Fənn kurikulumunda essenin növlərinə
mütəxəssis baxışı
"AZƏRBAYCAN
DİLİ DƏRSLƏRİNDƏ İBTİDAİ
SİNİFLƏRDƏN BAŞLAYARAQ ESSENİN DÖRD
NÖVÜ ÖYRƏDİLİR"
Fənn kurikulumunda essenin növlərinə
mütəxəssis baxışı
"Azərbaycan dili fənninin yazı
məzmun xətləri üzrə
standartlarında tədricən essenin növlərinə
fərqli yanaşmalar
özünü göstərir.
Fənn kurikulumunun ilk mərhələsində essenin
üç növü
müəyyən olunub
və standartlara daxil edilib. Bunlar təsviri,
nəqli, mühakimə
xarakterli esse yazı növləridir.
Lakin kurikulumun təkmilləşdirilməsi kimi
dəyərləndirdiyimiz son dövrdə standartlara essenin yazı tiplərinə görə
dörd növü daxildir: təsviri, nəqli, informativ, mühakimə xarakterli esse növləri". Azərbaycan Respublikası Təhsil İnstitutunun Əlavə
təhsilin məzmunu şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətovanın yeni standartlara daxil edilmiş esse növləri barədə
qənaəti belədir. Onun fikrincə, esse
növlərinin oxşar
xüsusiyyətləri ümumiləşdirilib
və növündən
asılı olmayaraq essenin məzmununun əsas elementləri müəllif mövqeyi, onun əsaslandırılması,
fikirlərin dəstəklənməsi
və müəllifin
gəldiyi qənaətdir.
Yəni təsviri, nəqli, informativ esselərdə də mühakimə xarakterli essedə olduğu kimi, tezis izlənilir. Başqa sözlə, yazı tipindən asılı olmayaraq hər bir esse
növü müəllifinin
mövqeyini və onun dəstəklənməsini
əks etdirir: "Qeyd etdiyimiz elementlərin mətndə
qruplaşdırılması mətnin üçhissəli
strukturunu tələb
edir. Yəni hər bir esse növü giriş, əsas və nəticə hissələrindən ibarət
mətnə malikdir.
Esse növlərinin fərqli xüsusiyyətlərini necə
xülasələşdirə bilərik? Nəqli esse üçün
xarakterik xüsusiyyət
kompozisiyanın daha sərbəst olması və həyati hadisə əsasında yazılmasıdır. Essenin kompozisiyasında
elementlər müxtəlif
şəkillərdə qruplaşdırıla
bilər, məsələn,
giriş hissəsi klassik üslubda olmaya da bilər,
birbaşa hadisə ilə başlayar və sair".
K.A.Nəhmətova bildirir ki, sərbəst
kompozisiya təsviri esseyə də xas cəhətdir. Lakin onu digər növlərdən fərqləndirən
əsas cəhət yaddaqalan mənzərə
yaratmaq üçün
obrazlı dil tələb etməsidir:
"Təsviri esse bəzən nəqli esse ilə qarışdırılır.
Bu özünü situasiyanın təsvirini əks etdirən esse növündə göstərir. Şagirdlərə vəziyyət, şəraitin
təsviri ilə hadisə anlayışını
fərqləndirməyi öyrətməklə
problemi həll etmək olar. İnformativ esse bəzən mühakimə xarakterli esse ilə qarışdırıla
bilir. Onları fərqləndirən cəhət budur ki, informativ essedə orijinal əsaslandırma tələb
olunmur. Lakin mühakimə xarakterli
essenin əsas xüsusiyyəti özünəməxsus
əsaslandırmanın olması
ilə yanaşı, həm də şəxsi mövqeyin ifadəsinin vacibliyidir".
Mütəxəssisin fikrincə, Azərbaycan dili dərslərində ibtidai siniflərdən başlayaraq essenin dörd növü öyrədilir. İbtidai sinifdə şagirdlər essenin müxtəlif elementləri ilə tanış olur, klassik mətn
tipində onların hissələr üzrə
qruplaşdırılması biliklərinə yiyələnirlər.
Ümumi orta təhsil mərhələsinin
aşağı siniflərində
də şagirdlərin
öncə esse mətnlərinin klassik
tipi ilə bağlı
biliklərini qüvvətləndirmək
vacibdir: "Təsviri
essenin klassik strukturunu belə izah edə bilərik.
Giriş
hissədə təsvir
obyekti haqqında məlumat verilir. Onunla bağlı təəssürat
ifadə edilir. Məsələn: Mənə
ən çox təsir edən şəxs mənim babam olub. Babam mənə
qayğıkeş, gülərüzlü,
mərhəmətli olmağı
öyrədib. Babam çox
sevdiyim və dəyər verdiyim bir insandır. Əsas hissədə predmet detallı təsvir olunur. Girişdə göstərilmiş arqumentlər dəstəklənir.
