UNEC-in inkişaf yolu: strateji məqsədlər, vacib hədəflər
Ölkənin
aparıcı ali təhsil ocaqlarından
olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda
iqtisad elmini dərindən öyrədən fundamental tədris
mərkəzi sayılır. Cənubi Qafqaz ölkələrinin
ən iri ali təhsil ocaqlarından biri
olan UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi
olaraq yüksək ixtisaslı iqtisadçı kadrların
hazırlanmasında müstəsna xidmətləri var. UNEC
maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir
sıra digər istiqamətlər üzrə bir çox
regional universitetlərə örnək ola biləcək ali təhsil
mərkəzidir. Yarandığı gündən
ölkə iqtisadiyyatının tələblərinə
uyğun olaraq ən mühüm ixtisaslar üzrə
iqtisadçı kadrların hazırlanması, onların
ixtisaslarının artırılması missiyasını
öz üzərinə götürən, həm də bu
işi şərəflə yerinə yetirən UNEC böyük
inkişaf yolu keçib. Son illərdə
universitetdə çox zəruri islahat aparılıb və
müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə
alınmaqla qəbul planında dəyişikliklər edilib,
ixtisaslar üzrə təhsilin keyfiyyəti
artırılıb.
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor
Ədalət Muradov deyir ki, ilk növbədə, təhsilin və
iqtisadiyyatın inkişaf strategiyalarının tələblərinə
uyğun olaraq, 2030-cu ilə qədərki dövr
üçün "UNEC 100" İnkişaf
Strategiyasını hazırlanıb. Bu strategiya Prezident
İlham Əliyev tərəfindən təsdiq edilən
"Azərbaycan Respublikasında Təhsilin
İnkişafı üzrə Dövlət
Strategiyası", "Azərbaycan Respublikasının milli
iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" və
UNEC-in mövcud vəziyyətinin elmi əsaslarla hərtərəfli
təhlili nəticəsində ərsəyə gəldi.
Strategiyamızın əsas istiqamətləri isə Ulu
öndər Heydər Əliyevin Azərbaycan Dövlət
İqtisad Universitetinin 70 illik yubileyindəki
çıxışı zamanı bu ali təhsi
müəssisəsinin qarşısına qoyduğu vəzifələrə
görə müəyyənləşdirildi: "Bu istiqamətdə
7 strateji məqsəd və 31 hədəfimiz var. Həmin hədəflərə
doğru inamla irəliləyirik. Deyə bilərəm
ki, bir neçə strateji hədəfimizə artıq
çatmışıq. UNEC ölkədə 4 dildə
(Azərbaycan, türk, rus, ingilis) təhsil verən yeganə
ali təhsil
müəssisəsidir. Ali təhsilin
bütün pillələri - bakalavriatura, magistratura,
doktorantura üzrə tədris həyata keçiririk. Biz həm bakalavr, həm də magistraturada
ixtisasların sayını artırdıq. Yeni ixtisaslar əmək bazarının ən son tələblərinə
uyğun olaraq müəyyən edilibdir. Hazırda UNEC-ə
bakalavriatura səviyyəsində 5 qrup üzrə 24 ixtisasa,
magistraturada 56 ixtisaslaşmaya, MBA proqramında isə 29
ixtisaslaşmaya tələbə qəbulu aparılır. Bu il
UNEC-də bakalavriaturada qəbul planı 98,2
faiz, magistraturada isə 98,7 faiz dolub. Bütövlükdə,
ölkədə magistraturaya qəbul olanların (13286 nəfər)
18 faizi məhz UNEC-in payına düşür. Bu rəqəm
MBA proqramı üzrə 37,1 faizdir. Bir məqamı diqqətə çatdırım
ki, UNEC-də təkcə iqtisadçı kadrlar
hazırlanmır. Burada texniki və texnoloji
ixtisasların tədris olunduğu və
ixtisaslaşmış 13 laboratoriyanın fəaliyyət
göstərdiyi yeni, möhtəşəm kampusumuz var.
