Tankçı qəhrəman
Azərbaycan Ordusunun giziri Vüsal Üzeyir oğlu Nəhmətov
2 oktyabr 1987-ci ildə Astarada - Səncərədi ərazi
vahidinin Alaşa kəndində anadan olub. Alaşa kənd məktəbində
doqquzillik təhsil alıb. Onbirillik təhsilini Birinci
Qarabağ döyüşlərinin şəhidi Elman
Ağayev adına Səncərədi kənd tam orta məktəbində
başa vurub.
Vüsal Nəhmətov ailənin yeganə oğlu,
üç bacının tək qardaşı idi.
Anası Ruhiyyə xanım sadə kənd
qadınıdı. "Balam üçün
darıxıram" cümləsi dilindən
düşmürdü. Bir də mənə tez-tez "sağ
ol, balamdan yazırsan" deyirdi... Təşəkkür var,
gözləyirsən, təşəkkür var, istəmirsən,
təşəkkür var, ruhunu əzir... "Siz sağ olun
ki, belə igid böyütmüsüz" - bundan başqa bir
söz tapmırdım deyim şirin talış ləhcəli
xanıma.
"Əsgər getdi, sonra da hərbiyə, şəhid
olmağa getdi mənim balam. "Mən şəhid olsam, fikir
eləmə, şəhid anası olacaqsan" - deyirdi".
Son sözləri bu olub oğlunun.
Hərbçi kimi görürdü özünü
Vüsal. Həqiqi hərbi xidmət keçəndən sonra
ömrünü hərbiyə bağladı.
Üç il MAXE kimi xidmət edib. Mina təmizləyənlərdən
olub. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim
Tədris Mərkəzində Gizir hazırlığı
kursunda oxuyub. Tankçı ixtisasını seçib.
Hərbçi dostları Vüsala "Əjdaha",
Vüsal isə tankına "Əjdaha" deyirmiş.
Müharibə olacağını öyrənəndən
gözlərinə yuxu getməyib.
"Bilmirəm, ya çox həyəcanlanırdı,
ya sevinirdi, yata bilmirdi. "Əjdaham"la gör nələr
edəcəyik - deyirdi hər dəqiqə. Amma özü
doğrudan da əjdaha idi. Nümunəvi tankist idi. Tankla
peşəkar manevrlər edirdi. Onların heyətini odlu
minayla vurdular. Yoxsa Vüsal Şuşayacan gedəcəkdi. Hər
kənd azad olunanda sevincdən gözləri
yaşarırdı". Dostu Samir bunları dedi. "Mənim
üçün qəhrəmanlıq simvolu idi".
Tank komandiri idi Vüsal Üzeyir oğlu. Müharibə
başlayanda tank heyətləri hücumda olub. Onların xidməti
əvəzsiz, cəsarətləri heyrətedicidir.
"Vətən uğrunda", "Cəsur
döyüşçü" və "Füzulinin azad
olunmasına görə" medalları ilə təltif olunub
ölümündən sonra gizir Vüsal Nəhmətov.
Vüsalın yadigarları Qəni və Ömərin
anası Xəyalə xanımın ilk cümləsindən
sarsıldım: "Ömrünün yeni ilinin iki
gününü yaşadı. Doğum günündən iki
gün sonra şəhid oldu. Yaşını evimizdə
birlikdə keçirməyi arzulayırdıq. Olmadı.
Əvəzində hərbçi kimi, əsgər kimi,
dövlətini sevən vətəndaş kimi arzusuna
çatdı. Torpaqlarımızın ermənilərdə
olmasına görə çox fikir çəkirdi. Bir də
görürdün öz-özünə hirslənir. Narahat
idi həmişə. İndi daha rahatdı".
4 oktyabrda Füzulinin azadlığı uğruna gedən
qızğın döyüşlərdə şəhid olub
Vüsal. Neytral zonada qaldığından 9 noyabrda dönə
bilir kəndinə.Vüsalın atası Üzeyir kişinin
dediklərini xatırlayıram: "Müddətli xidmətini
Hava Hücumundan Müdafiə Qoşunlarında
keçmişdi. Amma "Xocalının qisasını
almalıyam" deyirdi. Oğlumun adını əjdaha
qoymuşdular. Əjdahaydı mənim oğlum. Bütün
oğullarımız əjdaha kimi döyüşdü.
İndi bütün dünya bizdən öyrənsin
döyüşməyi. Ürəyimizdə oğul
yanğısı olsa da, başı dik gəzirik".
Vüsal təbiəti sevib, torpağı sevib. Gözəl
bir bağ salıb kəndində. Öz əli ilə əkdiyi
gül-çiçək, meyvə ağacları adamın
ruhunu oxşayır.
Hər dəfə bağa qulluq edəndə,
ağaclarına baxanda ata-anasına deyirmiş:
"Torpaqlarımızı azad edəndə öz əllərimlə
o rayonlarda bağlar salacam..."
Vüsalın azad etdiyi torpaqlarda nə
qədər belə bağlar salınacaq, nə qədər
gül-çiçək əkiləcək. Neçə-neçə
meyvə ağacı boy verəcək. Və onların
hamısında Vüsalın əllərinin istisi,
qayğısı olacaq...
Bir də Vüsalın atası Üzeyir kişinin
dediklərini xatırlayıram: "İndi bütün
dünya bizdən öyrənsin döyüşməyi.
Ürəyimizdə oğul yanğısı olsa da,
başı dik gəzirik".
Kamalə ABİYEVA
525-ci qəzet.- 2023.- 5 oktyabr.- S.15