"Əziz dost" haqqında söz
Nəsr
(Əvvəli
ötən çərşənbə sayımızda)
Sonradan nisbətən seçmə
qaydasında mütaliə başlansa da, zamanın təsiri məndən
də yan keçmirdi və kütləvi zövqə
uyğun olaraq mən də bəzən az da olsa o mərhələləri
keçmək məcburiyyətində qalırdım.-+
İndi
mütaliəyə başlayanlara az-çox bu sahədə təcrübəsi
və formalaşmış zövqü olan adam kimi nəyi
oxumaq məsləhət görmüş olardım? Axı belə
məsləhəti ən müdrik adamlar da vermişlər. Mən
özümü onlarla müqayisə etməkdən çox
uzağam, ancaq öz sadə təcrübəmə əsaslanıb,
bu addımı atmağa cəsarət etməyi də qəbahət
saymıram.
Mənim
zənnimcə, hər bir kitab həvəskarının
kitabxanasını hökmən Homerin "İliada" və
"Odisseya"sı bəzəməlidir. Sonra qədim yunan
dramaturgiyasına nüfuz etməyi vacib sayıram. Sofoklun pyeslərini,
xüsusən, "Çar Edip" və "Antiqona" əsərlərini
oxumaq qədim yunan teatrının nəyə qadir olduğu
haqqında təsəvvür yaradardı. Qədim yunan fəlsəfəsinə
müraciət də yerinə düşər, Platonun,
Aristotelin əsərləri hər bir kitabxananı bəzəyər.
Bizim eradan əvvəl I əsrin ikinci dekadasında Romanın
dəhşətli diktatoru olmuş Sulla yalnız bir əməlinə
görə - Aristotelin əsərlərini Afinada tapıb,
öz paytaxtına gətirdiyinə görə ehtiramla
xatırlanır.
Qədim
yunan tarixçilərinin, tarixin atası Herodotun, həmçinin
Fukididin, Ksenefontun əsərlərini oxumaq adama böyük ləzzət
verir və qədim dünyanı öyrənməkdə onlar
müqayisə olunmaz mənbələrdir. Herodotun
"Tarix" adlı iri həcmli əsərindən
yalnız Elladanı, yaxud Persiyanı və Qədim Misiri
deyil, həm də skiflərin, massanetlərin tarixini də
öyrənmək olar. Fukididi isə təkcə Periklin məşhur
nitqinə görə oxumağa dəyər. Antik ədəbiyyata
həvəs Roma ədəbiyyatına, fəlsəfəsinə
böyük maraq oyadır. Tarixlə maraqlananlar Polibinin,
Sallyustinin, Tit Livinin, Tatsitin, Plutarxın, İosif Flavinin əsərlərini
əldə etsələr, öz xəzinələrini daha da zənginləşdirərlər.
Roma tarixini öyrənənlər üçün alman tədqiqatçısı
Teodor Mommzenin "Roma tarixi" əsəri, həmçinin
ingilis Eduard Qibbonun əsərləri çox qiymətli
tapıntı olardı. Çoxları Qədim Roma
imperatorlarının pozğunluqlarını öyrənmək
üçün tarixçi Svetoninin "On iki Sezarın həyatı"
əsərinə müraciət edir.
Qədim
Yunan və Roma tarixinin ən dərin və müdrik tədqiqatçılarından
biri kimi tarixçi Plutarxın əsərləri, xüsusən
"Müqayisəli bioqrafiyalar" kitabı bu gün də
kamilliyin və yüksək bədii zövqün məhsulu
olaraq qalır. Bizim eranın əvvəlinin iki məşhur
şəxsiyyəti, I əsrdə yaşayan filosof Seneka və
I-II əsrlərdə yaşamış Plutarx əcnəbi
olsalar da, Roma mədəniyyətinə böyük töhfələr
vermişlər. Mənşəcə yunan olan Plutarx qələmi
ilə qədim dünyanın ən görkəmli şəxsiyyətlərinin
uydurulmamış, faktlara söykənən portretlərini
parlaq boyalarla canlandıra bilmişdir. Onun əsərləri
müdrik, ibrətamiz kəlamlarla doludur. O, bu tarixi şəxsiyyətlərin
hər birini öz dövrünə və ləyaqətlərinə
uyğun təsvir etməyə müyəssər olmuşdur.
