ÇİYNİMİZ ÜSTÜNDƏKİ BAYRAĞIMIZ  

 

Bu eşq ürəyinə haradan düşmüşdü? Bu, bir vəhy idi, ilham idi, nə idi? Nəsillərində nə rəssam vardı, nə heykəltaraş, nə də sənətlə məşğul olan bir insan. Amma balaca Fuad gecə-gündüz rəsm çəkməkdən doymurdu. Qələm-kağız əlindən düşmürdü. Məktəbə gedirdi - orada çəkirdi, məktəbdən gəlirdi - evdə çəkirdi. Səhər, günorta, axşam...

Və rəsmə belə aludəliyi günlərin birində onun başına oyun da açır. Ədəbiyyat dərsi imiş, müəllimə inşa yazdırırmış. Birdən nəsə Fuaddan şübhələnir, cərgələrin arası ilə keçərək yaxınlaşır ona, baxır dəftərinə. Görür ki, Fuad inşa yazmaq əvəzinə rəsm çəkib. Həm də onun şəklini - dəftərinin bir vərəqində əlüstü müəllimənin ayaq üstə surətini yaradıb. Müəllimə hirslənir, Fuadı sinifdən qovur və tapşırır ki, sabah valideynlərin gəlsin. Valideynlər gəlirlər, müəllimənin töhmətini dinləyirlər, çox məyus olurlar. Fuadı danlayırlar ki, axı özünü niyə belə aparırsan, bizi niyə pərt edirsən? Və üstündən iki gün keçincə artıq başqa müəllim Fuadın valideynlərini məktəbə çağıranda onlar ikiqat dilxor olur.

...Hər insanın ömründə gərək o adam ola. O adam ki, işığı görə, istedadı duya bilir. O adam ki, işığı, istedadı görür, həm də ona biganə qalmır, göz yummur, qısqanclıq da göstərmir, başından basmayıb ona yol açır, irəliləməsinə gücü çatdığı qədər imkan yaradır.

Növbəti şikayətçi müəllim Fuadın valideynlərini dəvət etmişdi və bu, məktəbin rəsm müəllimi Perov idi. Milliyyətcə rus olan bu insan çox nurani bir şəxs imiş və sanki öyrətdiyi fənn də digər dərslərlə müqayisədə ikinci dərəcəli idi. Ancaq işinə can yandırırdı, uşaqları sevirdi və o qədər şagirdinin arasında tək Fuadda elə qabiliyyət sezmişdi ki, bu haqda susmağı rəva görməmişdi, səbəbini söyləmədən Fuada "Sabah atan, ya anan mənimlə görüşsün" demişdi. Ancaq valideynlərin zənninin əksinə olaraq Perov onları Fuaddan gileylənməkçün deyil, tərifləməkdən ötrü çağırtdırıbmış.

Və Həsəni - Fuadın atasını çəkir bir qırağa, deyir ki, balanız vergilidir, bunu heyif etmək olmaz, mümkününüz olsa, siz Şəkidən köçün gedin Bakıya. Çünki burada uşağın fitri istedadı batıb gedəcək, onun yeri oradır. Bu istedad üçün gərək meydan ola, gərək yaxşı təhsil ala, böyük rəssamların yanında ola. Hayıf eləməyin onu, yığışın Bakıya.

Və rəsm müəllimi Perovun tövsiyəsi Həsən kişinin ağlına batır, oğlunun xatirinə həyatının səmtini dəyişməyi qət edir. Balaca külfət var-yoxunu yığmışdı bir kəl arabasına, Yevlaxa doğru gedirdilər, oradan da Bakıya yollanacaqdılar. 1929-cu ilin yayı idi. Balaca Fuad arzusunun ardınca paytaxta gedirdi. Bakıya çatınca sonralar Rəssamlıq məktəbinə çevriləcək, o vaxtlarsa Azərbaycan Bədii Texnikumu adlanan ünvana üz tutacaq. Hələ burada heç heykəltaraşlıq bölməsi də yoxdu və direktor da sonralar adı bu rəssamlıq texnikumunun adı ilə birləşəcək görkəmli sənətkar Əzim Əzimzadə idi. Fuad Əbdürrəhmanov 4 il bu texnikumda təhsil alır və müəllimlərinin məsləhəti ilə sonra yollanır Leninqrada (İndi Sankt-Peterburq). O vaxt həmin texnikumda dərs deyənlərin əksəriyyəti kənardan gəlmələr idi. Bu məşhur rəssamları Azərbaycana dəvət etmişdilər ki, bizdə müasir boyakarlığın əsasını qoysunlar, gənc nəsilləri yetişdirsinlər. Eyni işi Üzeyir bəy Hacıbəyli konservatoriyada görmüşdü. O çağ Sovet İttifaqının müxtəlif guşələrində olan tanınmış musiqiçiləri, nəzəriyyəçiləri Azərbaycana cəlb eləmişdi. Eyni yolla daha əvvəl - Azərbaycan Dövlət Universitetini qurarkən getmişdilər. Yeni zaman başlanırdı. O zamanın çağırışlarına və tələblərinə cavab verəcək qabil cavanlara ehtiyac vardı, bu nəsli yetişdirmək də bir milli vəzifə idi. Azərbaycanı XX əsr içərisində dünya ilə ayaqlaşan, dünya mədəniyyəti ilə əl-ələ, nəfəs-nəfəsə olan bir xalqa döndərmək üçün xalqın içərisində olan istedadı yeni zamana uyğun parlayışlara yönəltməkçün məhz belə addımların atılması vacib idi. Allahın bəxş etdiyi istedad, vergi, çalışqanlıq öz yerində. Amma gərək yaxşı məktəb də görəsən. Gərək mükəmməl müəllimlərin də olsun. Fuad Əbdürrəhmanovun başlanğıcdan bu baxımdan bəxti çox gətirmişdi. İstər texnikumda oxuyanda, istərsə də sonra Leninqrada gedib Rəssamlıq Akademiyasına daxil olanda müəllimlərinin əksəri canlı klassiklər oldu. Akademiyada müəllimi professor, üçqat Stalin mükafatı laureatı, SSRİ xalq rəssamı Matvey Manizer (1891-1966) idi. O zaman sovet məkanında məşhur olan heykəltəraşların ən önündə gedən insanlardan biri. O, Fuad Əbdürrəhmanovun bişkinləşməsinə əhəmiyyətli təsir göstərir.

