"Teatr sənətinin inkişafı həm də milli mədəniyyətin inkişafı deməkdir"

FAİQ QARDAŞOV: "QUSAR DÖVLƏT LƏZGİ DRAM TEATRI ŞİMAL BÖLGƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN İLK PEŞƏKAR TEATRDIR"

 

Teatr salonları əvvəllərdə olduğu kimi tamaşaçılarla dolub-daşmasa da, son illər bu sahədə müəyyən canlanma yarandığı, teatrın inkişafı istiqamətində bir sıra addımlar atıldığı müşahidə edilməyə başlayıb. Paytaxtda fəaliyyət göstərən teatrlarla yanaşı, regionlarda qurulmuş teatrlar da inkişafdan geri qalmır. Qeyd edək ki, hazırda respublikada 27 dövlət teatrı fəaliyyət göstərir ki, onlardan biri də öz tamaşaları ilə izləyici rəğbətini qazanmış Qusar Dövlət Ləzgi Dram Teatrıdır. 1992-ci ildən fəaliyyət göstərən teatr  Qusar rayon Mədəniyyət evinin binasında yerləşir. Teatrda ştat cədvəli üzrə 63,5 nəfər işçi çalışır. Onlardan 5 nəfər rəhbərlik, 22 nəfər arkyor heyəti, 8 nəfər bədii heyət, 28,5 texniki heyətdir.

Müsahibimiz Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşovdur.

- Faiq müəllim, əvvəlcə bir qədər Qusar Dövlət Ləzgi Dram Teatrı haqqında məlumat verərdiniz.

- Artıq 26 ildir ölkəmizdə dövlət teatrları fəaliyyət göstərir. Bunların içində Qusar Dövlət Ləzgi Dram Teatrının özünəməxsus yeri var. Yarandığı vaxtdan bu günə kimi 140-dan çox dram əsəri səhnəyə qoyulub və tamaşaları geniş izləyici rəğbəti qazanıb. Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycanın şimal bölgəsində ilk peşəkar teatr kimi fəaliyyət göstərir. Tamaşalar həm ləzgi, həm də Azərbaycan dilində  canlandırılır.

- Teatr canlı sənətdir. Bu gün insanların canlı ünsiyyətdən belə imtina etdiyi bir vaxtda fəaliyyətinizi necə qoruyub saxlayırsınız?

- Teatrımızın fəaliyyətinə verilən qiymət teatr kollektivini ruhlandırır və sevindirir. Bu, bir daha sübüt edir ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını, milli mədəniyyətin, müasir cəmiyyətin inkişafı hesab edir. Son illərdə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental işlərin aparılması bu  sahənin sürətli inkişafından xəbər verir.

- Yeni mövsümdə teatrın səhnəsində hansı əsərlərin səhnələşdirilməsi planlaşdırılır?

- Yeni teatr mövsümünü sentyabrın 15-də Turqut Özakmanın "Adət" dramı əsasında hazırlanmış tamaşa ilə açdıq. Eyni zamanda, İdris Şamxalovun "Pərixanım", M.F.Axundzadənin "Hekayəti xırsi-quldurbasan" və İsi Məlikzadənin "Hərənin öz ulduzu" tamaşalarının bərpası və  nümayişi nəzərdə tutulub. Bundan əlavə, 8 Noyabr  Zəfər Günü ərəfəsində Nəriman Həsənzadənin "Qarabağ Azərbaycandı! "Qarabağnamə"m İlhamdı!" mənzum pyesi əsasında hazırlanmış tamaşa canlandırılacaq. Onu da qeyd edim ki, ilin sonuna kimi azyaşlı tamaşaçılarımızı sevindirmək üçün uşaq tamaşalarının səhnələşdirilməsi istiqamətində hazırlıq işləri  də görülür.

- Teatrınız qastrol səfərlərində olur?

- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində teatrların qastrol səfərləri baş tutdu. Bu səfərlər çərçivəsində Qusar Dövlət Ləzgi Dram Teatrı Quba, Xaçmaz, Siyəzən, Şabran və Salyan rayonlarında T.Özakmanın "Adət" və M.F.Axunzadənin "Hekayəti xırsi-quldurbasan" tamaşalarını nümayiş etdirdi.

- Hansısa çətinlikləriniz varmı?

- Hazırda teatr çiçəklənən dövrünü yaşayır və inkişaf edir. 2022-2023-cı illər Qusar Dövlət Ləzgi Teatrı üçün məhsuldar il oldu və repertuar planında təsdiq olunmuş bütün tamaşalar səhnəyə qoyuldu. "Milli klassika" adlı teatr festivalında S.Rəhmanın "Hicran" komediyası nümayiş olundu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən qısa tamaşalar festivalında teatrımız yaxından iştirak etdi.

Teatrımızın fəaliyyətində  quruluşçu rejissor Bağır Əhmədov və baş rəssam Bədəl Bədəlovun xüsusi xidmətləri var. Qeyd etmək istəyərdim ki, yarandığı ilk gündən teatrımızın inkişafında  Həsrət Nəsrullayev, Tacir Şahbazov, Yuri Kərimov, Elnur Hacıyev, Tofik Mustafayev, Sədaqət Əlimuradova kimi sənətkarların əvəzsiz xidmətləri olub.

-  Teatrınızda əsasən hansı əsərlər tamaşaya qoyulur?

- Yerli dramaturqlardan Asəf Mehmanın, Mirzəli Rüstəmovun, Şafiddin Gereyxanovun və başqa yazarların əsərlərindən yararlanırıq. Bunlardan əlavə, həm klassik, həm də müasir yazarların yaradıcılığına da müraciət edirik. Teatrımızın şərəfli tarixi, böyük ənənələri, gözəl nümunələri var. İnanıram ki, teatrımız gələcəkdə daha böyük uğurlarlara imza atacaq.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 4 oktyabr.- S.11.