Elektron dərslik
sistemi: təhsildə
irəliyə doğru
vacib addım
2014-cü
ildən fəaliyyət
göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında
məqsəd təhsilalanları
təhsil prosesində
fəallaşdırmaq, onların
İKT-dən səmərəli
istifadə etməsinə,
dərslikləri elektron
formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində
mobilliyi artırır,
həmçinin məktəblilər
istənilən vaxt və məkanda dərsliklərə müraciət
edə bilirlər. İstifadəçilər onlayn
formada və ya əvvəlcədən
yükləməklə dərslikləri
elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində
müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların
öyrənmə prosesinin
fərdiləşməsinə şərait yaradır. Dərsliklər müasir veb brauzerlərdə açılan internet səhifələrində
olduğu kimi
multimedia, video, səs və
interaktiv xarakterli proqramları özündə
ehtiva edir. Elektron dərsliklərdə
həm də axtarış imkanları mövcuddur. Belə ki, bu nəşrlərdə hər hansı bir məlumatı ümumi kitab üzrə axtarış imkanından
istifadə etməklə
asanlıqla tapmaq mümkündür. Elektron
dərslik kitablarında
axtarma funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların
axtarılması prosesini
sürətləndirir və
asanlaşdırır. Çox
təyinatlı platforma
rəqəmsal qeyd aparma funksiyası təklif edir. Həmin qeydlər indeksləşdirilir və
axtarışa hazır
hala gətirilir və bu imkan
yaradır ki, şagirdlər
önəmli yerləri
işarələsinlər və
daha sonra həmin hissələri asanlıqla tapıb öyrənsinlər. Elektron
dərsliklər onlayn
və oflayn olmaqla iki əsas
formatda mövcuddur. Onlar asanlıqla daşınan cihazlarda, o cümlədən, kompüterdə,
laptop, planşet və
mobil telefonlarda istifadə oluna bilər.
İzləmə sistemi vasitəsilə
portaldan istifadə edənlərin hərəkətləri
haqqında statistik məlumatlar toplanır və hesabat halına gətirilir. Bütün bu məlumatlar serverlərdəki
məlumat bazasında
saxlanılır. Statistik
məlumatlar ictimaiyyətə
açıq deyil və xüsusi şifrə ilə qorunur. Elektron dərsliklər onlayn və oflayn olmaqla iki əsas
formatda mövcuddur. Onlar asanlıqla daşınan cihazlarda, o cümlədən, kompüter,
laptop, planşet və
mobil telefonlarda istifadə oluna bilər. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə
prosesini fərdiləşdirmək
üçün şərait
yaradır. Onlara passiv müşahidəçi
yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən
şagird olmaq üçün imkan verir.
Bakıdakı 193 nömrəli tam orta
məktəbin riyaziyyat
və informatika müəllimi, riyaziyyat üzrə fəlsəfə
doktoru Günay Hüseynzadə deyir ki, o,
özü də elektron dərslik portalından mütəmadi
və səmərəli
istifadə edir: "Elmi-texnoloji tərəqqi dövründə rəqəmsal
vəsaitlərdən istifadə
təhsilalanların tədris
prosesində fəallığını
artırmağa zəmin
yaradır. Elektron dərslik portalı dərsliklərin əlçatanlığını
təmin etməklə
yanaşı, İKT-dən
səmərəli istifadə
olunmasına, portalda qeydiyyatdan keçən şagirdlərə müəyyən
elektron qeydlər aparmaq, təkrarlamaq, istədiyi səhifələri
qeyd etmək imkanı verir. Şagirdlər elektron dərslikləri yükləyərək
internet olmadıqda da oflayn
rejimdə bu dərsliklərdən istifadə
edə, eyni zamanda istədikləri mövzunu axtarışa verməklə həmin mövzunu asanlıqla tapa bilirlər. Portaldan istifadə edən bir müəllim olaraq deyə bilərəm ki, elektron dərsliklərin istifadəsi
tədris prosesinin daha dinamik və
interaktiv təşkilinə
əlverişli şərait
yaradır. Riyaziyyat və informatika fənlərinin tədrisi
zamanı elektron dərsliklərdən istifadə
etməklə şagirdlər
qeydlər aparır, bu qeydlərə təkrar ehtiyac olan mövzular, anlayışlarla bağlı
açar sözləri
misal göstərmək
olar. Evdə şagirdlər e-derslik.edu.az saytına
daxil olub qeyd olunmuş səhifələrə "Seçilənlər"
bölməsindən keçid
etməklə verilən
tapşırıqlar istifadəsi
üçün yeni imkanların
yaranacağına inanıram".
Təhsil
eksperti Nadir İsrafilovun
dediyinə görə,
elektron dərsliklər
kiçik yaşlı
məktəbliləri ağır
bel çantalarından xilas
edir. Ancaq bu, onların əsas üstünlüyü
deyil. Onlar daha çox bilik əldə etməyə, materialı sonsuz sayda dinləməyə
və tapşırıqlara
düzgün cavabların
sayını dərhal
tapmağa imkan verir. Elektron formatda ilk dərsliklər
həqiqətən yalnız
kağız dərslikləri
təkrarlayırdı. İndi İnternetdə PDF, DOC, EPUB, FB2 formatında belə rəqəmsallaşdırılmış dərsliklər çoxdur.
"Power"da təqdimat
şəklində dərsliklər
var. Bütün bunları
yalnız dərsliyin elektron variantı adlandırmaq olar: "Elektron dərslik hazırlamaq üçün
təkcə onun məzmununu elektron formaya çevirmək kifayət deyil. O, interaktiv komponentlərlə
tamamlanmalıdır: videolar,
illüstrasiyalar, oyunlar.