Fuad Əbdürrəhmanov qısa zaman içərisində Sovet İttifaqında ən güclü heykəltaraşlardan birinə çevrildisə, bunun əsas səbəblərindən biri elə gördüyü məktəb idi. Və Fuad Əbdürrəhmanovun Azərbaycan heykəltaraşlığı tarixindəki zirvəyə çevrilməsi, qısa vaxt ərzində o cür parlayışları qətiyyən sadə hadisə sayılmasın. O, böyük rəssamlığa və heykəltaraşlığa doğru yolunu kəl arabası ilə getməyə başlamışdı. Ancaq bu ləng sürətin müqabilində ildırım sürəti ilə sənət üfüqlərində ucalmağa müvəffəq oldu. Müasir heykəltaraşlıq Azərbaycan gerçəkliyində tam yeni sənət hadisəsi, XX yüzilin gətirdiyi idi. Əski milli ənənələr tarixin uzaqlarında, islamiyyətdən öncəki əyyamlarda qalmışdı. Bu sənət Azərbaycana XX əsrdə gəldi və Fuad Əbdürrəhmanov kimi nəhəng yetişdi. Azərbaycan heykəltaraşlığının zirvəsinə çevrildi, lakin milli çərçivələrə sığmadı, ovaxtkı sovet məkanında tanındı, şöhrəti dünyaca yayıldı. Bunlar sadəcə sənət hünərləri sayılmamalıdır. Bu, Azərbaycan istedadının, Azərbaycan zəkasının qazandığı misilsiz zəfərdir ki, qiyməti hər zaman verilməlidir.

O heykəltaraşlıq inciləri ki onları Fuad Əbdürrəhmanov yaradıb, onları seyr edənlər elə düşünər ki, Azərbaycanda heykəltaraşlığın əsrlərə sığan təcrübəsi var. 1920-ci illərin əvvəllərindən başlayaraq vur-tut yarım əsr ərzində sənətkarlarımızın yaratdığı Azərbaycan heykəlləri elə möhtəşəm silsiləyə çevrildi ki, Azərbaycan heykəltaraşlığını belə yığcam tarixi ola-ola dünya heykəltaraşlığındakı ən maraqlı səhifələrdən birinə döndərə bildi. Bu, sevimli sənət nailiyyəti olmaqdan savayı, Azərbaycanın böyüklüyünü göstərən bir hünərdir. Azərbaycanı böyük göstərməyi bacaran hünərin sahiblərinin önündə getmişlərdən olan Fuad Əbdürrəhmanovun adı gərək Azərbaycan insanının dilində və ürəyində əlbəttə ki, həmişə yaşaya.

...Fuad Əbdürrəhmanov Şəkinin əsilli-köklü sanballı bəy nəsillərinin övladı idi. Bir tərəfdən Nağıbəyovlar, o yandan Qədimbəyovlar. Anası Böyükxanım Əbdürrəhman bəy Qədirbəyovun ilk uşağı olduğundan adını Böyükxanım qoymuşdular. Böyükxanım təxminən 14-15 yaşlarında düyüçü Cəfərin oğlu Həsənə ərə getmişdi və Allah onlara üç övlad qismət etmişdi - iki oğlan, bir qız. Böyüyü Fəridə, ortancılı Fuad, kiçikləri də Midhət. Unudulmaz mətbuat tarixçimiz Şirməmməd Hüseynovun ömür-gün yoldaşı Ülkər xanım xalası oğlu Fuad haqqında mənə böyüklərindən eşitdiyi xatirələrini nağıl edib. Onlar danışırmışlar ki, Fuadın elə xırda yaşlarından işi-peşəsi şəkil çəkmək, gildən cürbəcür heykəlciklər yapmaq imiş. Düzəldərmiş o balaca fiqurları, sıra ilə evlərindəki taxçalara, rəflərə düzərmiş.

