucaldıqca ucalacaq istiqlal
ağacı əkmişlər ola,
azadlıq yolu açmışlar ola. Keçənləri
anarkən adətən "Ruhları şad olsun!" deyirlər.
Yollarının yaşadığını, o müqəddəs
istiqlal yolunu tutub gedənlərə yeni-yeni nəsillərin
qoşulduğunu duyduqca onların hamısının ruhunu
sarmış ələmli kölgələr asta-asta əriyir,
ancaq həmin nigaran ruhların əsl mənada şad
olacağı indikindən də sevimli və möhtəşəm
günlər hələ qarşıdadır və mütləq
yetişəcək həmin saatı gətirən həm də
onların həmişə canlı amalları, atəşi
soyumaz ülvi diləkləri olacaq!
...1945-ci il dekabrın 13-də - 22 azərdə Təbrizdə
"Azərbaycan" qəzetinin növbəti sayı
çıxmışdı və camaata dünən baş
verən köksəsığmaz fərəhin yeni xəbərlərini
çatdırırdı: "Azərbaycan Milli Məclisi
dünən günortadan qabaqkı iclasında Azərbaycan
Demokrat Firqəsinin sədri cənab Pişəvərini Azərbaycan
Milli Hökumətini təşkil etməyə namizəd və
məmur etdi".
Artıq Milli Məclisin günortadan sonrakı
iclasında Güney Azərbaycandakı ilk müstəqil
hökumətin əvvəlinci nazirləri elan edilmişdi. Ardınca da
Milli Məclis Zeynalabdin Qiyamini Ali Məhkəmənin sədri,
Firidun İbrahimini Azərbaycan prokuroru seçmişdi.
Cavan olmağına hamısı cavan idi. Ən yaşlıları
Pişəvəri özü idi ki, onun da cəmi 53
yaşı vardı. Amma burası da
vardı ki, son bir neçə ilin mübarizəli
gedişatı onların hamısını
yetişdirmişdi, bişkinləşdirmişdi,
hamısını əslində olduqlarından daha
yaşlı etmişdi. Hamısı cavan
olsalar da, ən gəncləri Firidun İbrahimi idi və indi
olub-bitənlərə bugünün gözüylə
baxıb təhlil edəndə bu da ağlımdan keçir
ki, görünür, baş prokuror kürsüsü Firidun
üçün son hədd deyilmiş. Yəqin
ki, Milli Hökumətin ömrü bunca qısa olmasaydı,
yol davam etsəydi, çox keçmədən öndərlik
elə Firidun İbrahimiyə nəsib olacaqdı.
Çünki azadlıq, istiqlal, müstəqil dövləti
qurmaq onların bir məqsədi idisə, bu dövləti
dünya dövlətləri içərisində irəliyə
aparmaq da digər ali niyyətləri idi. Buna isə Firidun İbrahimi ən çox hazır
olanlardan biri idi. Çünki bilgin
hüquqşünas, bəsirətli siyasətçi olmaqdan əlavə,
o, fransızcanı ana dili səviyyəsində bilirdi və
dünyaya çıxmaq üçün bu pəncərəsi
də vardı. Səbəbsiz deyil ki,
1946-cı ilin avqustunda Fransaya - Paris Sülh Konfransına
göndərilən İran nümayəndə heyətinin
içərisində Firidun İbrahimi də vardı. Ancaq Firidun İbrahimi 21 dövlətin nümayəndələrinin
iştirak elədiyi Paris Sülh Konfransına Azərbaycanın
nümayəndəsi olaraq deyil, bütöv İranın təmsilçisi
kimi yola düşürdü.
Görən, o pasport haradasa qalırmı? Firidun
İbrahiminin Fransaya - Paris Sülh Konfransına yola düşərkən
cibində olan pasport. Firidun İbrahimi
özü yazırdı ki, bu pasportu mən bir əziz yadigar
kimi ömrümün axırınacan saxlayacağam. Heyhat, ömür möhləti bunca qısa oldu.
Nəyə görə o pasport Firidun İbrahimi
üçün belə əziz idi? Həmin
pasport yalnız Firidun İbrahimidən ötrü yox, milli
dövlətçilik tariximizçün də xüsusi məna
daşıyırdı. Əvvəla ona
görə ki, həmin pasport Azərbaycan dilində
yazılmışdı və Milli Hökumətin öz vətəndaşlarına
verdiyi ilk pasportlardan biri idi. Firidun
İbrahimini Fransaya - Paris Sülh Konfransına İran
hökuməti göndərirdi. İran
hökuməti Firidun İbrahimini ona xüsusi rəğbəti
olduğuna görə seçməmişdi. Ehtiyac vadar eləmişdi ki, məhz bu münasib olan
seçim üzərində dayansınlar. Firidun İbrahiminin ilk növbədə yaxşı
hüquqşünas və jurnalist olması, üstəlik,
fransızcanı sərbəst bilməsi öz həlledici
rolunu oynamışdı.
Firidun İbrahimi Fransaya getməkdən ötrü viza
almalı idi.
