"Tədqiqatlarım
Azərbaycan elminə müəyyən töhfələr verə
bilər"
XARİCDƏ DOKTORANTURA TƏHSİLİ ALAN
AYTƏN PİRVERDİYEVANIN FİKRİNCƏ, ALİ
TƏHSİL MÜƏSSİSƏLƏRİMİZDƏ
TƏDRİS VƏSAİTLƏRİNİN
YENİLƏNMƏSİNƏ EHTİYAC VAR
Azərbaycanlı
gənclərin xaricdə doktorantura səviyyəsi üzrə
təhsili üçün prioritet ixtisas istiqamətlərinə
uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə
peşəkar mütəxəssislərin hazırlanması
dövlətin prioritetlərindən biridir. Bu məqsədlə 2018-ci ildə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"
qəbul edilib. 2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan
Respublikası vətəndaşlarının
xaricdə doktorantura səviyyəsində təhsilinin
maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub. Proqramın icrasını təmin etmək məqsədilə
müxtəlif qurumlara
ayrı-ayrı vəzifələr
həvalə edilib.
Bu vəzifələrin yerinə yetirilməsində
koordinasiya Elm və Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
Bu gün Azərbaycanda ölkənin ali
təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin
doktorantura səviyyəsini
bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram
sayəsində xaricdə
təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı
olan yerli ali təhsil müəssisəsində pedaqoji
fəaliyyətə cəlb
ediləcəklər. Məhz
bu yolla da Azərbaycanın ali təhsil
müəssisələrinın kadr potensialı gücləndiriləcək.
Proqramın icrası müddətində
artıq neçə-neçə
istedadlı gənc dövlətin yaratdığı
imkanlardan yararlanaraq dünyanın nüfuzlu universitetlərində ali təhsil alır. Onlardan biri də
Dövlət Proqramı
çərçivəsində ABŞ-ın Corciya Universitetində "Kənd
təsərrüfatı" ixtisası üzrə təhsil alan
Aytən Pirverdiyevadır.
A.Pirverdiyeva 1990-cı ilin fevral ayının
15-də Füzuli rayonunda
anadan olub. Orta təhsilini
Bakıdakı 27 nömrəli
tam orta məktəbdə
alıb. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Qida məhsulları mühəndisliyi"
ixtisası üzrə
aldıqdan sonra Azərbaycan Turizm və Menecment Universitetinin "Qida təhlükəsizliyi" ixtisasına
qəbul olub və magistr elmi dərəcəsinə
yiyələnib. Əmək
fəaliyyətinə 2012-ci ilin yanvar ayında
Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində fəaliyyət
göstərən Tofiq
İsmayılov adına Kosmik Tədqiqatlar İnstitutunda
texnik olaraq başlayıb, sonralar laborant, baş laborant və 13-cü dərəcəli mühəndis-proqramçı
kimi çalışıb.
Daha sonra fəaliyyətini magistratura
təhsil pilləsində
oxuyarkən ixtisası
üzrə yeni açılmış (2018-ci il iyun ayının
29-da) Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun
(AQTİ) Risklərin qiymətləndirilməsi
departamentində davam etdirib. Burada çalışdığı dönəmlərdə fəaliyyət
istiqamətinə uyğun
olaraq müxtəlif auditoriyalar qarşısında
(orta və ali təhsil
müəssisələri və
s.) ölkədə qida
təhlükəsizliyinin təmin
edilməsindən, onun
mahiyyət və önəmindən bəhs
edən müxtəlif
seminarlarda çıxış
edib. 2018-ci ildə
Azərbaycan Respublikasının
Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən XI qrant müsabiqəsinə "Qida
Sənayesinə Gənclərin
Dəstəyi" adlı
layihə ilə qatılıb və qalib seçilib. AQTİ-dəki fəaliyyət
müddəti boyunca bir çox ölkələrdə (Türkiyə
Cümhuriyyəti, Çin
Xalq Respublikası, Gürcüstan və s.) ixtisası ilə əlaqəli peşəkar
inkişafa yönəlik
təlimlərdə iştirak
edib.
