SON MÖCÜZƏDƏN SONRAKI MÖCÜZƏLƏR

 

İlk görüşlərindən birində Şəms Təbrizi Cəlaləddin Rumidən soruşmuşdu ki, "elmləri öyrənməkdə nə fayda güdürsən?" Mövlana cavab vermişdi ki, "məgər elmdən daha üstün nəsə varmı?" Şəms Təbrizi düşüncəli-düşüncəli qayıtmışdı ki, "elm insanı məluma doğru aparır". Bəli, bu, bir gerçəkdir ki, elm məchul olanlara cavab tapmaq üçün insana yollar açır. Taleyin gərdişi Şəms Təbrizi ilə Cəlaləddin Rumini qovuşdurmuşdu. Şəms gəlmişdi ki, Cəlaləddin Rumini elmin aça bilmədiyi naməlumlar darvazasına doğru yönəltsin. Şəms gəlmişdi ki, Mövlananı adi insan idrakının yetə bilmədiyi düşüncə fəzalarına qanadlandırsın.

Əflaki Dədənin verdiyi xəbərlərdəndir - həmişə dili dualı, nəsihətli alxışlı olan Şəms Təbrizinin tez-tez təkrarladığı qarğışı da varmış. Bir adam qəlbinə dəyəndə, onu incidəndə deyərmiş ki, "görüm səni uzun ömür yaşayasan çoxlu var-dövlətin olsun". Gendən baxanlar təəccüblənərmişlər ki, axı bilirik o adamdan narazısınız, sizi incidib, sifətinizin ifadəsindən belə görünür ki, guya ona qarğış eləmək istəyirsiniz, amma bu sözlər elə başdan-başa alxışdır ki! Şəms Təbrizi qımışaraq deyirmiş ki, elə əsl qarğış budur. Çünki var-dövlət insan üçün əlavə bir yükdür. Var-dövlət artdıqca qəlbində onu qorumaq qayğısı itirmək hürküsü yaranır. Sərvətini mühafizə etməkçün müxtəlif mümkün təhlükələrin qabağını almalısan. Ona görə gecələr yuxun ərşə çəkilir, şübhələr içərini gəmirir, ömrün qədər uzun olursa, demək, o ağır, qara fikirlər, o sıxıntılar da səni daha çox narahat edir. Şəms Təbrizi ən adi mətləblərin bunca dərinlərinə enə bilən müdrik idi. Şəms Təbrizinin özünün varlılığına gəlincə, əlbəttə ki, çox zəngin adamdı. Ancaq onun sərvəti dünya malı deyildi. Onun bitib-tükənməyən xəzinəsi biliyi idi, aşıb-daşan sərvəti düşüncələri, qələmə aldığı əsərləri idi. Əflaki Dədə bizə Şəms Təbrizinin bir ləqəbini xəbər verir - "Kamil Təbrizi".

Həqiqətən, həyatının tərzi ilə , əməlləri ilə , yazıb-yaratdıqları ilə Şəms Təbrizi kamil idi - kamillərin kamili. Şəms kamilliyin zirvəsinə çatmış bir şəxsiyyət olmasaydı, Mövlana heç ona tapınardımı?! Elm dəryası Şəms Təbrizinin nəzərincə, insanı insan edən dəyərlər sırasında ən ucada dayananlardan biri bəlkə ilki elmdir. Belə düşündüyü üçün bu cür yazıb: "Elm olmayan bir bədən suyu olmayan şəhərə bənzəyir". Bəs Şəmsə görə insanların ən üstünü kimlərdir? Şəms insanların ən qiymətlilərini dörd qismə ayırırdı təsdiq edirdi ki, məhz bu qəbil adamların yeri Allah qatında əzizdir. Birinci, şükrü çox edənlər; ikinci, qənaətcil səbirli olanlar; üçüncü, törətdiyi günahlara görə peşman olub Allah-təalanın əzablarından çəkinən kimsələr; dördüncü, haramlardan uzaq düşərək elmə tapınan, dünyanın aldadıcı təmayüllərinə meyl etməyən alim. Amma burada da dayansaydı, Şəms Şəms olmazdı. Davam edir sual qoyur: "Bəs bu dörd təbəqə içərisində, bu qiymətli adamların arasında ən üstün olan insan kimdir?" yekun cavabından da zəka nuru saçır: "Elm helm sahibi olan alim".

Bir dəfə Şəms Təbrizidən comərdlər haqqında danışmasını, əsl comərdliyin olduğunu anlatmasını təvəqqe edirlər. Cavab verir ki, comərdlik, səxavət dörd cürdür. Birincisi, mal comərdliyi, əmlak səxavətliliyidir. Bu qəbil insanlar, yəni mal comərdliyi olanlar malından-mülkündən məmnuniyyətlə keçər, mərifət qazanarlar. İkincisi, bədən comərdliyidir. Bu da ən əvvəl alimlərə məxsus olan keyfiyyətdir. Onlar insanlar naminə Allah yolunda özlərini elmə sərf edər, canlarını xərcləyərlər. Üçüncüsü, can comərdliyidir. Bu, şəhidlərə məxsus olan ali nəciblikdir. Onlar amal yolunda, məslək naminə, bir eşq uğrunda, vətən xatirinə canlarını qurban verərək cənnəti qazanarlar. Dördüncü isə qəlb comərdliyidir. Bu da ariflərə yaraşan bir səxavətdir ki, könül verib məhəbbət alarlar. Özü sonunculardan idi!