Kampusda abituriyentlərin daha çox maraq göstərdiyi
İnformasiya Texnologiyaları (İT) ixtisasları üzrə
Rəqəmsal İqtisadiyyat fakültəsi, eləcə də
Mühəndislik fakültəsi və Dizayn Məktəbində
həmin sahələr üzrə peşəkar mütəxəssislər
hazırlanır. İT ixtisasları Azərbaycan
dili ilə yanaşı, ingilis dilində də tədris olunur
və ingilisdilli ixtisasların sayını
artırmışıq. Bakalavr səviyyəsi üzrə
biri bu il açılmaqla, 3 ixtisas - "İnformasiya
texnologiyaları", "İnformasiya təhlükəsizliyi",
"Kompüter mühəndisliyi" üzrə ingilis dilində
tələbə qəbulu aparılır. Bu il
UNEC-ə bakalavr səviyyəsi üzrə ən yüksək
nəticə (675 bal) ilə qəbul da məhz
"İnformasiya təhlükəsizliyi" (ingilis dilində)
ixtisası üzrə oldu. Doktorantura üzrə isə 8-i
iqtisadyönümlü, 3-ü texniki və 3-ü fizika
olmaqla, 14 ixtisas üzrə qəbul planımız var. UNEC-in
30 nəfər doktorantı Dövlət Proqramı ilə
hazırda Böyük Britaniya, Portuqaliya, Türkiyə və
digər Avropa ölkələrində təhsil alırlar. Dövlət proqramı çərçivəsində
xaricdə təhsilini bitirmiş 2 doktorantımız isə bu
tədris ilindən UNEC-də müəllimlik fəaliyyətinə
başlayıb".
Rektorun
sözlərinə görə, universitetlərin beynəlxalq
reytinq sistemlərinin qiymətləndirmə meyarları
arasında elmi tədqiqat fəaliyyətinin xüsusi çəkisi
var: "Bunu nəzərə alaraq, UNEC-in elmi tədqiqat mərkəzinə
çevrilməsini strateji hədəflərimizdən biri
olaraq müəyyən etdik. Biz regionda ilk dəfə
olaraq, müəllimlərin reytinqini formalaşdıran
Differensial Əmək Haqqı Sistemini hazırladıq. UNEC-in intellektual məhsulu olan reytinq sisteminin tətbiqindən
sonra keyfiyyətli elmi məqalələrin və tədqiqatların
sayı artmağa başladı, müəllimlər
arasında sağlam rəqabət mühiti formalaşdı.
Müəllimlərlə yanaşı, tələbələrin
elmi tədqiqata marağını artırmaq və tədqiqatlarını
stimullaşdırmaq məqsədilə nüfuzlu elmi
jurnallarda məqalə çapına görə 4500 manatadək
pul mükafatı təsis etmişik. İndiyədək
onlarla müəllim və bir neçə tələbəmiz
bu imkandan yararlanıb. Təsadüfi deyil ki, bu mexanizmlərin
tətbiqi nəticəsində UNEC-in nüfuzlu "Web of
Science" və "Scopus" elmi bazalarındakı əsərlərinin
sayı 2015-ci ildən sonra əhəmiyyətli dərəcədə
artmış və ölkə üzrə lider universitetlər
sırasına yüksəlmişdir. Bütövlükdə,
1975-2023-cü illərdə "Web of Science" elmmetrik
bazasında UNEC-in indekslənən elmi əsərlərinin 85
faizi, məqalələrə istinadların 93 faizi, eləcə
də 1997-2023-cü illərdə Scopus bazasında UNEC-ə məxsus
elmi əsərlərin 95 faizi, onlara edilən ümumi
istinadların 96 faizi məhz son 6 ilin (2017-2023) payına
düşür. Bundan əlavə, Elmi Şuranın qərarı
ilə "UNEC professoru" və "UNEC dosenti" vəzifələrini
təsis etdik, eləcə də "UNEC-in professor-müəllim
heyəti üzvlərinə "tədqiqatçı"
statusunun verilməsi haqqında" Qaydaları təsdiqlədik.