Bu əsərlərdən biz Likurq, Solon, Numa Pompili, Perikl,
Aleksandr, Femistokl, Kamill, Poplikola, Sulla, Sezar, Krass, Pompey və
onlarca başqalarının həyatı, mübarizəsi, ləyaqətləri
və qüsurları haqqında geniş məlumat almaq imkanına
malik oluruq. Plutarx bu tarixi xadimlərin canlı obrazını
yaradarkən tarixi əhvalatlara üstünlük verir, dərin
təhlil vasitəsilə onları cilalanmış, tam
kristallaşmış şəxsiyyət kimi təqdim edir, bu
tarixi yaradanların fəaliyyətinin motivlərini, səbəblərini
və məqsədlərini açır. Başqa müəlliflərdən
fərqli olaraq, o, ifrata varmır, öz qəhrəmanlarının
obyektiv, şit boyadan kənar portretlərini yaratmağa cəhd
edir və buna müvəffəqiyyətlə nail olur. Onun
"Süfrə söhbətləri" kitabı isə adi
həyatın bir çox həqiqətlərini ustalıqla təsvir
edir, adamları maraqlandıran, hal-hazırda ümumbəşəri
dəyərlər hesab edilən məsələlərə
dair suallara hərtərəfli cavab verir. Digər əcnəbinin,
əslən İspaniyadan olan Senekanın fəlsəfi əsərləri,
xüsusən, "əxlaqi məktubları" olduqca maraqlıdır.
Həyatı keşməkeşlərdə keçmiş,
Nerona müəllimlik etmiş və onun hədəsi ilə
özünü öldürən Seneka bugünkü insana da
öz məktublarında əxlaq dərsi, mənəviyyat dərsi
verir. Bir əsr yarım sonra yaşamış Kiçik
Plininin imperator Trayan haqqındakı panegirik əsəri
olduqca maraqla oxunur.
Roma
tarixçilərinin əsərlərindən Romanın mənşəyi,
troyalılardan əmələ gələn Latinin bu xalqın əcdadı
olmasını, Romulun öz adı ilə
adlandırdığı həmin əbədi şəhəri
salması, sabinlilərlə birləşməsi əfsanəsi
ilə yanaşı, Puniya (Karfagen) müharibələri,
Numidiya ilə aparılan müharibələr, xüsusən,
miladdan əvvəlki üç əsrin tarixi ilə, əəmin
dövrün görkəmli şəxsiyyətləri ilə
yaxından tanış olursan. Dövlət xadimlərindən
Böyük Katonun, Qay Yuli Sezarın əsərləri,
Oktavian Avqustun vəsiyyəti olduqca maraqlıdır.
Tarixçi Polibi öz dostu Kiçik Stsipion-Emilian Afrikalı
barədə, Karfageni yerlə-yeksan etmiş bu sərkərdə
haqqında geniş məlumat verir. Sallyustinin isə Mari
haqqında yazıları olduqca maraqlıdır. Tarixi əsərlərdən
söhbət açarkən amerikan tarixçilərinin
yazdığı və ilk dəfə 1940-cı ildə
çap olunan sanballı "Western civilisation" - "Qərb
sivilizasiyası" kitabını qeyd etmək istərdim. Bu əsərdə
beşiyi Şumerdən başlanan dünya tarixinin, qərb
sivilizasiyasının bünövrəsindən tutmuş
müasir dövrə qədər, Hindistandan Şərqə
olan ərazi istisna olmaqla, dünya tarixinin lövhələri
oxucunun gözü qarşısında canlanır.
