Xalq ruhunun və
milli yaddaşın tərcümanı
Vəfa XANOĞLAN
Sənətşünaslıq üzrə
elmlər doktoru, professor
Klassiklər də uca dağlara bənzəyir. Uca dağlar
uzaqdan daha əzəmətli görünür. XX əsr Azərbaycan ədəbiyyatının
klassik nümayəndəsi olan Xalq yazıçısı
İlyas Əfəndiyev də uca dağlar kimidir. Tarix bizi ondan uzaqlaşdırdıqca biz İlyas
Əfəndiyev böyüklüyünü daha yaxşı dərk
edirik. O, heç bir ideologiyaya boyun əyməyən, həmişə
milli ruhu tərənnüm edən qüdrətli sənətkar
idi. "Uzaq və yaxın dünənimizə,
milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin,
proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin
iradəsinin və istəyinin tələbi ilə
yanaşmamışam" - deyən sənətkar heç
bir zaman Kommunist Partiyasının üzvü olmadı və
bu partiyanın üzvü olmamaqdan da qürur duydu. İlyas Əfəndiyev özünəməxsus cəsarətlə
bədii əsərlərində
azadlığımızı, milli müstəqilliyimizi, xalq həyatını
azərbaycançılıq və türkçülük məfkurəsi
ilə təcəssüm etdirərək ədəbiyyatımızın
klassikinə çevrildi. Bənzərsiz
yazıçı taleyi yaşamış dünya miqyaslı
sənətkar 82 illik ömrünün 60 ilini ədəbiyyatımızın
və mədəniyyətimizin tərəqqisinə həsr
etdi.
İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan
nəsr tarixinin ən parlaq, ən uğurlu səhifələrindən
biridir. Onun
"Kənddən məktublar", "Yun şal",
"Qırçı və qırmızı çiçək",
"Apardı sellər Saranı", "Yusif və
Esfir", "Yaylaq qonşumuz",
"Üçatılan", "Geriyə baxma, qoca",
"Körpüsalanlar", "Söyüdlü arx",
"Sarıköynəklə Valehin nağılı" və
sair əsərləri milli ədəbiyyatımızın
yeni bir mərhələsidir. Onun
yaradıcılığında müasirlik geniş fəlsəfi
məna daşıyır. Müasirlik
öncə onun əsərlərinin ideya məzmununda,
yaratdığı obrazların dünyagörüşündə,
mənəvi-əxlaqi aləmində özünü göstərir.
Sənətkarın inamına görə, ədəbiyyatda
müasirlik müasir həyatı düzgün, istedadlı
duyub istedadlı əks etdirmək deməkdir. Yazıçının əsərlərində
toxunduğu mənəviyyat problemləri özəl bədii-esfetik
dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial
mahiyyətinə görə bu gün də
düşündürücüdür, aktualdır, milli
düşüncə və əxlaq tərzinin
formalaşmasında çox dəyərli əhəmiyyət
kəsb edir. Sənətkarın nəsr əsərlərində
qəhrəmanın mədəni tipologiyası öz fərdi
xarakterinə və səciyyəvi xüsusiyyətlərinə
görə fərqlənir. Yazıçının
müsbət qəhrəmanları işıqlı fikirlər,
saf duyğular, nəcib əməl və ideallar
daşıyıcıları kimi mübarizə meydanına
girəndə heç bir maneə və çətinlik
onları yolundan döndərə bilmir.
İlyas Əfəndiyevin
yaradıcılığında millilik başlıca keyfiyyətdir. Bu millilik, özünəməxsusluq
hər hansı məhdudluq və məhəlləçilikdən
uzaqdır, onun sənətinin ən gözəl cəhətləri
daxili-mənəvi hüdudları aşaraq ümumbəşəri
ədəbi sərvət xəzinəsinə qovuşa biləcək
geniş mahiyyətli
və məzmunludur.
