Azərbaycan
tarixinin qızıl 20 ili
İLHAM ƏLİYEV MÖCÜZƏSİ
Hulusi KILIÇ
Türkiyənin Azərbaycandakı
sabiq fövqəladə və səlahiyyətli səfiri,
"İMZA" İB-nin Türkiyə təmsilçisi
Əslində bu başlıq hər hansı bir pafoslu
ifadə və ya mübaliğə deyil, sadəcə həqiqətdir. Niyə 2003-cü ildən,
yəni Azərbaycan Prezidenti İlham Əliyevin dövlət
başçısı seçilməsindən bəri
atdığı addımlar, verdiyi qərarlar və ardınca
baş verənlər təkcə bizim, Azərbaycan -Türkiyə
İttifaqı üçün deyil, Qafqaz bölgəsi, həmçinin
geniş anlamda böyük Yaxın Şərq, Avropa, Asiya və
bütün dünya üçün fantastik əhəmiyyətə
malik bir dövrdür? Gəlin bu dövrü
bir neçə aspektdə siyasi, iqtisadi, geo-siyasi və əlbəttə
ki, tarixi mənada təhlil etməyə çalışaq.
Müstəqilliyin ilk illərindəki hərc-mərclikdən
sonra 1993-cü ildən Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə başlayan Azərbaycanın
keçdiyi tarixi bir yol var idi. Ümummilli lider Heydər
Əliyev ölkədəki hərc-mərcliyə son qoyaraq,
müstəqil Azərbaycanı sözün əsl mənasında
dövlət olaraq formalaşdırmış, əsas strateji
hədəfləri müəyyənləşdirmiş,
ölkəni stabil inkişaf relsləri üzərinə
çıxarmışdır. Özü
də bu strateji hədəfə çox ağır şərtlər
altında, de-fakto ciddi basqıların mövcud olduğu
zamanda nail olmuşdur. Bu siyasətin məqsədi o
dövr üçün həssas istiqlaliyyət şərtlərində
əsas istiqamət kimi siyasi, iqtisadi, hərbi mənada
Türkiyə ilə dərin inteqrasiya etmək, güclü
müttəfiqlik bağları yaratmaq, geniş anlamda isə
Türk birliyinin köklərini atmaq idi. Bu
arzusunu zamanın ağır şərtlərinə, xarici təzyiqlərinə
rəğmən, cəsarətlə dilə gətirir, əsl
niyyətini heç özü də gizlətmirdi. Nə demişdi? "Biz
Türkiyə ilə bir millət, iki dövlətik!"
Bəli, Heydər Əliyev Azərbaycan dövlətini
artıq qurmuşdu. Tarix özü illər
keçəndən sonra da o böyük şəxsiyyət və
dövlət xadiminin Azərbaycan, Türkiyə və
bütün türk dünyasının faydasına nələri
etdiyini, hansı xidmətlərini göstərdiyini mütləq
yazacaq. Bundan sonra və gələcək
tarixçilər nəsli onun millətimiz üçün
xidmətlərini daha effektiv şəkildə qələmə
alacaqlar. Heç şübhəniz
olmasın.
2003-cü
il... Ulu öndər Heydər
Əliyev haqqın rəhmətinə qovuşmuş və
bundan əvvəl özünün siyasi varisini elan etmişdi.
Azərbaycan siyasətinin yeni Lideri və Heydər
Əliyevin siyasi varisi İlham Əliyev idi.
Zaman göstərdi ki, bu seçim nə qədər
doğru və tarixi qərar olub. Prezident kimi ilk müsahibəsini verən
Azərbaycanın yeni Lideri İlham Əliyev açıq
dedi: "Yolumuz Heydər Əliyevin yoludur!" Siyasi mənada
bu tarixi açıqlama o demək idi ki, tam müstəqillik
yolu davam etdiriləcək, Qarabağ probleminin həlli Azərbaycan
Respublikasının xarici, daxili, hərbi və hərbi-siyasi
startegiyasının əsası olacaq. Türkiyə
ilə inteqrasiya siyasəti və xətti tam sürətlə
davam edəcək.
