MƏNİM
QARABAĞ ŞİKƏSTƏM
Esse
Top səbəti havada saxlayan dəmir dairəyə dəyir,
çəmbərin üstündə fırlanır, dəfələrlə
orada dövr edir. Hamı nəfəsini içinə çəkib
topun "qərarını" gözləyir. Dəmir dairənin
üstündə fırlanan top səbətə
düşmür...
Basketbol oyununun ən dramatik anlarından biri budur və
bunun həyəcanını oynayanlar daha yaxşı hiss edərlər.
Uşaqlıqdan gəncliyə yenicə qədəm
qoyanda Naxçıvanın basketbol komandasının heyətində
Şuşaya səfərimin aqibəti də çəmbərin
üstündə fırlanıb səbətə düşməyən
top kimi oldu. Respublika çempionatının oyunu
üçün Naxçıvandan Şuşaya gələn
komandamızı əfsanələr şəhərinə,
musiqimizin, şeirimizin paytaxtına buraxmadılar.
1988-ci il idi. Artıq ara qarışmışdı. Yəqin
ki, "aranı qarışdırmışdılar" desəm,
daha doğru olar.
Mən onda Şuşanı avtobusun üzümüzə
bağlanan qapısının arasından gördüm və
Şuşadan elə ayrıldım. O vaxtdan sonra qapı uzun
müddət üzümüzə bağlı qaldı. Ancaq
o gündən bu günə düşüncələrimdə
qapıdan o yanda qalmış Şuşanın yalnız mənim
gördüyüm obrazı, səsinin, şikəstəsinin
yalnız mənim eşitdiyim tərzi formalaşdı...
lll
İndi Şuşaya hər dəfə ayaq basanda (bu
günümüzə min şükür!) bir daha əmin
oluram ki, bu qala milli yaddaşımızın bitib-tükənməyən
sirlər mənbəyidir. Ayağım yerə dəyən
kimi qulağımda Xanın səsi, "Qarabağ şikəstəsi",
bir də Xan qızı Natəvanın "Qərənfil"
şeirinə Vasif Adıgözəlovun yazdığı
romans səslənir:
Sənə mən aşiqi-şeyda, qərənfil...
Böyük yazıçımız İlyas Əfəndiyevin
"Xurşidbanu Natəvan" pyesində maraqlı bir epizod
var. Xan qızı Natəvan ilə general Xasay xan bir-birinə
sevgilərini etiraf edərkən Xasay xan deyir: "Banu bəyim,
doğrusu, mən buraya gələnəcən sizi bu qədər
istədiyimi bilmirdim... Siz mənim bəxt ulduzumsunuz!
Uşaqlıqda bir qaraçı demişdi ki, sizin bəxt
ulduzunuz tilsimli bir qala üzərində parlayacaq".
Xurşidbanu Xasay xandan "tilsimli qala" sözünü
eşidəndə vahimələnir, təşviş
keçirir.
Şuşa ilə yenidən üz-üzə gələndə
yaddaşımda "qırmızı koftalı, yaşıl
tumanlı" dağların çiynindəki "tilsimli
qala"nın tarixinin sirlərlə dolu mənzərələri
canlanır.
...Ağa Məhəmməd şah Qacarın
Şuşaya hücumları və burada gedən qanlı
döyüşlər.
...Qarabağın hökmdarı İbrahim xanın
insanları taleyin və Ağa Məhəmməd şahın
amansız qılıncının ixtiyarına buraxaraq
qalanı tərk etməsi.
...Ağa Məhəmməd şahın Şuşa
sakinlərinə ən amansız üsullarla işgəncə
verdirməsi və insan əxlaqına sığmayan işgəncəyə
tamaşa edib bundan həzz alması.
...Ağa Məhəmməd şahın Şuşada
- "tilsimli qala"da sirli ölümü.
...Molla Pənah Vaqifin və oğlunun qəddarcasına
qətlə yetirilməsi.
...Və sonda da xanlığın faciəli süqutu.
Düşünürəm ki, bunlar əsla təbliğatdan,
təhsildən, kitabdan gələn saxta təəssüratlar,
beyinlərimizə yeridilmiş ideoloji şablonlar deyil. Bunlar
yaddaşımızın kitabdan-dəftərdən kənarda
mövcud olan sirli və qarışıq yuxularıdır.
Kaş bu yuxuların heç biri çin olmamış
olaydı...
"Qarabağ şikəstəsi"nin nə vaxt,
kim tərəfindən, hansı münasibətlə
yaradıldığını, onu ilk dəfə kimin
oxuduğunu bilmirəm. Ancaq hər dəfə "Qarabağ
şikəstəsi"ni dinləyəndə mənə elə
gəlib ki, bu mahnı Azərbaycanın, Qarabağın tərsinə
dönən dövranının ağısı, sınıq
şikəstəsidir.