Şəms Təbrizinin hər bir insanın əməl etməsini istədiyi ayrıca nəsihəti vardı. Söyləyirdi ki, hər insanda iki nəsnə var. Gərək onlardan birini öldürüb, digərini daim diri saxlaya. Öldürülməli olan tamahdır, nəfsdir. Çünki nəfsi öldürməyincə insan rahatlığa çatmaz. Könlü ölü olanınsa bəxtiyar olması mümkünsüzdür. Şəms özü həmişə həm rahat, həm məsud idi. Çünki nəfsini öldürməkdə misilsiz idi. Könlü hər an şövqlü, diri saxlamaqda da bənzəri yoxdu. Əflaki Dədə "Mənaqibu-l-arifin"də Şəms Təbriziyə həsr etdiyi fəsildə bunu da çatdırırdı ki, Şəms Təbrizi tez-tez səfərlərə çıxar, geyim-kecimə çox bənd olmaz, əyninə qara bir keçə örtərdi. Yeməkdə son dərəcə qənaətcil idi. Onun hansı həddə qənaətcil olmağını təsəvvür etmək üçün bu yetər ki, il ərzində məsrəfi vur-tut bircə dinarmış. Əflaki Dədə Şəms Təbrizinin ifrat gözütoxluğu, aşırı qənaətcilliyi barədə bunu da xəbər verir ki, bir həftə ərzində Şəmsin yediyi bir yarım çörək idi. Bir yarım çörəyi doğrayırdı kəllə-paça suyuna, onunla dolanırdı. Günlərin birində kəllə-paça suyu aldığı dükanın sahibi fikirləşir ki, bir savab görüm. Şəmsin özündən xəbərsiz ona verdiyi kəllə-paça suyunun içərisinə bir yağlı tikə atır. Bundan xəbər tutunca Şəms Təbrizi bir daha o dükana yaxınlaşmır, hətta sonralar həmin dükanın yerləşdiyi küçədən belə keçmir.

Əflaki Dədə heyranı olduğu Şəmsin hər yetən insanda rast gəlinməyən, tək-tək seçilmişlərə nəsib olan heyrətli keyfiyyətləri haqqında da bəhs eləyir - Şəms Təbrizidə qeyri-adi təlqin gücü varmış. Ətrafındakılar bircə anda onun iradəsinə tabe olurmuş. O, yan-yörəsinə toplaşanların düşüncəsinə birbaşa təsir etməyi, onların  xəyalında dürlü mənzərələri canlandırmağı bacarırmış. Bununla bağlı Əflaki Dədənin zikr etdiyi xəbərlər həm sanki inanılmazdır, həm onlara bel bağlamamaq da mümkün deyil. Çünki Əflaki Dədə, birincisi, mötəbər qələm sahibidir, müqəddəslər zümrəsindən olan bir insandır. Həm bir olmuşdan bəhs edərkən gətirdiyi mənbələr, istinad elədiyi adamlar elə şəxsiyyətlərdir ki, onlardan heç birini sıradan olan insan saymaq rəva deyil. Elliyi mötəbər, sözünün dürüstlüyünə etibar ediləsi övliya ucalıqlı nadir adamlar. Siracəddin Tatarinin bilavasitə Cəlaləddin Rumidən eşitdiyi bir əhvalatı Əflaki Dədə qələmə alıb. Həmin hekayətə keçməzdən öncə buna da diqqət yönəltməyə ehtiyac var ki, peyğəmbərlərin bir çoxunda məhz Şəmsdə varlığını təsdiqlədiyimiz düşüncələri təsiri altına salmaq qüdrəti olub. Hipnoz, təlqinetmə qabiliyyəti, fikri oxumaq bacarığı, insanları iradəsi altında saxlaya bilmək gücü əsla səmadan gələn qeyri-adi, möcüzəvari qabiliyyət kimi qavranılmasın. Buna tək-tək insanlarda rast gəlinsə , hər halda tarixin hər dönəmində hər xalqda müəyyən adamlarda müşahidə edilən xüsusiyyətdir. Peyğəmbərlərdə görünən, seçilmiş insanlara, müstəsna öndərlərə xas bu keyfiyyət onların öz düşüncələrini, məfkurələrini daha geniş yaya bilməsi, insanları öz iradəsinin hökmü təsirində saxlamaqçün son dərəcə vacib vasitə, onlara dayaq duran, ən çətin məqamlarda kömək olan gizli silah idi. Siracəddin Tatarinin söylədiklərinə söykənən Əflaki Dədə bəyan edir ki, günlərin birində, qış axşamında xudmani məclisdə əyləşmiş Şəms Təbrizinin böyründəkilər ucdantutma aqillər, təfəkkür sahibləriymiş. Birdən kiminsə dilindən bir söz qaçır ki, çöldə qar yağır, qışın oğlan çağıdır, amma nədirsə ürəyimdən keçdi ki, kaş burada indi bir dəstə qızılgül olaydı. Bu sözü eşidincə Şəms Təbrizi qalxıb çıxır otaqdan bir neçə dəqiqə sonra əlindəki iri qızılgül dəstəsi ilə yığnağa qayıdır. Qızılgüllərin xoş rayihəsi bir andaca otağı bürüyür. Hamı mat-məəttəl qalır ki, qışın qış günündə, bu şaxtada-sazaqda Şəms o qızılgül dəmətini haradan tapıb gətirdi. Ancaq məclisdəkilərdən biri maraqlı söhbət başlamış olduğundan onun sözünü yarımçıq kəsməməkçün səbirlərini basır, hələlik Şəmsdən bu dar macalda, söz ağızdan çıxmamış gül dəstəsini təhər, haradan əldə etməsini xəbər almırlar. Söhbət davam edirmiş, qızılgül dəstəsi ortada, hər kəsin gözünün qabağında imiş. Siracəddin Tatari Cəlaləddin Ruminin bu hadisəyə şahidliyini vurğulayır ardınca da təəccüblə yazır ki, necə oldusa, mən bir ara otaqdan çıxdım, geri qayıdanda baxdım ki, qızılgül ortada gözə dəymir. Şəmsin özündən soruşdum ki, bəs o qızılgül dəstəsi necə oldu?