Ancaq bu səfər üçün bircə
fransız vizası kifayət eləməyəcəkdi. Daha altı tranzit vizaya da ehtiyac vardı. Çünki o, İraqdan, Suriyadan, İordaniyadan, Fələstindən,
Livandan, Misirdən də keçməli idi. Təbii ki, həmin səfirliklərin hər biri də
öz vizasını verməli, pasporta öz
möhürünü vurmalı idi. Ancaq sənədləşmələr
İran Xarici İşlər Nazirliyindən başlanmalı
idi və İbrahimi də birinci ora yollanmışdı.
Firidun İbrahiminin Azərbaycan Milli Hökumətinin verdiyi və
Azərbaycan dilində doldurulmuş pasportunu görüncə
təəccüblənmişdilər: "Bu nədir gətiribsiniz?
Biz bunu qəbul edə bilmərik, bu pasport Azərbaycan dilindədir,
rəsmi sənədləşmədə belə dil yoxdur, gərək
farsca yazılmış ola". Di gəl, İran Xarici İşlər Nazirliyindəki
məmurlar unudurdular ki, onların qarşısında dayanan
yüksək hazırlıqlı peşəkar
hüquqşünasdır. Firidun başlayır ki,
1946-cı il iyulun 13-də Qəvam üs-səltənə
hökuməti ilə Azərbaycan Milli Hökuməti
arasında müqavilə imzalanıb. Həmin
müqavilənin 12-ci bəndinə əsasən Azərbaycan
dilinin dövlət dili statusu var. Ona görə də mənim
pasportum Azərbaycan dilində yazıla bilər. Yəni faktik olaraq bu razılığı sizin
hökumət verib.
Bu məmur
özündən böyüyün, o da ondan daha səlahiyyətlinin,
digəri də daha yekəsinin yanına gedib hali-qəziyyəni
söyləyir və Firidun İbrahiminin gətirdiyi dəlillər
qarşısında sözləri kəsilir, naçar
qalıb Firidun İbrahiminin Azərbaycan dilində olan
pasportuna zəruri möhürləri vururlar, vizaları əlavə
edirlər və Firidun İbrahimi yola düşür. Zahirən kiçik görünsə də, əslində
bu, siyasi çəkicə ciddi diplomatik qələbə
sayılmalı hadisə idi. Çünki bu, rəsmi
İran tərəfindən Azərbaycanın müstəqilliyinin
bariz etirafı, Azərbaycan Milli Hökumətinin
özlüyünün təsdiqi idi (Firidun İbrahimi isə
bunu dilin öz zəfəri hesab edirdi: "Xarici İşlər
Nazirliyindəki məmurlar Azərbaycan dilinə müxalifət
və düşmənçilik göstərməkdən
çəkinmədilər. Lakin orada da Azərbaycan
dili öz mövcudiyyətini müdafiədə qalib
çıxdı").
Yəqin, həmin pasport haradasa qalır. Hesabla həbs ediləndə
evində axtarış aparılarkən bütün sənədləri
götürülməli idi və ola bilsin
ki, həmin pasport vaxtilə İran hökumətinin onun
adına açdığı cinayət qovluqlarında
qalır. O pasportun digər mühüm tarixi mənası isə
ondan ibarətdir ki, Güney Azərbaycan Milli Hökumətinin
beynəlxalq aləmə açılan yolunun
başlanğıcında dayanan ilk sənəd idi.
...Bu
xanımın iki adı var - həm Mənijədir, həm
Görüş. Elə soyadı da ikilidir:
İbrahimi-Kazımovskaya.
O, burada,
artıq mühacirət illərində anadan olub. Atası doğum şəhadətnaməsində
adını Mənijə yazdırıb, ancaq o tayla yenidən
qovuşmaq arzusunu həmişə qəlbində gəzdirən
anası qızı elə kiçik yaşlarından
Görüş çağırıb.
"Babam Məşədi Qəni inqilabçı
olmuşdu, həyatının çoxu zindanlarda keçib. Dayım
Firidunun ölüm xəbərini də zindanda eşidib,
eşidən kimi ürəyi partlayıb. Anam
- İrəc xanım, anamın bacıları İqlibə
xala, İran xala (öz aralarında qısaldaraq belə
çağırırlarmış. Adın
bütövü: İranduxt - R.H.), Məhtab xala mənə
ailənin tarixçəsini danışardılar.
Ənuşirəvan dayım həmişə mənə deyərdi
ki, sən gərək əla oxuyasan, sən gərək
yaxşı biləsən böyük dayın kim
olub, anan hansı yollar keçib, çox
çalışasan ki, onlara layiq olasan. Mən də balaca
qız idim, Rusiyada, İvanovo şəhərində
"İnterdom" deyilən məktəbdə müxtəlif
ölkələrdən olan siyasi mühacir uşaqları ilə
oxuyurdum (İvanovadakı Beynəlxalq Uşaq Evi 1933-cü
ilin 1 mayında mürtəce və faşist rejimli ölkələrdə
valideynləri həbsxanalara düşmüş uşaqlar
üçün yaradılmışdı və mövcud
olduğu 90 il ərzində burada dünyanın 80-dən
çox ölkəsindən uşaqlar tərbiyə və təhsil
almışdır - R.H.), orada səkkiz il oxudum.