Bu yerdə
şəxsən mən özümü ona görə
xoşbəxt hiss edirəm ki, Türkiyənin o zamankı Azərbaycan
səfiri olaraq məhz bu prosesin canlı şahidiyəm. O vaxt
bir tarix yaşandı, 2009-cu il oktyabrın
3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və
Qırğızıstan qədim türk diyarı
Naxçıvanda Türk Şurasının təməllərini
atdılar. Bu, əslində Türk Dövlətləri
Təşkilatının özülünün qoyulması
demək idi. Hamıya gün kimi aydın
idi ki, bu işin sonu nə ilə nəticələnəcək.
İllərlə çəkilən zəhmətin
nəticəsi isə daha da böyümək və güclənmək
oldu. 12 noyabr 2021-ci ildə isə artıq
Türk Dövlətləri Təşkilatı adı
İstanbul zirvəsində rəsmən bütün
dünyaya elan edildi. Bu dörd ölkəyə
indi Özbəkistan, Şimali Kipr Türk Respublikası,
Türkmənistan və Macarıstan da qoşulub. Əvvəldə
də qeyd etdiyim kimi, bu inteqrasiya prosesində türk
dünyasının iki böyük oğlu İlham Əliyev
və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri
var.
İlham
Əliyev liderliyindəki Azərbaycanın xarici siyasətinin ən
ciddi uğurlarından biri heç şübhəsiz ki,
2011-ci il oktyabrın 24-də 193 ölkədən 155-nin
müsbət rəyini alaraq BMT Təhlükəsizlik
Şurasına iki il müddətinə (2012-2013-cü illər)
qeyri-daimi üzv seçilməsi oldu. Bu, Azərbaycana
və onun Lideri Prezident İlham Əliyevə böyük
inamın və etimadın təzühürü idi.
Daha bir beynəlxalq uğur isə BMT-dən sonra
dünyanın ən böyük ikinci təsisatı olan
Qoşulmama hərəkatının 2019-cu ilin 25-26 oktyabr
tarixlərində Bakıda keçirilən zirvə
toplantısında quruma sədrliyin 2019-2022-ci illər
üçün Azərbaycana keçməsi oldu. Bu dövr
dünya üçün çox ağır pandemiyanın
hökm sürdüyü zaman idi. Hərəkata
sədrlik etməyə başladığımız zaman Azərbaycan
Prezidenti İlham Əliyevin əsl dünya lideri kimi verdiyi qərarlar
önə çıxdı. Hamı
gördü ki, hətta böyük ölkələr belə
koronavirus pandemiyası zamanı özlərini itirdikləri
vaxt Azərbaycan dünyanın bu bəladan xilası naminə
hansı rasional addımları atdı. Hərəkatın
fəallığı Vətən müharibəsi zamanı
özünü bir daha göstərdi. Üzv
ölkələr Azərbaycana qarşı hazırlanan təxribatçı
sənədin qəbulunun qarşısının
alınmasında həlledici rol oynadılar.
Xüsusi ilə vurğulamaq lazımdır ki, Prezident
İlham Əliyev Azərbaycanın tam müstəqil siyasət
həyata keçirməsini artıq təmin edib. Hamıya məlumdur
ki, indiki beynəlxalq konyukturanın mövcud olduğu şəraitdə
bunu reallaşdırmaq nə qədər çətindir.