Mənşəcə
yəhudi olan Roma tarixçisi İosif Flavinin "İudeya
müharibəsi" əsərində israillilərin bizim
eranın I əsrinin ikinci yarısında Roma
işğalçılarına qarşı
qaldırdıqları qiyam vaxtı göstərdikləri
müqavimət faktlar və tarixi qəhrəmanlarla təsvir
edilir. Tarixi əsərlərdən söhbət gedərkən
rus tarixçiləri Karamzinin, Klyuçevskinin əsərlərini
də qeyd etmək istərdim. Rus faşizmini təbliğ edən
irticaçı filosof
İ.A.İlyin isə ölkədəki şovinistlərin
sevimli müəllifidir. XX əsrin dövlət xadimlərindən
Uinston Çörçill tarix elminin populyarlaşmasında
öz layiqli töhfəsini vermişdir. Onun dörd cildlik
"İngilis dilli xalqların tarixi" kitabı olduqca zəngin
tarixi faktlarla doludur, əsər canlı və obrazlı dildə
yazılmışdır. Onun altı cildlik "İkinci
Dünya müharibəsi" əsəri isə siyasi,
diplomatik və hərbi sənədlərin və məlumatların
çoxluğundan, detallaşdırma meylindən bədii vəznini
bir qədər itirir. Əsərdə qeyri-obyektivlik də
hiss olunur. Krit döyüşü və Afrikanın
şimalında Rommellə döyüşlər ən
kiçik detalları əks etdirilməklə təsvir
olunursa, Stalinqrad və ya Kursk döyüşü öz
lazımi qiymətini almır və layiq olduğu diqqətdən
yayınır. Lakin əsərdə
tarixin bizə məlum olmayan bir sıra cəhətləri ilə
tanış olmaq imkanı tapırsan. Birinci əsərindən
fərqli olaraq ikinci əsər bir qədər ixtisar
edilmiş qaydada rus dilində çap edilmişdir.
Çörçillin əsərlərində biz ingilis
xalqlarının qədim, keşməkeşli və qanlı
tarixinin şərəfli, həm də dəhşətli səhifələri
ilə tanış oluruq. Onun öz xalqının tarixinə əəsr
olunmuş kitabında biz İngiltərənin koloritli tarixi
şəxsiyyətləri ilə - VIII Henri, qanlı
kraliça Mariya Tüdor, şərəfli kraliça
Elizabet, Frensis Dreyk, Kromvel, Malboro, Uilyam Pitt, Viktoriya ilə
tanış oluruq. Biz İngiltərənin qədim
romalılarla, danimarkalılarla, sonralar fransızlar və
ispanlarla apardığı qanlı müharibələrin
şahidi oluruq. İngilislərlə fransızlar arasında
axırıncıların ərazisində gedən və XV əsrdə
davam edən Yüzillik müharibə fransız
xalqının əfsanəvi qəhrəman qızı Janna
D'Arkı tarix səhnəsinə gətirmişdi.
İngiltərəni
təkcə xarici düşmənlərlə aparılan
silahlı nifaqlar deyil, vətəndaş müharibələri
də candan salırdı. Şotlandların ingilislərə
qarşı fransızlarla ittifaqı İngiltərəyə
daim başağrısı gətirirdi. Kromvel monarxiyanı məhv
etmək şüarı altında özünün
diktaturasını yaratdı və İrlandiyanı, xüsusən
Droqheda şəhərini qan içində boğdu. İngiltərənin
bakirə kraliçası I Elizabet ondan bir əsr əvvəl
ispanların donanmasını - Məğlubedilməz
Armadanı məğlubiyyətə uğratmaqla dövlətin
sabitliyini və qüdrətini xeyli möhkəmləndirdi.
Kraliça tərəfindən himayə və təqdir edilən
dəniz qulduru Frensis Dreyk təkcə Cənubi və Mərkəzi
Amerikadan qızıl və gümüş daşıyan gəmiləri
qarət etməklə ispan xəzinəsinə böyük
ziyan vurmaqla kifayətlənmir, ispan limanı Kadisdə ölkənin
ambarlarını və gəmilərini tar-mar etməklə
"ispan kralının saqqalını ütməsi" ilə
lovğalanırdı.
