Zəfər Günü- Haqqın, ədalətin qələbəsi
Bu
günlər Azərbaycan İkinci Qarabağ müharibəsində
qazandığı möhtəşəm qələbənin
üçüncü ildönümünü - Zəfər
Gününü qeyd edir. 44 gün davam edən Vətən
müharibəsinin hər anı, hər səhifəsi
ayrıca bir tarix, qəhrəmanlıq dastanıdır. 2020-ci
il sentyabrın 27-də Ermənistanın növbəti hərbi
təxribatına cavab olaraq Azərbaycan Ordusunun
başlatdığı əks-hücum əməliyyatları
nəticəsində torpaqlarımızın 30 illik
işğalına son qoyuldu, ərazi
bütövlüyümüz bərpa olundu.
Ermənistan
işğal altında saxladığı Azərbaycan ərazilərində
keçilməz hesab olunan sədlər, istehkamlar qurmuşdu.
Ordumuz həmin sədləri yararaq, böyük əzmlə
döyüşərək şanlı qələbəyə
imza atdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli ordumuzun Şuşanı azad etdiyi 8
noyabr tarixi ölkəmizdə Zəfər Günü kimi qeyd
edilir.
Əlbəttə
ki, hər bir hərbi qələbənin başında ordunun
Ali Baş Komandanı dayanır. Prezident İlham Əliyevin 44
günlük müharibənin zəfərlə başa
çatmasında müstəsna rolu var. Dövlət
başçısının qətiyyəti,
prinsipiallığı, illərlə həm diplomatik müstəvidə,
həm hərbi sahədə apardığı nəhəng
işlər, xalq-Prezident birliyi, ordumuzun əzmkarlığı,
döyüş ruhu müharibədə qələbəmizi təmin
etdi.
Prezident
İlham Əliyevin siyasətində Qarabağ məsələsinin
həlli hər zaman ön sırada olub. Yuxarıda
vurğulandığı kimi, diplomatik müstəvidəki fəaliyyət
münaqişənin həlli üçün hüquqi baza
yaratmışdı. Bu sahədə BMT Təhlükəsizlik
Şurasının məlum 4 qətnaməsindən əlavə,
BMT Baş Assambleyasının qətnaməsi, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı və digər
qurumlar çərçivəsində qəbul edilmiş sənədləri
vurğulamaq olar. Hüquqi baza Azərbaycana imkan verirdi ki,
öz torpaqlarını işğaldan azad etsin. Ötən
illər ərzində Prezident İlham Əliyevin liderliyi ilə
Azərbaycan siyasi, iqtisadi, hərbi gücünü
artırdı, Avropanın enerji xəritəsini dəyişən
Cənub Qaz Dəhlizi kimi önəmli layihənin təşəbbüskarı
oldu, uğurlu xarici siyasət nəticəsində ölkəmizə
dost, tərəfdaş, müttəfiq olan dövlətlərin
sayı artdı. Azərbaycanın Qoşulmama Hərəkatında
fəal iştirakı, sədrliyi dövründə
gördüyü işlər bu qurumun nüfuzunun
artmasına, həmrəylin güclənməsinə səbəb
oldu. Bu fəaliyyət Vətən müharibəsi
dövründə ölkəmizin haqq səsinin beynəlxalq təşkilatlarda
müdafiə olunması ilə nəticələndi. Belə
ki, müharibə günlərində 30 ildə münaqişənin
həlli üçün heç bir addım atmayan ATƏT-in
artıq keçmiş olan Minsk qrupunun həmsədr ölkələri
BMT Təhlükəsizlik Şurasının iclasını
çağırdılar. Bundan əvvəl də iclas
çağırmışdılar, lakin görünür,
orada qəbul edilmiş sənəd onları qane etməyib.
Onlar yeni sənəd də hazırlamışdılar.
Prezident İlham Əliyev bu barədə deyib: "Dərhal
biz hərəkətə keçdik və bu sənədin qəbul
edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr
ölkə BMT Təhlükəsizlik Şurasına üzv
olan digər ölkələrə böyük təzyiqlər
edirdi. Nə idi bunun məqsədi? Məqsədi çox
aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin
torpaqlarımızdan çıxarılması barədə qəbul
edilmiş qətnamələr kölgədə qalsın,
onlar arxada qalsın, onlar ya qüvvədən
düşsün, ya da ki, öz əhəmiyyətini itirsin.
Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir?
Biz yenə də işğalçıya dəstək
göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə?
Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına
üzv ölkələr kişi kimi buna imkan vermədilər,
bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq
ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr
oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz
onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək.
Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin
Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən
böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu
göstərdi. Birləşdilər, yenə də Ermənistanın
maraqlarına cavab verən sənədi ortalığa
atdılar, amma keçmədi. Çünki ədalət var.
Nə qədər bu ədaləti pozsalar da, nə qədər
bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət
və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona
görə biz yolumuzu davam edəcəyik".