Sənət ömrü nə qədər xoşbəxt alınmışdısa da, əksinə, şəxsi həyatı bir o qədər uğursuz keçdi. Üç dəfə ailə qurub. Birinci evliliyi Leninqradda oxuyarkən baş tutub. Bakıda 1935-ci ildə Rəssamlıq məktəbini bitirəndən sonra 20 yaşındaykən Leninqrada gedib Repin adına Akademiyada təhsil alarkən bir rus qızı ilə evlənir, oğlu da dünyaya gəlir. Oğlu yox, sənətşünas olan qız nəvəsi ilə görüşmək mənə nəsib oldu. Bakıya, Nizami muzeyinə gəlmişdi və qəribədir ki, buradakı qohum-əqrəbasının uzun müddət onlardan xəbəri olmayıb, bu soyad bitdi düşünüblər, xəbərsizmişlər ki, Bakıdan uzaqlarda, Piterdə Fuadın adını və familiyasını daşıyan oğlu böyüyür. Həmin Ülkər xanım özü etiraf edir ki, neçə illər qabaq şəcərəmiz haqqında bir kitab yazıb nəşr etdirdim, Fuaddan bəhs eləyəndə o bölmənin adını "Yer üzündə nişanəsi qalmayan bir ailə" qoymuşdum.

Fuadı birinci ailəsindən ayrı salan müharibə olmuşdu. Qayıdıb gəlmişdi Bakıya. Amma buralarda kimsəyə o ailəsi haqqında təfərrüatları açmasa da, hər halda belə görünür ki, davadan sonra onlarla əlaqəsi varmış. Çünki Fuaddan yadigar qalan şəkillərin arasında onun oğlu ilə 1948-ci ildə Leninqradda şəkilmiş fotosu da var.

Fuadın ikinci evliliyi sənət həmkarı, rəssam Maral Rəhmanzadənin bacısı Xanım Rəhmanzadə ilə olur, Gülər adlı bir qızları da doğulur. İçərişəhərdə yaşayırmışlar. Ülkər xanım bunu da deyir ki, Fuad Əbdürrəhmanovun İçərişəhərdə yaşadığı evində çox olmuşam, 1945-ci ildə Şəkidən Bakıya köçdük və xalamgillə qonşu olduq, mən də 7-8 yaşında uşaq idim, həftə səkkiz-mən doqquz qaçırdım xalamgilə. Fuad Əbdürrəhmanov mənim böyük xalamın oğludur. Altı bacı olublar, bir qardaş. Mənim anam Sura axırıncı, Böyükxanım birinci bacıdır. Bunlar çox mehriban bacılar olublar. Hələ yeddinci - ögey bacıları da varmış. Babam görəndə ki, yalnız qızları dünyaya gəlir, oğul arzusu ilə bəxtinini sınamaq istəyir, bir başqa xanımla da kəbin kəsdirir, ancaq tale elə gətirir ki, təzə gəlin də qız doğur, amma bu arada Allah başqa lütfünü göstərir, əsas həyat yoldaşından oğlu olur.

...Ülkər xanım "mehriban olublar" deyir və dərdli-dərdli köks ötürür. Mən şanlı nəsillərin övladlarının, sovet qasırğalarına ürcah olmuşların bu təhər qəmli köksötürmələrinə az şahid kəsilməmişəm. El içində hörmət-izzət sahibi şərəfli şəcərələri pərən-pərən salan, çox ocaqların çırağını söndürən şura hökumətinin qara yelləri bu nəslin üzünə də əsmişdi.

Fuadgilin ailəsinin dolanışığı 1937-ci ilədək pis deyilmiş. Böyükxanımın əri Həsən kişi məmur idi, təminatca üçündən geridəydilərsə, beşindən yaxşıydılar. Ancaq o nəhs ildə ailənin ilki, Fuadın bacısı Fəridənin əri həbsə alınıb güllələnəndən sonra ailənin həyatı da puça dönür. Qohumlarının təsdiqinə görə, Fuad Əbdürrəhmanovun ömrü boyu qaradinməz, susqun qalmasının səbəbi elə həmin faciə olur. Fəridənin əri Əbdüləziz Salamzadə sonraların məşhur memarı Əbdülvahab Salamzadənin əmisi idi. 1937-ci il mayın 15-də trotskiçi və pantürkist təşkilatların üzvləri ilə əlaqə saxladığına görə saxta ittihamla həbs edilən Əbdüləziz Salamzadə o vaxt 30 yaşında idi, Azərbaycanda tarix üzrə dissertasiya müdafiə edərək alimlik dərəcəsi qazanmış ilk alim idi, tutulanda Leninqradda idi. Ora doktorluq dissertasiyasının müdafiəsi ilə bağlı gedibmiş. Ancaq elə oradaca həbs edilir, bir neçə gün sonra onu Bakıya gətirirlər və dindirmələr başlanır. Dözülməz işgəncələr qarşısında Əbdüləziz Salamzadə hər şeyi "etiraf" etməli olur. Yəni Dövlət Təhlükəsizlik Komitəsinin əzazil müstəntiqlərinin soruşduqlarına müsbət cavab verməmək mümkün deyildi. Amma bir para sualları da elə idi ki, onların cavabı elə xəbər alınmamışdan da bəlli idi. Soruşurdular ki, Qubaydullinlə tanışsınızmı? Nə cavab verməli idi ki! XX yüzildə Azərbaycan tarixçilərinin ilk müəllimi sayılan professor Əziz Qubaydullin birinci dissertasiyasını müdafiə edərkən onun elmi rəhbəri olmuşdu. Soruşurdular ki, Tixomirovla tanışsınızmı? Əlbəttə, buna da "yox" deyə bilməzdi. Tixomirovla sadəcə tanış deyildi. Partiya Tarixi İnstitutunun direktoru, universitetin tarix fakültəsinin dekanı olmuş professor Boris Nikolayeviç Tixomirov onun doktorluq dissertasiyası üzrə elmi məsləhətçisi idi. Soruşurdular ki, Bəkir Çobanzadəni tanıyırsanmı? Əlbəttə tanıyırdı. Oturmuşdular, durmuşdular, ünsiyyətdə olmuşdular. Soruşurdular, Vəli Xuluflunu tanıyırsanmı? Təbii ki, tanıyırdı. Dəfələrlə görüşmüşdülər, fikir bölüşmüşdülər. Bu, Azərbaycanın bir elmi dairəsi idi, ziyalılar çevrəsi idi. Bir-birləri ilə necə ünsiyyətdə olmayaydılar? Amma həmin adamların hamısı artıq həbsdə idi, döyə-döyə boyunlarına qoymuşdular ki, mövcud olmayan müxtəlif qatı antisovet təşkilatların üzvləridirlər, əksinqilabçıdırlar. Artıq "ifşa edilmiş" həmin "düşmənlər"lə tanışlıq özü dindiriləni cinayət şəriki edirdi. Bu, elə girdab idi ki, sovurduğunu azad buraxması mümkünsüzdü.