Şəms qayıdır ki, qızılgül dəstəsi, burada elə şey olmayıb ki! Rəfiqimizin ürəyindən keçdi ki, kaş indi burada qızılgül dəstəsi olaydı, mən onun arzusuna əməl etdim, qızılgül dəmətini əyan etdim. Bu, kəramət deyil, bu, İlahinin qaibdən göndərdiyi bir qızılgül dəstəsinin təcəllası idi, hamının gözünə göründü, ətri gəldi...

Şəms Təbrizinin telepatik qabiliyyətləri haqqında Əflaki Dədənin nişan verdiyi daha bir rəvayət. Bunu da Cəlaləddin Ruminin oğlu Sultan Vələdin dilindən nağıl eləyir. Sultan Vələdə isə bu əhvalatı yenə Cəlaləddin Rumi özü söyləyibmiş. Günlərin birində Cəlaləddin Rumi Şəmsin xeyli dilxor, əsəbi halda Məram bağlarına doğru getdiyini görür, istəyir ki, onu bu təlx ovqatdan çıxartsın. Amma necə etsin? Bilirdi ki, Şəms Təbrizi həyat yoldaşı Kimya xanımı çox sevir onunla bir yerdə olanda təsəlli tapır, bütün qanıqaraçılıqları da həmin andaca yox olub gedir. Ona görə müridlərindən birini yollayır ki, tez get evlərinə, Kimya xanımı çağır, mədrəsəyə, Şəmsin yanına gəlsin. özü yollanır mədrəsəyə. Qapını aralayınca görür ki, Şəms Təbrizi əyləşib, yanında da Kimya xanım. Məəttəl qalır. Ürəyində öz-özünə fikirləşir ki, axı mən uşağı indicə göndərmişdim, o bu yeyinlikdə gedib Şəmsgilə yetişə, Kimya xanım da bu tezlikdə gəlib mədrəsəyə çata bilməzdi. Amma bir tərəfdən sevinir ki, yaxşı oldu, artıq Kimya xanım buradadır, Şəmsin eyni açılacaq. Çünki qapının arasından görmüşdü ki, Şəms Kimya xanımla deyib-gülür. Mane olmamaqçün aralanmışdı. Bir neçə dəqiqədən sonra təzədən qayıdır mədrəsəyə, baxır ki, Şəms Təbrizi tək oturub. Amma bayaqdan çöldə, bir qədər aralıda dursa da, gözü qapıda idi, Kimya xanım oradan çıxmış olsaydı, təbii ki, Cəlaləddin Rumi bunu görməli idi. deyir, mən Şəms Təbrizidən çaşqınlıqla soruşdum ki, bəs Kimya xanım necə oldu? Dedi: "Kimya xanım bura gəlməmişdi ki". Dedim ki, axı necə yəni gəlməmişdi? Öz gözümlə gördüm, bayaq sizin yanınızda oturmuşdu, deyib-gülürdünüz, söhbət edirdiniz. Şəms şəfqətli nəzərlərlə Mövlanaya baxır: "Mən Pərvərdigara minnətdaram. Ürəyimdən keçirsə, kim keçirsə, həmin anda İlahi o surəti mənə nazil edir". Əflaki Dədə həmin əsərdə oxucusunu Şəms Təbrizinin bu qəbildən olan başqa bir səriştəsindən hali edir: "Şəms Təbrizidə elə bir qabiliyyət vardı ki, kimsənin gözünə görünmədən saray nəzarətçilərinin, gözətçilərin, naiblərin yanından keçərək dərbara daxil olurdu, gedib otururdu hökmdar taxtının yanında. Özü lazım biləndə hökmdar onu görürdü, özü istəməyəndə isə yox. Əflaki Dədənin bu yazdıqları XXI əsrin adamına əcaib gələ, köhnə Şərq nağılçılığı kimi görünə bilər, bəlkə bunları uydurma hesab edən tapılar. Lakin Volf Messinq haqqında ki hər kəs bilir. Volf Messinqdə , əsrlər öncə Şəms Təbrizidə olan kimi, insanları iradəsi altında saxlaya bilmək qabiliyyəti, telepatik təsirəsalma gücü, qüvvətli hipnoz imkanları varmış. Həmin bacarıqlarının sayəsində möcüzədən artıq sayıla biləcək bir işi görməyə müvəffəq olmuşdu. Bir neçə qat mühafizəçilər dəstəsindən keçərək Stalinin kabinetinə daxil olmuşdu. əvvəlcə belə qabiliyyətin insanda ola bilməsinə inanmayan Stalin şahid olduqlarından sonra heyrətə düşərək Messinqdən soruşanda ki, "Axı bunları necə edirsən?" - "Heç özüm bilmirəm" cavabını almışdı. Mühafizəçilərdən xəbər almışdılar ki, axı bu adamı sənədsiz, buraxılış vərəqəsi olmadan necə buraxdınız içəri? Bəziləri demişdi ki, buradan keçən olmayıb, heç kəsi görməmişik. Bəziləri deyirmiş ki, bizə özünü Lavrenti Beriya kimi təqdim elədi.