Öncə ilk abzasda babanın
zahiri görkəmi təsvir olunub portreti yaradıla bilər. Daha sonra girişdə
verilmiş arqumentləri
sübut etmək üçün babanın
xüsusiyyətlərinin təsviri
ilə birgə onları isbat edən məqamlar nümunə gətirilir.
Nəticədə arqumentlər ümumiləşdirilir,
bir daha həmin insana olan şəxsi münasibət, təəssürat
və ya duyğu ifadə edilir. Təsviri esse predmeti təqdim etmək, diqqəti bir predmetin üzərinə çəkmək, təəssürat
və ya duyğuları bölüşmək
kimi məqsədlərlə
yazılır. Təsviri esse
obyekt və situasiya əsasında yazılır. Obyekt insan, məkan və əşya ola bilər".
K.A.Nəhmətovaya görə, nəqli esse giriş hissədə müəyyən
bir ictimai, fəlsəfi məsələnin
qoyulması ilə başlayır, həmin məsələ ilə bağlı əsaslandırılmış
mövqe ifadə olunur, hadisə nəql edilir. Və yaxud öncə hadisə nəql edilir, sonra ondan
nəticə çıxarılıb
qaldırılmış məsələyə
münasibət bildirilir:
"Bir şagird yazısı nümunəsinə
baxaq və onun quruluşunu nəzərdən keçirək.
Əlavə məlumat toplamaq
tapşırığı nəyə lazımdır?
Hər birimiz müxtəlif dərslərdə müəllimin
tapşırığı ilə əlavə məlumat toplamışıq.
Bəzən bu məlumatlar bizə müəllimlər tərəfindən
ev tapşırığı
kimi verilir. Biz də məcburən tapşırıqları yerinə
yetiririk: ensiklopediyalardan
və ya internetdən axtararaq məlumat toplayırıq.
Bəs düşünmüşükmü, bu bizə nə
fayda verir? Bu bizə nəyə
görə lazımdır?
Müəllimlərim mənə hər
dəfə məlumat
toplamaq üçün
tapşırıq verəndə
anamdan xahiş edərdim ki, mənə kömək etsin. Anam da hər dəfə verilmiş mövzu üzrə məlumatlar toplayıb mənə verərdi.
İlk tapşırığımdan başlayaraq
uzun illər belə davam etmişdi. Həmişə olduğu kimi,
bir dəfə yenə musiqi müəllimi məlumat toplamağı tapşırmışdı.
Mən də həmişəki adətim üzrə anamın yanına getdim. Onu məcbur etdim
ki, mənə məlumat toplasın.
Anam məndən soruşdu: Bu məlumatlardan
sinifdə necə istifadə edirsiniz? Hərə öz topladığı məlumatı oxuyur.
Sadəcə bumu. Hə.
Qızım, əvvəl
topladığın məlumatlar
yadındadır? Yox. Bəs onda
müəllim sizə
niyə əlavə məlumat toplamağı tapşırır? Anamın sözləri
məni düşündürdü.
Məncə, siz də anamla razısınız.
Unudulacaq şeyi niyə bir də
oxuyaq axı?!. Görəsən, bəs necə
edək ki, topladığımız məlumat
uzun müddət yadımızda qalsın?
Essenin quruluşunu belə təsvir edə bilərik: giriş hissədə
problem qoyulmuş, əsas
hissədə həmin
problemi işıqlandıran
hadisə təsvir edilmişdir. Girişdə
şagirdin mövqeyi
tam açıq şəkildə
ifadə edilməsə
də, ona işarə vardır, əsas hissədə də problemin həllinə bir işarə verilir".
Mütəxəssis bu fikirdədir ki, nəqli essedə bədii xüsusiyyətlərə malik
sətiraltı mənalı
cümlələrin istifadəsi
mümkündür. Nəticə hissəsində problemin həlli - başqa sözlə, qarşıya
qoyulmuş sualın cavablandırılması oxucunun
ixtiyarına verilir.
Nəqli
essenin sərbəst kompozisiya xüsusiyyətləri
bu essedə ən maraqlı tərəfləri ilə
müşahidə edilir.