Əbdüləziz Salamzadə Azərbaycan tarix elmində büsbütün yeni səhifə açan alimlərdən biri idi. Təsəvvür edin ki, Əbdüləziz Salamzadə kimi düşüncə adamlarımız ucdantutma məhv edilməsəydi, görün Azərbaycan tarixşünaslıq elminin gələcəyi nə qədər iftixarlı olardı. Keçmişimizlə bağlı bir çoxu indiyədək qaranlıq qalan sualların əksərinə elə həmin 1930-40-cı illərdə cavablar tapılardı, sıra-sıra kitablar yazılardı, daha başqa sualları cavablandıracaq yeni-yeni alimlər yetişərdi.

Əbdüləziz Salamzadə 1937-ci ilin 12 oktyabrında, Azərbaycanın Varfolomey gecəsində, böyük bir dəstə qiymətli ziyalımızın qətlə yetirildiyi həmin müdhiş gündə gülləyə tuş gəlir. NKVD ənənəsi yazılmamış qayda idi. Şəxs tutulur, həbs düşərgəsinə göndərilirdisə, ailəsinə toxunulmurdu, məhbus güllələnirdisə, ailəsi də sürgün edilməli idi. Və yanında 3 yaşlı körpəsi olan Fəridəni - Fuadın bacısını Qazaxıstana, cəhənnəmin yer üzündəki timsallarından olan Akmoladakı qadın həbs düşərgəsinə göndərirlər. Ayrılıqdan az öncə çəkilmiş, bəxtiyarlıqla dolu olduqları gündən yadigar qalan foto. Əbdüləziz, onun fizika-riyaziyyat məllimi olan həqiqətən çox göyçək zövcəsi Fəridə və qızları - ilkləri, sabahın memarı Avrora Salamova (kəc dövran macal verməyəcək onun bacı-qardaşları da olsun).

Nə sirdisə, o vaxt repressiya dalğaları Fuaddan yan keçir. Çünki içərisində  "xalq düşməni" olan ailə və nəslin Fuad kimi üzdəki təmsilçisi də xəbis sovet məntiqi ilə oxşar aqibətlə qarşılaşmalı idi.

Ülkər xanım qüssələnir: "Dəyməyinə dəymədilər, amma Fuadın həyatı həyat olmadı. İkinci ailəsi də dağıldı. Bu izdivacdan bir qızı qaldı - Gülər. Gülərin də bir oğlu oldu - Elçin. Elçin bəlkə də babasının sənətini davam etdirərdi. Deyirlər, onun da yaxşı əl qabiliyyəti vardı, fiqurlar düzəldirdi. Mən onu görməmişəm. O da lap tez getdi. Amma Güləri - qızını görmüşəm. İçərişəhərdə yaşadığı vaxtlarda Fuadın anası, Böyükxanım xalam nəvəsinə görə evdə bir keçi balası saxlayırdı. Çox şirin, ağ-qara çəpiş idi. Boynuna bir zınqırov da asmışdılar. Bu keçi evdə qaçıb ora-bura getdikcə cingilti qopurdu. Evdə xoş, şən aura yaranırdı. Mən də həmin çəpişin həvəsinə xalamgilə tez-tez gedirdim. Fuadı mən ilk dəfə görəndə 7-8 yaşım vardı. Fuad çox mehriban, səmimi bir insan idi. Mən onun dünyadan çox tez, cavan getmiş xalasının qızı idim. Həm də qırıqlığa görə məni həmişə məhəbbətlə qarşılayırdılar. Xalam da mənə çox mehribanlıq göstərirdi. Amma onu deyim ki, Fuadın bacısı sürgün ediləndən sonra simaca çox gözəl olan xalam elə bil soldu, bir-iki il sonra keçmiş şuxluğundan, yaraşığından əsər-əlamət qalmamışdı. Qızına görə on il gözünün yaşı qurumadı, durmadan ağladı. Nəhayət, 1946-cı ildə Fəridə qayıtdı və Fuad da, sözsüz ki, dirildi. Nə qədər olmasa, "xalq düşməni"nin qardaşı idi, bu damğa o dövrdə çox ağır idi".