Yəni Əflaki Dədənin nüfuzlu, sözübütöv şəxsiyyətlərə, inanılası adamların şəhadətinə əsaslanaraq Şəms Təbrizi haqqında çatdırdıqları da elə Messinq hadisəsinin bir başqa təzahürüdür. Əflaki Dədənin yazmasınca, Şəms Təbrizidə - bu möcüzə-varlıqda bir özgə ağlasığmaz güc varmış. Həmişə üstündə silahı olarmış - bu silah o çağlarda digərlərinin belindən asdığı xəncər idi, qılınc, ox, nizə idi, toppuz. Bu silah ondakı təlqin gücü - həmin dəhşətli gücün şüalarını saçan gözləri idi. Şəms Təbrizinin bu silahı o vaxt işə düşürmüş ki, o, bir insana sidq ürəkdən qəzəblənirmiş. Daxilində kiməsə nifrəti aşıb-daşanda, qeyzi coşanda həmin öldürücü güc maddiləşirmiş, beyin enerjisi dönüb olurmuş qəzəbin tuşlandığı adamı gözə görünmədən vuran silah. Həm elə silah ki, "atəşi" seçilən hədəfi yaralamaqla, yarımcan etməklə dayanmırmış, qurbanının axırına biryolluq çıxırmış.

Əflaki Dədə "Mənaqibu-l-arifin"də yazır ki, bir dəfə yenə Şəmsin yolu saraya düşür. Gözətçi onunla çox kobud rəftar eləyir, sinəsindən itələyir, acı sözlər deyir, ikrahla çımxırır: "Çəkil get burdan!" Şəms Təbrizi mütəəssir olur, bərk hirslənir, belə təhqiramiz davranış içərisindəki qəzəb düyməsini basır qarğış edir: "Görüm sənin dilin şişsin!" Bunu deyir saraydan aralanır. Görürlər ki, birdən sarayın baş gözətçisi durduğu yerdə huşunu itirib yıxıldı, düşdü partdam-partdama, dili şişib ağzına sığmır, adam göz qabağında boğulur, elə haldadı ki, deyirsən, bu dəqiqə canını tapşıracaq. Yüyürürlər Şəms Təbrizinin ardınca, rica edirlər ki, rəhmin gəlsin, yazıqdır, balalarını başsız qoyma, burax onu, öldürmə. Şəms dillənir: "O məsələ daha mənlik deyil. Adamın işi artıq həll olunub. Söz ağızdan çıxıb, hökm verilib, o adam həlak olacaq". Əl çəkmirlər, inadla yalvarıb-yaxarırlar ki, keç onun günahından. Şəms Təbrizi deyir: "İndiki halda gücüm yalnız ona çatar ki, Xudavəndi-aləmə dua eləyim, bu adamın o dünyada cəzasını yüngül eləsin".

Möcüzə dağarcığı heyrətamiz Şəmsin yanında hərdən möcüzələr haqda da söhbət düşürmüş bu da maraqlıdır ki, möcüzə adamın özünün möcüzələrə münasibəti sayaqmış. Xeyirxah bələdçi Əflaki Dədə həmin söhbətlərdən birinin təfsilatını açır. Birisi bir məclisdə Şəmsə deyəndə ki, mən yalnız ağlabatanı möcüzə hesab eləyirəm, Ustad dərhal etiraz edir: "Yox, o, möcüzə sayılmaz, möcüzə ağlın dərk edə bilmədiyidir". Şəms Təbrizinin bu qənaəti ilə razılaşmaq lazım gəlir. Ancaq bu razılaşmanın bir əmması da hər halda olmamış deyil. Axı söz möcüzədir. sözün möcüzəliliyi o zaman yaranır ki, o, dərk olunsun, qavranılsın, insan onu bütün varlığı ilə duysun. Bunu Şəmsin özü təsdiqləyib:

 

Mayasın ağıldan almasa kəlmə,

Sən o sözü yazma, əsla dinləmə.

