Akselerativ mədəniyyətin proqressoru

 

Epiqraf:

"Ayıq intellektualların öz milləti qarşısında həqiqət öhdəliyi var..."

 

 

...Emmanuel Munyenin "şəxsiyyətin mədəniyyəti" deyimini çox sevdim. Bəlkə müəyyən mənada, ya da tam olaraq şəxsiyyət elə mədəniyyət deməkdir. Hər şəxsə şəxsiyyət demirik axı.

Əgər bu yazının qəhrəmanı olan professorun şəxsiyyətini iki kəlmə ilə ifadə etmək istəsəm, belə deyərdim: "akselerativ mədəniyyət". Bunun da açması: hər an sürəti artan hərəkətin mədəniyyəti. Artan sürət özü bir davranış ərdəmidir. Belə adamlar haqqında deyirlər: "Civə kimidir, bir an yerində dura bilmir..."

Professorun "durduğu" yer özü yetərincə yüksək məqamdır. Ancaq o, ictimai akselerator kimi həm öz sürətini, həm cəmiyyətin gəlişmə tezliyini yüksəldən bir ziyalı tipidir. Bioloji qanunlar onu yaşlanmaya doğru çəksə , ictimai missiyası hər yaşda cavanlığını yaşamağa həvəsləndirir. O, qocalmaq əvəzinə köhnələn tipaj deyil, köhnələrsə, qocalacağını bilənlərdəndir. Ona görə yaşlanmaqdan deyil, köhnəlməkdən qorxur. Ona görə bütün daxiliyanma enerjisini kreativliyə, innovativliyə ,"konvertasiya" edir.

Fikir vermişəm: o, özündən yaşlıların əhatəsində heç "yaşlanmır", amma cavanların çevrəsində daha çox cavanlaşır.

Elmi tezisi belə çağlayan şövqlə həlim prinsipiallıq səmimi kompetensiya ilə elə rahat izhar edir ki, sanki... daha bir gözəl qadına kompliment deyir.

Sözün doğrusu, professor çevrəsindəki zəriflərə dediyi komplimentləri toplasa, ayrıca seçilmiş külliyyat olar. Hər cür zərifliyi, illah da zərif cinsin gözəlliyini könüldən görmək gerçək dəyərini biçmək özü incə gücün ruh olayıdır. Professorun ruhunu cavanlaşdıran həm bu özəlliyidir.

Görmüşük, insan, adətən, yaşlandıqca keçmişə (ya da öz keçmişinə) sığınar. Günün ictimai-mənəvi təcilindən qopuq qalanda insan istəsə , istəməsə , mental olaraq geri qayıdar, dünənki xatirələrin içində özünə yer eləyib, oturar. ... ayaqlarını uzadıb əcəlinin addım səslərini dinşəməyə başlar.

Ancaq bütün bunlar Qulu Məhərrəmli deyil; onun yaşayıb bitirdiyi hər bir il sanki özü ilə daha bir illik cavanlıq havası gətirir. Yaşadıqca ( yaşlandıqca), hər an öz sürətini artırır, başqalarını da ardınca irəliyə çəkir - baxırsan, günlərini sayan gümansız ahılı da cavanlıq havası ilə tənəffüsə çıxarır.

Bu, fenomenal bir davranış modudur, nadir sayılacaq şəxsiyyət modelidir. İstənilən ( hətta çıxılmaz!) həyat situasiyasında da özü qalmaq, ətrafa - hadisələrə, proseslərə ayıq nikbin baxmaq hər kəsə nəsib məziyyət deyil. Təqib olunanda da, təqdir olunanda da onun həyat eşqi eyni tonda, eyni tonallıqda, eyni rəngdə, eyni biçimdə, eyni ritmdəydi. Hətta o işsizliklə, dışlanmaqla sınağa çəkiləndə təbəssümünün içdənliyi, ünsiyyətinin enerjisi dəyişmir. O, hər cür həyati, elmi, ictimai savaşlardan sonra qalibiyyətin məsuliyyətini , məğlubiyyətin "təntənəsini" eyni cür yaşayıb. Tutaq ki, Elmlər Akademiyasının kürsülərində növbəti dəfə elməyaxın, yaxud elmdənkənar zehniyyətlərə "uduzanda" da, Qulu Məhərrəmli bu məğlubiyyətin... müsbət enerjisini ətrafa saçmışdı.

Yəqin ki, oxuyana qəribə gəldi: "təntənəli məğlubiyyət" demək oldu indi?!

Məsələ ondadır; professor bilir ki, haqlıdır. Onu da bilir ki, rəqib inzibati olaraq güclüdür. Ancaq ona bu məğlubiyyətin təntənəsini yaşadan - haqlı olduğunu bilməsinin verdiyi gücün pozitiv enerjisidir.