İran xalam başqa aləm idi. Həmişə deyirdim ki, İran xala, sən
ensiklopediyasan. Mənzillərimiz yaxın
idi, eyni binada yaşayırdıq, tez-tez gedirdim onlara. Artıq gözləri görmürdü, o
danışırdı, mən yazırdım. Özü deyərdi ki, gəl mən diktə edim, sən
yaz. O yazılar indi qardaşım Firidundadır. İran xanım söyləyirdi ki, Firidun dayım
universitetdə oxuyanda şahla - Məhəmməd Reza Pəhləvi
ilə dostluq edirdi, o da aviasiya fakültəsində təhsil
alırmış. Hətta bir az zahiri
oxşarlıqları da vardı".
Firidun İbrahimi gənc idi, hələ heç evlənməmişdi. Mənijə
xanımdan hər ehtimala qarşı soruşuram ki, gənc, qəşəng
oğlan idi, bəlkə Firidun kiminləsə
görüşürmüş, məhəbbəti
varmış. Cavab həm qüssə
artırır, həm də sevindirir ki, Firidunun izi tam itməyib.
Mənijə xanım deyir ki, Firidun Fəxri adlı gözəl
bir xanımla sevişirmiş, qeyri-rəsmi
yaşayırmışlar, Firidunun qətlindən az sonra bir
uşaq da dünyaya gəlir - Fərhad, həm də
sağ-salamatdır, indi qızı, nəvəsi ilə birgə
Hollandiyada yaşayır, həyat davam edir.
"Fatma nənə əvvəlcə Fəxri
xanımı qəbul etmək istəmirdi. Sonra o,
uşağı gətirib göstərdi. Xalam
danışırdı ki, nənəm uşağı
görüncə deyib ki, elə bil Firidun
özüdür".
...Firidun
İbrahimi gedir Fransaya və Parisdə 1946-cı il iyulun 29-dan oktyabrın 15-dək qalır. İki ay yarımlıq bu səfər onun həyatında
da, Milli Hökumətin bioqrafiyasında da əlamətdar səhifəyə
çevrilir. Baxmayaraq ki, Firidun İbrahimi
Paris Sülh Konfransına İran dövlətinin təmsilçisi
kimi getmişdi, orada bütün danışıqlarda və
ünsiyyətlərdə özünü Azərbaycan
nümayəndəsi kimi aparırdı. Milli Hökumət
yaşayardısa, Firidun İbrahiminin o iki ay yarımda
keçirdiyi görüşlər, apardığı
danışıqlar gələcəkdə Güney Azərbaycan
dövlətinin xarici siyasətinin mükəmməl
bünövrəsi ola bilərdi. Firidun
İbrahimi iki ay yarımlıq Fransa səfərindən
doğma Təbrizinə dönüncə yenə 21 azərdən
öncə yazdığı "Azərbaycan
danışır" silsilə məqalələrinə
oxşar digər məqalələr qatarını qələmə
almağa başlayacaq - düz 23 məqalə dərc etdirəcək.
Amma o məqalələrin sayı 23 yox, daha
çox olmalı idi. "Azərbaycan" qəzetində
həmin yazılar 1946-cı il noyabrın
9-dan başlayaraq ta dekabrın 10-na qədər çıxıb.
Bu məqalələrdə Firidun İbrahimi səfərə
yola düşüb mənzil başına çatanadək
rastlaşdığı hadisələr və insanlardan
söz açır, konfrans müddətində olan
görüşləri, davranışları ümumi təsvir
edirdi. Konfrans günlərindəki daha
yerli-yataqlı müşahidələr və çıxardığı
yekun qənaətlər qəzetin növbəti
saylarındakı məqalələrdə əks
olunacaqdı. Bu, mənim fərziyyəm
deyil. Məqalələr sırasındakı
axırıncı - 10 dekabrda dərc edilən yazının
adını Firidun İbrahimi belə qoymuşdu: "Birinci
hissənin sonu". Və xəbərdar edirdi
ki, səyahətnaməsinin növbəti hissəsi iki ay
yarım davam edən Paris Sülh Konfransında dörd
böyük dövlətin xarici siyasətinin təhlili və
bu mühüm siyasi məclisin ortaya qoyduğu nəticələr
haqqında olacaq, həm də ayrıca kitab şəklində
nəşr ediləcək. Elə bu son yazısında
Fransanın daxili və xarici siyasəti ilə bağlı
baxışları, tənqidi mülahizələri onun
artıq incə düşünən bir diplomat olaraq da yetərincə
püxtə səviyyəyə çatdığını nişan verir. Həm də nəzərə
alınsın ki, o, indiki lotu-potu əlində qalmış,
siyasətinin başı-ayağı bilinməyən
Fransanın deyil, De Qoll Fransasının siyasətini
araşdırma müstəvisinə
çıxarmışdı.