Fuad Əbdürrəhmanovun üçüncü həyat yoldaşı Şükufə Mirzəyeva filosof idi. İş elə gətirdi ki, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra məni təyinatla Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna göndərdilər. Şükufə xanım o vaxt orada estetika şöbəsinin müdiri idi və deyirdilər ki, fəlsəfə üzrə 38 yaşında elmlər doktorluğu dissertasiyası müdafiə etmiş ilk Azərbaycan qadınıdır. Şükufə xanıma yaxınlaşmama, tanışlığımıza da səbəb elə Fuad Əbrürrəhmanov olmuşdu. Mən o dövrdə artıq televiziya və radioda verilişlər hazırlamağa başlamışdım, televiziyada müəllifi və aparıcısı olduğum proqramlardan birində - "Yeddinci qitə" verilişində Fuad Əbdürrəhmanovun Azərbaycandan kənardakı heykəlləri haqda süjet nəzərdə tutulmuşdu. Bununla bağlı Şükufə xanıma müraciət etmişdim. Gendən bir qədər sərt, ötkəm görünən, institutdakı iclaslarda kəskin danışan Şükufə xanımla mən söhbətə başlayınca yetərincə mülayim davranışı ilə qarşılaşmışdım. Və məndə belə təəssürat yaranmışdı ki, əslində həlim təbiətli bu qadının o zahiri ciddiyyəti mübahisələri, rəqabətləri çox olan fəlsəfə institutu içərisində özünümüdafiə zirehi kimi bir şeymiş.

Şükufə xanım mənə ayrılığının acısı hələ soyumamış ərinin həyatından, yaradıcılığından digər mənbələrdə qətiyyən tapa bilməyəcəyim maraqlı təfərrüatları söyləmişdi.

Ülkər xanım yaddaşların cazibəsi ilə yenə dünəndədir: "Mən Fuadı axırıncı dəfə canlı olaraq 1962-ci il aprelin 29-da görmüşəm. Bu, dəqiq niyə qalıb mənim yadımda? Mənim bacımın həyat yoldaşı vəfat etmişdi. Bir də gördüm səhər tezdən, saat 10 olardı, Fuad gəldi bizə. Bir xeyli oturdu, söhbətləşdi, dərdləşdi. O, ümumiyyətlə çox qohumcul idi. Qohumuna, qardaşına hörmət edərdi, bacardıqca kömək edərdi. Gəldi oturdu, sonra çıxdı getdi. Axırıncı dəfə mən onu yaxından beləcə gördüm. Sonra ara-sıra yenə görüşürdük. Amma ən çox o tarix yadımda qalıb. Onun hətta oturduğu yer də mənim yadımda qalıb. Sonra matəm məclisində iştirak etdi, çıxıb getdi".

Fuad Əbdürrəhmanov həyatı boyu Azərbaycanın dörd bucağından, SSRİ-nin müxtəlif guşələrindən, xarici ölkələrdən çoxlu məktublar alıb və 1957-ci il aprel ayının 18-də ona daha bir məktub da yetişir. Bu məktub Dövlət Təhlükəsizlik Komitəsindən gəlmişdi. Bacısının həyat yoldaşı haqqında idi. Artıq siyasi repressiya qurbanlarına elliklə bəraətlər verilməsi mövsümü başlanmışdı. DTK-dan yazırdılar ki, Əbdüləziz Salamzadə 1938-ci ilin noyabrında həbsdə olarkən vəfat edib. Əlbəttə, bu, sovetin özünə bənzəyən qırmızı yalan idi. Çünki həmin cinayət işini vərəqləmişəm. Güllələnmə hökmü haqda üçlüyün 1937-ci il 11 oktyabr tarixli qərarı, hökmün ertəsi gün yerinə yetirilməsi haqda imzalı-möhürlü arayış da həmin qovluqdadır.

...Gözəl sənətlər içərisində ən zərifi, ən kövrəyi, ən incəsi heykəltaraşlıqdı. Bu sözlər nabələd adama gözlənilməz, tərsməzhəb də gələ bilər. Axı rəssam rənglərlə işləyir, bəstəkar səslərlə, şair, yazıçı sözlərlə. Heykəltaraşsa mərmərlə, tuncla, qranitlə. Üzdən baxanda rəng, səs, söz hara, mərmər, tunc, qranit hara? Əlbəttə ki, ikincilər qat-qat kobuddur, sərtdir. Lakin mahiyyət daha dərindədir. XVIII yüzildə görkəmli fransız filosofu və yazıçısı Deni Didro yazırdı ki, rəssamlıq və heykəltəraşlıq hər ikisi elə şairlik deməkdir, ancaq bir fərqlə. Heykəltaraşlıq rəssamlıqdan fərqli olaraq, heç vaxt şarja gedə bilməz. Həmişə ciddiyyətini saxlamalıdır. Yəni ciddiyyət və sərtliklə zəriflik və incəlik həmişə heykəlin yanında olmalıdır.

Və 24 əsr əvvəl də məşhur yunan filosofu Sokrat heykəltaraşlıq haqqında söyləyirdi ki, heykəltəraşlıq ruhun xüsusi halıdır. Yəni heykəltaraşlıq içində sanki donub qalmış abidələrin ardında bir nazik ahəngdarlığın, kövrəkliyin olduğunu düşünən insanlar, dərin zəka sahibləri həmişə duyublar.