Qarabağın dövranının tərsinə
dönməsi xanlığın süqutu ilə baş
vermişdi. Dönmüş dövran içində
sındırılmış taleyi şikəst olan tarixi şəxsiyyətlərdən
biri Xan qızı Xurşidbanu Natəvan olmuşdu. Mən
burada "tarixi şəxsiyyət" sözünü
öz ömrü və taleyi ilə tarix yaradan insan mənasında
işlədirəm. Tariximizi yaradan Xurşidbanunun taleyi kimi
tariximiz də əsrlər boyu güllələnə-güllələnə,
sındırıla-sındırıla gəldi. Düşmən
Şuşanın üstünə son dəfə gələndə,
qalanın "tilsimi" yenidən sındırılanda Natəvanın
heykəli elə mənim bəxtim kimi güllə
"yağışı"na düşdü. Yağı
düşmən öz qəddar məkrini, qara niyyətini,
içinə yığılmış mənfi enerjisini
dilsiz heykəlin də üstünə yağdırdı.
Heç bilmirəm ki, həmin heykələ
"dilsiz" demək nə dərəcədə yerinə
düşür. Bəzən "dilsiz" saydığımız
abidə dilli-dilavər canlı insandan daha çox söz
deyir. Elə o heykəlin və digər heykəllərin,
tarixi abidələrin güllələnməsi də
özlüyündə canlı bir tarixdir. Bu abidələr gələcək
nəsillərə bizim dövrümüzün həqiqətlərini
danışacaq.
Şuşaya hansı münasibətlə gəlirsən-gəl,
tarixlə üz-üzə qalıb milli keçmişinlə
dialoq qurmamaq, tarixdən Xan qızı Natəvanı
soraqlamamaq, onun taleyi ilə xalqımızın tarixi
arasındakı oxşarlığı ağlından,
düşüncələrindən keçirməmək
olmur. Əslində, buranın, keçmişi özündə
hifz eləyən torpağından, daşından
yaddaşımızda yurd salmış simalar boylanır və
onların arasında Natəvan xüsusi seçilir,
keçmişimizdən onun titrək səsi gəlir:
Dövrü dönmüş dövr dövran etmədi
kamımca, ah!
Düşmənimdir, bilməzəm kim, netmişəm
dövranə mən...
Bu misralar bir qadının üsyanı olmaqdan daha
çox, onun tərs dövran və dönük tale
qarşısında çarəsizliyinin, ümidsizliyinin naləsi,
sınıq şikəstəsidir. Dünyaya xeyir və
xeyirxahlıq toxumu səpən o qadının qisməti
dünyadan gözəllik, zəriflik dərmək olmalı
idi. Xan qızının dövrandan sevinc ummağa, öz əməllərinin
qarşılığını gözləməyə, tələb
etməyə haqqı var idi. Böyük maarifçi
ziyalımız Salman Mümtazın Natəvan haqqında qeydlərində
ibrətamiz bir qeyd var: "Natəvan "yetimlərə,
füqəraya hər həftə ehsan edərdi. Yemək-içməkdən
sonra hərəsinə də bir məbləğ verərdi.
Yetim uşaqlara nəvaziş edərək üzlərindən
öpərdi"...
Zaman kəmfürsətlik elədi, Xan qızına nəvaziş
göstərmədi. Nəvazişi özünə qalsın,
Xan qızını bir yandan dövran, zəmanə öz məngənəsində
sıxdı, bir yandan da yaşadığı mühit, əhatəsində
olduğu insanlar onun həyatını daraltdı,
ocağını qaraltdı. Onunla mühiti arasında
keçilməz bir çay daim axdı.
Taleyin rastına ilk çıxartdığı,
Rusiya imperiyasının etibar etdiyi şəxslərdən
biri, milliyyətcə kumık türkü olan general Xasay xan
Usmiyev olmuşdu. Xan qızına sevgisi knyaz Xasay xanı
Qarabağa, Şuşaya gətirmişdi. Ancaq o, burada
özünü sevdirə, özünə yer tapa bilmədi.
Səbəblərdən biri bu ola bilərdi ki, Qarabağ
xanının qızının başqa eldən gəlmiş
kişi ilə ailə qurması heç kəsin ürəyincə
deyildi. İlyas Əfəndiyevin
pyesinin qəhrəmanın dili ilə desək, "məgər
bu boyda Qarabağda kişi bulunmadı ki, İbrahim xanın nəvəsi
Dağıstandan gəlmiş bir ləzgiyə zövcə
olmaq istəyir" məntiqi həm yüksək təbəqəni,
həm də rəiyyəti birləşdirən məqamlardan
biri idi. Ərinin özgə eldən gəlməsi, özgə
tayfanın oğlu, fərqli məzhəbin
daşıyıcısı olması şair duyğulu Natəvanın
sevgidən və həyatdan yarımasının
qarşısını kəsən ən sərt maneə idi.
Natəvanın nəslindən olan görkəmli
şair Qasım bəy Zakirin Xasay xana yazdığı həcvdə
də məsələyə bu mövqedən
yanaşıldığını görürük:
O yaqsay, mən qarabaği, mənimlə yox sərü
kari,
Nə istər bilməzəm məndən yenə xingəl-quşay
knyaz.