İngilislər
portuqaliyalılardan və ispanlardan sonra yeni torpaqlar zəbt etmək
əməliyyatına girişdilər. İngilis Cilbert
1583-cü ildə Nyufaundlend adasını ölkəsinin
torpağı etdi. 1607-ci ildə Şimali Amerikada
Virciniyanın dəniz sahilində ilk ingilis koloniyası
yarandı. 1620-ci ildə isə "Mey Flauer" gəmisində
Yeni Dünyaya gələn ingilislər dana böyük
koloniyanın - Massaçusestdəki Yeni Plimut
yaşayış məntəqəsinin əsasını
qoydular və ətrafdakı hindularla tez-tez dəyişilməyə
məruz qalan qonşuluq münasibətlərinə və əməkdaşlığa
başladılar. Amerika qitəsinin pionerləri ilə maraqlananlar
Yeni Plimutun 6 ay sonra ölən ilk qubernatorunu əvəz edən
Uilyam Bredfordun xatirələrindən, həmçinin
böyük amerikan mütəfəkkiri Benjamin Franklinin
kitablarından çox şeyi öyrənə bilərlər.
Bu mənbələrdən kiçik bir puritan ingilis dəstəsinin
dini təqiblərə görə əvvəlcə Niderlanda
qaçmasını, burada Leydendə yaşamasını,
sonra isə necə böyük risk və iztirablar hesabına
Amerikaya gəlib çıxmasının tarixçəsini vərəqləyirsən.
Oxucu bu adamların məslək yenilməzliyinə, prinsiplərinin
saflığına, iradə və dözümlülüyünə
heyran qalmaya bilmir. Bu adamlar özlərini gələcəkdə
də böyük təhlükələrdən və məhrumiyyətlərdən
müdafiə etmək üçün yeni məskunların
daşınması və yerləşdirilməsi ilə məşğul
olan "Vest İndia" kompaniyası ilə necə
düşünülmüş, dürüst müqavilələr
bağlayırlar. Bu hüquqi sənədlər öz
elmliliyi, hüquqi dəyəri, ağıllı tərtib
olunması ilə bu gün də adamı heyran edir. Bu
koloniyanın üzvləri axıradək dini məsləklərinə
də sadiq qalırlar, ayinlərini vaxtlı-vaxtında icra
edir, daha doğrusu, allaha sədaqətlərini zəbur
oxumaqla yerinə yetirir, moizəyə qulaq asırlar.
Koloniyanın idarə olunmasında demokratik prinsiplərə
ciddi üstünlük verilir və onlar hələ Amerika
torpağına qədəm basmamışdan əvvəl sərnişinlər
tərəfindən gəmidə işlənib
hazırlanmışdı. Təsadüfi deyil ki, bu sənəd
ABŞ Konstitusiyasının binövrəsi hesab olunur.
Fəlsəfə
sahəsində qədim yunan filosofları Platon və Aristotellə
yanaşı, intibah dövründən sonra meydana gələn
filosofları oxumaq adamın biliklərini zənginləşdirir.
Erazm Rotterdamlı, Frensis Bekon, Spinoza, Hyum, Volter, Russo, Kant,
Hegel və Engelsin, məşhur rus filosofu Nikolay Berdyayevin əsərlərini
oxumaq və əldə etmək pis olmazdı.
Hüquq
elmi ilə maraqlananlar üçün də böyük
çeşiddə kitablar mövcuddur. Mən bu adamlara
Hammurabi qanunu, yəhudilərin İkinci Qanunu-Deyteronomiya, Manu
qanunu, Yustinian kodeksi, Magna Carta, Napoleonun Mülki kodeksi, ABŞ
Konstitusiyası ilə tanış olmağı məsləhət
görərdim.
(Ardı var)
Telman
ORUCOV
525-ci
qəzet.- 2023.- 4 oktyabr.- S.14.