 

Öz sözləridir, öz təsdiqidir. Elə onun "Məqalat" əsərindəki bu iki-üç cümlə, qələmindən çıxmış digər sıra-sıra fikirlər kimi, rişəsini ağıldan götürən söyləyişlərdir: "Biri gəlib sənə desə ki, filankəs səni tərif edirdi, ona de ki, məni öyən o deyil, məni vəsf edən sənsən. Yaxud bir ayrısı gəlib desə ki, filankəs sənin qeybətini edirdi, səni söyürdü, ona da söylə ki, mənim ardımca danışan, haqqımda hədyan söyləyən o deyilmiş, sənsən. Çünki söz hansı adamın dilindən qopursa, həm o adamın özü deməkdir".

..."Mənaqibu-l-arifin"i qələmə alan Əflaki Dədə , Cəlaləddin Ruminin oğlu Sultan Vələd həm mənəviyyatca pak, həm alim xislətli insanlardı. Onların dilindən, qələmindən qopubsa, həmin sözlərin gerçəkliyinə şəkk gətirmək olur, onların hikmətindən doymaq "Mənaqibu-l-arifin"in növbəti səhifələrində Əflaki Dədə Sultan Vələdin ona danışdığı elə həqiqətləri bizimki edir ki, bu xasiyyətnamələr istənilən başqa qaynağın verdiyi bilgilərdən, altı möhürlü-surğuclu yüz cür daşdankeçər sənəddən daha inanımlıdır. Yazır ki, bir gün Sultan Vələd atası ilə oturubmuş. Cəlaləddin Rumi başlayır Şəms Təbrizidən danışmağa tərifləri elə həddə çatır ki, Sultan Vələd riqqətə gəlir, çünki Cəlaləddin Rumi heç kəs barədə bu cür sözlər söyləməmişdi. Yollanır Şəms Təbrizinin qulluğuna, atasının söylədiklərini bircə-bircə qoyur onun ovcuna. Şəms qayıdır ki, əgər sizin atanız mənim haqqımda bu söylədiklərindən min qat artığını da söyləmiş olsa belə, mən sizin dərya atanızın yanında sadəcə bir damla kimiyəm. Bu sözlər dərin dərrakəli Sultan Vələdi çox həyəcanlandırır dübarə qayıdır atasının yanına. Deyir, siz o sözləri ki Şəms haqqında demişdiniz, o qiyməti ki ona vermişdiniz, ürəyimi yerindən oynatmışdı, indi isə sizə Şəmsin dilindən səslənmiş sözləri çatdırmaq istəyirəm, çünki bu təriflər məni daha artıq duyğulandırdı. Şəms demişdisə, hamısını kəlməbəkəlmə atasına söyləyir. Mövlana fikrə dalır handan-hana dillənir ki, Şəms Təbrizi bu sözləri ilə qədər böyük olduğunu bir daha sübut elədi, həm mənim sənə bayaq söylədiklərimi bir daha təsdiqləmiş oldu. Ancaq Şəmsin indi mənə yetirdiyin sözlərindən sonra sənə təsdiqləyirəm ki, o, bayaq haqqında söylədiklərimdən əslində yüz kərə artıqdır.

...Şəmslə Mövlananın dostluğunun, birgəliyinin yeni başladığı əyyamlarmış. O günlərin hekayətlərinin hər birində neçə dərs, ibrət yaşayır. Günlərin birində Şəms Mövlanaya deyir ki, səndən çətin bir təvəqqe etsəm, yerinə yetirərsənmi? Rumi cavab verir ki, "təvəqqe nədir? Əmr edin. Dost yolunda görə bilmədiyimiz olmaz". Şəms cavabdan məmnunluqla deyir: "Sənin bu sözlərin məni çox təsirləndirdi sevindirdi. Amma vəd edəndə həmişə ehtiyatlı olmaq lazımdır. Axı dedim, xahişim çətin xahişdir. Bəlkə elə tapşırıq verdim ki, heç ürəyinə yatmadı, heç icrasını münasib görmədin, bəlkə sənə ziyan verə biləcək bir dilək oldu umacağım". Rumi qayıdır ki, "hər halda xahişi məndən dost edirsə, elə xahiş etməz ki, onun nəticəsi mənə qəsd olsun, qəlbimi sındırsın, məni xar etsin". Şəms gülümsünür: "Bilirsən, mənim bir şakərim var. Hər axşam gərək süfrəmdə şərab ola. Şam yeməyində mən adətən şərab içərəm". Rumi təəccüblənir, Şəms davam edir: "İndi səndən rica etmək istəyirəm ki, gedəsən Əcnəbilər məhəlləsinə. Orada bir şərabçı var, məni tanıyır, kimdən soruşsan, onu göstərəcək. Söylə, məni Şəms göndərib. Özü bilir məsələdir. Sənə bir şüşə şərab verəcək, al, əbanın altında gizlət ki, görən olmasın, gətir ver mənə". Şəms baxır ki, bu sözlərdən sonra Rumi çox tutuldu, qalıb iki can arasında. Yenə dillənir: "Yox əgər etmək istəmirsənsə, mənim bu xahişimi yerinə yetirmək sənə çox müşkül gəlirsə, başqa bir adama tapşırım". Mövlana qayğılı-qayğılı: "Yox, gedərəm", - deyir. tələsir Şəmsin dediyi Əcnəbilər məhəlləsinə. Onun adətən yolunu salmadığı Əcnəbilər məhəlləsinə yönəldiyini gendən görən bir-iki nəfəri maraq götürür. Düşürlər Mövlananın ardınca, yavaş-yavaş bu güdənlər dəstəsinə əlavə olunanlar artır. Mövlananı izləyənləri heyrət onda bürüyür ki, görürlər Əcnəbilər məhəlləsində Mövlana Meyxanəçilər döngəsinə sarı buruldu. Həmin dəstədən Mövlananın onu üzdən tanımayacağını yəqin bilən birisi addımlarını sürətləndirir, çatır Rumiyə ki, onun burada edəcəyini lap yaxından görsün. Baxır ki, Mövlana dükançılardan kimisə soruşdu, sonra həmin döngədəki şərabçılardan birinə yaxınlaşdı, o da içi dolu bir şüşəni verdi Mövlanaya, bu da şüşəni çuxasının altında gizlədib yol aldı geriyə.