Hər zaman onun dediyi bir sözü çox
yüksək qiymətləndirirəm. Prezident
həmişə deyir ki, hətta özündən
güclü ölkələrin qarşısında belə
haqqımızı müdafiə etmək üçün
qorxmadan mübarizə aparmaq lazımdır. Bəli, bu illər ərzində İlham Əliyev
beynəlxalq münasibətlər sistemində bir dəmir iradəli
siyasi lider kimi hamıya nümunə göstərdi. Hər kəsə millətinin maraqları naminə
öz yerini göstərə bildi. Vətən
müharibəsi zamanı başda Fransa olmaq üzrə Ermənistanın
havadarlarının etdikləri bütün təzyiqləri dəf
etməyi bacardı. Onun bu qüdrəti cəbhədə
vətən mücadiləsi verən əsgərimizə də
böyük motivasiya oldu. Xalqın qələbəyə
inamını daha da artırdı. 44
günün sonunda Ermənistan kapitulyasiya etməli oldu. 2023-cü ildə sentyabrın 19-da isə cəmi 23
saat 49 dəqiqəyə Azərbaycan Ordusu Qarabağdakı
terror yuvasını darmadağın etdi. Bu
tədbirlər Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin bilavasitə liderliyi sayəsində bir nəfər
belə mülki insanın burnu qanamadan uğurla başa
çatdırıldı. Azərbaycan
bütün torpaqlarında öz suverenliyini bərpa edərək
ərazisində erməni separatçılığına son
qoydu.
Bir tarixi məqam bu yerdə xüsusi ilə
vurğulanmalıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb
Tayyib Ərdoğan bir-biriləri ilə əsl dost-qardaş
münasibətləri quraraq iki qardaş ölkənin daha da
yaxınlaşmasını təmin ediblər. Şuşa bəyannaməsi bu prosesin zirvəsi idi.
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət
paytaxtında imzalanmış bu tarixi sənəd - "Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında" bəyannamə
qısa müddət sonra hər iki ölkənin parlamenti tərəfindən
ratifikasiya edilərək qanun qüvvəsi qazanıb. Yəni artıq Azərbaycan və Türkiyə rəsmən
müttəfiq olublar. Sənəd həm də
hərbi-siyasi baxımdan ciddi bir təhlükəsizlik
paktı kimi də qiymətləndirilməlidir. Unutmayaq ki, Türkiyə həm də NATO-nun
üzvüdür. Bu baxımdan
Şuşada prezidentlər Rəcəb Tayyib Ərdoğan və
İlham Əliyevin imzaladığı bu tarixi
anlaşmanın beynəlxalq əhəmiyyəti də təhlükəsizlik
məsələlərində çox ciddi yer qazanmış
olur. Yəni sənəd sadəcə Cənubi
Qafqazda dəngələr baxımından deyil, daha geniş
arealda təhlükəsizlik nöqteyi-nəzərindən
müstəsna önəmə malikdir. Bu
addım bütün Türk Dövlətlərinə Turan
yolunda siyasətlərini çuğlaşdırmaq və əlaqələndirmək
üçün nümunəvi bir yol oldu. Son proseslər
həm də onu göstərdi ki, İlham Əliyev siyasətində
əsas hədəf olan Qarabağın azad edilməsi
bütün dəngələri xeyrimizə, bəli,
bütün aləmi-türkün xeyrinə necə müvəffəqiyyətlə
dəyişdi! İndi, yeni bir reallıq
ortalıqdadır. Dünya dövlətləri bu gün
bizimlə yaxınlaşmaq, dost olmaq üçün sanki
növbəyə durublar. Bu o deməkdir ki, bu
iyirmi ildə yeridilən siyasət nə qədər
müdrik, uzaqgörən olub. Bir məqama
da diqqət etmək vacibdir. İlham
Əliyev siyasəti dünya ilə qarşıdurmaya əsla
yönəlməyib. Əksinə, Azərbaycan
Avropaya, Asiyaya və hamıya bərabərhüquqlu
münasibətlər sistemi qurmağı təklif edir.
Əgər istənilən addımlar zamanında və
rasional meyarlara söykənilərək atılarsa, o vaxt 44
günlük Vətən müharibəsindən sonra Azərbaycanın
və Türkiyənin təklif etdiyi modellər maraqlı
dövlətlərin, özəlliklə də region ölkələrinin
hər birinə fayda verəcək.