Müasir dövrün tələb və
ehtiyaclarını nəzərə alaraq, UNEC-də müxtəlif
istiqamətləri əhatə edən 40 elmi-tədqiqat mərkəzi,
eləcə də UNEC Tədqiqat Fondu yaradılıb. Tədqiqat mərkəzlərinin fəaliyyəti
universitet-dövlət-sənaye əlaqələrinin
genişləndirilməsi, elm və təhsilin inteqrasiyası,
eləcə də beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi baxımından çox önəmlidir".
Ədalət
Muradov bildirib ki, UNEC-in beynəlmiləlləşməsi əsas
strateji hədəflərdəndir: "Hazırda
ABŞ-ın Linkoln, Fransanın Monpelye və ICD,
İsveçin UBİS, Litvanın Mikolas Romeris, Türkiyənin
Ege Universiteti, Rusiya Ali İqtisad Məktəbi, Moskva Dövlət
Humanitar İqtisad Universiteti ilə bakalavr və magistratura səviyyəsi
üzrə 9 ikili diplom proqramı həyata keçiririk və
bu proqramların sayı ilbəil artmaqdadır. İndiyədək
beynəlxalq ikili diplom proqramından 101 tələbəmiz məzun
olub. Hazırda 15 tələbəmiz
Monpelye, 1 tələbəmiz isə ABŞ-ın Linkoln
Universitetində ikili diplom proqramı üzrə təhsilini
davam etdirir. Proqramı uğurla bitirənlər
məzun olduqda UNEC diplomu ilə yanaşı, həmin xarici
universitetlərin də diplomunu qazanacaqlar. 2016-cı
ildən Qərbi Makedoniya Universiteti ilə birgə magistr
proqramı da reallaşdırırıq. Bu
ildən Türkiyənin Ege Uiversiteti ilə "Qida mühəndisliyi"
ixtisası üzrə ikili diplom proqramına
başlamışıq. Proqrama 19 tələbə
qəbul olub. Onlar 1-ci və 4-cü kursda
UNEC-də, 2 və 3-cü kurslarda isə Türkiyədə təhsil
alacaqlar. UNEC dünyanın 70-dən çox
aparıcı universiteti ilə tərəfdaşlıq edir və
hər il onlarla bakalavr və magistr tələbəmiz
dünyanın müxtəlif ölkələrində
mübadilədə olurlar. Hazırda 30-a
yaxın tələbəmiz Macarıstan, İsveçrə və
digər ölkələrdə Erasmus mübadilə
proqramı və ikitərəfli əməkdaşlıq
çərçivəsində bir semestrlik təhsillərini
davam etdirirlər. Bu ilin sentyabr ayında isə
İsveçrənin HES-SO Universiteti ilə əməkdaşlıq
çərçivəsində 12 isveçrəli tələbə
UNEC-də 2 həftəlik təcrübə proqramında
uğurla iştirak edib. UNEC iki ildir ki, Türk
dünyası ölkələrinin ali təhsil
müəssisələri arasında qarşılıqlı
inteqrasiya və əməkdaşlığın
inkişafını nəzərdə tutan Orhun mübadilə
proqramını reallaşdırır. Tələbələrlə
yanaşı, UNEC-in müəllim və əməkdaşları
da beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə
xarici universitetlərdə mübadilədə iştirak edirlər.
Ötən tədris ilində 9-u müəllim,
14 nəfəri isə inzibati heyət olmaqla, 23 əməkdaşımız
Avropa və Türkiyə universitetlərində təcrübədə
olublar. Eləcə də ABŞ, Avropa və Türkiyə
universitetlərində çalışan 27 əcnəbi
müəllim mübadilə proqramı ilə ötən il UNEC-də həm tədrisə cəlb olunub,
həm də tədqiqat aparıb. UNEC-də əcnəbi
tələbələrin sayının artırılması
beynəlmiləlləşmə istiqamətində əsas hədəflərimizdəndir.