Elektron dərslik portalında funksiyalardan biri də qeydlərlə
bağlıdır. Burada
istifadəçilərin qeydləri
müşahidə edilir
və dərsliklərlə
bağlı bütün
irad və təkliflər nəzərə
alınır. Ənənəvi
dərsdə müəllim
mərkəzi fiqur idi, şagird, kitab və digər vəsaitlər köməkçi
vasitə idi. Lakin müasir kurikulum proqramında şagird mərkəzdədir, müəllim,
kitab, veb-məzmun və
digər vəsaitlər
hamısı əlavə
vasitədir. Müəllim
əsasən istiqamətverici
rolunu oynayır. Bütün inkişaf etmiş dövlətlərdə
öz təsdiqini tapmış bu təcrübə tədris
prosesində müəllimin
rolunu azaltmır, əksinə, şagirdlərin
bilik və bacarıqlarının mükəmməlləşdirilməsi
üçün müəllimin
məsuliyyətini artırır".
Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüzə görə,
aparılan bu işlərin əsas məqsədi təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır:
"Hazırda kompüter
texnologiyalarının köməyi
ilə biliyi daha asan yolla
mənimsətmək mümkündür.
Bizdə təhsilin
kompüterləşdirilməsi və internetləşdirilməsi
çox sürətlə
baş verir. Lakin məktəblərdə
kompüterləşdirmə getsə də, Azərbaycan dilində kifayət qədər resurs yoxdur. Axtarış zamanı
bütün materiallar
əsasən ingilis və rus dillərində
olur. Əgər əvvəllər belə
vəsaitlər disk formasında
olurdusa, indi internetə yerləşdirmək
müsbət haldır.
İnternet olan hər
yerdə həmin resurslar əlçatandır.
Elektron dərslik kitabın PDF forması deyil. Kitabın içində mətn və şəkil olursa, elektron dərslik interaktiv
multimedia məhsuludur. Burada
video və audio materiallar
var. Artıq peşəkar
müəllimin informasiya
texnologiyalarını tətbiq
etmədən öyrətdiyi
dərsdən çox,
əlində proyektor və kompüter imkanları olan orta səviyyəli müəllimin bu
audio-video materiallardan, animasiyalardan
istifadə edərək
keçdiyi dərs müasir şagirdlərə
daha maraqlıdır.
Lakin bu proses kütləviləşməlidir".
Təhsil
eksperti Kamran Əsədov
bildirir ki, şagirdlərin
çantasını yüngülləşdirməyin
digər yolu elektron dərsliklərdən
istifadə etməkdir:
"Xarici ölkələrdə
uzun illərdir elektron dərslik məktəb ləvazimatlarının
ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün elektron dərslik vacibdir. Lakin danılmazdır ki, texnologiya
inkişaf etdikcə, əlbəttə, üsullar
da çoxalır. İndi isə
adi öyrəşdiyimiz
dərsliyin yerini elektron dərslik tutmaq üzrədir. Vacib bir məqamı
qeyd edim: artıq elektron dərslik dünyanın bir neçə ölkəsində istifadə
edilir. Avstraliyada,
ABŞ-da, Kanadada və
bir çox Avropa ölkələrində
təhsil sistemində
elektron dərslik tətbiq edilir. Elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının
ağır çanta
danışmaqla yaranan
onurğa əyriliyi, skerloz kimi xəstəliklərindən
azad olmasını izləyə, onların dərs cədvəlinə,
ev tapşırıqlarına,
qiymətlərinə, dərs
davamiyyətinə, yoxlama
işlərinin və
imtahanların nəticələrinə
baxa bilirlər. Elektron dərslik sistemində valideynlərin
müəllimlər və
müdriyyətlə onlayn
danışıqlar aparması
da mümkündür".
Ekspert deyir ki, əvvəllər
gündəlik uşaqların
təhsili haqqında valideynə məlumat verən yeganə effektiv üsul idi: "Texnologiya inkişaf etdikcə, əlbəttə, üsullar
da çoxalır. İndi isə
adi öyrəşdiyimiz
dərsliyin yerini elektron dərslik tutmaq üzrədir".
K.Əsədovun sözlərinə
görə, elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının dərs
cədvəlinə, ev
tapşırıqlarına, qiymətlərinə, dərs
davamiyyətinə, yoxlama
işlərinin və
imtahanların nəticələrinə
baxa bilirlər: "Elektron dərslik sistemində valideynlərin
müəllimlər və
müdriyyətlə onlayn
danışıqlar aparması
da mümkündür. Şagird
haqqında bütün
məlumatlar valideynlərə
göndərilir. Valideynlər
mobil telefonlarından
(SMS - xəbərlər şəklində),
elektron-poçtdan və
ya məktəbin
internet ünvanından övladlarının
təhsili haqqında məlumat ala bilirlər. Elektron dərsliklərdən
istifadə şagirdlərin
də psixologiyasına
təsir edir. Uşaqda məsuliyyət yaradır, çünki o
dərs prosesinin açıqlığını başa düşür. Nəticədə şagird
öz vaxtında məşğələlərə gəlir və daha diqqətli olur. Ümumiyyətlə,
işgüzarlığı yüksəldir. Yaxşı
oxuyan uşaqlar üçün elektron dərslik qorxulu deyil. Halbuki bəziləri bunun gözə ziyanlı olduğunu qeyd edir. Hesab edirəm
ki, şagirdlər üçün
elektron dərslik heç bir təhlükə yaratmır.
Ancaq zəif oxuyan uşaqlar qorxurlar ki, valideynlər onların təhsili haqqında hər şeyi biləcəklər
və heç nəyi gizlətmək mümkün olmayacaq".
Sevinc QARAYEVA
525-ci
qəzet.- 2023.- 4 oktyabr.- S.15.