Vətənə qüsursuz xidmət

 

 

1977-ci il fevralın 1-də Astara rayonunun Lələkəpeştə (Vaqo) kəndində anadan olub Zülfü Ağalı oğlu Ağayev. Böyüdükcə içindəki ağrı-acı da böyüyüb. "Niyə"lər rahatlıq verməyib.

Tariximizə azacıq baxanda yurdumuzun başına gələnlər hər birimizi sarsıdır, məncə. Zülfi Ağayevi də sarsıdıb. Ona görə də hərbçi olmağa qərar verib.

Orta təhsilini və həqiqi hərbi xidmətini başa vurduqdan sonra  imtahanları uğurla verərək Müdafiə Nazirliyinin Gizir hazırlığı kursuna qəbul olunur. Tankçı ixtisasını seçir. Ailə üzvləri deyir ki, tankçı olmaq uşaqlıq arzusu imiş.

Orxan Əliyev 1990-cı ildə Astarada həyata gəlib. Tam orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib. "Gizir hazırlığı kursu"nu bitirib. O da tankçıdır. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Astara rayon şöbəsinin sədridir: "Bakıda hərbi xidmətə başlasam da, xidmətə  2013-cü ildə Beyləqanda N saylı hərbi hissədə davam etmişəm. Zülfü ilə orada tanış olmuşduq. Ona sayğım, sevgim hədsiz idi. Çox dürüst, sadiq, nümunə göstəriləcək insan idi. Əsl məktəb idi - hərbi məktəb. Xidmət boyu təlimlərdə bunu görürdüm. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişik. Onun təmkininin, peşəkarlığının bir daha şahidi olmuşdum. Aprel döyüşlərində mən yaralandım, ehtiyata buraxıldım. Amma dostluğumuz davam edirdi".

İlk hücuma keçənlərin sırasında, qələbəyə yol açanlardan olub Zülfü Ağayev. Müharibənin ilk günlərində döyüşlər daha ağır idi. Düşmən hələ özünə inanırdı. İlk hücuma keçənlərimiz canları bahasına düşmənin bu inamını alt-üst elədilər. Zəfərə gedən bu yolda şəhid oldu Zülfü Ağayev.

Maşın döyüş komandiri Azər Məmmədov: "Həmin günlərdə düşmən təxribatları ara vermirdi. Nə qədər dözmək olar? 2020-ci il sentyabın 27-də hücum əmri aldıq. İnanın, ağrı-acısını bilsək də, sevinirdik. Ölüm bizi qorxutmurdu. Hər an, hər gün o böyük günü gözləyirdik. 2011-ci ildən hərbidəyəm, gizir kimi xidmət edirəm. 2014-cü ildən Zülfü ilə birlikdə olmuşuq. Dost kimi dost, hərbçi kimi hərbçi idi. O, məndən əvvəl hərbidə olub. Çox təcrübəliydi. Biz hərbçi olmağı daha təcrübəli olanlardan öyrənirik. Döyüş maşın komandiri idi. BMP-2 zirehli piyada döyüş maşınını mükəmməl idarə edirdi. Ən xırda nasazlıq da diqqətindən yayınmırdı. Bildiklərini bütün əsgərlərinə öyrədirdi. Çox məsuliyyətli, bacarıqlı zabit idi. Zülfü bizim idealımız olub. Dəfələrlə Fəxri fərmanlar alıb. İlk günlər ağır idi. Düşmən hər yeri minalamışdı, istehkamlar qurmuşdu illər boyu. Zülfü də həmin gün şəhid oldu. 2014-cü ildən şəhid olana qədər birlikdə bir ömür yaşadıq. Önündə baş əyməli igid - bir vətən əsgəri idi. Şəhidlik zirvəsinə ucalan bütün oğullarımızın ruhları şad olsun. Torpaqlarımızı azad etdik. Hərənin bir ömrü var. Bir dəfə yaşayıb, bir dəfə ölür yaxşı insan. O da kişi kimi, əsl hərbçi kimi yaşadı. Şükürlər olsun, Ali Baş Komandanın, xalqın dəstəyi ilə qələbə qazandıq".

Zülfü Kamalə xanımla hərbi xidmətdəykən tanış olub. Görən kimi ürəyinə yol tapıb və həyatını onunla bağlamaq istəyi yaranıb.

Kamalə xanımın xatirələri: "Təsadüfən rastlaşmışdıq. Təsadüfi görüşümüz ciddi münasibətlərə apardı. 2008-ci ildə ailə qurduq. O vaxtdan da heç ayrılmadıq. Yoldaşım harda xidmət etdisə, yanında oldum. Cəlilabadın Göytəpə kəndində, Beyləqanda, sonra Ağcabədidə yaşadıq. Sonra yenə Beyləqana N saylı hərbi hissəyə yolladılar. Nə deyim... Vətən müharibəsi başlayana qədər, şəhid olana qədər ayrılmadıq. Tankçı idi. Vətəni, övladını canından çox sevirdi. Tankına da övladı kimi baxırdı. Bütöv adam idi. Ata idi. Bir dəfə oğlumuz Orxan gitara istədi. Beyləqanı, Ağcabədini gəzdi, o gitaranı tapdı. Arada bircə gün gəlirdi evə, o günü də "yorulmuşam" demədən övladına həsr edirdi. Çox xoşbəxt idik. Amma ilk gündən demişdi: "Mən hərbçiyəm, hər bir hadisə ola bilər, bunu bilməlisən, hazır olmalısan. Mənim bir vətən borcum, vətəni qorumaq kimi vəzifəm var". Mən heç tərəddüd etmədim. Nə qədər danışsam, bitməz. Sentyabın 25-i axşam evdə idi. Müharibə haqda danışmadı. Hərbi işləri haqda danışmazdı. Sadəcə arada "Hərbçi olduğumu unutma" deyərdi. Ayın 26-da səhərə yaxın getdi. Gecə bir də gəldi bir neçə dəqiqəlik. "Bir neçə gün gələ bilməsəm, zəng edə bilməsəm, narahat olma. Özündən, Orxandan muğayat ol" - dedi. Getdi, maşına çatanda bir də dönüb geri baxdı. Sonuncu baxışı oldu..."

Zülfü Ağayev "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Orxan adlı oğlu böyüyür ərazi  bütövlüyü uğruna şəhid olduğu vətəndə.

Hərbi xidmət zamanı peşəkarlığı, məsuliyyəti, işinə, vəzifəsinə vicdanlı münasibəti ilə kollektivin, əsgərlərin sevgisini qazanıb. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunub.

Özü, sözü, şəxsiyyəti kimi xidməti də qüsursuz olub. Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Zülfü Ağayev 23 il qüsursuz xidmət edib Vətənə.

Hər birimiz bacarsaq, ölkənə qüsursuz xidmət etməkdən uca nə ola bilər?!

 

Kamalə ABİYEVA

525-ci qəzet.- 2023.- 5 oktyabr.- S.15.