Bu istiqamətdə qəbul etdiyimiz fəaliyyət
planı öz nəticəsini verməkdədir. Bu il
UNEC-ə qəbul olan xarici tələbələrin sayı keçən
illə müqayisədə 51 faiz, son 8 ilin orta göstəricisindən
isə 53 faiz çoxdur. Xarici tələbələr
Türk dövlətləri də daxil olmaqla, 13 xarici ölkəni
təmsil edirlər".
Rektorun dediyinə görə, Cenevrə hesabatında
UNEC innovasiyanı ən yaxş tətbiq edən universitetlərdən
biri kimi qeydə alınıb və Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı UNEC-in fəaliyyətində
QS reytinqinin göstəricilərinə istinad edib. Sentyabr
ayında açıqlanan "QS Avropa Universitetləri Reytinqləri
2024"də UNEC Azərbaycanda 1-ci, Avropada 349-cu, Qərbi
Asiyada 14-cü yerə yüksəldi. Reytinq
ümumilikdə 12 indikator əsasında müəyyən
edilir. UNEC "Akademik reputasiya"
indikatoru üzrə Avropada 198-ci oldu. Bu
göstərici 144.000 akademik heyətin rəyi əsasında
müəyyən edilib. 98.000-dən
çox işəgötürən arasında keçirilən
sorğu nəticəsində isə UNEC "İşəgötürənlər
reputasiyası" indikatoru üzrə Avropada 195-ci yerdə qərarlaşdı.
İqtisadiyyat və Ekonometrika üzrə də
dünyanın ən yaxşı 501-530 universiteti oldu.
Bunlar təbii ki, bizim üçün böyük uğurdur:
"Bundan əlavə, UNEC 2023-cü ildə ilk dəfə
olaraq, SCimago (Scimago Institutions Rankings) reytinqində də yer
aldı və ölkə birincisi oldu. UNEC həmin reytinqdə
dünyanın 8433 universiteti arasında "İqtisadiyyat,
ekonometrika və maliyyə" sahəsi üzrə 691-ci,
"Biznes, menecment və mühasibat" sahəsi üzrə
1256-cı yerdədir. Şərqi Avropada isə
803 universitet arasında UNEC "İqtisadiyyat, ekonometrika və
maliyyə" sahəsi üzrə 33-cü, "Biznes,
menecment və mühasibat" sahəsi üzrə 69-cu yerə
yüksəldi. UNEC dünyanın ən nüfüzlu
reytinq təşkilatlarından biri olan "Times Higher
Education" "THE İmpact Ranking" reytinqində dünya
universitetləri arasında "Layiqli əmək və
iqtisadi artım", "Keyfiyyətli təhsil", "Sənaye,
innovasiya və infrastruktur", "Məqsəd
üçün tərəfdaşlıq" kriteriyaları
üzrə 619-cu, Azərbaycan üzrə isə birinci olub. "UI Green Metric World University Rankings" reytinq
siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə
432-ci, Azərbaycan üzrə isə 1-ci
"yaşıl" universitet kimi tanındı.
Dünya Universitetlərinin "Webometrics Reytinqi"nin (Webometrics Ranking of World Universities) 2023-cü
il nəticələrinə əsasən, UNEC dünya
universitetlərinin ilk 10 faizliyində yer alaraq, ilk dəfə
ölkə üzrə birinci yerə yüksəldi.
Dünyanın 32 minə yaxın universitetinin reytinqini hazırlayan
"Webometrics"də UNEC son illərdə 15 min universiteti
geridə buraxmış və hazırda inamla irəliləməkdədir.
2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə
Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra
3196-cı pilləyə yüksələrək ölkə
birincisi oldu".
(Ardı var)
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 28 noyabr,
№214.- S.12.