Ürəkdə od
var idi...
QƏNİRƏ PAŞAYEVANIN ƏZİZ
XATİRƏSİNƏ
Qənirə Paşayeva vəfat etdi və mən onu
şəxsən tanıyan, onun simasında əsl Azərbaycan
qızının bütün gözəl keyfiyyətlərini
özündə əks etdirən bir millət vəkilinin, bir
xeyirxah, cəsur, mərd insanın itkisinə dözə
bilmirəm. Son iki görüşümüzü
xatırladım: gözəl şairimiz Əli Kərimin
yaradıcılığına bəslədiyi sevgi ilə
keçirdiyi böyük tədbirə məni də dəvət
etmişdi. Birinci o çıxış elədi. Doğrusu,
gözləmirdim. Sən demə, Əli Kərim poeziyası
onun qanına, ruhuna səpələnmişdi. Qənirə
xanımın şeirsevər bir xanım olduğunu bilirdim.
Amma bu tədbirdə mən şeiri dərindən duyan bir ədəbiyyat
adamı kəşf elədim. İkinci
görüşümüz mənim 75 yaşımla
bağlı oldu, yubileyimi təbrik etdi.
Qənirə xanımı bütün Türk
dünyası tanıyırdı, tanımaq azdı, onu
çox sevirdilər.
Mən onu əvvəl jurnalist kimi tanıdım,
sözünü çəkinmədən deyən,
narahatlıq doğuran məsələlərə dərhal
doğru-dürüst reaksiya verən, tərəf-müqabilinin
ürəyindəkilərini açıqlayan bir od
parçası idi. Bu od parçası sözünü
dırnaqdan çıxarıram, çünki onun
bütün həyatı - Tibb İnstitutunda oxuduğu illər,
sonra da ANS kanalında jurnalist fəaliyyətinə
başlaması ürəyindəki Odun fəvvarəsiydi. Onun
müsahibə aparmaq mədəniyyəti maraqlı
nüanslar üzərində qurulurdu. Bilirdin ki, bu jurnalist
qız cəmiyyətə, geniş oxucu və
tamaşaçı auditoriyasına
çatdırılmalı ən mühüm həqiqətlərdən
halidir. Təkcə müsahibələrində deyil, publisistik
yazılarında da onun üslubu dəyişmədi.
Bu od parçasının Oda çevrilməsi,
içindəki yanğını təkcə bir jurnalist kimi
deyil, xalqın elçisi kimi alova çevirməsi Azərbaycanın
birinci dövlət və talelər məclisində
hamının gördüyü bir xoş mənzərə
idi. Milli Məclis xalqın hər bir elçisindən
yüksək məsuliyyət, işgüzarlıq, həll etmək
istədiyi məsələləri təkcə sözdə
deyil, əməldə reallaşdırmağı tələb
edən ali orqandır. O qız - o od parçası Milli Məclisin
hər bir iclasında lazım olan məqamda sözünü
deyirdi. Daim xalqın içində
idi. Təkcə seçildiyi Tovuz dairəsində -
öz doğma rayonunda deyil, Azərbaycanın hər bir
guşəsində tanıyırdılar onu. Dərdlərini,
onları narahat edən problemləri çəkinmədən
ona söyləyir, kömək diləyirdilər. O da əlindən
gələn köməyi əsirgəmirdi.
Ağsaqqalların, ağbirçəklərin, cavanların
ehtiyaclarına, bəzən həlli müşkül problemlərinə
çarə tapmaq onun təkcə vəzifə borcundan irəli
gəlmir, həm də insani - mənəvi duyğularından
nəşət edirdi. Milli Məclisin Mədəniyyət
komissiyasının sədri idi. Düzgün seçim idi,
çünki o, bütün varlığı ilə bu aləmin
bir parçasıdır, yazıçıları, bəstəkarları,
musiqiçiləri, teatr işçilərini, rəssamları
çox yaxşı tanıyır, onların tədbirlərində
iştirak edir, "qayğı sözü və qayğı
özü" ifadəsini reallaşdırırdı.
Yaxşı yadımızdadır, gözəl şair-rəssam
Adil Mirseyid (Allah rəhmət eləsin!) ehtiyac içində
çabaladığtı, xəstə olduğu bir vaxtda Qənirə
xanım bu istedadlı insandan köməyini əsirgəmədi,
onun rəssamlıq əsərlərinin sərgisini,
kitabının təqdimatını təşkil etdi. Belə
misalların sayını xeyli artıra bilərik.
Tovuz hadisələri baş verəndə Qənirə
Paşayeva əyninə əsgər paltarı geyindi,
döyüşlər səngiyənə qədər oradan
çəkilmədi, hətta bir müsahibə vaxtı lap
yaxınlığına mərmi düşdü.
Sürücüsü olan oğlum Yaşar Yusifli də həmin
vaxt onun yanında idi.
Televiziya kanallarında tez-tez onu görür, hansı
məsələ olursa, onun hədəfə düz vuran
çıxışlarının şahidi olurduq. Artıq
onda əsl millət vəkilinə xas olan nitq mədəniyyətinin
çoxdan formalaşdığı da gün kimi aydın
görünürdü.