Və Fuad Əbdürrəhmanov özü həm şair təbiətli insan idi, həm də son dərəcə ciddi. O şairanəlik, poetiklik və ciddiyyət, müdriklik hər əsərində sezilməkdədir. Həyatda necə idisə, varlığının, düşüncəsinin, ruhunun tərzini də əsərlərinə köçürüb. Ona görə də Fuad Əbdürrəhmanovdan qalan əsərlərin heç biri lal deyil, balacası olsun, böyüyü olsun - təfavütü yoxdur, hamısından istilik saçır, hər birində məhrəmlik var, heç biri donub qalmayıb - hansının qarşısında dayanırsan, başlayır səninlə həmsöhbət olmağa, pıçıldadıqlarıyla səni düşündürməyə.

...Nizami Gəncəvi zirvələr zirvəsidir. Amma Nizami abidəsi Fuad Əbdürrəhmanovun şah əsəridir deməyə dil dönmür. Məgər Rudəki şah əsər deyilmi? Məgər İbn Sina şah əsər deyilmi? Məgər Səməd Vurğun şah əsər deyilmi? Nə yaradıbsa, hər birinə Fuad Əbdürrəhmanov sanki son əsəri kimi baxıb. Çalışıb ki, onu elə şah əsəri kimi yaratsın. Bütün qəlbini, istedadını bağışlayıb o əsərə. Amma Nizami Gəncəvi abidəsinin onun tərcüme-yi halında tamam başqa bir yeri var. 1939-cu ildə Fuad Əbdürrəhmanovun vur-tut 24 yaşı vardı. Qarşıdan 1941-ci il gəlirdi. 1941-ci ildə Azərbaycan dahi Nizaminin 800 illiyini bayram edəcəkdi. Və 1939-cu ildə qərara alınır ki, Bakıda Nizaminin evi yaradılsın - onun adı ilə bağlı muzey təsis edilsin. Qət edilmişdi ki, Bakıda, şəhərin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılsın. Müsabiqə elan edilir. Müsabiqə də yalnız Azərbaycan hüdudlu deyildi. Nizami Gəncəvinin yuvarlaq ildönümünü bütün Sovet İttifaqında qeyd edəcəkdilər. Ona görə də Nizami Gəncəvinin abidəsinin yaradılması ilə əlaqədar Sovet İttifaqı boyu bir müsabiqə elan edilir və ovaxtkı SSRİ-nin ən məşhur heykəltaraşları qatılır bu yarışa. 60-dan artıq əsər eskizi daxil olur və təbii ki, hamısı gizli imzalarla. Həmin heykəltaraşların arasında Sovet İttifaqında elə o vaxtlar da adları görkəmlilər cərgəsində çəkilən, bu günsə artıq zirvələr sırasında ehtiramla anılan Mixail Anikuşin (1917-1997), Viktor Sinayski (1893-1968), Konstantin Meravişvili (1906-1993) vardı və neçə-neçə başqa məşhurlar. Lakin o qədər ad-sanlı heykəltaraşın və təqdim olunmuş bir-birindən gözəl eskizlərin arasından gənc Fuad Əbdürrəhmanovun "Nizami"si seçilir. Fuad Əbdürrəhmanovun hələ kiçik ölçüdə yaratdığı Nizami baxanların hamısını heyran qoyur və münsiflər təsdiqləyirlər ki, artıq bu kiçicik maketin özündə Nizami Gəncəvinin əzəməti hiss edilməkdədir. Köhnə fotolar və sənədli kinokadrlar həmin dövrü günümüzə gətirir. 1947-ci ildir. Nizami muzeyinin qarşısında, o yerdə ki, indi Nizaminin möhtəşəm abidəsi ucalır, təntənəli toplantıdır. Hələ oralar boşluqdur, heykəl yoxdur, Fikrət Əmirov, Mirzə İbrahimov, o çağın əmək qəhrəmanları, tanınmış ziyalılar, gənc Fuad Əbdürrəhmanov birgədirlər. Hamısı sevinc içərisindədir. Və ortada yalnız bir daş qoyulub, üstündə yazılıb ki, burada Nizaminin abidəsi ucaldılacaq. Üstü yazılı daş düz indi heykəlin yüksəldiyi yerdədir.

Çox keçməyəcək, 1949-cu il may ayının 1-də Nizami Azərbaycana - Bakıya bütün böyüklüyü ilə həmişəlik qalmaq və ucalmaqçün hamını valeh edən heykələ çevrilərək qayıdacaq. Ancaq bundan bir az əvvəl - 1949-cu ilin aprelində hələ abidənin quraşdırılması ərəfəsində çəkilmiş fotolar da var. Onlar da indi seyr edilirkən riqqət oyadır. Hələ Nizami torpağın üzərindədir, bir neçə hissədən ibarətdir heykəl. Ayaqları, bədəni, qolları ayrı-ayrıdır hələ. Az sonra bu hissələr torpaqdan ayrılacaq, postament üzərinə qaldırılaraq bir-biri ilə qovuşacaq, bütövləşəcək və Nizami hamıya yüksəklərdən, sanki səmaya qarışaraq baxacaq.