Qəzetin
növbəti sayları olmadı...
Firidun İbrahimi "Siyasi səyahətnamə"
adlandırıla biləcək bu məqalələr silsiləsindəki
hekayətini avqustun 7-dən - yola çıxdığı
ilk gündən baışlayırdı. Avqustun 7-də
1946-cı ildə Tehrandan - Mehrabad hava limanından Bağdada
uçur, oradan da taksi ilə Qahirəyə baş alır.
Arada bir neçə saat vaxtı varmış.
İstəyir gəlmişkən getsin qədim
Misir ehramlarına baxsın. Piramidaların
yanında gəzib dolaşarkən təsadüfdən misirli
gənclərlə rastlaşır. Dil
sıxıntısı yoxdu - ərəbcəsi də
vardı, fransızcası da. Bəziləri
ilə fransızca danışır, bəziləri ilə ərəbcə
və onlara öz Milli Hökuməti barədə də bilgilər
çatdırır. Və misirli gənclərin
dediyi sözlər Firidun İbrahimini bərk heyrətləndirir.
Onlar deyirlər ki, bəli, biz Təbriz radiosunun
verdiyi verilişlərə burada qulaq asa bilirik. Bu, Təbrizdən, Milli Hökumətdən,
gördükləri böyük quruculuq işlərindən
danışmağa başlayanda onlar qayıdırlar ki, xəbərimiz
var, sizin radionu dinləyirik.
1946-cı ilin yazında Təbrizdə Azərbaycan
radiosu fəaliyyətə başlamışdı və kifayət
qədər güclü ötürücü qurğuları
vardı. Təbriz
radiosunun dalğaları bir neçə min kilometr uzaqlara
çatırdı və misirli cavanlar söyləyirlər
ki, sizin fransızca verdiyiniz verilişlərin dəqiqələri
az olur, onlara da qulaq asırıq, amma burada türklər var,
Azərbaycan dilində olan proqramlarınıza qulaq asıb
bizimçün də tərcümə edirlər, eşitdiklərimizə
mat qalırıq. O ərəb gənclərini diksindirən,
valeh edən nələrmiş? Firidun
İbrahimi yazır ki, onları heyran qoyan bizdəki demokratik
mühit, əldə etdiyimiz azadlığın insanlara
bağışladığı geniş imkanlar idi və onlar
bu təəssüratlarını hətta müəyyən həsədlə
dilə gətirirdilər.
Və
üstündən bir qədər sovuşandan sonra elə
Firidun İbrahiminin bölüşdüyü təəssüratlar,
"Azərbaycan" qəzetində dərc etdiyi bu məqalələrin
izi ilə Seyid Cəfər Pişəvəri
çıxışlarından birində auditoriyaya müraciətlə
deyirdi ki, bizim azadlıq uğrunda mübarizələrimiz, əldə
etdiyimiz istiqlal nailiyyətləri artıq xaricdə - vətəndən
uzaqlarda istiqlal yolunda çalışanlar tərəfindən
bir təcrübə kimi öyrənilməkdədir.
Firidun İbrahimi hələ Fransaya gedib çatmayıb
- yarı yoldadır. Ancaq gedə-gedə də işləyir.
Harada olsa, insanlarla təmasa girir - həm Azərbaycanın,
Milli Hökumətin qısa müddət ərzində əldə
etdiyi uğurları onlara çatdırır, bizi müsbət
yöndən tanıyanların dairəsini genişləndirir,
həm ayrı-ayrı xalqların nümayəndələri
ilə görüşərkən onlarda demokratiyanın vəziyyəti,
istiqlal uğrunda mübarizələrin perspektivləri barədə
birinci əldən məlumatlar alır, həm də
görüşlərində bizdəki durumla oralardakı
nailiyyətləri və uğursuzluqları tutuşduraraq bir
tərəfdən özümüzə kənardan baxmaq
fürsəti qazanır, digər yandan da bir neçə
ayın ərzində demokratik islahatlar aparmaqda Güney Azərbaycanın
hansı sıçrayışla irəliləməsini həmsöhbətlərinə
inandırıcı tərzdə anlatmağa müvəffəq
olur.
"Azərbaycan"
qəzetində dərc etdirdiyi səfər qeydlərində
yolüstü bir gecə qaldığını, Tunisdə -
yerləşdiyi mehmanxananın qarşısında
"Avenir" - "Gələcək" adlı bir dərgi
aldığını, vərəqləyincə əslində
yazı, şəkillər dərc edilməli bəzi hissələrin
boş buraxıldığını görməsini, tənbəllik
etməyib həmin dərginin redaksiyasına
yollandığını, idarədə biri fransalı, digəri
tunisli olan iki ərəb redaktorla görüşərək
guya demokratik mətbuat nümunəsi sayılan belə jurnalda
bu təhər ağburaxılmaların niyəsini
soruşanda, onlardan belə qayçılamaların
senzorların işi olması cavabını
aldığını, ümumən onların qəzet-jurnallarında
belə hallara tez-tez rast gəlindiyi təəssüflənmələrini
eşitdiyini bildirir: "Burada "azadlıq",
"demokratiya" sözləri qadağandır və
senzuraya uğradılır. "Milli"
sözünü eşitmək mümkün deyil.