Elə öz məhəllələrinə çataçatda Mövlananı izləyən dəstədəkilər başlayırlar hay-küyə. Onların qara-qışqırığına tezliklə xeyli adam yığılır. Köhnədən Mövlanayla ədavət aparan bir rəzil qabağa çıxaraq hikkə ilə bağırır: "Ay camaat, siz bunu saf, əməlisaleh bir adam sayaraq məsciddə hər gün arxasında dayanır, namaz qılırsınız. Bu isə münafiqin biridir. Başqası desəydi, bəlkə biz inanmazdıq. Çünki bu, hamını özünün guya mömin olmasına inandırmağı bacarıb. Gözümüzün qarşısında getdi Əcnəbilər məhəlləsindən şərab aldı". Yer-yerdən səslər ucalır: "Sübut! Sübut!" Həmin ittiham edən səsinin bir az da yoğun yerinə salır: " sübut? Uzaqda deyil, sübut burada - cübbəsinin altındadır". Bir-iki nəfər çıxır qabağa, dartışdırırlar Mövlananın libasını, həqiqətən şüşəni tapırlar. Bunu görüncə biri Mövlananın sinəsindən itələyir, biri qapaz vurur, biri yumruq atır, söyüş, nifrin sədaları qalxır. Mövlanasa donmuş halda sakitcə dayanıb kəlmə kəsmir. Vəziyyəti belə görüncə Şəms Təbrizi köksünü verir irəli, qışqırır: "Ay millət, ay həyasızlar! Dayanın! Niyə günaha batırsınız? Niyə dini kamil bir insanı töhmət edirsiniz? Birisi Mövlanaya şər atıb, niyə dərhal bu böhtana inanıb dünənəcən ətəyində namaz qıldığınız insana dönük çıxırsınız? O, şərab deyil, sirkədir. Mən ondan xahiş etmişəm ki, gedib gətirsin. Çünki hər gün yemək zamanı mən sirkədən istifadə edirəm. Mövlanadan təvəqqe elədim ki, gedib Əcnəbilər məhəlləsində mənim tanıdığım bir adamdan həmin sirkədən alıb gətirsin. Kim şübhə edir, çıxsın irəli, açsın ovcunu". Şəms şüşənin tıxacını çıxarır, bir neçə nəfərin ovcuna həmin sirkədən damızdırır. O adamlar əvvəlcə ovcundakını iyləyir, sonra dadına baxıb görürlər ki, həqiqətən şüşədəki sirkə imiş. Bunu bilincə bayaqdan öz aləmində guya Rumini ifşa edirmiş kimi bağıran şəxs birinci yıxılır Mövlananın ayağına, başlayır üzrxahlığa ki, "əfv et". Mövlanaya yumruq atan, qapaz vuran, hərzə-hərzə danışanlar bir andaca büsbütün dəyişərək başlayırlar özlərini təmizə çıxarmaqçün daha uyğun izahlar axtarmağa, sonra da suları süzülə-süzülə meydandan aralanırlar.

Hamı dağılışır, qalır ikisi - Şəms Təbrizi Cəlaləddin Rumi.

 - Ustad, bu  müsibət idi mənim başıma gətirdiniz?