Siyasi xətt tam mənası ilə aydındır: Əsas hədəf Türkiyə ilə sıx inteqrasiya, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, bütün ölkələrlə bərabərhüquqlu əməkdaşlıq, dünya azərbaycanlılarına sahib çıxmaq və dövləti daha da gücləndirmək. Təbii ki, bu hədəflərə çatmaq üçün ilk növbədə iqtisadi güc olmalıdır. Prezident İlham Əliyev demək olar ki, hər çıxışında bu faktoru vurğulayır ki, iqtisadi güc ölkənin təhlükəsizliyində ən vacib amillərdən biridir. Güclü ordu qurmaq, hərbi-sənaye potensialı formalaşdırmaq da təbii ki, bu işin əsas meyarlarından biridir ki, Azərbaycanın bu anlamda da uğurları sadəcə həsəd aparılasıdır. Bir məqamı əsla unutmaq olmaz: Bu nailiyyətlərin qazanılmasında heç şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İlham Əliyevin ən yaxın silahdaşı olub. Onun Azərbaycanı dünyaya tanıtdırmaq üçün gördüyü işlərin özü böyük bir tarixdir. Bu haqda da gələcəkdə çox güclü əsərlər mütləq yazılacaq.
Azərbaycan Liderinin iqtisadi siyasəti isə əsl
möcüzədir. Xatırlayırsınızsa, İlham
Əliyev ölkəsinin əsas hədəfinin neftdən
asılılığı azaltmaq olduğunu elə ilk
günlərdən elan etmişdi. İqtisadiyyat mütləq
diversifikasiya edilməlidir. Hədəf o idi ki, gələcəkdə
iqtisadi risklər neft-qaz amilinə görə ölkə
iqtisadiyyatına zərbə vurmasın, davamlı inkişaf
digər sektorların gücləndirilməsi hesabına stabil
təmin edilsin. Bəli, 20 ildə məhz bunlar həyata
keçirildi. Neftdən gələn gəlirlər
həm Azərbaycanın güclənməsinə, həm
xalqın rifahına xidmət etdi, eyni zamanda digər
sektorların inkişafını da stimullaşdırdı.
Dövlət büdcəsinin gəlirləri dəfələrlə
artıb. Azərbaycana 310 milyard dollar sərmayə
yatırılıb. Bunun 200 milyard dolları qeyr-enerji sektoruna
qoyulub. Bu, çox ciddi rəqəmlərdir. Bu gün
qarşıda yeni iqtisadi hədəflər var. Azərbaycan yeni
şəraitdə bu hədəflərə də mütləq
nail olacaq. O da faktdır ki, Türkiyə və digər
türk dövlətləri ilə sıx iqtisadi əlaqələr
davamlı və stabil iqtisadi inkişafda mühüm rol
oynayır. Qeyd etdiklərim bir daha onu təsdiqləyir ki,
İlham Əliyevin Prezident seçilməsindən keçən
iyirmi il ölkə üçün əsl qızıl
dövrdür. Nəticəyə diqqət edin: Qarabağ
problemi artıq tarixdir, ərazi bütövlüyü təmin
edilib, dövlət, onun ordusu çox güclüdür,
xarici təsirlər uğurla dəf edilir, Azərbaycan istədiyi
tam müstəqil xarici siyasətini uğurla həyata
keçirir, öz milli maraqlarını qəbul etdirməyi
bacarır, iqtisadiyyat inanılmaz templərlə şaxələndirilir
və inkişaf etdirilir, alternativ enerji sahəsinə ciddi
yerli və xarici yatırımlar edilir. Beləliklə,
20 ilin tarixi rezümesi odur ki, Azərbaycan və onun
böyük oğlu Prezident İlham Əliyev Qafqazlarda
türkün daha bir ulduzunun parlamaqdan çox ötəyə
getdiyini sübut edərək, yeni bir eranın və onun
çağırışlarının yaradıcısı
olub. Bunun adı qızıl dövrdür. Bu xoşbəxtlik
ulduzu heç zaman sönməyəcək. Əmin olun,
bütün Türk aləmi sizinlə qürur duyur və sizi
özünə örnək hesab edir, Əziz və Can Azərbaycan
xalqı!
525-ci qəzet .- 2023.- 28 noyabr,
№214.- S.8.