"Əzilmiş xalq", ya "azadlıq qalibiyyəti"
kimi cümlələr ali dövlət
orqanları tərəfindən çıxarılır.
İstismar siyasəti əleyhinə heç bir şey yazmaq
olmaz.
Tunis xalqının Dördüncü Fransa Cümhuriyyəti
dövründə həyat şəraiti budur!"
Başqalarına
yekəxana ədalarla demokratiya dərsi verməkdə pərgar
olub heç vaxt öz gözündəki tiri görmək istəməyən
Fransa o vaxt hansı yuvanın quşu idisə, elə indi də
həminkidir!
Firidun İbrahimi bizim Milli Hökumətin, əldə
etmiş olduğumuz istiqlalın nə qədər
böyük bir sərvət olduğunu insanların daha
artıq dərk eləməsi üçün müqayisələr
aparır. Yazır ki, tunisli, mərakeşli cavan siyasətçilər
mat qalmışdılar ki, siz bir müsəlman millət
Ərəb Dövlətləri Liqasının
razılığı, köməyi olmadan bu müstəqilliyə
necə nail olmusunuz? Və Firidun İbrahimi onlara tarixi
sözlər deyir: "Hər bir millət həqiqi azadlıq
əldə etmək və öz müqəddəratına
sahib durmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir.
O da millətin birliyi və bu birlikdən əmələ gələn
qüvvədir".
...Adilə Çernik-Bülənt xanımla söhbətləşirəm. O, 1930-cu il
yanvarın 2-də Bakıda doğulub, amma iranlı ailəsində.
Ailə bura vaxtilə Ərdəbildən
köçübmüş. Qədər
elə gətirir ki, 1938-də əslən iranlı
olanların Sovet İttifaqından icbari köçü
başlananda Adilə xanım da anası ilə o taya
keçir. Anası Hizb-i Tudənin -
İran Xalq Partiyasının üzvü imiş. Atalığı da həmçinin. Odur ki, elə uşaqlığından Adilə
İrandakı siyasi burulğanların havasında
böyüyürdü. Ərdəbil əyalət
cavanlar təşkilatının üzvü imiş. 15 yaşında ilk dəfə çiynindən
tüfəng asır. İftixarla deyir ki, bizi sərbazxanaya
- kazarmaya aparırdılar, əvvəlcə silahla işləməyi
öyrətdilər, 1945-ci ildə iclas oldu, rəhbərlərimiz
Cəlil Məmməd, Mirəli Xəyyami
çıxış etdilər, mənə silah təqdim
olunanda dedilər ki, sən Azərbaycan qızları
arasında ikincisən, birinci tüfəng Astarada Firidun
İbrahiminin bacısı İrəcə verilib.
93
yaşlı bu xanım indi mənə söylədiyi xatirələrində
15 yaşındadır: "Firidun İbrahimini biz gənclər
çox istəyirdik, "Azərbaycan" qəzetində
çıxan hər təzə məqaləsini həvəslə
oxuyardıq. Onun Parisə yola düşməsindən bir az qabaq bizim cavanlar təşkilatının
qurultayı olacaqdı. Haqqında
uzaqdan-uzağa çox eşitdiyim Firidun İbrahimini ilk dəfə
orada gördüm. Cavanların
gözündə o, bir qəhrəman kimi idi. Pişəvəri ilə bərabər, onu da rəhbərimiz
sayırdıq. Necə təsirli, necə
aydın, necə hərarətli nitqi vardı!"
Firidun
İbrahimi yazır ki, 1946-cı il avqustun 10-da Parisdə -
Lüksemburq sarayında mətbuat şöbəsinə
yaxınlaşdım, lazımi sənədləri təqdim elədim,
xüsusi kartı aldım və Azərbaycan nümayəndəsi
olaraq başladım bir-bir mətbuatla bağlı
bütün tədbirlərdə iştirak etməyə, imkan
çərçivəsində də ayrı-ayrı
iclasları izləməyə.
Ora Firidun İbrahimidən başqa da ayrı-ayrı
ölkələrdən, o cümlədən elə İrandan
da mətbuat qrupu, çoxlu nümayəndələr gəlibmiş. Amma Firidun
İbrahimi tək adamdır ki, həmin iclasların
hamısında ilk gündən bağlanışadək
iştirak edib, qeydlər götürüb, müşahidələr
aparıb, sonra bunları sistemli biçimdə
yazılaşdırıb. Və Firidun İbrahiminin sonra
Paris Sülh Konfransı ilə əlaqədar "Azərbaycan"
qəzetində dərc etdiyi məqalələrin həm də
bir maarifçi tərəfi də var. O öz hökumətini
təsis etmiş, ilhamla quruculuq işləri görən
xalqına dünya siyasətindən agah olmaq yollarını
da göstərir, insanımızın gözlərini beynəlxalq
aləmə açır.