Millət vəkili Qənirə Paşayeva həm də
şair idi.
Və budur, onun mənə bağışladığı
"...Və sonra" şeirlər kitabı
qarşımdadır. Milli Məclisdə bu vaxtacan şair də
görmüşük, dilçi də, ədəbiyyatşünas
da, bəstəçi də, aktyor da. Hətta ixtisası
jurnalistikadan, filologiyadan tamam uzaq olan millət vəkillərinin
içərisində şeirlə məşğul olanlar,
şeir kitabı çap edirənlər də olub və var.
Amma Qənirə xanımın şairliyi təkcə poeziyaya
hüsn-rəğbətindən irəli gəlməyib.
Birincisi, Tovuzun aşıq-şair mühiti, ikincisi, ədəbiyyata
həvəsli ata-anası, üçüncüsü,
görkəmli ədəbiyyatşünas, professor olan əmisi
Qəzənfər Paşayev və dördüncüsü, ən
əsası özünün hələ ilk gənclik illərindən
şeir yazması burada təsirli rol oynayıb. Üç il
öncə o, "...Və sonra" adlı ilk şeirlər
kitabını çap etdirdi. Bu kitab artıq Arazın o
tayında da çap olunub. Kitabdakı ilk şeirin adı
"Qarabağ"dır:
Qarabağ!
Sənsiz yaşamaq çətin...
Bu, sınağıdır Sən adlı məhəbbətin.
Sənsən and yerim mənim.
Sən bu dünyaya bənd yerim mənim.
Qarabağ!
Sənsiz ölsəm...
Bağışlama məni.
Qəbrim səndə qazılmasa...
Adım Şuşa qalasına
qanla yazılmasa,
bağışlama...
Bağışlama məni...
Hər bir azərbaycanlının içindən
keçən arzu, müqəddəs duyğudur bu.
Onun şeirlərində də dünyanın onun
duyğularına səpələnmiş rəngləri, zərifliyi,
incəliyi, gül-çiçəkliyi, kədəri,
sevinci, sərtliyi nəzərə çarpır. Şeirlərində
essevari çalarlar az deyil, amma o, şeiri Şeir kimi
yazırdı. Texnologiyası - vəzni, qafiyəsi, misralar
arasındakı məntiqi ardıcıllığı öz
yerində, fikir-düşüncə, məzmun-məna qolu ilə
hissin, duyğunun vəhdəti də öz yerində. Onun
"Ana" şeirini həyəcansız oxumaq olmur.
Əslində, bu, kiçik duyğular poemasıdır. Və
bu poemada həm o qızın öz anasının portreti var,
həm də bütün analarımızın. Əgər
onun şairliyinin mənəvi üçbucağını
müəyyənləşdirməli olsaq, üç
sözün üzərində dayanarıq: öncə
Yurdçuluq. Bu sözün ən böyük mənası Vətənpərvərlikdir.
O, Azərbaycanı mədh edən şeirlərində də,
şəhidlərdən yazanda da, doğulduğu ocaqdan
söz açanda da yurdçudur, vətənçidir. Daha
geniş mənada Türkçüdür,
Turançıdır.
Ana, bilməm, yadındamı,
Hər cəbhəyə zəng edəndə,
Hər telefon açanda,
"Vətən" deyə çağırardı
atam məni...
De ki, Vətən vətən oldu,
De ki, Vətən sağ olsun!
Təki Vətən sağ olsun!
İkinci söz Eşqdir. Bu sözü təkcə
intim duyğular mənasında yox, onun əhatə etdiyi
bütün mənalarda anlayırıq. Amma birinci sırada
könlün sevgisi, unudulmayan və xatirələrdə
yaşayan Eşq.
Səni gözlərimə səpib,
Göz yaşımla böyütdüm.
Səni könlümə sarıb,
Savaşımla böyütdüm.
Səni illərə verib,
Umudla böyütdüm,
İndi kiçildə bilmirəm.
Üçüncü söz Zəriflikdir. Və onun
Kövrəklik oxşarı. Təbii ki, hisslərin,
duyğuların zərifliyi.
Dünya göz yaşına dəyməz,
Ağlama, tənha qadın.
Yağmurların ağlatdığı,
Mahnıların sızlatdığı,
Həsrətlərin özlətdiyi
"Kimdi?" - deyə axtarmayın,
Mənəm o qadın...
Ümumiyyətlə, onun şeirlərində
analıq-qadınlıq-mələklik duyğuları şahə
qalxır, bəzən hədd-hüdud bilmir. Bu şeirlərdə
qəm də var, sevinc də, amma "ağlamalı",
göz yaşları içində hıçqırmalı
nəsə yox. Hətta "Bu gecə ölmək istəyirəm"
deyəndə də yenə hıçqırmır, sadəcə,
ürəyinin üsyanını bəyan edir. Kitaba ön
söz yazan şair İbrahim İlyaslının sözünə
haqq verirəm: "Onun şeirlərində duyğusallıq
düşüncədən, düşüncə
duyğusallıqdan doğur və bir vəhdət halında
oxucuya çatdırılır".
Allah rəhmət eləsin Türkün böyük
qızı Qənirəyə!
29 sentyabr 2023
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2023.- 5 oktyabr.- S.11.