"Lirik ovqatımı heç
kəs özüm kimi
duya bilməz"
YAZIÇI
SƏDAQƏT KƏRİMOVA 41-ci KİTABINI ÇAPA HAZIRLAYIR
Azərbaycan ta qədimdən müxtəlif xalqların və mədəniyyətlərin doğma vətəni olub.
Multikultural dəyərlərin
qorunub saxlanılması
və təbliği baxımından Azərbaycan
təcrübəsi dünyada
nadir örnəklərdəndir. Ölkəmizdə ortaq mədəniyyət nümunələrinin ərsəyə
gəlməsi, müxtəlif
xalqların, etnik qrupların adət-ənənələrini
özündə əks
etdirən əsərlərin
yaranması və təqdimatı təqdirəlayiqdir.
Bugünkü həmsöhbətimiz Azərbaycanda ləzgi mədəniyyət və
ədəbiyyat nümunələrinin
yaranmasında, təbliğində
xüsusi rolu olan Əməkdar mədəniyyət işçisi,
jurnalist və yazıçı Sədaqət
Kərimovadır.
S.Kərimova 1953-cü ildə Qusarda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə
daxil olan S.Kərimova tələbəlik
illərinin ilk günlərindən
"Azərbaycan gəncləri"
qəzetinin ştatdankənar
müxbiri kimi çalışıb. Müəllif
1997-ci ildə yaratdığı
"Suvar" ləzgi
mahnı və rəqs ansamblına 20 il rəhbərlik
edib, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən
işləyib, bir neçə rəqsə quruluş verib. Eyni zamanda, S.Kərimovanın ssenari müəllifi, bəstəkarı və prodüseri olduğu,
2018-ci ildə çəkilən
"Soyuq günəş"
bədii filmi tamaşaçıların dərin
rəğbətini qazanıb.
O, həm də üç dildə çıxan "Samur"
qəzetinin baş redaktorudur.
- Sədaqət xanım, çoxşaxəli
fəaliyyətiniz var:
jurnalist, bəstəkar,
ssenarist, rejissor, yazıçı... Maraqlıdır, bunların hamısı bir yerdə sizin üçün çətin deyilmi?
- Bunlar yaradıcılıq
sahələri olub bir-birinə sıx bağlıdır. Hamısının da kökündə söz və musiqi var. Şeir yazanda, bəzən misralarım qeyri-ixtiyari musiqiyə çevrilir.
Bəzən də ürəyimdən
keçən musiqi şeir təcəssümünə
ehtiyac duyur. Ümumiyyətlə, hər bir şeirin öz ahəngi, daxili musiqisi olur. Bu mənada şeir
və musiqi vəhdət təşkil
etməlidir. Əksər şeirlərimə
musiqiləri özüm
bəstələmişəm. Mənə elə gəlir ki, lirik ovqatımı
heç kəs özüm kimi duya bilməz.
Sənət adamı üçün bir janrdan digər
janra keçid çətin məsələ
deyil. Bunu yaradıcılıq tələb edir. Məsələn, hekayə povestə,
povest romana, novella ssenariyə çevrilə
bilər. Ona görə
də ssenari yazmağım göydəndüşmə
olmayıb. Yəni yuxarıda
sadaladığım janrlar
bir-birinə yaxın olduğuna görə onları qələmə
alanda heç bir çətinlik çəkmirəm.
- Bir müddət öncə ərsəyə gətirdiyiniz
"Soyuq günəş"
filmi maraq və rəğbətlə
qarşılandı. Filmi təqdim
etməzdən öncə
belə xoş reaksiya gözləyirdinizmi?
- Filmin uğurlu olacağını ilk gündən
bilirdim. Əsər ilk dəfə "Samur" qəzetində ləzgi dilində çap olunub. Hissə-hissə həmin əsəri beş
nömrədə dərc
etdim. Yadımdadır, əsərlə bağlı redaksiyaya çoxlu zənglər gəlirdi. Davamını səbirsizliklə gözləyirdilər. İki hissəni
bir yerdə dərc etməyimi istəyənlər də
olurdu. Oxucu marağını hiss edirdim.
Həmin
əsəri sevə-sevə
qələmə aldığıma
görə onun uğur qazanacağına əmin idim. "Soyuq günəş" dərin duyğulardan yaranıb, oradakı personajların taleyini, az qala,
özüm yaşamışam,
orada süni hisslər, uydurma emosiyalar yoxdur. 20 il əvvəl
istəyirdim teatrlarda səhnələşdirilsin, lakin
təəssüf ki, heç bir teatr onu qəbul
etməmişdi.
- Səbəb nə idi?
- Bilmirəm. Bir teatrdan mənə
həmmüəlliflik təklif
olundu, qəbul etmədim. Çünki əsərim övladımdır,
onu kiminləsə bölüşə bilməzdim.
Nəhayət, film çəkmək qərarına gəldim.
Həvəskar aktyorlarla məşqlər
elədikcə anladım
ki, əsərin səviyyəsini aşağı
salmaq olmaz, mütləq peşəkar
aktyorlarla film çəkilməlidir.
Başladım hazırlıq işləri
görməyə. Uzun və
çətin bir yola çıxdım.
Filmi ərsəyə
gətirmək üçün
Allah mənə böyük
səbir verdi.
- Film sahəsində
ilk işiniz idi?
- Bir sıra sənədli
filmlərim olub. Yutub kanalımla tanış olanlar həmin filmləri izləyə bilərlər. Filmdə istifadə etdiyimiz
obyektləri, akssesuarları,
pal-paltarı kənd-kənd
gəzərək yığmışdım.
Evimin bir otağı anbara dönmüşdü.
Həmin dövrə uyğun ev
avadanlıqları tapmaq
asan deyildi, lakin kəndlərdə yaşayan bir çox dostlarım bu işdə mənə yardımçı
oldular. Çəkilişlərin getdiyi Yargun
kəndinin camaatı mənə çox kömək etdi. Çəkilişlər aparmalı olduğumuz
evlər elə halda idi ki,
onlara mütləq əl gəzdirilməli idik. Film çəkmək
üçün vəsait
lazım idi. Amma xahiş etmək təbiətimə yad olduğuna görə heç kəsə ağız açmadan bu işi ərsəyə
gətirmək qərarına
gəldim. Zinət əşyalarımı
satıb film üçün
kiçik büdcə
formalaşdırdım. Fikrimin qəti olduğunu başa düşən ailəm məni dəstəklədi.
- Hazırda
yaradıcılıqla bağlı hansı işlə məşğulsunuz?
- 41-ci kitabımı çapa
hazırlayıram. Kitab "Yargun" adlanır. "Soyuq
günəş" filminin çəkildiyi
bu kənd nəinki Qusarın, hətta
Qafqazın ən qədim kəndlərindən biridir. Onun tarixi,
tanınmış şəxsləri ilə bağlı uzun illərdən bəri topladığım
materiallar həmin kitabda
yer alıb.
Qusarda evim və balaca bir bağım var. Orada çiçək və meyvə yetişdirirəm. Zəhmət çəkməyi xoşlayıram. Özüm ruhən
əkinçiyəm. Qələmlə vərəqlərdə yaza bilmədiklərimi bellə torpaqda əkirəm. Təzə
cücərtilərin baş
qaldırmasını müşahidə
etməkdən gözəl
nə ola
bilər? Torpaq o qədər vəfalıdır!
Bir qat zəhmət çəkdinmi, on qat əvəzini qaytaracaq.
Havar ŞƏFİYEVA
525-ci qəzet 2023.- 29 noyabr, №215.- S.12.