...Vətəndən
uzaqlarda müasir Azərbaycan tarixinin ən əlamətdar
hadisələrindən biri baş verirdi. 2001-ci il
yanvar ayının 25-i idi. Fransada, Avropanın rəmzi
paytaxtlarından birində - Strasburqda Avropa Şurasına həqiqi
üzv kimi qəbul edilən Azərbaycanın bayrağı
qaldırılırdı. 40-dan artıq
ölkənin bayrağının sıralandığı o
şərəfli qatarda bugündən biz də olacaqdıq.
Azərbaycan dövlətinin başçısı unudulmaz
Heydər Əliyev Azərbaycan bayrağını
qaldırırdı və o mərasimə Avropanın müxtəlif
şəhərlərindən çox azərbaycanlılar gəlmişdi,
yalnız Fransada yaşayan deyil, qonşu Almaniyadan, Avstriyadan,
İtaliyadan olan mühacir soydaşlarımız da vardı. Həminki gün hamımız kimi, onlarçün
də misilsiz bayram idi.
Və onların arasında elələri də vardı
ki, vaxtilə başqa bir Azərbaycan bayrağının belə
ehtişamla ucaldığını görmüşdülər
- 1946-cı ildə, Təbrizdə, Milli Hökumət dönəmində.
Strasburqda Azərbaycan bayrağı
dalğalanırdı, Azərbaycan himni səslənirdi və
onların hamısı duyğulanmışdı. Onlardan biri -
Almaniyada yaşayan Əsgər Tacəhmədi ilə
yanaşı dayanmışdıq. Birdən
sorğusuz-sualsız dilləndi ki, Firidun İbrahimini mən həyatda
son görən insanlardan biriyəm.
Sanki heç indiki mərasimə dəxli olmayan bir
söz idi. Ona sualedici nəzərlərlə baxdım.
Qayıtdı ki, 1946-cı il dekabrın
12-də - azər ayının 21-də Azərbaycan
istiqlalı 1 il qabaq başladığı gündə
ömrünü başa vurdu. Amerikanın hədəsi
ilə Sovet yaxasını bir kənara çəkmişdi.
Tehran qoşunlarını göndərmişdi
Təbrizə. Göndərmişdi ki,
hakimiyyəti devirsin, insanları qanına qəltan eləsin.
Tam qəddarlıqla bu
tapşırığı yerinə də yetirdilər. Canını qurtarmaq üçün neçə
insan Arazı aşaraq Sovet Azərbaycanına üz tutdu.
Neçələrini gülləyə tutdular,
məhv elədilər. Nə qədər
insanları zindanlara atdılar, sürgün etdilər. Edam edilənlərdən biri də prokuror Firidun
İbrahimi idi. İş elə gətirdi
ki, həbsindən sonra onu zindandan kənarda, Təbrizin mərkəzində
ilk görənlərdən biri mən oldum. Kaş
görməyəydim!..
Əsgər Tacəhmədi Firidun İbrahimi ilə necə
qarşılaşmışdı və niyə məhz o
anları indi Strasburqda Azərbaycan bayrağı
qaldırılarkən yada salırdı?
1946-cı
ilin 21 azərində - dekabrın 12-də artıq Təbriz
radiosu sussa, Milli Hökumətin əsas aparıcı
simalarının əksəri min bir çətinliklə
canlarını qurtararaq Arazı aşıb Sovet Azərbaycanı
tərəfə keçsələr də, hələ Təbrizdə
qalıb mübarizəni davam etdirənlər də vardı. Axıracan çarpışanlardan, həmin
döyüşlərdə müqavimət göstərmək
mümkün olan son saatlaradək geri durmayanların ən fəallarından
biri Firidun İbrahimi idi.
Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin
qərargahında yerləşmişdilər, 34 nəfər fədakar
silahdaş, qorxmaz məsləkdaş birgə idi. Son güllələrinə
qədər atışdılar. Amma
qüvvələr nisbəti çox fərqli idi.
Sağ
qalanların hamısını həbs etdilər. Firidun İbrahimini də elə yerindəcə
güllələyə bilərdilər. Necə
ki, bir çoxunu nəzarətə götürən kimi
çox çək-çevir etmədən tətiyi çəkmişdilər.
Ancaq Firidun İbrahimi İran hökumətinə
gərək idi, şahlıq ondan istifadə etmək niyyətində
idi, əməkdaşlığa, İran hökumətinə
qulluq etməyə çağırırdılar, yüksək
vəzifə də təkilf edirdilər. Rejimin
elə dekabr günlərindəcə qətlə yetirdikləri
ilə tutuşduranda Firidun hakimiyyətə qat-qat artıq təhlükə
idi və həmin ölçüylə gərək onlardan
daha əvvəl yox edilə idi. Ancaq Firidun
İbrahimini altı ay həbsdə saxladılar. Dönə-dönə
dindirdilər, yola gətirmək, nə şəkildəsə
səmtini dəyişməkçün çox əlləşdilər,
işgəncə də verdilər, hamısı bihudə! Əqidə adamı Firidun İbrahimi zindandakı bu
altı ayın hər günündə polad kimi batılmaz, əyilməz
idi.