Həmişə yaşayacaq övladının doğum günüydü. Allah bilir həmin dəqiqələrdə Fuad nə qədər həyəcan keçirirmiş! Lakin Bakıda bu Nizami abidəsinin yüksəlməsi ilə həmin Nizami müsabiqəsinin keçirilməsi arasındakı məsafədə çox hadisələr baş vermişdi. Biri bu idi ki, doğulduğu, ömrünü sürdüyü və torpağına qovuşaraq rahatlıq tapdığı Gəncəsində də Nizaminin abidəsinin qoyulması haqda sərəncam verilmişdi. Tərəddüd etmədən bunu da Fuada tapşırmışdılar. Və Fuada təklif etmişdilər ki, artıq bəyənilmiş, qəbul edilmiş abidənin təxminən eynisini Gəncə üçün də düzəltsin. Lakin bu təklif Fuadı açmamışdı. Öz-özünü təkrarlamaq istəməmişdi. Gəncə üçün Nizamini yenidən işləməyə başlamışdı və dahi şairi doğma şəhərində tamam yeni cilvədə canlandırmağa müvəffəq olmuşdu.

1948-ci ildə yaratdığı Nizami abidəsinə görə Fuad Əbdürrəhmanova SSRİ Dövlət mükafatı verilir. Lakin ən böyük mükafat o idi ki, bu gənc heykəltaraş özündən qat-qat təcrübəli olan heykəltaraşlar arasında seçilmişdi, önə çıxmışdı, ovaxtkı Sovet İttifaqının heykəltəraşlarla zəngin məkanında artıq mötəbər imzasını təsdiqləməyə nail olmuşdu. Fuad Əbdürrəhmanov və onun simasında Azərbaycan heykəltəraşlığı bu uğurun nəticəsində SSRİ-də heykəltaraşlığın yüksək liqasına dikəlmişdi.

Orta çağda yaşamış bir çox başqa klassiklərimiz kimi, Nizami Gəncəvinin də gerçək surəti bizə gəlib çatmayıb. Hələ foto sənəti, rəssamlığın insan çöhrəsini dəqiqliyi ilə təsvir edəcəyi zamanlar gələcəkdəydi. Fəqət çox-çox uzaq zamanlara baxmağı həmişə bacarmış və gələcək üçün daim düsturlar təklif eləmiş uca Nizami bu barədə də fikirlərə dalmışdı və "Xosrov və Şirin"də belə misralar vardı:

 

Xocəte kağəzi begreft də dəst

Beeynə surət-e Xosrou dər u bəst.

 

Yəni gözəl bir kağız parçasını götürdü və onun üzərində Xosrovun surətini olduğu kimi çəkdi.

Şeirin əslindəki bu sözə diqqət yetirin: eynilə, yəni necə var, o cür! Başqa sözlə, Xosrovun gerçəkçi, hətta fotoya yaxın şəklini yaratdı.

Nizami rəssamlıqdakı həmin günün gəlməsini arzulayırdı. Lakin bu istəyin gerçəkləşməsi Nizamidən xeyli sonrakı zamanlara təsadüf elədi.

Fuad Əbdürrəhmanov Nizami Gəncəvinin heykəlini yaradıb. O abidədən bizə baxan Fuadın gördüyü Nizamidir. Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini çəkdi. Bu da onun gördüyü Nizami. Və həmin iki əsərin Azərbaycan mədəniyyəti, Azərbaycan mənəviyyatı tarixində məxsusi mənası var. Qəzənfər Xalıqovun yaratdığı surətə baxırıq, Nizamini görürük. Fuad Əbdürrəhmanovun yaratdığı Nizaminin çöhrəsinə baxırıq, düşünürük ki, elə qarşımızda dayanan Nizamidir. Nizaminin əlçatmazlığı, hüdudsuzluğu, sözünün dərinliyi və şirinliyi o tabloda və heykəldə cilvələnir. Əsərlərini oxuyub müstəsnalığına daldığımız Nizami artıq ayrı qiyafədə təsəvvür edilmir, hər kəs düşünür ki, o elə məhz bu cür olmalı imiş, Nizamini düşünürkən də xəyalımızda artıq sanki fotolaşmış bu surət canlanır.

