Gəncə terroru

 

Ermənistan 44 günlük Vətən müharibəsində mülki yaşayış məntəqələrini, dinc insanları hədəfə almaqla, qadağan olunmuş silahlardan istifadə etməklə ağır müharibə cinayətləri törədib. İşğalçı tərəf 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlayaraq cəbhədə üzləşdiyi uğursuzluğun əvəzini döyüş meydanından uzaq məsafədə yerləşən yaşayış məntəqələrimizi ballistik raket zərbələri endirməklə çıxmağa çalışdı. Bununla da bütün dünyanın şahidlik etdiyi dəhşətli müharibə cinayətlərinə imza atdı. 44 gün ərzində təkcə Azərbaycanın ikinci ən böyük şəhəri olan və insanların sıx məskunlaşdığı Gəncəni Ermənistan silahlı qüvvələri 5 dəfə bombaladı.

İlk raket hücumu 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində edildi. Ermənilərin atdığı raketlər mülki yaşayış məntəqəsinə, o cümlədən, sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşdü. Nəticədə 1 mülki şəxs - Tunar Əliyev şəhid oldu, 32 mülki şəxs isə yaralandı. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəydi.

Ermənistan ordusu oktyabrın 5-də, 8-də, 11-də və 17-də də Azərbaycanın ikinci ən böyük şəhərinə yenidən ağır artilleriya hücumu etdi.

Oktyabrın 5-də ikinci raket hücumu nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu zamanı həlak olan və yaralanan olmayıb.

İlk terror hücumundan sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: "Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Üçüncü raket hücumu oktybarın 8-də baş verib, həlak olan və yaralanan olmayıb.

Ermənilər oktyabrın 11-də Gəncəni gecə saatlarında, insanların yuxuda olduğu bir vaxtda çox təhlükəli bir silah - "TOÇKA-U" raket sistemindən istifadə etməklə atəşinə tutdu. Nəticədə 9 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş verdi.

Hərbi əməliyyatlar meydanından 60 kilometr uzaqda yerləşən şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, Ermənistanın dövət səviyyəsində terroru dəstəklədiyini, sülhlə sadəcə imitasiya etdiyini, atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını aydın şəkildə göstərdi. Çünki İrəvan Azərbaycanla humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı. Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə oktyabrın 10-da əldə etdiyi "humanitar atəşkəs" razılaşması erməni qatillərinin Gəncəni raket atəşinə tutması ilə faktiki olaraq ləğv olundu. Eyni zamanda, müharibədə ciddi ərazi itkiləri verən Ermənistan ordusu oktyabrın 10-u saat 12:00-dan sonra atəşkəs zamanı Hadrut və digər istiqamətlərdən Azərbaycan ordusunun üzərinə gözlənilməz hücumu ilə itirdikləri torpaqları qaytarmaq, bununla da hər kəsi "güclü ordu" mifinə inandırmağa çalışırdılar.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın, faşizm düşüncəsinin növbəti nümunəsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında Gəncəyə hücumla bağlı yazıb: "Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

Prezident bildirib ki, bu, Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: "Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!"

Oktyabrın 14-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində dövlət başçısı Gəncəyə qəddar hücumu ilə bağlı suala cavabında deyib: "Bu xain hücumun - Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb... Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi".

Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda törədildi. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı

Ermənilərin Gəncəni bombalaması nəticəsində ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə Ermənistanın müharibə günlərində hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə ziyan dəyib.

Ermənistan Gəncə ilə yanaşı, döyüş əməliyyatlarının keçirildiyi bölgədən uzaq məsafədə yerləşən Mingəçevir, Bərdə, Qəbələ, Naftalan, Ağcabədi, Xızı, Siyəzən, Kürdəmir və digər ərazilərimizi raket atəşinə tutub. Həmçinin Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini, Bakı-Tbilisi-Ceyhan boru kəmərini, Bakı-Novorossiysk neft kəmərini də hədəfə alaraq, raket atıblar. Lakin raketlər ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib, onların hissələri obyeklərin yaxınlığına düşüb.

Təəssüf ki, 30 il işğala göz yuman beynəlxalq qurumlar Ermənistanın müharibə cinayətlərinə də lazımi reaksiya vermədilər. Dünya birliyi, beynəlxalq təşkilatlar bu məsələdə də ikili standartdan yanaşırlar. Gəncə Ermənistanın cinayətkar, terrorçu xislətinin aşkar nümunəsidir. Eyni zamanda susqun qalan, cinayətdə belə tərəfsiz ola bilməyən dünya birliyi üçün utancdır. Amma doğrudan da heç bir cinayət cəzasız qalmır. Azərbaycan Arayik Arutunyan kimi cinayətkarları bu gün istintaqa cəlb etməklə bunu bir daha sübut etdi.

 

Pərvanə SULTANOVA

525-ci qəzet.- 2023.- 5 oktyabr.- S.6.