VƏTƏN

Əfsanə RƏHİMLİ

 

VƏTƏN

Sən cansan,

Vətən, sən həyat!

Hayqırtınla oyandı cahan

Sənə sarıldı böyük-uşaq...

Xalqa səsləndin: "Ayağa qalx,

Dalğalansın yenə üçrəngli bayraq!"

Nəfəsindən canlandı torpaq,

Sən bir dünyasan, ünvanın Qarabağ!

 

SİRRİMİ ANAMA DEMƏ...

Sirrin böyükdür, Qərənfilim,

Susma, danış biraz, dinləyim.

Məsum uşaqlarda qalmadı dözüm,

Yaş axıdır hər ana gözü!

Susma, danış biraz, qərənfilim,

Mələklərinə sözlər söylədin,

Anam ağlamasın "oğlum" deyə,

Bəlkə, sən özün nalə eylədin?!

Hərdən gecələr röyama gəlib

Laylalar desin yenə mənə,

Ancaq sirrimizi anama demə.

 

Sirrin böyükdür, Qərənfilim,

Hər ləçəyin yaralıdır, gülüm.

İndi diqqətlə dinlə məni,

Yadda saxla bu dediklərimi:

Gedərkən baxmadım anamın

yaşaran gözlərinə

Gedərkən əlvida deməyə

dilim gəlmədi.

Onu canımdan çox sevirdim mən,

Ağlamasın anam, cənnət ətirli anam,

Göz yaşları töküb qocalmasın,

Saçlarının hər telində

bir xatirəm var nurlu anamın.

Bağışlasın istərəm,

bağışlasın məni,

Getməliydim vətən uğrunda,

Qayıtmaram, buna əminəm daha,

Mənimlə qürur duyacaq amma.

Ağlamasın ziyarətimə gələndə,

Sadəcə bunları söyləsin mənə:

"Gəlmişəm görüşünə, Şəhidim,

Nur üzlü, məğrur baxışlı igidim!

Gəlmişəm yaralarına sığal çəkəm,

ruhuna əbədi rahatlıq diləyəm..."

Getdiyim bu yol Vətən yoludur!

Qayıdan deyiləm,

Çünki Şəhadət yoludur.

Torpaq sahibsiz, analar övladsız,

uşaqlar kimsəsiz qalmasın deyə

 

Vətən əsgəri bu yoldan dönməz,

Şəhidər ölməz,

Vətən bölünməz!

525-ci qəzet .- 2022.- 3 oktyabr.- S.15.