Amma 1939-40-cı illər idi. Nizami heykəli yaranmağına yaranırdı, lakin gələcək Nizami muzeyinin binasını da əsrarəngiz bir memarlıq abidəsinə çevirmək istiqamətində iş gedirdi. O Nizami abidəsi ki Fuad Əbdürrəhmanovun əlləri ilə həyat qazanıb, onun memarları Sadıq Dadaşov və Mikayıl Useynov idilər. İkisi də çox üstün sənətkar və onlara bu da həvalə edilmişdi ki, Nizami muzeyinin memarlıq həlli ilə də məşğul olsunlar. Onlar da, artıq hər kəs şahiddir ki, bu vəzifənin öhdəsindən necə məharətlə gəliblər. O eyvan ki indi oradan Nizami Gəncəvinin abidəsinə 6 ədibin heykəli baxır, ora binanın digər tərəfləri kimi otaqlara açılan pəncərələrmiş, gendən baxanda binanın saya görünüşü varmış, inanmayan o tikilinin - sabiq "Metropol" hotelinin əski fotolarına baxsın. Sadıq Dadaşovla Mikayıl Useynovun könül sevindirən əsas tapıntısı da ondan ibarətdir ki, yenidənqurma layihəsində oradakı bir çox pəncərələri ləğv edib otaqların arasını açırlar, geniş eyvan, öndə tağlar yaradırlar, tağların da arasında heykəlləri nəzərdə tuturlar. Fəlsəfi tutumlu memarlıq həlli: Nizami öz ardıcılları, davam edən Azərbaycan ədəbiyyatı ilə üz-üzə. Həmin qatarda Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Mirzə Fətəli Axundzadənin, Cəfər Cabbarlının, Mirzə Cəlilin abidələri yüksəlir. Və onların hər birini yaratmağı o çağın qüvvətli Azərbaycan heykəltaraşlarına tapşırmışdılar. Gənc Fuada Füzulinin heykəli etibar edilmişdi. Füzulinin obrazını yaratmaq yolunda onun inadlı axtarışları artıq bir başqa hekayətdir. 1930-cu illərin sonlarında, 1940-cı illərin əvvəllərində Fuad Əbdürrəhmanov öz Füzulisini axtarır, ha çalışsa da, heç vəchlə ürəyi istəyən Füzulini tapa bilmir, heykəli hazırlamaqçün qoyulmuş müddət qısa olduğundan lap darıxırmış. Onun emalatxanası həmin günlərdə hələ qurulmaqda olan Nizami muzeyi idi. Böyük zallardan birini ayırmışdılar ki, Fuad orada işləsin. Səhərdən-axşamacan həmin müvəqqəti emalatxanasından çıxmır, yüzlərlə eskizlər etsə də, bəyənmir, cırıb atırmış. Plastilindən, gildən düzəltdiyi çoxlu fiqurların da heç biri qəlbinə yatmır, bir kənara atırmış. Əsərin təhvil vetilmə vaxtı isə amansız sürətlə yaxınlaşırdı. Hər bir abidə Mərkəzi Komitənin, birbaşa qorxunc Mircəfər Bağırovun nəzarətində idi. Füzulinin surətisə əmələ gəlmirdi ki, gəlmirdi.

Və bütün bunları ona görə belə əyaniliyi ilə yaza bilirəm ki, həmin günlərin bütün təşvişli, nigaran axtarışları ilə bağlı yaşadıqlarını Fuad Əbdürrəhmanov son zövcəsi Şükufə xanıma danışıbmış, o da 1970-ci illərin sonlarında mənə söyləmişdi.

Hələ qurulmaqda olan Nizami muzeyində o zal ki Fuadın işləməsi üçün ayrılmışdı və bütün günü oradan çıxmır, çayını-çörəyini də orada yeyirdi, günlərin birində ora Füzuli özü "gəlir". Növbəti nəticəsiz axtarışlarından yorulan Fuad mürgüləyir. Və etiraf edirmiş ki, qəfilcə diksinib ayılır - yuxusunda Füzulini görmüşdü. O surət ki indi Nizami muzeyinin eyvanından insanlara baxır, o Füzuli Fuad Əbdürrəhmanova röyada əyan olub.

Mən yuxular, onların mahiyyəti, quruluşu haqqında çox yazılar oxumuşam. Elm təsdiqləyir ki, adətən yuxuda o hadisələri, o surətləri görürsən ki, bunlar nə şəkildəsə, haçansa ömründən keçib. Haçansa şahidi olduqlarımız, beynimizdə nə şəkildəsə izləri qalanlar lap gözlənilməz bir tərzdə qovuşaraq tamam yeni biçimdə xəyal aynasına, yuxu lövhəsinə qona bilir. Ancaq anlayış bizə naməlumdursa, əzəldən yaddaşımızın qatlarında hər hansı iz yoxdursa, bunun yuxulaşması da mümkünsüzdür.

Elə isə Fuad Əbdürrəhmanov daha əvvəldə harada görmüşdü Füzulini? Fuadın yaratdığı nurlu çöhrə onun içərisinə haradan köçmüşdü? Füzulinin haçansa oxuyub sehrinə düşdüyü misralarındanmı? Ya bu, nə vaxtsa tuş gəldiyi müdrik, nurani bir şəxsiyyətin camalının cizgiləri imiş ki, həmin misraların oyatdığı təəssüratlara qovuşaraq Fuad Əbdürrəhmanovun yuxusuna gəlmiş və məhz bu cür, bu görünüşdə ortaya çıxmışdı?

Azərbaycan heykəltəraşlarının müxtəlif nəsillərinin təmsilçiləri onillər boyu Füzulinin çox heykəllərini yaradıblar, amma onların hamısının içərisində Fuad Əbdürrəhmanovun yaratdığı və bu gün Nizami muzeyinin eyvanından bizə baxan Füzuli heykəlinin yeri tamam başqadır. Füzuli ilə Nizami üzbəüzdür. Fuad Əbdürrəhmanovun Nizamisi, Fuad Əbdürrəhmanovun Füzulisi. Hər ikisinin başı uca, məğrur.

Xalq rəssamı Akif Əsgərov mənə söyləyib ki, Fuad Əbdürrəhmanov hərdən Nizamidən iqtibas gətirərək söyləyirmiş ki, insanın bədəni üzərindəki başı onun ləyaqətinin, şərəfinin bayrağı kimidir. Gərək imkan verməyəsən ki, yeri gəldi-gəlmədi o bayraq enə. Və Fuad Əbdürrəhmanov sənətdə, yaradıcılıqda güzəştsiz olduğu kimi, həyatda da həmişə belə olub - ləyaqətini qoruyan, məğrur, həqiqəti heç zaman gizlətməyən, sözünü şax deyən.

 

30 sentyabr 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 4 oktyabr.- S.12-13.