Söz yox, onunla aparılan istintaqın, çoxsaylı
dindirmələrin qovluqları İran xüsusi xidmət
orqanlarının arxivlərində qalır. Qismət ola,
o cildləri vərəqləyəsən, o səhifələrdən
yüksələn vüqarlı Firidunu görəsən. Elə 1930-cu illər sovet siyasi
repressiyalarının sənədləri də yeddi qat
qıfıl altında idi, ağla sığışdırmaq
da mümkünsüzdü ki, gün gələr, bunları kənar
göz də görər, hətta
hamınınkılaşdırar da. Amma
oldu. Təqribən üstündən
yarım əsr ötəndən sonra. Vaxtı var,
Firidun İbrahimi və onun kimi neçə-neçə
başqa məğrurun adına bir vaxt
cinayət işi kimi açılmış, indi mərdanəlik
şahidi olan məxfi qovluqları açıb
oxuyacağımız günlər də mütləq gələcək!
Bunları caynağında saxlayan sovetdən artıq olmayacaq
ki!
Nadir bir foto qalıb. Firidun İbrahimi həbsdəykən,
ondan növbəti dəfə ifadə alınarkən çəkilmiş
şəkil. Belə danışıqlar çox
olmuşdu, axırı bezmişdilər,
anlamışdılar ki, nə əzab verməklə, nə
dilə tutmaqla bu adam yola gələsi
deyil, ömürlük həbsdə də çürüdə
bilərdilər, dərhal güllələmək də
olardı, ancaq qərara almışdılar ki, onu elə edam
etsinlər ki, sabah yarana biləcək yeni Firidunlara da göz
dağı olsun.
Yorucu dindirmələrdən birində Firidun İbrahimiyə
sual vermişdilər ki, prokuror olmusunuz, siz də həbs qərarları
vermisiniz, siz də cəzalandırmısınız. Bəs xalqa
hansı faydanız dəyib? Demişdi ki,
prokuror kimi xalqa faydamız bizə qədər həbs
olunmuş insanların hamısının işini təzədən
araşdırmaq oldu. Kim ki günahsız
tutulmuşdu, türmədə haqsız yerə
yatırdı, yaxud ona verilən cəza qədərindən
artıq idi, belələrini ya açıb buraxdıq, ya
dustaqlıq müddətlərini azaltdıq. İstəyirdik ki, ölkəmizdə ədalət,
insaf, qanun bütün gücü ilə bərqərar olsun.
Rişxəndlə soruşmuşdular ki, sən xalqa bu qədər
məhəbbət bəsləyirsən, xalq üçün
belə fədakarlıqlar edirsən, bəs indi zindanda
olduğun halda o qurbanı olduğun xalq niyə gəlib səni
xilas etməyə təşəbbüs göstərmir, sənin
üçün cınqırını çıxaran belə
yoxdur. Firidun tərəddüdsüz cavab vermişdi ki,
bunun səbəbi istibdaddır. O insanlar hakimiyyətin qəddarlığından,
səltənətin amansızlığından yaxşı
agah olduqlarından səslərini çıxarmırlar. Ancaq geci-tezi var, o səs qalxacaq, indi susmağa məcbur
olan insanların daxilindəki qəzəbin, kinin
fışqıracağı gün də uzaqda deyil, bunu
unutmayın.
Və
1947-ci il may ayının 23-də səhər
saat 4-də kameranın qapısını açırlar ki,
Firidun İbrahimini edama - dar ağacına aparsınlar. İrəlicədən xəbəri vardı ki, onu
asacaqlar. Evlərinə xəbər
göndərmişdi ki, Fransaya Sülh Konfransına gedərkən
orada, Parisdə aldığı kostyumunu gətirsinlər.
Üzünü təraş edir, həmin
kostyumu, təzə köynək geyinir, qırmızı
qalstukunu taxır. Yan-yörəsindəkilər
qayıdırlar ki, onsuz da sondur, bütün bunların nə
mənası? Firidun İbrahimi gülümsünür:
"Biz həyatımızı paklıq və şərafət
içərisində keçirdik, son anda pərişan
olmağa dəyərmi?"
Şıq geyimdə, başını dik tutaraq gəlir
dar ağacının ayağına. Kəndiri keçirirlər
boynuna. Firidun Savalan dağı sarı
qanrılaraq təzim edir.
Və Firidunun ayağının altındakı kətili
itələyirlər. Bir an içində havadan asılı
qalan bədənin ağırlığı yoğun kəndiri
dartıb gərildir. Gecəylə səhərin
sərhədində, bu məşum yaz gecəsinin səssizliyində
məhbusun boynundan qopan boğuq şıqqıltının səsi
gəlir.
Ardınca da fotoaparatın aydın eşidilən
çıqqıltısı. Məhbus Firidun İbrahiminin son
fotosu çəkilirdi...