- Yox, yavrum, bu, bir həyat dərsi idi. Dünyanı, insanları sənə tanıtmaq dərsi idi. Məqsəd səni rüsvay, xəcil etmək deyildi. İstədim aləmin zahiri parıltılarına daha heç vaxt uymayasan. Bel bağladığın, qürurlandığın bir çox mətləblərin, məhrəm saydığın bir çox kəslərin, əziz tutduğun bir çox hisslərin sərabdan başqa bir şey olmadığını əyani olaraq görüb dərk edəsən. İllərdir ki, bu insanların xidmətindəsən. Onların sənə bəslədiyi sayğının, sevginin bu həyatda qazandığın əbədi sərmayə olduğunu düşünürdün. Amma şahid oldun ki, bircə şüşə yalan şərab söhbəti ilə bütün xətir-hörmət bir an içində yox olub getdi. Sənin çalmanı başından qapıb yerə çırpdılar, paltarını cırdılar, səni dümsüklədilər, dürtüşdürdülər, hətta bu meydandaca səni qətlə yetirməyə hazır idilər. Əbədi sandığın sərmayə bu axşam bir an içində beləcə dumana dönüb, tüstüyə çevrilib buxarlandı, qeyb oldu. Mənsəb, şöhrət, sənə itaət, üzdə göstərilən ehtiram keçəridir, asan dəyişəndir. Sən elə dəyərlərə ümid bağla ki, zamanın keçməsi hadisələrin dəyişməsi ilə bu təhər asanlıqla bir an içində yox olmasın, həqiqətən əbədi qala bilsin:

 

Bir heçdir boşalıb dolan bu dünya,

Bir heçdir dünyada yaşayanlar da.

Bağlanma bir heçə sən bir heç üçün,

Əbədi olanın eşqilə yaşa.

 

Şəmsin necə vəfalı olması, sədaqət haqqında hansı düşüncələri daşıması barədə ayrıntıları Əflaki Dədə "Mənaqibu-l-arifin"də Sultan Vələdə istinadən ərz edir. Sultan Vələd Şəms Təbrizinin bu barədə ona dediyini olduğu kimi Əflaki Dədəyə söyləyibmiş, o da söylənənləri kağız üstünə köçürərək tarixləşdirib. Şəms Sultan Vələdə deyibmiş ki, birisi bizə vəfa göstərsə, sonra yüz cəfa etsə, o bir vəfanın xatirinə yüz cəfaya bənd olmarıq. Vəfanın haqqını bilən cəfaya baxmaz.

...Şəmsəddin Təbrizi, Kamil Təbrizi, Şəmsu-l-həqq, Şəmsi Pərəndə - uçan Şəms. uçan Şəmsdən, o Kamil Təbrizidən bizə bir nəsihət çatıb. Hətta paxıllıq, həsəd kimi umulmaz keyfiyyətsizliyin içərisində Şəms Təbrizi nəcib gözləri ilə müsbət bir çaları görə bilib. Yazır ki, "Paxıllıqların bir növü var ki, savab əməl sayılar insanı cənnətə aparar". Görəsən, imiş Şəms Təbrizinin paxıllığın içərisində gördüyü cənnətə aparan bu yol? Şəms dəqiq nişan verir: xeyir işlər görənlərdən geridə qalmamağa çalışmaq. Xeyirxahlara, fəzilət sahiblərinə həsəd apararaq xeyirxahlıqlar törətmək üçün daha artıq çalışmaq. Bu həsəd həsədlərin ən gözəlidir təqdirolunanıdır. Şəms Təbrizi babamız! Bu sözlərin bütün başqa sözlərin tək günəş kimi işıqlıdır. Dünya bu cür paxıllarla dolsaydı, yaşamağa vardı ki!

...Yenə bir gün Mövlanaya deyirlər ki, siz dünyanın bütün naz-nemətlərindən əl çəkmisiniz, dərviş həyatı yaşayırsınız, ancaq sizin bunca yüksək tutduğunuz, özünüzə ən sadiq dost hesab etdiyiniz Şəms Təbrizi o cür deyil. O, dünya nemətlərinə qətiyyən biganəlik göstərmir. Cəlaləddin Rumi bu sözləri eşidincə rişxəndlə dillənir ki, sizin bu mühakimələriniz Şəmsi sevməməyinizdən irəli gəlir. İnsan bir başqasını sevəndə onun nöqsanlarına da gözləri kor, qulaqları kar olur. Necə ki, ana öz balasında hansısa qüsur görmür, gendən baxana ciyərparasının ürəyə yatmayan kimi gələ biləcəyi hərəkətinə öz aləmində izah tapır, qəlbən sevən vurğunu olduğunda həmin təhər qəbahət gəzməyə meyilli olmur. Ananın balasında qüsur görməməsinə səbəb odur ki, yavrusunu təmənnasız məhəbbətlə sevir. Əgər siz Şəmsə belə məhəbbətlə yanaşsanız, onda heç bir qüsur görməyəcəksiniz.

Cəlaləddin Rumi Şəms Təbrizinin zirvələrin zirvəsi olduğunu anlayırdı. Onun bəlkə ayrı-ayrı hansısa qüsurlarının olmasından xəbərdar idi. Ancaq Mövlana Şəms Təbrizinin kimliyini bilirdi, onun hansı yetilməz mənəviyyat zəka zirvəsi olduğunu anlayırıdı, məhz Şəmsin möhtəşəmliyini dərk etdiyindən, onun qənirsizliyindən agah olduğundan belə ucadan-uca dağın ətəyində kol-kosun, daşın-kəsəyin, qurd-quşun hərlənməsi ona əhəmiyyətsiz gəlirdi - yel qayadan aparar?!

