Vətəndən pay olmaz
Üç il əvvəl sentyabrın sonundan 44
günlük bir ömür yaşadıq. Yaşından,
kimliyindən asılı olmayaraq, hamımız
yaşadıq. Və nə yaxşı ki yaşadıq,
çünki alnımızdan qara bir ləkə silindi, önə
əyilən başımız dikəldi. Bu 44 günə
çatmaq üçün uzaq bir yol gəldik - sərasər
30 qış, 30 bahar adladıq. 30 il yığılan
intiqamın acısı Vətən oğullarının
gözünü necə tutmuşdusa, gecə-günsüz
dayanmadan düşmənə elə dağ çəkdilər
ki, cəmi 44 gündən sonra düşmən təslimə
imza atdı...
Və artıq üç ildir, bu 44 günün hər
gününün hər anını təkrar yaşamaq
acılarla dolu olsa da, qürur və sevincimiz onunla
yanaşı addımlayır. Bu yolda canını fəda edən
şəhidlərimizin xatirəsi isə daima bizim
üçün ən uca məqam olaraq qalacaq.
44 gündə üç min nəfərə
yaxın şəhid verdik. Bu, müharibənin
yazılmamış qanunudur - bu kabusun arxasında qan da var,
itki də var, şəhidlik də. Şəhidlər isə
Allahın ən sevimli bəndələridir. Elə ona görədir
ki, bir millət zamanın müxtəlif dövründə Vətən
uğrunda şəhid olanlar bizim qürur mənbəyimizdir.
Onlar haqqında nə qədər yazılsa da, nə qədər
anılsa da, bitən deyil.
İki gün əvvəl Heydər Əliyev adına
Hərbi İnstitutda şəhid mayor Elşad Həsənovun
anım günü keçirildi. Həmin gündə Quba
rayon 6 saylı məktəbin direktor müavini, müharibə
başlanandan şəhid ailələrinin yanında olan,
onlarla birlikdə ağrı-acı yaşayan, ictimai fəaliyyətdə
həmişə fərqlənən pedaqoq Camafər
Əliyevanın "Murovun Elşad zirvəsi" adlı
kitabının təqdimatı da baş tutdu. Bədii redaktoru
olduğum, xatirələr əsasında yazılmış
kitabda müəllif bir ana, bir müəllim, bir azərbaycanlı
kimi hisslərini ifadə edə bilib.
Bəs Elşad Həsənov kim idi?
Göyçə mahalının Babacan kəndində
anadan olan Elşad Həsənov 7 yaşında ikən 1988-ci
ildə ailəsilə birlikdə
doğma yurd-yuvasından
qovularaq Sumqayıtda məskunlaşan bir evin ilk
övladı idi. Bu kiçik yaşlı uşağın qəlbindəki
kin-küdurət, düşmənə nifrət özü ilə
bərabər böyüməyə başlayıb və
sonunda anlayıb ki, intiqamını hərbçi olmaqla ala
bilər. Əvvəl C.Naxçıvanski adına Hərbi
Liseyi, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutu
"Motoatıcı qoşunların taktiki
komandanlığı" ixtisası üzrə bitirib və
hərbçi həyatına başlayıb. Alnına
yazılan 39 illik ömür
payının 18 ilini müharibə şəraitində
yaşayan, ölkənin Gədəbəy, Naxçıvan,
Şəmkir bölgələrində şərəfli bir
zabit kimi Vətəninə xidmət edib.
12 iyul 2020-ci ildə baş verən Tovuz hadisələrində
iştirak edib. Həmin ilin sentyabr ayının 27-də
başlayan əks-hücum əməliyyatı zamanı
müharibə zolağının çox çətin
istiqaməti olan Murovdağ yüksəkliyi yolunda
döyüşlər gedib. 2800 metr yüksəkliyi və
keçilməsi olduqca sərt, çətin qayalıq ərazidə
Elşad öz heyətilə birlikdə bir neçə
yüksəkliyi ələ keçirib. Sentyabrın 30-da
qolundan və çiynindən qəlpə yarası alsa da,
döyüş yoldaşlarının israrına rəğmən,
postunu tərk etməyib. İki gün son oktyabrın 2-də səhərə yaxın Elşad
heyətilə birlikdə "Canavar sol postu" deyilən yerə
çataraq mövqelərində yerləşib. Saat 11-12
arası keçirilən əməliyyat zamanı düşmənin
ağır artilleriyasının atəşi nəticəsində
aldığı qəlpələrdən mayor Elşad Həsənov
şəhid olub. Həmişə amansızlığı ilə
seçilən düşmən onun nəşini Kəlbəcər
ərazisində basdırıb. Və yalnız 68 gündən
sonra cənazəsi tapılan Elşad dekabrın 16-da II Fəxri
xiyabanda dəfn edilib.
Elşaddan arxada iki övlad və bir cavan gəlin
qalıb. Onun bütün istək və arzularını
yaşatmaq, həyata keçirmək istəyən çox
kiçik bir ailə. İlk övladı Aysun atasının
arzusu ilə rəssamlığın ardınca getdi. Bu il ali məktəbə
qəbul olan 16 şəhid övladından biri kimi indi "Xəzər"
Universitetinin tələbəsidir. Elşad qızını nə
birinci sinfə yola sala bilmişdi, nə də onu tələbə
kimi görə bildi. 2020-ci ilin sentyabr ayının 15-də
oğlu Səidi birinci sinfə aparanda isə heç kəs
bilmirdi ki, bu, onun ailəsilə son
görüşüdür...
39 illik bir həyat tarixçəsi nə qədər
kiçik olsa da, bu illər özündə dünyaya
sığmayan bir ömür yaşada bilib. Elşad Həsənov
özündən sonra övladlarına ləyaqətli ata
adı, Vətəninə şərəfli zabit adı qoya
bildi.
Tamilla M-zadə
525-ci
qəzet.- 2023.- 4 oktyabr.- S.10.