Həmin müdhiş foto Firidun İbrahiminin cinayət
işinə əlavə edilməkçün çəkilirdi. Ya bəlkə
həm də istəyirlərmiş şəkli qəzetlərdə
də çap etsinlər ki, bu vasitə ilə İran
taxt-tacına qarşı qalxanların axırının necə
qurtardığının dəhşətini hər kəsə
göstərsinlər? Ancaq tarix boyu irticaların,
istibdadların qanmadığı bir böyük həqiqət
də bu olub ki, onların guya insanları üşəndirmək,
qorxudaraq iradələrini sındırmaqçün törətdikləri
belə rəzalətlər daim əksinə işləyib -
könüllərdəki azadlıq eşqini daha da
coşdurub, düşüncələrdəki intiqam
vulkanlarını daha şiddətlə püskürməyə
hazırlayıb...
Və
Əsgər Tacəhmədi də uşaqkən, 1947-ci ilin may
səhərində məktəbə gedəndə bu
sarsıdıcı mənzərəyə şahid olmuşdu.
Deyir, Gülüstan meydanından keçirdim, hələ
alaqaranlıq idi, gendən gördüm ki, ayın
işığı düşdükcə yuxarıda nəsə
parıldayır. Yaxınlaşdım,
baxdım bir ayaqqabıdır, yaxşı silinib təmizləndiyindən
ayın işığı düşdükcə bərq vurur.
Başımı qaldırdım.
Gördüm Firidun İbrahimidir, asılıb...
Üstündən
54 il keçəndən sonra da Əsgər
Tacəhmədi sinəsini dağlayan bu əhvalatı mənə
qəhərlənərək, səsi titrəyə-titrəyə
nağıl edirdi.
Kövrələrək deyirdi ki, beynimə həkk olan o
səhnə yaşadığım bütün illər ərzində
gözümün önündən getmir, Firidun İbrahiminin
dar ağacından asılmış vücudu mənə sadəcə
dar ağacından sallanan insanın vücudu kimi yox, yüksəkdəki
Azərbaycan bayrağı kimi gəlir.
Strasburqdaydıq, bir neçə dəqiqə əvvəl
Avropa Evinin qarşısındakı bayraqlar sırasına Azərbaycanın
da Üçrənglisi əlavə edilmişdi. Əsgər Tacəhmədi
o bayrağa gözləri yaşararaq baxır, deyirdi ki, indi
burada dünyanın bayraqları sırasında Azərbaycanın
bayrağını görürəm, içərim iftixarla
dolur və düşünürəm ki, o bayraq bu gün
ucalırsa, demək, bu yüksəlişdə Firidun
İbrahiminin də payı var...
...Mərdlər dünyadan gedəndə də dərs verib gedirlər, ölüm onları öldürə bilmir, onlar ölümü öldürüb gedirlər. Firidun İbrahiminin son nəfəsi idi, həyatının bitməsinə saniyələr qalırdı və ölüm qorxusu utanmalı bir hiss də deyil, bu, Allah bəndəsinə xasdır, ölüm dəhşəti sövq-təbii bir duyğudur. Əlbəttə ki, hər insana iradəsindən asılı olmayaraq üstün gələn bir xofdan daha güclü ola bilmək, bir neçə dəqiqə sonra gəlməsi labüd olan ölümə istehza edə bilmək sadə adam işi deyil, nə sadə adam, heç ümumən adam hünəri deyil. Gözlərini dəsmalla örtmək istəyirdilər, etiraz etdi, "Lazım deyil! - dedi, - Bağlamayın gözlərimi!" Və bu, 28 yaşlı alovlu gəncin dilindən qopan son sözlər idi: "Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Rədd olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!" Ölüm anında şüurunun tam aydın olmasının, içərisinə zərrəcə qorxunun yol tapa bilməməsinin sübutu elə ən axırıncı sözləridir. Bu məqamında da, ömrün son nöqtəsi qoyulurkən də siyasi sayıqlığı onunla idi, elə sözlər deyirdi ki, sabah heç kəsin onu və məsləkdaşlarını bölgüçülükdə günahlandırmağa əsası olmasın. Həyatla vidalaşarkən də bəyan edirdi ki, biz azadlıq istəyirik, bu azadlığı yalnız Azərbaycan üçün də deyil, İrandakı bütün xalqlara istəyirik və məqsədimiz İranı parçalamaq yox, azadlıqsevər İran xalqlarının birliyidir, mübarizəmiz istibdada, irticaya qarşıdır.
Heç kəsin ən ixtiyar çağında da ayrılmaq istəmədiyi həyatdan cavan yaşında zorla qoparılarkən dilində "Azadlıq" sözü olan, sevgi ilə "Azərbaycan" hayqıraraq insanlardan ayrılan, bu dünyaya vida edərkən ölümü yenən və dilindən üç dəfə "Yaşasın!" kəlməsi çıxan insan, əlbəttə ki, ölməz, əlbəttə ki, öldürülə bilməz, əlbəttə ki, bir azadlıq rəmzi kimi Azərbaycanın, millətinin bağrının başında həmişə yaşayar!
20 noyabr 2023
525-ci qəzet .- 2023.- 25 noyabr, №
214.- S.14-15.