Xasay xanla qarabağlıların ulduzunun
barışmamasına, Natəvanın həyatının
dadının qaçmasına daha bir səbəb isə
Qarabağ camaatının xanlıqlardan sonrakı dövrdə
yeni ictimai-siyasi sistemlə, yeni qanun-qaydalarla, daha dəqiq desək,
Rusiya dövlətinin siyasəti ilə barışa bilməməsi
idi. Xasay xanı Rusiya imperiyası Qarabağa rəsmi vəzifəli
məmur təyin eləmişdi. Qasım bəy Zakirin
müasiri Rəhim bəy Uğurlubəyova
ünvanladığı mənzum məktuba istinad etsək,
başqa hakimlər kimi Xasay xan da Qarabağ üçün
arzu olunan şəxs deyildi. Hərəsi bir millətdən
olan "naqolay" knyazın biri gedib, biri gəlir, ancaq
"knyaz yatağına" dönmüş Qarabağın
vəziyyəti getdikcə ağırlaşırdı,
xalqın rahatlığı əldən gedirdi.
Rəhima, cövr edir hər dəm mənə bir
naqolay knyaz,
Gəhi Tərxan, gəh Cəfərqulu, gahi Xasay
knyaz.
Natəvanla ailə qurandan sonra knyaz Xasay xan Usmiyevin
özü də böyük sarsıntılar yaşayır.
Natəvandan ayrılıb, Qarabağı tərk eləyərək
vətəninə qayıdır, sonradan intihar edir. Knyazın
intiharını tarixçilər müxtəlif səbəblərlə
izah edirlər. Bu izahlardan hansısa doğru, hansısa
yanlış ola bilər. Ancaq ən acı həqiqət budur
ki, onun faciəsi tutqun göy üzündə çaxan
ildırım kimi Natəvanın taleyindən keçdi. Xasay
xan onun övladlarının atası idi...
Natəvan ikinci dəfə şuşalıya ərə
getdi. Lakin bu dəfə də həmyerlilərini
şuşalı ərinin rəiyyət olması qane etmədi,
onu tənələrin hədəfinə çevird.
Vətəninin rifahı üçün
malından-mülkündən keçən, dağlardan
Şuşaya içməli su kəməri çəkdirən,
Arazdan Mil düzünə su gətirmək xəyalı ilə
yaşayan, Ağdamı abadlaşdıran, dünyanı
şeirlə, ədəbiyyatla, musiqi, rəsm sənəti ilə
gözəlləşdirməyə çalışan Natəvan
öz evinin içindəki nizamı, tarazlığı
qoruya bilmədi. Xasay xandan olan böyük oğlu Mehdiqulu onu
tərk etdi. Bu, Natəvanın övladdan yetim
qalmasının başlanğıcı idi.
Çəkirdim həsrətini, görmədim,
xudahafiz!
Olubdur indi işim naləvü fəğan,
ölürəm.
Milli taleyimizin bir yarası da anasından üz
çevirən knyaz Mehdiqulu xanın - sonuncu Qarabağ
xanının nəvəsinin hərbi karyerasını rus
ordusunda qurması, Rusiya-Osmanlı müharibəsində Rusiya
dövlətinin əsgəri kimi iştirak etməsi, öz
kökünə, öz əslinə güllə atması
idi. Bu da tərsinə dönmüş dövranın millətimizin
yaralı tarixinə amansız bir istehzası idi. Əlimizə
silah verib, bizi özümüzə qarşı
döyüşdürürdülər...
Natəvan Seyid Hüseyndən doğulan ikinci
oğlunun da boyunu sevə, toyuna sevinə bilmədi. Mirabbas 17
yaşında vəfat etdi. Natəvanın qəlbində
açan güllər yenidən xəzana döndü.
Yəqinən əl çəkəcək dostü
aşinalərdən,
Dəli kimi düşəcək çöllərə
anan, getmə!
lll
Şuşada yenidən bərpa olunan Vaqif Poeziya
Günləri ənənəsi bir mədəniyyət tədbiri
olmaqdan daha çox, yaddaşımızı silkələyib
oyadan tarixi hadisədir. Sözün həqiqi mənasında
milli tarix və mədəniyyət bayramıdır. Xüsusən
də mənim kimi ömrü-günü tarixin
fırtınaları içində çalxalanan, dairə
üzərindəki basketbol topu kimi yuvarlanan bir taleyin sahibi
üçün...
Heç şübhəsiz ki, bu cür tədbirlərdə
hamımızı birləşdirən, eyni havaya kökləyən
möhtəşəm qələbə duyğusudur. 30 il
ayrılıqdan sonra qazandığımız şanlı zəfərin
möhtəşəmliyi Şuşada keçirilən şeir
bayramında bir qədər də aydın hiss olunur. Bu tədbirlər
münasibətilə mən yenidən Şuşa
torpağında addımlarkən düşüncəmdə
Xanın səsi havalanır, "Qarabağın şikəstəsi"
yüksəlirdi: "See-vi-rəm, se-vi-rəəəəm..."
Arzu NEHRƏMLİ
525-ci qəzet.- 2023.- 5 oktyabr.- S.10