Arif Məlikov yaradıcılığının konsert-sərgidə daha bir təzahürü

Bütün yaradıcılığı ilə əfsanəyə çevrilmiş, Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 90 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər ölkənin mədəni həyatında unudulmaz anlar yaşadır. Növbəti tədbir 24 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilmişdir. Konsert-sərgi sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın Orta ixtisas məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini Aytən İbrahimovanın çıxışı ilə açıldı. O, bəstəkarın Azərbaycan musiqisinin hüdudlarını dünya səviyyəsində genişləndirməsindən, çoxşaxəli yaradıcılığında balet simfonik musiqi ilə bərabər kamera-instrumental, kamera-vokal əsərlərinin rolundan söz açdı. Bəstəkarın, pedaqoji fəaliyyəti ilə bərabər, təsviri incəsənətlə yaxından maraqlanması, musiqi əsərləri ilə vəhdət yaratması dinləyicilərin diqqətinə çatdırıldı. Xalqı hər zaman düşünən bəstəkar,  vətənpərvər ruhu ilə yaratdığı  əsərlərində xalq musiqisindən ilham almışdır.

A.İbrahimova bəstəkarın yaradıcılığının qısa xülasəsini verməklə yanaşı, onun  yaradıcılığında, ümumilikdə həyatında mühüm yer tutan görkəmli türk şairi Nazim Hikmətlə olan əməkdaşlıq münasibətini xatırlatdı. N.Hikmətin bu kəlamı isə həyatın hər məqamında unudulmamalı olan bir hikmətdir: "Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?"

Bu fikirlərlə bəstəkar-musiqişünasın A.Məlikov yaradıcılığına həsr olunmuş hər bir tədbirdə - konfransda, konsertdə ustadı haqqında böyük qayğı, sevgi ilə çıxışı harmoniya yaradırdı. Onu  da qeyd edək ki, A.İbrahimovanın bu il təqdimatı keçirilən "Arif Məlikov: tarix müasirlik" kitabı da bəstəkarın 90 illik yubileyinə bir töhfə idi.

Tədbirdə A.Məlikov musiqisinin müşayiəti ilə qiraətçi Hüseynağa Aslanov tərəfindən Nazim Hikmətin şeirlərinin səsləndirilməsi maraqla qarşılandı. Sərgidə isə rəssamlar - Könül Hüseynzadə, Şəfiqə Yusupova, Turan Ataşova, Kristina Sultanovanın rəsm əsərlərinin nümayişi A.Məlikov xatirəsinə ehtiram hissini ifadə edirdi.

Konsertdə BMA-nın "İxtisas fortepiano" kafedrasının baş müəllimi Zərif Kərimova (piano), digər ifaçılar - Nərgiz Əliyeva (fleyta), Ülviyyə Kazımova (piano), Renata Abubəkirovanın ifasında  (violin) A.Məlikovun "Məhəbbət əfsanəsi" baletindən "Monoloq", "Rəqs", "Noktürn", "İki qəlbin dastanı" baletindən "Komdenin arzuları", "Qızların rəqsi", Fleyta orkestr üçün "Konsertino", Fortepiano pyesləri - Üç vals, "Zarafat", "Noktürn", "Təzadlar" dinləyicilərə təqdim olundu.

 A.Məlikovun yaratdığı şahzadə qızın obrazında, cavabsız qalan məhəbbəti üzündən qəlbinin peşmançılıq hissi, etirazı "Monoloq"da dərin ifadəsini tapdı.  Sadə üçhissəli quruluşda təzadlı hisslərin təcəssümü təsirli səslənirdi. Kədərli əhval bəxş edən "Noktürn"ün ardınca "Rəqs"in təqlidedici musiqisi konsert proqramına rəngarənglik verdi. Fortepiano üçün yazılan pyeslərində insanın daxili aləminin təlatümünü duyur, "Vals"ın ağır, marşvari  akkordlarının müşayiətində isə musiqinin mübariz ruhunu hiss edirdik. "Konsertino" əsərində tamaşaçılar fleytada bəstəkarın lirik melodiyasının rəvayətlilik xüsusiyyətləri ilə ifadəsini, "Komdenin arzuları" musiqi nömrəsində isə ülvü məhəbbət tərənnümünün bütün hissiyyatı ilə  təfsiri zövqlə dinlənildi. Konsert-sərgi bəstəkarın emosional musiqi dramaturgiyası ilə seçilən iki fortepiano üçün "Scherzo" əsəri ilə tamamlandı.

Tutu Hüseynova

Məktəb-studiyanın müəllimi, musiqişünas

525-ci qəzet  2023.- 29 noyabr, ¹ 215.- S.9.