İlyas Əfəndiyev öz dram əsərləri ilə
milli dramaturgiyamızın yeni böyük və zəngin mərhələsinin
yaranmasında, inkişafında özünəməxsus rol
oynamış ustad dramaturqdur. O, dərin psixoloji tapıntılarla
zəngin olan dramları ilə teatr sənətimizdə yeni
bir mərhələ açdı və "İlyas Əfəndiyev
teatrı" yaratdı. Bu teatr əsasında
yeni rejissor və aktyor nəsli formalaşdı. Dramaturq
kimi o, "İntizar", "İşıqlı
yollar", "Bahar suları", "Atayevlər ailəsi",
"Sən həmişə mənimləsən", "Mənim
günahım", "Unuda bilmirəm", "Məhv
olmuş gündəliklər", "Mahnı dağlarda
qaldı", "Qəribə oğlan", "Bağlardan
gələn səs", "Xurşidbanu Natəvan",
"Büllur sarayda", "Şeyx Məhəmməd
Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin
cəhənnəmdə vüsalı", "Tənha iydə
ağacı", "Ağıllılar və dəlilər",
"Odlu səhradan gəlmiş şeytan", "Bizə
inan", "On manatlıq lüstr", "Hökmdar və
qızı" pyeslərini yazdı. İlyas
Əfəndiyevin 22 pyesindən 19-u Akademik Milli Dram
Teatrının səhnəsində tamaşaya qoyulub və
çağdaş teatrımızın inkişafına
güclü təsir göstərib. Yarım
əsrdən artıq bir dövrdə milli teatrı öz
çiyinlərində saxlamış qüdrətli qələm
sahibinin dram əsərləri bu gün də səhnədə
öz estetik təravətini, aktuallığını və
müasirliyini qoruyub saxlayır. Səciyyəvidir
ki, rejissorlarımız daim dramaturqun əsərlərinə
müraciət edir və maraqlı tamaşalar
hazırlayırlar. Dram əsərlərinin bir çoxu
isə xarici ölkələrin teatrlarında tamaşaya
qoyulub və böyük müvəffəqiyyət qazanıb.
İlyas Əfəndiyevin tarixi dramlarında
aparıcı xətt azadlıq və qəhrəmanlıq
motivləridir.
Müasir türk mətbuatı dramaturqu Azərbaycan
ədəbiyyatının canlı klassiki
adlandırmışdı. Onun keçən əsrin
70-90-cı illərində qələmə aldığı
"Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan",
"Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə
vüsalı", "Tənha iydə ağacı",
"Ağıllılar və dəlilər", "Hökmdar
və qızı" tarixi dramları keçmişə yeni
təfəkkürlə yanaşma, xalqımızın
azadlığı və müstəqilliyi uğrunda
mübarizə ilə bağlıdır. Dramaturqun
tarixi dramları öncə tarixə bədii
baxışın yeniliyi ilə diqqəti cəlb edir. Sovetlər dönəmində yazıçı istər
nəsr, istər də dram əsərlərində milli
istiqlalımızı, müstəqilliyimizi, mühacirət və
repressiya mövzularını böyük cəsarətlə ədəbiyyata
gətirmişdi. Bu əsərlərdə
istiqlaliyyət, milli birlik, torpaq, vətən məhəbbətinin
şahidi oluruq. Bununla yanaşı, iki
mövzu - Qarabağ və Cənubi Azərbaycan
mövzuları da bu tarixi dramların əsas ideya xəttini təşkil
edir.
Dramaturq "Xurşidbanu Natəvan" pyesində
görkəmli şairənin həyatı fonunda XIX əsrdə
Rusiya imperiyasının və İranın Azərbaycanda
yeritdiyi siyasəti bədii şəkildə əks etdirib. Əsərin əsas
ideyasını Azərbaycanın azadlığı, müstəqilliyi
və milli birliyi təşkil edir. Pyesin sonunda Natəvanın
dilindən deyilən aşağıdakı sözlər əsərin
əsas ideyasının dolğun əksidir: "Bu
uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını
tapmış azad Azərbaycan gözləyir". Müdrik sənətkar hələ 1981-ci ildə
yazdığı bu pyesdə Azərbaycanın
azadlığı və müstəqilliyi məsələsini
ön plana çəkmiş, belə bir günün
yaxınlaşdığını uzaqgörənliklə hiss
və ifadə etmişdi. Əsərdə xan
qızı Natəvan şimallı-cənublu Azərbaycanın taleyi və
dərdi ilə yaşayır. İmperiyaların
süngüsü ilə ikiyə bölünmüş vətəni
bütöv görmək istəyir.
İlyas Əfəndiyevin 1986-cı ildə qələmə
aldığı "Şeyx Xiyabani" tarixi dramı da Azərbaycan
xalqının azadlığı və milli birliyi probleminə
həsr olunmuş əsərdir. Xiyabaninin pyesdə səslənən
monoloqları milli qeyrət, mübarizə ruhu, bütöv Azərbaycan
sevgisi ilə doludur. O, yenilməz və cəsur
azadlıq mücahididir. Qürurla deyir: "Ey qüdrətli
Azərbaycan xalqı! Ey azadlıq vuruşlarının cəsur
mücahidi! Bu alqışlar verdiyin
qurbanların səsidir. Qoy bu qüdrətli səslər
sənin ürəyində ildırımlar saçan daha
güclü bir tufan qoparsın! Mənim əzablar, sitəmlər
çəkmiş böyük xalqım! And olsun sənin
şərəfinə! Heç bir hədə-qorxu, heç
bir xain zərbə bu qiyamın əsasını sarsıda
bilməyəcəkdir! Biz şəhid
olacağıq, lakin bu yoldan dönməyəcəyik!"
