Göylər şairi
Vaqif Bayatlı Odər
haqqında essevari qeydlər
Ötən əsrin 70-ci illəri idi. "Azərbaycan"
jurnalında işləyirdim. "Ulduz" jurnalı
redaksiyası ilə qonşu idik. Fasilə zamanı həyətə
düşəndə bizim əməkdaşlarla
"Ulduz"un əməkdaşları görüşüb
şirin-şirin söhbət edərdilər. Mən onlara
nisbətən yeniyetmə yaşındaydım və kənardan
ədəbiyyat söhbətlərinə maraqla qulaq
asırdım. Bir gün özünəməxsus görkəmiylə,
danışığıyla, cavanlıq ədasıyla bir nəfər
diqqətimi cəlb elədi. O, ənənəvi ədəbiyyat
söhbətindən daha çox fikirlərini tamam fərqli
yöndə ifadə edirdi. Yazdığı şeirlər
kimi də danışırdı. Həmin şair məndə
özünə və sözünə qarşı maraq
oyatdı. Mən o zaman həvəslənib şeir
yazırdım. Qərara gəldim ki, bir neçə
şeirimi ona təqdim edim. Bəyənməyib
qaytaracağına əlyeri qoymuşdum. O zaman bu fərqli
düşüncə və qələm sahibi "Ulduz"
jurnalında şeir şöbəsində işləyirdi.
Şeirlərimi təqdim elədim. Ertəsi gün on
şeirdən cəmi iki misramı bəyəndiyini dedi. O da
bu idi ki, "mən həsrətin həsrətiyəm,
tanı məni məhəbbətim". Sözə zərrə
qədər də güzəştə getməyən,
çılğın düşüncəli şairdən bu
kiçik bəyənməni eşitmək bir yeniyetmə kimi
mənə maraqlıydı. Həmin Vaqif müəllim ki,
onun poetik düşüncəsi elə o vaxtdan azad quş
kimiydi, hara istəsə, qona bilirdi. Qəliblər, izmlər,
metodlar, cərəyanlar onun şair alnına yazılan
yazılarda yerli-dibli yox idi. Bu dünyanın sirri kainat
yaranandan açılmır ki, açılmır. Bəlkə
də sirr açılsaydı bu qədər alim, filosof,
şair yaranmazdı, dünya maraqsız görünərdi.
Vaqif Bayatlı Odər də həmin əzəli və əbədi
sirrin arxasınca düşdü, bütün
varlığıyla Allaha sığındı. Bu "Gözəgörünməz"
Vaqifin də gözlərinə görünməsə də,
şeirinin, sözünün gözünə
göründü. Bəlkə də, Tanrının
gözünə göründüyü üçün onun
şeirləri bəndənin də xoşuna gəlir, oxucu o
şeirlərdə Yaradanın nəfəsini hiss edir.
İlahi əlaqə nə qədər ağılabatan olmasa
da, Vaqifin şeirlərinin Tanrıya çatması şəksiz-şübhəsizdir.
Çünki onun şeirlərində İlahi ətri,
İlahi nişanəsi, İlahi sevgisi var. Bəli, Vaqif müəllim
Yer oğlu olsa da, işi göylərlədi. Səməd
Vurğun demiş, "Yenə göylərdədir şair xəyalın"...
Vaqif Bayatlı Tanrının qapısını şeirlə
döyür, şeirlə açır. Oradan qucaq-qucaq sevgi gətirir,
kamillik gətirir, iman, inam gətirir. Və bu gətirdiklərini
yenidən şeirə çevirib oxuculara ərmağan edir.
Tanrı payı, Tanrı şəfqəti Vaqif Bayatlı
şeirlərində daha da gözəldi. Bu şeirlərin
işi İlahidən bəndələrə, bəndələrdən
İlahiyə sevgi daşımaqdı.
"Get-gedə torpağa daha çox
yaxınlaşıram. Vətəni daha çox istəyirəm.
Qabaqlar bir az gənc idim, dəlisov idim, indi daha çox torpaq,
vətənin havası, vətənin göyü... Mənim
şeirlərimdə də daha çox göy üzündən
danışılır. Torpaq azad olunmasa, onun göy
üzü də azad edilmir". Bu fikirləri Vaqif Bayatlı
qələbəmizdən əvvəl deyib. Hamı kimi
şairin də ürəyinə danmışdı ki,
torpaqlarımız gec-tez azad olunacaq, yeri də, göyü də
bizim olacaq. Səməd Vurğunun misrasıdı: "Allah da
çox sevir şeirin səsini". Və inanmaq
lazımdır ki, illər boyu yazdığı şeirləri
Tanrı ilə söhbət hesab edən şairin şeirini
İlahi mütləq eşidir. Və yer üzündə
torpaq davası eləyənlərdən fərqli olaraq
şair davasız-şavasız göy üzünü istəsin.
Dədə-baba yurdu Cəbrayılın Böyük Mərcanlı
kəndindən yerlə bərabər əsirlikdən azad
olunan göy üzünə tamaşa eləsin.
Dünyanın heç bir yerindən göy üzü
şairə bu qədər yaxın və gözəl
görünə bilməz. Adama elə gəlir ki, Tanrı da
şairi ordan yaxşı eşidər. Çünki ora
İlahinin bir zamanlar şairə xeyir-dua verdiyi məkandı,
ruhunun pərvazlandığı, göylərə
uçduğu ünvandı. Bir sözlə, şairin göy
əlaqələri doğma yurdda daha yaxşı alınar.
İşğaldan azad olunan torpaqda şairi görmək
Tanrının özünə də xoş olar və
İlahi eşqini o yerlərdən əsirgəməz. Əlqərəz
dədə-baba yurdunun yeri də göyü də şairi
gözləyir. Tanrıya yeni poetik dualar, sevgi dolu ismarıclar
göndərmək üçün bu bir fürsətdir. Yurd
yerindən görünən göyün mübarək,
şair!..
Xaliq RƏHİMLİ
525-ci qəzet.- 2023.- 5 oktyabr.- S.13.