Xoşbəxtlik

ŞƏHİD VÜSALIN ADINI DAŞIYACAQ ÖVLADLAR ARZUSU İLƏ

44 günlük ədalətli Vətən müharibəmiz nəticəsində qazanılan şanlı Zəfərin hər bir fərdin, cəmiyyətin, ölkənin həyatını necə nikbin, qürurlu, şükran notlara köklədiyi göz önündədir. Qəhrəman ordumuzun rəşadəti sayəsində əldə olunan mütləq Qələbənin bizi, dünyadakı dostlarımızı necə sevindirdiyi, ən müxtəlif sahələrdə hansı müsbət dəyişikliklərə səbəb olduğu, adət-ənənələrdən qaynaqlanan şənlik tədirlərinin təşkilinə təsiri ötən 3 il ərzində daha aydın nəzərə çarpır.

Budur, artıq 3 ildir ki, dualarımız müstəcəb, arzularımız çin olub. Ömrünü, sağlamlığını, vücudunun bir parçasını Vətənin azadlığına qurban verənlərin nisgili, ağrı-acısını yaşasaq da, çiynimizdəki xəcalət yükündən qurtulmuşuq, ürəkdolusu sevinə, şadlıqlarda qol qaldırıb rəqs edə bilirik. Necə deyərlər, tapdığmız, qazandığımız itirdiklərimizdən qat-qat çoxdur, dəyərlidir. Bəyənilməli haldır ki, son vaxtlar toylarımız da milli-mənəvi av-havada, vətənpərvərlik duyğuları ilə süslənmiş, şərəfli dünənimizin, tarix yazan igidlərimizin xatırlandığı mərasimlər səviyyəsində keçirilir. O ki qaldı, Şəhid qardaşının xeyir işi ola...

Bu günlərdə Bakı şəhəri Xətai rayonu sakini, şəhid Vüsal Rzayevin qardaşı Tural Tofiq oğlu da sevib-seçdiyi Samirə Arif qızı ilə ailə həyatı qurdu. Məclisdə bəy və gəlinin ailə üzvləri, doğmaları, dostları ilə yanaşı, şəhid valideynləri, qazilər, rəsmi qurumların nümayəndələri də iştirak ediblər. Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, qazi jurnalist İlham Tumas və başqaları çıxış edərək, ailə həyatı quranların timsalında bütün ölkə gənclərinə cansağlığı, xoşbəxtlik, Azərbaycana sülh və əmin-amanlıq arzulayıblar.

Hərbi diktor, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, bəstəkar-müğənni Ruslan Səfəroğlu, meyxanaçı Nurlan Ordubadlının çıxışları toy mərasimini daha da rəngarəng edib.             

Xatırladaq ki, şəhid Vüsal Tofiq oğlu Rzayev 1996-cı ilin 14 aprelində Şabran rayonunda dünyaya göz açmışdı. 2015-ci ildə Bakı Peşə Liseyini bitiribiyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Təlimdə çevikliyinə, fiziki göstəricilərinə görə fərqlənib, baş atıcı vəzifəsində peşəkarlığı, nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi məhz onun ayıq-sayıqlığı sayəsində baş tutub. Fəal döyüş qabiliyyətinə görə komandanlığın təşəkkürnamələri və Fəxri fərmanı ilə təltif edilib. 2017-nin yanvarına qədərki həmin ilyarımlıq zaman kəsiyi, xüsusən də müzəffər Aprel döyüşlərində iştirakı onsuz da genlərində Vətənə məhəbbət, düşmənə nifrət hissləri daşıyan Vüsalın dünyagörüşündə yeni səhifə açıb. Lələtəpə, Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini yaşayıb, həqiqi hərbi xidmətini Murovda başa vurub. 2020-ci il sentyabrın 21-də hərbi səfərbərliyə çağırılıb, altı günlük qısa təlim keçərək hərbi hissədən cəbhəyə yollanıb, Füzuli rayonunun Kürdmahmudlu kəndində döyüşə qatılıb. Savaş meydanında şücaət göstərib, bir neçə məntəqənin düşmən caynağından xilasına böyük töhfə verib. Oktyabrın 14-də şəhadət zirvəsinə yüksəlib, bundan 56 gün sonra - dekabrın 9-da mübarək nəşi tapılaraq Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. "Vətən uğrunda" və "Füzulinin azad olunmasında görə" medalları ilə təltif edilib.

Vüsalın və digər şəhidlərimizin ən böyük mükafatı təbii ki, canları, qanları bahasına düşmən tapdağından qurtulan, azad nəfəs alan, ölkə rəhbərinin qayğısı ilə dirçəldilən, yenidən qurulan Vətən torpaqlarıdır.

 

Qurban CƏBRAYIL

"Mədəniyyət/Culture" jurnalının redaktoru

525-ci qəzet 2023.- 28 noyabr, ¹ 215.- S.14.