Görkəmli ədəbiyyatşünas
alim, bacarıqlı elm
təşkilatçısı
Möhsün NAĞISOYLU
AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına
Dilçilik İnstitutunun
direktoru
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri anadilli klassik
poeziyamızın mahir
bilicisi, Dövlət mükafatı laureatı,
Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Teymur Kərimlidir. Orta əsrlər
Azərbaycan ədəbiyyatı
üzrə görkəmli
mütəxəssis akademik
Teymur Kərimlini keçən yüzilliyin
səksəninci illərində
qiyabi olaraq tanımışam. Həmin vaxt
Azərbaycan klassik ədəbiyyatı kitabxanası
seriyasından çoxcildlik
kitablar işıq üzü görmüşdü.
"Ədəbiyyat və incəsənət"
qəzetində sözügedən
kitablardan biri haqqında dərc olunmuş məqalə diqqətimi çox çəkdi. İrihəcmli həmin məqalədə
orta əsrlər şairlərimizin yaradıcılığından
nümunələri əhatə
edən kitabda yol verilmiş səhvlər, onların düzgün izahı və açıqlamaları
verilirdi. Bu izah və açıqlamalar
klassik poeziya üçün səciyyəvi
olan incə məqamlara, həssas mətləblərə aid idi.
Belə izah-açıqlamaları klassik
ədəbiyyat üzrə
kifayət qədər
səriştə və
biliyi olan şəxs verə bilərdi. Həmin məqalənin müəllifi
Teymur Kərimli idi. Çox keçməyəcək ki,
bu imza Azərbaycan
elmi ədəbi mühitində məşhurlaşacaq,
görkəmli ədəbiyyatşünas
alim simvoluna çevriləcək...
Orta əsrlərə
aid türk əlyazma kitabları üzərində
apardığımız çoxillik
müşahidələrimizə əsasən deyə bilərik ki, klassik poeziyanı dərindən araşdırmaq,
həmin nümunələrdə
yer almış bəzi gizli və incə məqamlara yetərincə
bələd olmaq bir sıra elm sahələri üzrə
müəyyən bilik
və bacarıq tələb edir. Həmin
sahələr bunlardır:
ilahiyyat, Quran və hədislər, təsəvvüf,
poetika, əruz vəzni, ərəb və fars
dilləri üzrə
müəyyən qədər
biliklər. Cəsarətlə deyə bilərik
ki, bütün bu keyfiyyətlər, sadalanan sahələr üzrə bilik və bacarıq görkəmli ədəbiyyatşünas
alimimiz, akademik Teymur Kərimlidə yetərincə vardır.
Teymur müəllim haqlı olaraq ölkəmizdə orta əsrlər Azərbaycan ədəbiyyatının,
xüsusilə də klassik poeziyanın mahir bilicisi sayılır. Bu fikrin əyani sübutu olaraq ölkəmizin aparıcı
televiziya kanalı olan AZ.TV-də, sonralar isə "Mədəniyyət" kanalında
böyük maraqla izlənilən "Məclisi-üns"
verilişini göstərmək
olar. Həmin verilişin demək
olar ki, daimi iştirakçısı
olan akademik Teymur Kərimlinin orta əsrlər Azərbaycan poeziya nümunələri haqqında
sanballı və dəyərli fikirlərini,
izah və açıqlamalarını yüksək
elmi və bədii təfəkkürün
açıq-aşkar göstəricisi
saymaq olar.
Bu fikrin ikinci və ən başlıca sübutu-dəlili,
əsas göstəricisi
isə akademik Teymur Kərimlinin orta əsrlər Azərbaycan ədəbiyyatı
üzrə səmərəli
və dəyərli elmi yaradıcılığıdır. Orta məktəbi
qızıl medalla, Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirən Teymur Həşim oğlu Kərimlinin ilk sanballı
elmi işi 1983-cü ildə böyük uğurla müdafiə etdiyi "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi
gözəl" poeması
üzrə)" adlı
namizədlik dissertasiyası
olmuşdur. Məlum olduğu
kimi, orta əsrlər Azərbaycan ədəbiyyatının zirvəsi
dahi sayılır.