Xiyabaninin bu sözləri müasir gəncləri
Qarabağ torpaqlarını işğal edən erməni
faşistlərinə qarşı döyüşlərə
səfərbər edən çağırış kimi səslənir.
İlyas Əfəndiyevin əsərlərinin
ruhu ilə tərbiyələnən nəsillər 44
günlük Vətən müh aribəsində böyük
fədakarlıq göstərərək
torpaqlarımızın 30 ilə yaxın davam edən
işğalına son qoydu. Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün
davam edən Vətən nüharibəsi müzəffər
ordumuzun şöhrətini, şəhidlik zirvəsinə
ucalan igidlərimizin mübarizə əzmini bütün
dünyaya nümayiş etdirdi.
İlyas Əfəndiyevin çoxşaxəli
yaradıcılığında onun ədəbi-tənqidi
görüşləri, xüsusilə dramaturgiyaya, mədəniyyətimizə,
kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza
və ayrı-ayrı yazıçıların və sənət
adamlarının yaradıcılığına həsr etdiyi
məqalələri aktuallığı və məna tutumu ilə
seçilərək dövrün ədəbi prosesinə və
ədəbi düşüncəsinə qüvvətli təsir
göstərmişdir. Xalq yazıçısı, professor Elçin İlyas
Əfəndiyevin ədəbi-tənqidi görüşlərindən
bəhs edərək yazır: "Bu məqalələrin
elmi-nəzəri səviyyəsi bədii-estetik maraqları
güdmək ehtirası, mövzu genişliyi, təhlil obyekti
seçilən əsərlərin janr müxtəlifliyi bu
fikri söyləməyə əsas verir və bu mənada
İlyas Əfəndiyev 20-ci əsrdə bizim
yazıçı-tənqidçi müştərəkliyini
qələmində üzvi şəkildə birləşdirən
sənətkarlarımızdan biridir".
Ədibin
məqalələri və esseləri arasında Səməd
Vurğuna, Rəsul Rzaya, Cəfər Cabbarlıya, Abdulla
Şaiqə, Mir Cəlala, Süleyman Rüstəmə,
Əli Vəliyevə, Əliağa Kürçaylıya və
digər yazıçılarımıza həsr etdiyi
yazılar müasirliyi, aktuallığı, obyektiv elmi təhlilləri
ilə diqqəti cəlb edir.
İlyas Əfəndiyev milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, xalqımızın folklor ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Yazıçıya görə, mənəvi mədəniyyətin yüksəkliyi insan üçün vacib şərtdir. Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun tərcümanına çevrilib. Mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına yazıçı böyük qiymət verən ədib yazırdı: "Mən milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmirəm. Bizim milli namusumuz hər bir dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub".
Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcıllığında azadlığımızı, milli istiqlalımızı və suverenliyimizi həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu: "Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işağlaçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir". "Vətən, torpaq müqəddəsdir. Torpaq bizlərə əmanətdir. Onu gözümüz kimi qorumalıyıq" - deyən sənətkar torpaqlarımızın azad olunacağına, Azərbaycanın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyirdi.
Ruhun şad olsun, İlyas müəllim, anadan
olduğun Füzuli şəhəri erməni
işğalından azad edilib! Füzuli rayon sakinlərinin
doğma yurdlarına qayıdışı başlayıb!
Ev-eşiyinə qayıdan doğma
yurddaşlarımızın hamısının üzündə
sevinc və fərəh hiss olunur. Azərbaycan Prezidentinin
uğurlu, məqsədyönlü siyasəti nəticəsində
işğaldan azad edilmiş torpaqlarımızda sürətli
yenidənqurma, bərpa işləri aparılır. O gün
olsun, azad olunmuş Füzulimizdə növbəti yubiley və
anım tədbirləri də sizin - ustad
yazıçının bir vaxt dərs dediyi məktəbdə
keçirilsin və həmin məktəbə Xalq
yazıçısı İlyas Əfəndiyevin adı
verilsin. Oktyabrın 3-də əbədiyaşar sənətkarımız
İlyas Əfəndiyevin dünyasını dəyişdiyi
gündən 27 il keçir. Görkəmli sənətkar
ötən müddətdə həm ruhən, həm də mənən
bir gün də olsun öz oxucularından,
tamaşaçılarından ayrı düşməyib, həmişə
bizimlə olub.
525-ci qəzet .-
2023.- 3 oktyabr.- S.12.