Şöbə müdiri qeyd edir ki, nəqli esse təcrübə bölüşmək, məsələyə münasibət bildirmək, nümunə göstərmək və sair məqsədlərlə yazılır. İnformativ esse iki növə ayrılır: məlumatlandırıcı və izahedici. Məlumatlandırıcı esse predmet haqqında məlumat vermək, izahedici esse isə bir prosesi izah etmək məqsədilə yazılır. İnformativ essenin giriş hissəsində mövzu təqdim edilir və onun haqqında ümumi məlumat verilir: "Belə esselərin də giriş hissəsində tezis qoyulur. İnformasiya mövzusu ilə bağlı müəllifin fikri və onun dəstəklənməsi önəmlidir. İnformativ esseni informasiya mətnindən fərqləndirən cəhət məhz budur. Ceyms Bolduin bunu hamıdan yaxşı deyib: "Mən Avropada çox insanla qarşılaşdım, hətta özümlə də üz-üzə gəldim". Tək səyahət etmək nəinki yalnız cəlbedici zirvələri fəth etməyə imkan yaradacaq, həmçinin sizi özünüzlə - səbatınız, macərapərəst ruhunuz, azadlığınızla tanış edəcək. Tək səyahət etmək ayaqqabınızın bağını bağlamaq qədər vacibdir ki, bunu da məhz bu gün öyrənməlisiniz. Nümunədən göründüyü kimi, müəllif essedə tək səyahət etməyin vacibliyini vurğulamaqla mövzuya öz münasibətini bildirib. Essenin əsas hissəsində tək səyahət zamanı nəzərə alınacaq məsələlər haqqında bəhs etməklə oxucuları məlumatlandırmağa çalışıb. Birincisi, tək səyahət etmək üçün ən uğurlu üsullardan biri öz məkanını öyrənməkdir. Turistlər üçün bir nömrəli təhlükə küçənin ortasında dayanıb onun GPS-inə kiminsə baxmasıdır. Əsas hissənin birinci abzasında verilmiş bu arqument nümunələrlə dəstəklənir. Esse-mühakimənin də giriş hissəsində mövzu təqdim edilir, problem və tezis qoyulur. Əsas hissədə arqumentər isbat edilir, bu arqumentlər nəticədə ümumiləşdirilir və qənaət çıxarılır".
K.A.Nəhmətovanın qənaətincə, essenin ən mürəkkəb növü
mühakimə xarakterli essedir.
Esse-mühakimənin də öz növləri
var. Bunlar arqumentləşdirmənin
tiplərinə görə müəyyənləşdirilir. Problemin qoyuluşu müxtəlif
arqumentləşdirmə tipi tələb edir: "Məsələn, qoyulmuş problemin həlli,
mövqe və onun əsalandırılması,
ziddiyyətli məsələyə münasibət bildirməklə
öz arqumentini isbat etmək, qarşı tərəfin arqumentini təkzib etməklə öz mövqeyini əsaslandırmaq,
predmetə münasibət bildirib
faydalı və zərərli tərəflərini əsaslandırmaq
və sair. Məsələn: Müasir dövrdə əsas işlə
yanaşı, müxtəlif yarımgünlük işlərlə
məşğul olurlar. Bunun
faydası və ziyanı nələrdir? Fikrinizi
əsaslandırmaq üçün misallardan istifadə edin. Bu sualın cavablandırıldığı bir giriş hissəsi
nümunəsinə nəzər salaq. Cəmiyyətin
inkişaf etməsi ilə əlaqədar
insanların yaşayış tərzi də tədricən dəyişir.
Dövrümüzdə insanların müxtəlif
yarımgünlük işlərdə işləməsi geniş yayılmışdır. Bunun şahidi olan insanlar bir
neçə işdə işləməyin onlara
faydalı və ya zərərli olduğunu da dərk etməyə
çalışırlar. Bəziləri yarımgünlük
işləyərək onlara maraqlı gələn
müxtəlif sahələrdə eyni zamanda çalışmaq və daha çox pul qazanmaq şansı əldə
edirlər. Lakin bəzi insanlar
düşünürlər ki, eyni gündə müxtəlif işlərlə
məşğul olmaq çox
enerji və vaxt tələb
edir. Düşünürəm ki, belə iş şəraitinin
insanlar üçün
faydası ilə yanaşı, zərəri də vardır. Essenin əsas hissəsində arqumentlər gətirilərək
müəllifin mövqeyi isbat
edilib".
Mütəxəssis qeyd edir ki, essenin bu əsas növlərindən başqa, tədrisdə diqqəti çəkən daha bir esse növü var ki, tənqidi esse adı ilə məlumdur. Belə esselər, adətən, bədii mətn əsasında yazılır. Essenin bu növü yazı tipinə görə izahedici və ya mühakimə xarakterli ola bilər. Əgər mətnin məzmunu, sadəcə, obyektiv təhlil edilirsə, bu, izahedici essedir. Əgər essedə ədəbi tənqidə də yer verilərsə, bu esse mühakimə xarakterli esse olar. Buna görə də tənqidi esse adlanan bu növ analitik esse kimi də tanınır. İzahlardan göründüyü kimi, esse növlərinin oxşar və fərqli xüsusiyyətlərində bir çox incə məqamlar var ki, müəllimlər bunları nəzərə almaqla şagirdləri düzgün istiqamətləndirə bilərlər.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 3 oktyabr.-
S.14.