Bu məqamlar
bir daha onu göstərir ki, Azərbaycan zəfəri
asanlıqla qazanmayıb. Müharibə günlərində
hegemon dövlətlər tərəfindən ölkəmizə
ciddi təzyiqlər edilib. Lakin İlham Əliyev bütün
bu təzyiqləri dəf edərək, təkcə
döyüş əməliyyatlarının deyil, həm də
informasiya müharibəsinin başında dayandı. Prezidentin
müharibə dövründə dünyanın aparıcı
KİV-lərinə verdiyi müsahibələri, bəzən
hətta təxribat xarakterli, qərəzli suallara böyük
diplomatik məharətlə verdiyi cavablar beynəlxalq arenada
dövlətimizin mövqeyini daha da gücləndirdi.
Əlbəttə
ki, Ermənistanın istəyi bəlli idi,
danışıqlar uzun müddət davam etsin, o zamankı
status-kvo saxlanılsın, münaqişə dondurulsun və
Qarabağ əbədi işğal altında qalsın. Minsk
qrupunun fəaliyyəti də məhz bu istiqamətə
yönəlmişdir. Ermənistanı açıq şəkildə
dəstəkləyən, işğala, separatizmə haqq
qazandıran bəzi ölkələrin, o cümlədən,
Fransanın mövqeyini göz önünə gətirəndə
zəfərin necə çətin geosiyasi şəraitdə
təmin olunduğunu anlamaq çətin deyil.
Uzun
illər davam edən işğal faktoru məhz dövləti
başçısının qətiyyəti, iradəsi,
ordumuzun şücaəti nəticəsində sona
çatdı, Şuşanın azad edildiyi 8 noyabr tarixində
artıq Ermənistanın təslim olmaqdan başqa yolu
qalmadı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya
aktına imza atdı
Müharibədən
sonra cərəyan edən hadisələr, qalan məsələlərin
sülh yolu ilə həlli istiqamətində aparılan
danışıqlarda Azərbaycanın dövlət
başçısı öz qətiyyətli, dəyişməz
mövqeyini davam etdirdi. Ötən üç ilə yaxın
müddət ərzində Ermənistan yenə də öz təxribatlarından
əl çəkmədi, İrəvan hakimiyyəti
Bakının təkliflərinə müsbət cavab vermək
əvəzinə, sülh prosesini pozan addımlar ataraq, yenidən
ərazi iddiaları səsləndirir və öz
havadarlarının dəstəyi ilə prosesi sonsuzadək
uzadacaqlarını düşünürdü. Çünki
bir çoxları düşünürdü ki, Azərbaycan
2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit
edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək
və əksər ərazilərlə Şuşanın azad
edilməsi maksimal hədd olacaq. Hesab edirdilər ki, beynəlxalq
aləm ermənilər yaşayan Azərbaycan ərazisində
hər hansı əməliyyat keçirməyə və bu ərazilər
üzərində Azərbaycanın nəzarətini bərpa
etməyə imkan verməyəcək. Amma onu da unudurdular ki,
Azərbaycan dövləti öz suverenliyini tam bərpa etməkdə
qərarlıdır. Beləliklə, 2023-cü il 19-20
sentyabrda bir gündən az davam edən antiterror tədbirləri
nəticəsində Azərbaycan dövləti öz ərazisindəki
qanunsuz silahlı birləşmələrin
varlığına, separatizmə son qoydu. Bununla da öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa
etdi. Heç vaxt
başladığı işləri yarımçıq
qoymayan və bütün fəaliyyəti boyunca "nəyi,
nə zaman və necə" etməyin ən yaxşı
nümunələrini göstərən Azərbaycan Prezidenti
İlham Əliyevin suverenlik və ərazi bütövlüyü
anlayışı heç bir zaman müharibənin nəticələri
ilə məhdudlaşmadı. Dövlət
başçısının ötən üç ildə
apardığı siyasət, görülən bütün
işlər prosesin davamı oldu və 2023-cü il
sentyabrın 20-də öz məntiqi sonluğuna
çatdı. Bütün təzyiqlərə, hədələrə
baxmayaraq, İlham Əliyev uzaqgörənliklə, praqmatik
şəkildə, barışmaz prinsipiallıq və qəti
iradə nümayiş etdirərək prosesi başa
çatdırdı. Oktyabrın 15-də Xankəndində,
eyni zamanda Xocalıda, Xocavənddə, Ağdərədə,
Əsgəranda Azərbaycanın dövlət
bayrağını ucaltdı. Bu gün Qarabağın hər
bir yerində Azərbaycanın üçrəngli
bayrağı dalğalanır və bu hər bir azərbaycanlı
üçün sonsuz sevinc bəxş edən qürurverici
haldır.
Pərvanə
525- ci qəzet.- 2023- cü il.- 3 noyabr.- № 45.- S. 5.