A.Pirverdiyeva deyir ki, xaricdə
təhsilin önəmini
xalqımız hələ
19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində hiss etməyə
başlayıb. Həmin dövrdə o dönəmin
gəncləri olan Məhəmməd ağa Şahtaxtinski, Yusif Talıbzadə, Əlimərdan
bəy Topçubaşov,
Üzeyir Hacıbəyov
və bir çoxları sonralar Azərbaycan tarixində əvəzsiz fəaliyyətləri
ilə iz qoyublar: "Mənim üçün bu Dövlət Proqramı adlarını qeyd etdiyim dahi şəxsiyyətlərin
timsalında dərin məna kəsb edir və bu
dəstək sayəsində
gələcəkdə həyata
keçirməyi planlaşdırdığım
hədəflərimə çatmağa
yardımçı olacağına
böyük ümidlərim
vardır. Digər tərəfdən, bir fərd olaraq
ABŞ-da öz maddi imkanlarınla təhsil almaq olduqca çətindir.
Mənə və mənim
timsalımda dünya elminə inteqrasiya etmək istəyən bütün şəxslərə
göstərdiyi dəstəyə
görə ölkə
rəhbərliyinə minnətdaram.
Dövlət Proqramı təqaüdçüsü
olmaq mənim üçün həm də məsuliyyətdir, çünki Corciya Universitetində PhD təhsili
almaq üçün
gələn ilk azərbaycanlıyam.
Bu gün yalnız
kənd təsərrüfatında
deyil, həmçinin
bütün digər sahələrdə savadlı,
yeniliklərə çevik
uyğunlaşa bilən
və peşəkar mütəxəssislərə çox
böyük ehtiyac vardır və görünən odur ki, yaxın gələcəkdə bu cür kadrlara tələbat daha da artacaqdır. Bu anlamda Dövlət
Proqramının dəstəyi
ilə hazırda ən müasir maddi-texniki bazası olan, nəzəri biliklə yanaşı, praktiki bacarıqlarımı
inkişaf etdirə biləcəyim bir təhsil mühitində elmin daha dərinliklərinə
baş vurmaq fürsətim yaranıb.
Bu mənada mənim üçün Dövlət
Proqramının əhəmiyyəti
danılmazdır".
A.Pirverdiyeva ABŞ-da təhsilini
qida mikrobiologiyası istiqamətində davam etdirir: "Tədqiqat mövzum ərzaq və kənd təsərrüfatı məhsullarında
mövcud olan mikroorqanizmlərə qarşı
yeni və innovativ mübarizə metodlarının tətbiqi
və inkişafı istiqamətindədir. Dünya Səhiyyə
Təşkilatının statistik
məlumatlarına əsasən,
bu gün dünyada hər 10 insandan 1-i mikroorqanizmlərlə
yoluxmuş qidadan qaynaqlanan zəhərlənmələrə
məruz qalır.
Bunun nəticəsində
hər il
420000 insan dünyasını
dəyişir. Düşünürəm ki, qeyd etdiyim
statistik göstəricilər
özü özlüyündə
tədqiqat mövzumun
aktuallığını izah
edir və bu mənada tədqiqat mövzum qlobal xarakter daşıyır".
A.Pirverdiyeva bildirib ki, tədqiqatları Azərbaycan
elminə müəyyən
töhfələr verə
bilər: "Bu sahədə
mövcud problemlərdən
xəbərdar olan biri kimi əsas
məqsədim Vətənə
dönərkən sahib olduğum
ixtisas üzrə əsl peşəkarlıq
nümayiş etdirərək
həmin problemlərin
həlli istiqamətində
real həll yolları
təqdim etməkdir. İlk növbədə, ali təhsil
müəssisələrimizdə istifadə edilən tədris və metodik vəsaitlərin yenilənməsinə ehtiyac
vardır. Xüsusilə,
qida mühəndisliyi
və qida təhlükəsizliyi ixtisasları
üzrə təhsil alan tələbələrin
nəzəri metodik vəsaitlərlə yanaşı,
praktik və ya laboratoriyaya əsaslanan elmi tədris vəsaitlərinin
çatışmazlığı real problemlərdəndir. Artıq keçən
ildən Azərbaycan Gənc Müəllimlər
Assosiasiyası ilə
birlikdə bir sıra işlərə başlamışıq. Tərəfdaş
universitetin müvafiq ixtisaslarında təhsil alan gənclərin
peşəkarlıq səviyyəsinin
artırılması məqsədilə
qida mühəndisliyi
və qida təhlükəsizliyi üzrə
beynəlxalq standartlara
cavab verəcək elmi tədris vəsaitlərinin hazırlanmasına
dair işlər üzərində çalışıram.