...Türkiyədə - Konyada Şəms Təbrizinin məzarı deyə təqdim olunan bir türbə var. Olmuşam, ziyarət etmişəm onu da görmüşəm ki, hər gün yüzlərlə insan axın-axın gəlir, Şəms Təbrizinin məzarı adlandırılan o məkanı ziyarət edir, dualar oxuyur. Ancaq həqiqətənmi ora Şəms Təbrizinin məzarıdır? Şəms Təbrizinin həyatı kimi, yazdıqları kimi, məzarı da saysız müəmmalar, gizlinclidir.

Əflaki Dədə "şeyximiz" deyə təqdim etdiyi Arif Çələbinin anası Fatma xanım həzrətlərinin dilindən eşitdiyi bir əhvalatı da xələflərlə bölüşür. Yazır ki, bədxahları, düşmənləri Şəmsi qətlə yetirərək bir quyuya atırlar. Bundan kimsənin xəbəri olmur Sultan Vələd həmin gecə yuxusunda Şəms Təbrizini görür. Şəms ona pıçıldayır ki, məni qətlə yetiriblər filan yerdə filan quyuya atıblar. Sultan Vələd ertəsi gün başının dəstəsi ilə gəlir, Şəmsin cəsədini həmin quyudan çıxarır, aparıb yuyur, müşkə, ənbərə tuturlar Mövlana türbəsinin memarı Əmir Bədrəddin Təbrizinin məzarının yanında torpağa gömürlər. Ancaq Şəmsin həyatdan ayrılması ilə bağlı laübalı qəziyyələr bununla bitmir. Şəms Təbrizinin həyatının necə tamamlanması, hansı məzarda uyuması ilə bağlı sıra-sıra başqa rəvayətlər var. görünür, bu da məntiqli, həm qanunauyğundur - bütün ömrü boyu çərçivələrə sığmamış, kimsəyə oxşamamış Şəms Təbrizinin dünyadan köçüşü adi adamlarınkı sayaq ola bilməzdi. Bir başqa soraq da var ki, Şəms Təbrizi Konyadan aralanandan sonra Şama gedir, oradan da Təbrizə qayıdır Təbrizdə vəfat edir, orada Kəcil qəbiristanlığında torpağa tapşırılır. Lakin Əflaki Dədə sanballı şahidlərə əsaslanaraq Şəms Təbrizinin son saatı haqqındakı bir söyləməni bizə eşitdirir. Yazır ki, axşamlardan birində Mövlana ilə Şəms oturub söhbət edirmişlər, nagahan qapı döyülür, Şəms dikəlir qapını açmağa, amma elə qalxa-qalxa Mövlanaya deyir ki, onlar mənim ardımca gəliblər, məni öldürmək istəyirlər. Şəms bunları deyəndən sonra çıxır dışarı. Şəms adi Allah bəndəsi deyildi, o, sabahı, gələcəyi görməyi bacaran idi. Yaxşı, bəs başına gələcəyi, öldürüləcəyi ona öncədən məlum idisə, niyə ardınca gələnlərin çağırışı ilə çıxırdı çölə, nicat yolu aramırdı? Bu, elə peyğəmbərlər onlar xislətlilərin, Mövlana Şəms kimi qutsalların alnına yazılmış xüsusiyyətdir. Onlar bəlanı öncədən görə-görə, bilə-bilə ki, məşəqqət, cəfa, ağrı gəlir onları ağuşuna alacaq, girdabına çəkəcək, qaçmırlar, yayınmırlar, qismətə doğru irəliləyirlər.

Mövlana qalır hücrədə, Şəms Təbrizi çıxır çölə Əflaki Dədə qapının bu tayındakı başvermişləri həmingünkü görüntüləriylə canlandırır - yeddi nəfər Şəmsi əhatələyir, biri xəncərini sıyırır saplayır Şəmsin sinəsinə. Şəmsdən dəhşətli bir nərə qopur. Elə bir nərə ki, onu mühasirəyə almış yeddi nəfərin yeddisi bayılır. Az sonra ayılıb görürlər ki, Şəms yoxdur, yerdə sadəcə bir neçə damla qan ləkəsi qalıb, Şəms qeybə çəkilib...

Bu, Şəmsin son möcüzəsi idi əslində Şəms kimi müstəsnalar adi insanlar kimi qazılan bəlli bir qəbrə qoyula, üstünə torpaq tökülə, sıravi adamlar kimi basdırıla bilməz. Onlar elə bu cür qeyb olmalı, uçub getməli, bədəndən ayrılaraq ruhlar aləminə qarışmalıdır. Bu, Şəmsin son möcüzəsi idi. Amma Şəmsin möcüzələri o qorxulu gecədəki göylərə pərvazlanması ilə bitmədi, həmişə davam edəcək. zaman ki onun kitabını yenidən açacaqsan, yazdıqlarını təzədən oxuyub misralarındakı təlqinin cazibəsinə düşəcəksən, həmin andaca gözlərin onun gözlərinə dikiləcək, ixtiyarsız o nüfuzedici baxışlardakı sonsuz gücə tabe olacaqsan diri Şəms Təbrizi ən təzə möcüzə kimi gözlərin önündə cilvələnəcək.

 

 14 noyabr 2023

 

 

Rafael HÜSEYNOV

Akademik

 

525- ci qəzet.- 2023- il.- 18 noyabr.- ¹ 209.- S. 14- 15.