Teymur Kərimli
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin yaradıcılığı
üzərində elmi
araşdırmalarını davam etdirərək
2004-cü ildə "Nizami
yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımcısı"
mövzusunda yazdığı
doktorluq işini tamamlamışdır.
Görkəmli ədəbiyyatşünas alim
bu mövzuda qələmə aldığı
"Nizami və tarix" adlı dəyərli bir monoqrafiyanın müəllifidir. Ümumiyyətlə,
akademik Teymur Kərimli dünya ədəbiyyatı xəzinəsinə
nadir incilər bəxş
etmiş Nizami Gəncəvinin şəxsiyyəti
və bədii yaradıcılığının bir sıra qaranlıq
səhifələrinin, yeni
məqamlarının üzə
çıxarılması sahəsində
böyük və əhəmiyyətli elmi işləri həyata keçirmişdir.
Akademik Teymur Kərimlinin elmi yaradıcılığında klassik anadilli poeziyamızın zirvələrindən
olan İmadəddin Nəsimi və Məhəmməd Füzuli
yaradıcılığının araşdırılması da
xüsusi yer tutur. Görkəmli ədəbiyyatşünas
alim bu iki
böyük şairimiz
haqqında da monoqrafiyaların müəllifidir:
"Görünməyən Füzuli", "Çağdaşımız
Nəsimi".
Qeyd edim ki, akademik Teymur Kərimli bənzərsiz güclü yaddaş sahibidir. Çoxları Teymur müəllimin istər elmi məruzələrində, istərsə də adi söhbətlərində tez-tez Füzuli yaradıcılığına üz tutaraq bu böyük şairimizin qəzəllərindən bir çox nümunələri əzbər söyləməsinin şahididir. Yeri gəlmişkən onu da əlavə edim ki, akademik Teymur Kərimli bədii yaradıcılıqla da məşğul olur. Böyük ədəbiyyatşünas alimin klassik poeziyaya vurğunluğu onun qələmindən çıxmış qəzəllərində açıq-aşkar bir şəkildə özünü göstərir. 44 günlük İkinci Qarabağ savaşı günlərində Teymur müəllim şanlı ordumuza, mənfur düşmən üzərində qazandığımız parlaq zəfərimizə bir sıra gözəl və axıcı qəzəllərini həsr etmişdir.
Akademik Teymur Kərimli ölkəmizdə həm də bacarıqlı elm təşkilatçısı kimi tanınır. Tanınmış ədəbiyyatşünas alim bir müddət AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, direktor əvəzi vəzifələrində çalışmış, AMEA Humanitar elmlər bölməsinin akademik-katibi olmuşdur. Akademik Teymur Kərimli 2013-cü ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna rəhbərlik edir. Bu müddətdə Əlyazmalar İnstitutunda bir sıra elmi layihələr başa çatdırılmışdır. Məhz Teymur Kərimlinin təşəbbüsü və rəhbərliyi ilə Məhəmməd Füzulinin türk divanının XVI əsrə aid bir Bakı əlyazma nüsxəsi, eləcə də Xurşidbanu Natəvanın albomu UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir. Yeri gəlmişkən qeyd edim ki, akademik Teymur Kərimli UNESCO-nun "Dünya yaddaşı" proqramı üzrə Azərbaycan Milli kadrlar yetişdirilməsində də böyük xidmətləri vardır. Qeyd edək ki, tanınmış alimin yetirmələri də ustadı kimi, orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislərdir.
Akademik Teymur
Kərimlinin bu günlərdə 70
yaşı tamam olur.
Görkəmli ədəbiyyatşünas alimi
70 illik yubileyi
münasibətilə ürəkdən təbrik edir, hörmətli həmkarıma möhkəm
cansağlığı, könül xoşluğu və yeni elmi yaradıcılıq uğurları diləyirəm.
525-ci qəzet .- 2023.- 3 oktyabr.-
S.13.