Professor dəqiq bilir ki, kimsəsiz səhradakı tənhanın səsi səssizlliyi yaralayar, öldürməz. Dərhal öldürməz. Ancaq bu, "heç vaxt öldürməz" anlamına da gəlmir.

Bəli, hamının hamılıqla "Stokholm sindromu"na yoluxduğu - qatilinə ümidsiz aşiq olduğu coğrafi torpaq tarixi zaman dilimində tənha intellektualların işi həmişə çətin idi.

Professor da bu çətinliyə alışıb, hətta bu çətinliyə sarılıb yaşayan aydınlardandır. O bilir ki, söylədiyi doğru söz tumurcuğu zamanla açılıb kəlam olacaq, pöhrələyib cümlə olacaq, pərdaxlanıb fikir olacaq. Hətta böyüyüb-böyüyüb ictimai mövqe olacaq. Ona görə bugünkü cari, anlıq, "konyuktur" məğlubiyyət zaman içində məzmununu dəyişib, qalıcı qalibiyyətə çevriləcək.

Bir vaxtlar "Yeddi oğul istərəm" filmi komsomolun vəsfi olaraq qavranılırdı, amma indi o "ekrana" tərsdən baxırıq; əsərin formal fabulası əsl məzmununu için-için dəyişdi.

Odur ki, kimlərsə bugünkü forma üzərində qələbə illüziyasını bayram edərkən, ictimai proqressor sabahkı gerçək məzmunun yolunu möhkəm daxili inam müdrik təmkinlə gözləmişdi. Zaman professorun haqlı olduğunu özünə , hər kəsə dəfələrlə göstərdi. Yüzillərlə "palaza büründürülüb elnən süründürülən" bir insan cəmiyyətində aydın olmaq, həm Sözün Aydını olmaq asan deyilmiş! Üstəlik ... aydın qalmaq.

Dediyim kimi, ayıq intellektualların hər zaman öz milləti qarşısında həqiqət öhdəliyi vardı. Elə bəşəriyyət qarşısında da.

Bu yükü daşımaq - dünyanın, ölkənin, ən azı çevrənin ağrısı ilə yaşamaq... elə-belə gəlməsin. Həm zamanla korlanan, həqiqət fəhmi, ciddiyyət hissi korşalan bir zəmanədə

Bir vaxtlar sevgi romanları oxuyanların oğul-uşağı indi xəyanət videolarına "abunədir". Belə bir ortamda həqiqətə sədaqət ikiqat "bahalıdır"; özünə sadiq qalmaq narahat ziyalıya həmişə baha başa gəlir.

Professorun da başına gəlməyən qalmadı; hətta həbsxananın kandarından döndü. Adamlıqdan məhrum birisi onu azadlıqdan məhrum etdirmək istəmişdi. Professor daha bir "təntənəli məğlubiyyət" perspektivi qarşısında idi. Amma bu da sonda qalibiyyətlə sonuclandı.

Professor üzərində qurulmuş məhkəmə (əsl məzhəkə) davam edərkən mən "Penitensiar Universitetin müstəqbəl professoru" adlı bir yazı yazmışdım. Orda əsas fikri yüklədiyim belə bir cümlə vardı: "Qulu Məhərrəmli həbs olunsa, həbsxanalarda intellektual səviyyə çox yüksələcək".

Bəlkə bu ağ-qara yumordakı ciddi "pozitiv təhlükə" yetkililəri duyuq saldı professordan əl çəkdilər.

Bunu istəyən ciddi qəbul edə bilər. Amma gerçək budur ki, bir ara neqativ anlamda təhlükə professorun başından heç əskik olmurdu.

Məşhur alim ictimai xadim Aydın Məmmədovun özündən məşhur bir sözü var: "Başıma bəla başım".

Böyük insanların başına bəla... ən çox öz ağıllı-qürurlu başının ucbatından gəlib. Bir danışan dilinin, yazan qələminin. Bunun hər üçü bir şəxsiyyətdə cəmləşibsə, sonrasını siz düşünün.

...Makedoniyalı İsgəndər: "Ləyaqətlə yaşadığıma görə öz atama, bir Aristotelə minnətdaram" demişdi. Çünki o, bioloji olaraq atasının, şəxsiyyət olaraq müəlliminin meyvəsiydi. Professor Qulu Məhərrəmli çox meyvələr yetişdirdi; o, məmləkətin ən azman bar ağaclarından biridir. Kölgəsi qalın, həmişəcavan, qürurlu, bərəkətli...

 

Bahəddin Həzi

 

       525- ci qəzet.- 2023- cü il.- 3 noyabr.- ¹ 200.- S. 10.