Düşünürəm ki, xaricdə doktorantura təhsili almış hər bir şəxs ixtisası üzrə tədris metodik vəsaitlər hazırlamalıdır,
bu kimi fəaliyyətlər
təkmilləşmək istəyən
hər bir ali təhsil
müəssisəsinin prioritet
məsələsinə çevrilməlidir".
Təhsil aldığı universitetin hazırkı tədris prosesi, tədris mühiti barədə danışan A.Pirverdiyeva qeyd edib ki, ABŞ-da təhsil sistemi Azərbaycanda aldığı təhsildən çox fərqlidir: "Mövcud sistemə alışmaq zaman tələb edir, rahatlıqla deyə bilərəm ki, bunun üçün 2 ayımı sərf etməyim kifayət etdi. Dərs yükünün öhdəsindən gələ bilmək və paralel olaraq nəzəri biliklərin təcrübə ilə möhkəmləndirilməsi üçün tələbədən ciddi mənada səy göstərməsi tələb olunur. Universitetin yerləşdiyi kampus, yaşadığım şəhəri tamamilə əhatə edir. Burada yaradılmış təhsil mühitinin yüksək standartlarda qurulması tələbəyə oxumamaq üçün bəhanə vermir. Təhsil aldığım universitet kənd təsərrüfatı sahəsi üzrə Amerikanın milli reytinq cədvəlində ilk onluqda yer alır".
Qarabağla bağlı hər
bir yeni xəbəri bütün xaricdə yaşayan
və qəlbi Vətəni ilə döyünən azərbaycanlılar
kimi, A.Pirverdiyeva da böyük həssaslıqla
izləyir: "Xoşbəxtəm ki,
xalqıma böyük Zəfəri
qazandıran Azərbaycan gəncliyini təmsil edirəm. Təbii
ki, bir doktorant
olaraq Qarabağda həyata
keçirilən yenidənqurma işlərinə öz töhfələrimi vermək arzusundayam. Xüsusilə, bu
bölgənin yenidən inşası və dirçəldilməsi
mərhələsində kənd təsərrüfatının
da inkişafı mühüm
rol oynayacaq.
Mübaliğəsız deyə bilərəm ki,
Qarabağı nəinki Azərbaycanın, hətta Qafqazın
kənd təsərrüfatı istiqaməti üzrə elmi tədqiqat mərkəzinə çevirmək
mümkündür. Bunun
üçün
Qarabağ istər iqlim
və təbii resursları, istərsə də coğrafi baxımdan ideal imkanlara sahibdir. Qarabağda tikilməsi planlaşdırılan
universitetlə yanaşı, təklif edərdim ki, Qarabağ Kənd Təsərrüfatı
Elmi Tədqiqat İnstitutu
yaradılsın. Bu institutun nəzdində qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarına geniş yer verilməsi isə
tələbələrə nəinki nəzəri biliklərə
yiyələnməyə, eyni zamanda kənd təsərrüfatının effektivliyinin artırılması məqsədilə
aparılacaq elmi tədqiqatlarda birbaşa iştirak etmək fürsəti yarada bilər. Həmçinin, bu institut yeni
və innovativ texnologiyaların Qarabağa gətirilməsi və tətbiq
edilməsi məqsədilə bir çox beynəlxalq konfrans
və simpoziumlara ev sahibliyi də edə bilər".
Gələcək
hədəflərindən söz açan A.Pirverdiyeva
vurğulayıb ki, hazırda qida mikrobiologiyası sahəsi
üzrə yetərli mütəxəssislər və tədris
metodik vəsaitləri azlıq təşkil edir. Bu məqsədlə
gələcək planlarından biri tədris metodik vəsaitlərinin
təkmilləşdirilməsidir: "Qida
mikrobiologiyasının mühüm bir elm sahəsi
olmasını 2020-ci ildə dünyanı sarsıdan
koronavirus (COVİD-19) pandemiyası nümunəsində
aydın müşahidə etdik. Bu gün patogenlərin
aşkarlanması üçün istifadə edilən bir
sıra metodlar artıq aktuallığını itirməkdədir,
bu kimi yollarla qısa zaman ərzində qidadan qaynaqlanan hər
hansı pandemiyaya qarşı mübarizədə effektiv ola
bilmək isə mümkün deyil. Gələcək hədəflərim
arasında qidaların tərkibində mövcud olan patogenlərin
qısa zaman ərzində yeni və müasir metodlar əsasında
təyin olunması dayanır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 30 noyabr, №
217.- S.15.